Şirvan şəhərinin nümayəndə heyəti Ankarada keçirilən festivalda iştirak edib

Ankaranın Etimesgut Bələdiyyəsi tərəfindən keçirilmiş “Beynəlxalq Anadolu Günləri” mədəniyyət və incəsənət festivalında respublikamızı Şirvan şəhərinin nümayəndə heyəti təmsil edib.

Türkiyə Cümhuriyyəti Ankara şəhəri Etimesgut Bələdiyyəsi türk dünyasında qardaşlıq, birlik və mədəni əlaqələri inkişaf etdirmək, ortaq türk mədəniyyətini dünyaya tanıtmaq məqsədi ilə bu il avqustun 26-dan sentyabrın 4-dək türkdilli dövlətləri təmsil edən mədəniyyət nümayəndələrinin iştirakı ilə “Beynəlxalq Anadolu Günləri 24” adlı Mədəniyyət və İncəsənət Festivalı təşkil edib.

Qeyd edək ki, Türkiyənin Ankara Etimesgut Bələdiyyəsi ilə Azərbaycan Respublikasının Şirvan şəhər Bələdiyyəsi 2011-ci ilin iyul ayından etibarən qardaşlaşmış bələdiyyələr olaraq möhkəm əlaqələr qurmuşdur. Bu qardaşlığın davamı olaraq hər il olduğu kimi, bu il də festivalın sonuncu günü, daha dəqiq desək, 2022-ci il sentyabrı 4-də keçirilən Azərbaycan gecəsində Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Bələdiyyəsi və mədəniyyət işçilərindən ibarət olan nümayəndə heyəti iştirak ediblər.

Şirvan şəhərinin mədəniyyət işçiləri milli mədəniyyətimizi əks etdirən xalq rəqsləri, xalq mahnılarından ibarət rəngarəng proqramla çıxış ediblər. Festivalda nümayəndə heyətimiz tərəfindən milli atributlarımızı özündə əks etdirən eksponantlarmilli mətbəx nümunələrimiz də uğurla nümayiş olunub. Ankara şəhəri Etimesgut Bələdiyyəsinin sədri Ənvər Dəmirəl festivalın məqsədinin türk millətinin birliyini, həmrəyliyini və qardaşlığını möhkəmləndirmək olduğunuTürk coğrafiyasında türk icmalarının mədəniyyətini və sənətini yaşatmaq olduğunu vurğulayıb.

Festivalda Azərbaycan Respublikasının Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasihumanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva, Şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradov çıxış edərək, ulu öndər Heydər Əliyevin “Bir millət iki dövlət” ideyasının əbədi yaşadığını və hər iki dövlət tərəfindən bu dostluğa və qardaşlığa böyük dəyər verildiyini bildiriblər. Azərbaycan-Türkiyə münasibətlərini ən yüksək formada davam etdirdiyinə, bu il də Azərbaycan nümayəndə heyətinin iştirakına şərait yaratdığına görə ümummilli liderin siyasi davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun salamlarını və xoş arzularını Etimesgut Bələdiyyəsinin rəhbərliyinə və festival iştirakçılarına çatdırıblar.

Natiqlər eyni zamanda ölkəmizdə aparılan geniş tikinti-qurucluq işlərindən bəhs edərək, bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişaf etməsində mühüm əhəmiyyəti olduğunu vurğulayıblar. Yerli Bələdiyyə başkanına onlara göstərilən doğma münasibətə görə səmimi təşəkkürlərini bildiriblər və hər bir azərbaycanlının qəlbində xüsusi yeri olanQarabağ” xalçasını Ənvər Dəmirələ təqdim ediblər.

 

Ankara Etimesgut Bələdiyyə başkanı Ənvər Dəmirəl ikitərəfli əlaqələrin daha da dərinləşməsini, uzunömürlü olmasını arzulamış və Azərbaycandan təşrif buyuran nümayəndə heyətinə qardaşlığımızın rəmzi olan hədiyyələr təqdim etmişdir.

Səməd HÜSEYNOĞLU

Xalq qəzeti .- 2022.- 10 sentyabr.- S.4.