Azərbaycanı və Türk dünyasını sevib-sevdirmək örnəyi

 

Tofiq Məlikli – 80

 

Görkəmli Azərbaycan, Türkiyə və Rusiya ədəbiyyatşünası, nüfuzlu türkoloqictimai xadim, respublikanın əməkdar elm xadimi Tofiq Davud oğlu Məliklinin anadan olmasının 80 illiyini ölkənin ədəbi, elmi-mədəni ictimaiyyəti, milli diaspor hərəkatı və beynəlxalq türkologiya aləmi sayğı-sevgilərlə qeyd edir. Keçirilən müxtəlif toplantılarda, çeşidli media materiallarında, söylənən səmimi təbriklərdə yurdsevər soydaşımızın çoxcəhətli fəaliyyəti, xüsusən ölkəmizin ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda ümumxalq mübarizəsinə xarici aləmdən göstərdiyi davmlı və sanballı vətəndaş-ziyalı xidmətləri qədirbilənliklə vurğulanır.

Tofiq Davud oğlu Məlikli 31 avqust 1942-ci ildə Gəncədə ziyalı ailəsində anadan olmuş­dur. 1965-cı ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Dövlət Teleradiosun­da işləmişdir. Sonrakı çoxillik ədəbi-elmi yaradıcılığını, pedaqoji-mədəni fəaliyyətini Moskvada davam etdirən istedadlı türkoloqyazar 1968-ci illərdə SSRİ Elmlər Akade­miyası Şərqşünaslıq İnstitutunda “XX əsrin 60-cı illərində türk poeziyası” mözusunda namizədlik, 1994-cü ildə isə “Yeni türk po­eziyası: təşəkkülü və inkişafı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Tofiq Məlikli 1969–1992-ci illərdə SSRİ EA Şərqşünslıq İnstitutunda, 1991–1994-cü illərdə İstanbul Universitetində rus dili və ədəbiyyatı bölümünü qurmuş və ona başçılıq etmişdir. O, 1994–2015-ci illərdə Moskva Dövlət Linqivist­ka Universitetində “Türk dili və mədəniyyəti mərkəzi”ni yaratmış, bu ali məktəbin profes­soru, Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun vitse-prezidenti seçilmişdir. Diaspor hərəkatı təşkilatçısı kimi Tofiq Məlikli Ümum­rusiya Azərbaycan Konqresinin vitse-prezi­denti, nüfuzlu türkoloq kimi Rusiya Türko­loqları Komitəsi sədrinin müavini olmuşdur. Həmyerlimiz Türkiyədə yaşayıb-çalışdığı illərdə Ankarada SSRİ–Türkiyə Hökumətlərarası ko­missiyasında fəaliyyət göstərmişdir.

Zəngin və mənalı ömür yaşayan Tofiq Məliklinin əsas elmi fəaliyyəti ədəbiyyatşünaslıq, ümumtürk və Türkiyə filolo­giyası, ədəbiyyat nəzəriyyəsi, kültürologiya ilə bağlıdır. Nazim Hikmət, Fazil Dağlarca, Yaşar Kamal, Orxan Pamuk, Fakir Baykurt, Əziz Nesinbaşqa Türkiyə şair və yazıçılarının əsərlərini rus dilinə və Azərbaycan türkcəsinə çevirmişdir. Modern şeirin bilicisi olan soydaşı­mız 2 poetik kitabın müəllifidir. Tofiq Məliklinin elmi-publisistik və bədii əsərləri bir çox xarici dillərə tərcümə edilmişdir.

Bu qısa və öyünclü bioqrafik təqdimatın davamı olaraq bildirək ki, anayurdu Azərbaycanın timsalında bütün Türk dünyasını dərindən sevən, bu sevgini sözlə, işlə – yazdı­ğı əsərlərlə, əcnəbi universitetlərdə oxuduğu mühazirələrlə göstərmiş, sovet dönəmində çoxlarının cürət etmədiyi gerçəklikləri deyib-yazmış Tofiq Məlikli türkoloq kimi ömrünün bu çağında da öz missiyasını yerinə yetirməkdə davam edir. O, tək çağdaşlarına deyil, gələcək nəsillərə də zəngin irs qoymuşdur.

Mən Tofiq Məliklini yarım əsrdən çox müddətdə – 1963-cü ildən Bakı Dövlət Univer­sitetinin şərqşünaslıq fakültəsində oxuduğu­muz illərdən tanıyıram. Biz I kursda olarkən, o, IV kurs tələbəsi idi. Biz ona aşağıdan yuxarı baxırdıq – hamıdan ucaboy olduğuna görə yox, irəli kursda oxuduğu, üstün bilik-bacarığı və ictimai fəallığı ilə hamıdan seçildiyi üçün. O, fakültəmizin o zamankomsorqadlanan gənclər təşkilatına başçılıq edirdi. Universitetə ilk ayaq basandan bizə qayğı ilə yanaş­dı, gərəkli məsləhətlər verdi, sorğularımızı cavablandırmağa hazır olduğunu bildirdi. Biz tələbələr, necə deyərlər, Tofiq Məlikliyə baxıb düzlənirdik. İstər Bakıda, istərsə də Moskvada aspiranturada oxuduğu və mötəbər institutlar­da çalışdığı illərdə də bizim üçün örnək oldu.

Nəhayət, aradan keçən 60 ilə yaxın bir dövrün yüksəkliyndən belə bir suala cavab tapmağa çalışdım: Kimdir Tofiq Məlikli? Düşünürərəm ki, Tofiq Məliklinin kimliyi­nin meyarı, ölçü vahidi təkcə özünün deyil, milli zənginlikdən yalnız şəxsi faydasını düşünən minlərlə fürsətcilin və qənimətcilin də vətəndaşlıq borcunu onun təkbaşına və təmənnasız yerinə yetirmsi ola bilər.

Tofiq Məlikli, ilk növbədə, XX əsrin son, XXI əsrin ilk onilliklərində Türk xalqları ədəbiyyatının, tarixinin, ictimai fikrinin yayıl­masına xidmət etmiş ən tanınmış Azərbaycan türkoloqu, fədakar qələm sahibi, yorulmaz ictimai xadimdir. O, Azərbaycan və Anadolu türkcələrində, rus dilində yazılmış yüzdən çox dərin məzmunlu elmi məqalələrin, monoqrafi­yaların, publisistik və bədii kitabların müəllifidir.

Bu millət təəssübkeşi olan ziyalı uzun illər Azərbaycan yazarlarının, bilim adamla­rının, yurdsevərlərin Moskvada qeyri-rəsmi elçisi olmuşdur. Tofiq Məlikli ötən əsrin 80-ci illərindən Azərbaycanda baş verən ictimai-siyasi, ədəbi, elmi prosesləri, xalqımızın quduz erməni şərinə və yırtıcı basqısına qarşı dirənişini və haqq səsini daim Moskvada rus dilində yaymışdır.O, buradakı azərbaycanlıları Vətənə hərtərəfli dəstək çağırışı ilə bir araya gətirməyə çalışmış, yeri gələndə xalqımızın ədalətli mövqeyini dünyaya çatdırmaq üçün həmrəylik, etiraz yürüşləri, diskussiyalar təşkil etmişdir.

1988-ci ildə uzun sürən Qarabağ münaqişəsi başlananda Moskvada azərbaycanlıların ilk xarici “Ocaq” Mədəni Cəmiyyətinin yaradıcısı və sədri, Bakıda isə ilk “Kitabi-Dədə Qorqu” kollokviumunun təşkilatçısı, Azərbaycan Yazıçılar Birliyinin Moskva filialının qurucusu və rəhbəri olmaq şərəfi də Tofiq Məliklinin adına yazılmışdır. Əgər dünya millətlərini tanıdan bir törən keçirilsə, Azərbaycan türkünü həmin məclisdə Tofiq Məlikli ən yüksək səviyyədə təmsil etməyə qadirdir.

İç dünyası, daxili zənginliyi, saflığı, bü­tövlüyü, qürurluluğu Tofiq Məliklinin sifətində, gözlərində, danışığında, hərəkətlərində açıq-aydın əks olunmuşdur. 1963-cü ildə onu necə görmüşdüksə, necə tanımışdıqsa aradan on illər keçsə də, eləcə də qalmışdır. Sadəcə, onun zəngin bioqrafiyasını yorul­maz fəaliyyət və yurdsevərlik qədərincə naxışlamış, mərdlik və alicənablıq xarakte­rini müdrikləşdirmiş, bütün bunlar bir yerdə insanlığını kamilləşdirmişdir. Tofiq müəllim öz ideallarını yaşamın amansız sınaqlarında qoruyub saxlamış və mümkün olduğu qədər gerçəkləşdirməyə çalışmışdır. Mən onu soy­daşlığın uca timsalı kimi görürəm və yaxından tanıyıb dəyərləndirməyimlə qürurlanıram.

Tofiq müəllimin millət, anayurd, əqidə, qürbət haqqında düşüncələri mənim üçün doğ­madan-doğmadır, könlümün sarı siminə miz­rab vurur. 10 il qəriblikdə – uzaq Əlcəzairdə, Liviyada, Suriyada, İraqda, yaxın-uzaq Qazaxıstanda yaşamışam. Baxıb-görmüşəm ki, qürbət rahat həyat axtaranların, vətəndaşlıq duyğusu sönük olanların bir çoxuna qoyub gəldiyi Vətəni yadırğadır. Amma millətin saf xəmirindən kündələnənlərin Vətən sevgisi, övladlıq borcu zaman keçdikcə dərinləşir və doğma millətinə xidmətləri, onun adına gətirdiyi başucalığı ilə maddiləşir.

Tofiq Məliklinin avtoqrafla mənə verdiyi so­nuncu “Türkün özü və sözü” kitabını oxumaq­dan dərin zövq aldım. Onun bundan əvvəlki “Suyu axtaran adam” memuarında keçdiyi yaşam yolu maraqla təsvir edilsə də, türko­loq alim, şair, ictimai xadim kimi keyfiyyətləri tam açılmamışdı. Bu kitabda isə onun elmi, bədii yaradıcılığının, millət yolunda ictimai fəaliyyətinin geniş ponaramı verilir. Bunu kitabda tanınmış müəlliflərin müxtəlif illərdə mətbuat orqanlarında dərc edilmiş çoxsaylı ya­zıları da göstərir. İstər onun özünün, istərsə də ədəbi-elmi ictimaiyyətin mötəbər simaları olan müəlliflərin kitaba daxil edilmiş hər sözü, hər cümləsi, ümumi yorumu olduqca səmimidir-- bu yazılarda hansısa bayağı fikrə, boğazdan yuxarı tərifə rast gəlmədim.

Kitabın düzənləyəni və redaktoru fi­loloq professor Vaqif Sultanlı “Ön söz”də Tofiq Məliklinin kimliyinə tam ciddiliyi və səmimiliyi ilə layiqli söz donu biçib: “Milli-et­nik mənsubiyyətilə Azərbaycana bağlanan, araşdırmaları Türk dünyasının hüdudlarına sığmayan bir genişliyə sahib olan Tofiq Məlikli yaradıcılığının elmi tutumu ilə çağdaş dünya türkologiyasının önəmli şəxsiyyətlərindən biridir”. Bu bir cümlənin açması beş bölümdən ibarət kitabda toplanmış yazılarda və fotolar­dadır.

Vaqif Sultanlı Tofiq Məliklinin milli duy­ğulardan qidalanıb güc alan ədəbi kimliyini, cəngavər kimi meydana atılaraq, ötən əsrin 30-cu illərindən bəri neçə-neçə Vətən oğul­larını udmuş “pantürkizm əjdahası”na qarşı davasını, elmi, ictimai fəaliyyətini əhatəli əks etdirməyə çalışmışdır. Lakin Tofiq Məliklinin Azərbaycan, Türk dünyası sevdalı düşüncələrini, bu uzun yolda elədiklərini bir yazıyla vermək, bir kitaba sığışdırmaq çox çətindir. Həm də bu, tək adamın işi deyil. Məhz elə buna görə də professor Vaqif Sultanlı Tofiq Məlikli haqqında tək Bakıda deyil, Moskvada, Türkiyədə yazılıb-nəşr edilmiş yazıların bir qisminibu kitabda toplamışdır. Çağdaş yazarlarımızın öndəri Anarın bu materialların önündə verilmiş yazısında “gah öyülən, gah da söyülən” görkəmli türkoloqun məşhur Türkiyə yazarları ilə əlaqələrindən söhbət açılır, ölkəmizin xaricdə təbliğində onun fəaliyyətinə yüksək dəyər verilir.

Moskva–Türkiyə–Azərbaycan–Türküs­tan dördbucağında həm türkoloq, həm də ədəbiyyatçı kimi populyar olan Tofiq Məlikli on illər boyu qəzetlər və TV kanalları vasitəsilə Azərbaycan həqiqətlərini yaymış, xarici çevrəyə xalqımız xoş məramı barədə önəmli mesajlar vermiş, qürbətdə qəflət yuxusunda olan soydaşlarımıza ayıq-sayıqlıq gətirmişdir. Bu baxımdan akademik Yaşar Qarayev onun kimliyini qısa və dəqiq olaraq belə formulə etmişdir: “Tofiq haradadırsa, Azərbaycan da oradadır”. Tofiq Məliklini maraqla dinləyən, yazılarını diqqətlə oxuyanlar həmişə onunla razılaşmış, sözlərinə, ideya və fikirlərinə şübhə ilə yanaşmamışlar. Bunun bir səbəbi faktların dəqiqliyidirsə, digər səbəbi onun səmimiliyi olmuşdur.

Sonda bildirək ki, artıq uzun sürən qürbət yaşamına son qoymuş, Ana yurda dön­müş dünya şöhrətli türkoloqun təqvim yaşı 80-i haqlasa da, fiziki durumu, bioloji yaşı, öncələrdəki təki dəyərli elmi araşdırmaları, yazıb-yaratmaq həvəsi göstərir ki, o, möhkəm tutduğu qələmi, müdrik, orijinal düşüncələri ilə yurddaşlarını hələ çox sevindirəcəkdir.

Azərbaycanın Vətəndən kənardakı ucalıq­larda boy göstərmiş, saf nüfuz və geniş şöhrət qazanmış qeyrətli və şöhrətli oğlunu ömrü­nün doqquzuncu onilliyinə qədəm qoyması münasibətilə ürəkdən təbrik edir, ömrünün bu zirvə mərhələsində əziz dostumuza möhkəm cansağlığı və arzu-istəklərinin sonadək gerçəkləşməsini arzulayırıq.

 

Fazil GÜNEY

 

 İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının prezidenti

 

Xalq qəzeti .- 2022.- 4 sentyabr.- S.7.