Dünya sülh istəyir

 

Hamının Cənubi Qafqazda sabitliyə çalışması bunu bir daha təsdiq edir

 

Türk Dövlətləri Təşkilatı da, Qoşulmama Hərəkatı kimi, Azərbaycanın haqlı işində daim bizə dəstək olmuşdur... İslam Əməkdaşlıq Təşkilatı ənənəvi olaraq, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən beynəlxalq təşkilatdır... NATO və Avropa İttifaqına mənim uğurlu səfərlərim olub. NATO öz zirvə görüşlərində daim Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etmişdir. Doqquz zirvə görüşündə bu qətnamələr qəbul edilmişdir. Bu dəfə də bu dəstək ifadə olundu. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşünün yeku­nunda qəbul edilmiş sənəddə ölkələrin ərazi bütövlüyü, suverenliyi bir daha dəstəklənir.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

Məşhur amerikalı fantast yazıçı Ayzek Azimov bəşər övladının pla­netimizin başına açdığı oyunlar haqqında danışarkən belə demişdir: “Xəstəlik, travma, problem orqanizmin harasında törəməsindən asılı ol­mayaraq, bütün bədəni narahat edir. Planetimizdəki müharibə, münaqişə və təbii fəlakətlər də eləcə, dünyanın heç bir ölkəsinə təsirsiz ötüşmür”. Bu arqumentin təsdiqini son zamanlar daha aydın görür və hiss edirik.

Ermənistanın işğalçılıq siyasətindən yaranmış məlum münaqişə nəinki, uzun illər iqtisadiyyatı bir-birinə bağlı olmuş postsovet ölkələri arasında, eləcə də, Şərqlə Qərb, Şimalla Cənub arasındakı iqtisadi əməkdaşlığın inkişafına ciddi şəkildə mane olurdu. Halbuki SSRİ-nin çökməsindən sonrakı proseslər dünya iqtisadiyyatının inkişafına xeyli zəmin yaratmışdı. Ermənistan rəhbərliyinin tam otuz il davam edən həmin mənfi tendensiyasını Azərbaycanın təkbaşına aradan qaldırması mükəmməl tarixi bir faktdır. 44 günlük İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizin dünya ictimaiyyəti tərəfindən bu şəkildə dəstəklənməsi də məhz həmin səbəblərdən qaynaqlanır

Dövlət başçımızın dediyi kimi, bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi. Bu, bir faktdır ki, müharibədən sonra cərəyan edən proseslər bizim haqlı olduğumuzu dün­yaya bir daha sübut etdi. Ekspertlərin fikrincə, bunun çox böyük əhəmiyyəti var. Fikrimizcə, müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək siyasi baxımdan çox önəmli hadisədir.

Prezident, Ali Baş Komandan İlham Əliyev xatırladır ki, müharibənin başa çatmasından sonra beynəlxalq birliyin reaksiyası bizi qane edir. Təbii ki, bu, bir çox cəhətdən bizim fəaliyyətimiz nəticəsində baş verib. Ona görə ki, Azərbaycan müharibə qurtarandan sonra, elə ertəsi gün dövlət başçımızın tapşırığı ilə işə başladı ki, müharibənin nəticələri bütün beynəlxalq birlik tərəfindən qəbul edilsin.

Biz öz konstitusion hüquqlarımız, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaratmışıq və hamı bu reallıqla hesablaşmalıdır. Həyata keçirilən tədbirlər nəticəsində bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşul­mama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul edib.. Biz bunu həm formal mənada, həm də xalis ünsiyyətdə görürük. Dövlət başçı­mız deyir: “Mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədə olarkən müşahidə edirəm, indi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük. Bəli, amma bunlar hər şey başa çatandan sonra belə olub. Əlbəttə, çoxları bizə deyir ki, siz haqlı idiniz, siz hər şeyi düzgün edirdiniz, biz həmişə sizin tərəfinizdə olmuşuq. Lakin nədənsə çoxları bu barədə susmağı üstün tutur­du. Amma bilirsiniz, həmişə qaliblərin dostları çox olur”.

Bu da faktdır ki, son zamanlar Azərbaycanın dostlarının çoxalmasına İkinci Qarabağ müharibəsinin nəticələri də öz təsirini göstərib. Biz o müharibəni ləyaqətlə, kişi kimi, beynəlxalq humani­tar normaları pozmadan aparmışıq. Ali Baş Komandanın dediyi kimi, erməni tərəfdən dinc əhali arasında itki az olub. Qurbanlar da yalnız müharibədə iştirak edən dinc vətəndaşlar olub. Erməni tərəfi isə alçaqcasına hücumlar edib, bizim şəhərlərimizi daim bombalayıb. Təkcə Tərtərə 16 min mərmi düşüb. Yəni, kiçik bir şəhər və 16 min mərmi. Bizim düşmənin bu addımlarına adek­vat cavab verməməyimiz, ancaq döyüş meydanındakı rəqibə atəş açmağımız dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

“Dünya ictimaiyyəti Azərbaycanın haqq işini dəstəkləyir” tezisinin təsdiqi olan bir neçə məqama diqqət yönəldək. Azərbaycan Prezidentinə Müstəqillik Günü münasibətiylə təbrik məktubu göndərən ABŞ Prezidenti Cozef Bayden yazır ki, indi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır: “Amerika Birləşmiş Ştatları bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır”. Yəni Vaşinqton İkinci Qara­bağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqları qəbul edir və dəstəkləyir.

İndi isə Avropalı dostlarımızın bu məsələyə münasibətinə diqqət yetirək. Məsələn, Böyük Britaniyanın Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı olaraq son 30 il ərzində prinsipial mövqe tutması ikitərəfli münasibətlər üçün çox vacib amildir. Hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqla­rından qeyd-şərtsiz çıxarılmasını tələb edən 853-cü qətnamənin qəbul olunma­sı birbaşa Böyük Britaniyanın təşəbbüsü ilə onun sədrliyi dövründə baş tutmuşdu. Həmin vaxtdan sonrakı illər ərzində Azərbaycan Böyük Britaniya ilə siyasi-diplomatik münasibətlərin yeni, daha yüksək səviyyədə qurulması üçün aktiv, intensiv siyasi dialoq aparıb ki, biz 44 günlük müharibə dövründə də bunun əyani şahidi olduq.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasın­da müharibənin başlanmasından bir müddət sonra BMT-nin Təhlükəsizlik Şurasında bəzi dövlətlər Dağlıq Qa­rabağ münaqişəsi ilə bağlı qeyri-ob­yektiv, qərəzli mövqeni əks etdirən bəyanatın qəbul edilməsinə nail olmaq istəyərkən, məhz Britaniya və Qoşulma­ma Hərəkatından olan qeyri-daimi üzvlər buna yol verməyiblər . O zaman Britani­yanın BMT TŞ-dəki daimi nümayəndəsi Barbara Vudvordun çevik və prinsipial mövqeyi ədalətin bərqərar olmasına kömək etmişdi.

Yaxud Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə İtaliyanın “La Re­pubblica” qəzetinə verdiyi müsahibədə xatırlatmışdır ki, İtaliya Vətən müharibəsi zamanı Azərbaycanın haqq işini dəstəkləyən ölkələrdən oldu. Yəni İtaliya Azərbaycan üçün dost ölkədir. Vətən müharibəsi zamanı da Prezident İlham Əliyev öz müsahibəsində hər zaman qeyd edirdi ki, dost-düşmən çətin zamanda tanınır və İtaliya özünün dost münsaibətini göstərdi. Möhtəşəm qələbədən sonra, həmçinin İtaliya parlamentinin nümayəndə heyəti Azərbaycanın işğaldan azad olun­muş torpaqlarına səfər edərək erməni vəhşiliyinin bir daha şahidi oldular.

Bu məsələ ilə əlaqədar bizi dəstəkləyən təkcə Avropa ölkələri deyil, Asiya ölkələri arasında da haq­qı söyləyə bilən dostlarımız çoxdur. Məsələn, Pakistan Parlamenti Senatı­nın sədri Məhəmməd Sadiq Sancrani Milli Məclisin Sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə göndərdiyi təbrik məktubunda yazırdı ki, Pakistan İslam Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq aparılan Vətən müharibəsindən əvvəl də, müharibə dövründə də Azərbaycanın mövqeyini dəstəkləməkdə davam edib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və bir milyona yaxın azərbaycanlı məcburi köçkünün hüquq­larının bərpa olunması sevindirici haldır.

Qardaş Türkiyə Cümhuriyyətinin bu məsələyə münasibətini isə qeyd etməyə ehtiyac yoxdur. Çünki təkcə Azərbaycan və Türkiyədə deyil, dünyada hamı yaxşı bilir ki, Türkiyə – Azərbaycan dostluq və qardaşlıq münasibətləri bütün xalqlara və dövlətlərə nümunədir. Ancaq yazının sərlövhəsindəki “Dünya sülhə susayıb” qənaətimizin təsdiqi kimi, Türkiyənin son zamanlar dünya miqyasında nümayiş etdirdiyi sülhsevərlik siyasətini yada salmaq zərurəti var. Ankara regionun iki güclü dövləti – Rusuya ilə Ukrayna arasında yaranmış problemin sülh və danışıqlar yolu ilə həll edilməsi üçün mi­silsiz siyasi-diplomatik fəaliyyət göstərir. Eləcə də, dünya aclıq problemi ilə üz-üzə qaldığına görə Türkiyə Ukrayna ta­xılının dünya bazarına çıxarılması üçün sidq-ürəklə çalışır və bəşəri miqyaslı nailiyyətə imza atır.

Yəni, dünya bu gün, sözün həqiqi mənasında, sülhə susayıb. Nə yax­şı ki, sülhsevər dövlətlər və qətiyyətli siyasətçilər var. Yoxsa planetimiz daha böyük fəsadlarla üz-üzə qalardı.

 

İttifaq MİRZƏBƏYLİ,

 

Xalq qəzeti  2022.- 4 sentyabr.- S.4.