Yeni reallıqlar
regiona nüfuz edir
İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşıda vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, “dəmir yumruq” yerindədir.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Dünyamızda indiyə qədər baş verən bütün müharibələr öz daxilində ilkin bir səbəbi və savaşlardan sonra ortaya çıxan nəticələri ehtiva edir. Bu nəticələr çox vaxt ikimərhələli olur. Belə ki, ilkin mərhələdə ölkələrin və ya orduların nə qədər insan itirdiyi, hansı miqyasda zərərə uğradığı ön plana çıxır. İkinci mərhələdə isə müharibədən sonrakı dövrdə bölgədə yaranan vəziyyət və yeniliklər mütləq reallığa çevrilir. Bu prinsip, qəbilə icması dövründə içməli su uğrunda qan tökən iki qəbilənin nizələr və yonulmuş daşlarla mübarizəsindən, yer üzünün gördüyü ən böyük savaş olan II Dünya müharibəsinə qədər bütün müharibələrə aiddir.
II Qarabağ müharibəsi də istisna deyil. Səbəb bəlli
idi. Azərbaycan öz haqqı olan
torpaqları geri istəyirdi. Biz otuz ilə
yaxın müddət ərzində torpaqlarımızın
işğaldan azad edilməsini gözləmişik. Prezident İlham Əliyevin dediyi kimi, biz əvvəllər
hər kəsi özümüz kimi dürüst bilirdik.
İnanırdıq ki, torpaqlarımızı
danışıqlar yolu ilə geri qaytara bilərik. Əslində, danışıqlar prosesinin
gedişatı da zaman-zaman inamımızın boşuna
olmadığını göstərirdi. Lakin
son illərdə, bu prosesin sadəcə, vaxt qazanmaq
üçün davam etdiyini, Ermənistanın və onun
havadarlarının bir qarış torpağı belə, geri
qaytarmaq niyyətində olmadığını anladıq.
Dövlətimizin başçısı bu
qarışıq dövr haqqında danışarkən
bildirir ki, biz bu illər ərzində müharibəyə
hazırlaşdığımızı gizlətmirik. Ermənistanın
torpaqlarımızı qaytarmaq niyyəti yox idi. Belə olan halda nə etməliydik? Otuz il də gözləməli idik ki, bu torpaqlarda
bir qədər də möhkəmlənsinlər? Qəribədir, işğal etdikləri torpaqlarda nə
özləri yaşayır, nə də onu geri
qaytarırdılar. Ekspertlər bu məsələni
müzakirə edəndə belə bir ortaq fikir
formalaşır ki, ermənilər özləri də
yaxşı bilirdilər ki, gec-tez bu ərazilərdən
çıxmalı olacaqlar. Ona görə
də, nə bir daşı daş üstünə qoyur, nə
də yaşamaq üçün hansısa bir addım
atırdılar.
Beləliklə, müharibənin səbəbi aydın
oldu. Nəticə isə əvvəldə qeyd edildiyi
kimi, iki hissəyə bölünür. Ölkəmiz 3
minə yaxın şəhid verdi. Pandemiya
ilə yanaşı, müharibə də ölkə
iqtisadiyyatına ziyan vurdu və Azərbaycan 30 il
əvvəl itirdiyi torpaqları düşmənin
başını əzə-əzə geri qaytardı. Bu, II Qarabağ müharibəsinin Azərbaycan
üçün ilk nəticəsidir. Biz
xalq olaraq xoşbəxt idik, bəziləri gələcəyi
düşünmədən hər şeyin bitdiyini, artıq
missiyamızın tamamlandığını
düşünürdü. Prezident
İlham Əliyev isə xalqa müraciətində bildirdi ki,
hələ görüləcək işlər qabaqdadır və
biz bütün bu öhdəlikləri yerinə yetirməmiş
öz işimizi tamamlamış saymayacağıq.
Müharibə bitdi və təkcə bizim
üçün deyil, ümumilikdə, region üçün
yeni reallıqlar dövrü başlandı. Bu
reallıqlardan birincisi və ən mühümü Azərbaycanın
qalib dövlət olmasıdır. Bu əsas
və danılmaz faktdır. Azərbaycan qalib dövlət
kimi, işğaldan azad etdiyi torpaqları bərpa etməyə,
bu əraziləri insanlar üçün yaşamağa
hazır vəziyyətə gətirmək missiyasına start verdi ki, bu proses üçün respublikanın
qaynaqlarının böyük hissəsi səfərbər
edildi.
Əslində, prosesin bu qədər tez başlanması
çoxları üçün gözlənilməz oldu. Belə ki, Azərbaycan
iqtisadiyyatı dünyanın bir çox ölkəsindən
fərqli olaraq təkcə pandemiya ilə yox, həm də
müharibənin vurduğu zərərlə mübarizə
aparırdı. Boşboğaz adam
üçün danışmağa nə var ki?
Dünyanın supergücləri belə tək pandemiya ilə
bacara bilmədiyi halda zkən, iqtisadiyyatımız
koronavirusdan ən az zərər görən
iqtisadiyyatlardan biri oldu. Vaxtında və
böyük həssaslıqla görülən tədbirlər
xəstəliyin sürətli yayılmasının
qarşısını aldı və xalqımızın səbr
etməli olduğu tək şey uzunmüddətli qapanmalar
oldu. Hələ üstəlik, dövlət
iqtisadiyyatına ən azı koronavirus qədər ziyan verən
ikinci bir parazitimiz var idi. Biz isə nəinki
müharibə bitəndən sonra, hətta müharibə
davam edərkən, azad edilmiş və təhlükəsizliyi
təmin edilmiş yerlərdə ilkin bərpa işlərinə
başlamışdıq. Həm xarici media
təşkilatlarının nümayəndələri, həm
də şəhərsalma sahəsində
ixtisaslaşmış təcrübəli şirkətlər
Azərbaycanda davam edən bərpa-quruculuq işlərini
yüksək qiymətləndirir, bunu, dünya təcrübəsində
nadir uğurlardan biri adlandırırlar.
Bütün bunlar Azərbaycanın öz imkanları,
daxili resursları sayəsində həyata keçirilən
layihələrdir. Biz tarixi ədaləti də,
torpaqlarımızı da öz gücümüzə bərpa
etmişik və etməyə davam edirik. Azərbaycan
xalqı üçün ən böyük xoşbəxtlik də
məhz budur. Heç kimin yanında
gözümüz kölgəli deyil, qorxacağımız,
çəkinəcəyimiz, görəndə yolumuzu dəyişəcəyimiz
kimsə yoxdur. Prezidentimiz də
çıxışları zamanı bu məqamı
xüsusi vurğulayır. Qeyd edir ki,
müharibə üçün bizə sadəcə siyasi yox,
iqtisadi müstəqillik də lazım idi. Sevindirici haldır ki, biz hər ikisini əldə
etdik və öz gücümüz hesabına
torpaqlarımız işğaldan azad edildi.
Yaranan reallıqların sonrakı mərhələsi isə
Cənubi Qafqazda və ümumilikdə regionda yaranan yeni
perspektivlər və bu perspektivlərdən istifadə etmək
imkanlarıdır. Məlum olduğu kimi, II Qarabağ
müharibəsini bitirən üçtərəfli Bəyanatın
şərtlərinə uyğun olaraq, bölgədə
kommunikasiyalar açılmalı, nəqliyyat və logistika
infrastrukturu yaradılmalı, ticarət xətləri istifadəyə
verilməli idi. Azərbaycan ilk gündən
dövlətin rəsmi sözünə, Prezidentin imzasına
və müqavilənin şərtlərinə uyğun olaraq
işlərə başladı və qeyd edilən istiqamətlərdə
layihələrə start verildi. Lakin hər
zaman olduğu kimi, qarşı tərəf yenə verdiyi
sözə xilaf çıxdı, vaxt qazanmaq, bəlkə nəyisə
dəyişdirmək ümidi ilə təxribatlarına davam
etdi.
Ermənistanın daxili məsələlərindəki
xaos onun xarici siysətinə də sıçrayır, verdiyi
sözlərə əməl etməməsinə gətirib
çıxarırdı. Belə ki, ölkədə
hər yerindən duran ayrı bir avazla oxuyur, hər kəs
öz dediyinin doğru olduğuna xalqı inandırmağa
çalışırdı. Hələ utanmayan
revanşistlərin də sayı az deyildi.
Bütün bu qarışıqlıqdan baş
çıxara bilməyən Ermənistanın rəhbər
şəxsləri külək hansı tərəfdən əssə
o tərəfə keçir, hər gün fərqli bəyanatlarla
həm erməni xalqının, həm də dünya ictimaiyyətinin
başını qatırdılar. Əminliklə
söyləmək olar ki, onların bir çoxu heç
özü də bilmir ki, nə istəyir.
Qəribədir, ermənilər və onların
havadarları, bu qədər fakta-dəlilə baxmayaraq, hələ
də zaman-zaman haqlı olduqlarını iddia edirlər. Otuz ildə
işğal etdikləri torpaqlarda törətdikləri vəhşiliklərdən
utanmır, hələ burada bərpa-quruculuq işləri
aparan Azərbaycana mane olmağa da çalışırlar.
Mina xəritələrini vermir,
vaxtaşırı atəşkəsi pozur, təxribatlar
törədir və siyasi müstəvidə də
könül bulandırmağa davam edirlər.
Hələ
bu azmış kimi, 30 il heç bir işə yaramayan, əməkdaşlarının
yeyib-içib Avropanı və dünyanı gəzdiyi, indi
artıq tarixin tozlu səhifələrinə qarışan
Minsk qrupu adlanan keçmiş qurumu dirçəltmək, ona
yeni missiyalar yükləmək istəyirlər. Üstəlik, bunu etmək istəyən təkcə
ermənilər deyil, erməni lobbisinin bəslədiyi bəzi
haypərəstlərdir. Əslində, II
Qarabağ müharibəsi təkcə Ermənistanın deyil,
elə bu gərəksiz qurumun da məğlubiyyəti idi.
İndi bunlara deyən lazımdır ki, ay balam,
bizdən nə istəyirsiniz? Minsk qrupu
adlı qrup nə işə yarayırdı? Missiyası nə idi? Bu adamlar nə
işlə məşğul olurdular ki, hələ utanmadan
işlərinə davam etmək istəyirlər?
Əslində, dövlətimizin başçısı, necə
deyərlər, bu quruma və onun nümayəndələrinə
bütün dünyanın gözü önündə
yaxşıca “qulaqburması” verib, başa salıb:
Dağlıq Qarabağ münaqişəsi yoxdur ki, onu həll
etməyə, nizamlamağa çalışan bir qurum da olsun.
Əgər konkret bir təklifiniz, sülhün
təmin edilməsi üçün bir ideyanız, fikriniz
yoxdursa, ayaq altından çəkilin, qoyun işimizi görək.
Həqiqət isə ondan ibarətdir ki, bütün
dünya Azərbaycanın yaratdığı
reallıqları qəbul edir. İstər nüfuzlu
beynəlxalq təşkilatlar, istərsə də dövlətlər
ölkəmizin haqlı mövqeyini müdafiə edir, bu
regionda artıq müharibə, təxribat, xaos istəmədiyini
dilə gətirir. Əvvəlindən
qatığa qara deyən ermənilər və onların
havadarları isə indi yeni yalanlar üçün yeni rənglər
axtarırlar. Ümid edirik ki, Ermənistan
və onun dünyanın müxtəlif ölkələrində
fəaliyyət göstərən lobbiləri dünyanın
artıq onların yalanlarına inanmadığı, hər kəsin
bu iyrənc xislətdən bezdiyini anlayacaq. Bizim isə çəkinəcəyimiz heç bir
şey yoxdur. Necə deyərlər,
"iti görən çomağını hazır edər".
İmran
ƏLİYEV
Xalq qəzeti .- 2022.- 10 sentyabr.-
S.3.