Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Böyük Britaniyada matəm elan olunub

Sentyabrın 8-də axşam saatlarında II Elizabet 96 yaşında vəfat edib. Bu barədə ilk məlumatı “The Guardian” yayıb. Məlumata görə, günortadan sonra kraliçanın səhhəti pisləşib və o, dərhal həkimlərin nəzarətinə götürülüb. II Elizabetin oğlu, taxt-tacın va­risi Şahzadə Çarlz həyat yoldaşı Kamilla ilə birlikdə təcili olaraq kraliçanın son zamanlar yaşadığı Balmoral Sarayına, anasının ya­nına gedib.

Britaniya mətbuatının verdiyi xəbərlərə görə, son günlərdə kraliça II Elizabetin səhhətində ciddi problemlər olub. Hətta ölkənin yeni Baş naziri Liz Trassı da o, qəsrini tərk edə bilmədiyindən Balmoralda qəbul etmişdi. Kraliça keçmiş xarici işlər naziri Liz Trassa yeni Baş nazir kimi Nazirlər Kabinetini formalaşdırmağı tapşırmışdı. Çox keçmədən kraliçanın səhhətinin pisləşdiyi barədə informasi­yalar yayılmağa başlamışdı.

Kraliça II Elizabetin həkim nəzarətinə götürüldüyü Bukingem Sarayının yaydığı məlumatda da təsdiqlənmişdi.

Kraliçanın ölümü ilə əlaqədar Bö­yük Britaniyada 10 günlük matəm elan edilib. Bukingem Sarayında dövlət bayrağı endirilib. Artıq bir neçə gündür ki, Bukingem Sarayının qarşısına kraliçanın vəfatından kədərlənmiş britaniyalılar toplaşmağa başlayıblar.

Kraliça II Elizabet (bəzi Azərbaycandilli mənbələrdə II Yeli­zaveta) və ya Elizabet Aleksandra Mariya Vindzor 21 aprel 1926-cı ildə anadan olub. Taxt-taca 6 fevral 1952-ci ildə sahib olub, 2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilib. O, Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının kraliçası, eyni zamanda, Millətlər Birliyinin sədri və oraya daxil olan 14 müstəqil dövlətin – Avstraliya, AntiquaBarbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-VinsentQrenadin, Sent-KitsNevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamay­kanın monarxı olub. O, həm də Fici Respublikasının Ali Başçısı, Anqlikan kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Koman­danı, polkovnik, Men adalarının lordu olub. II Elizabet 29 may 1953-cü ildən 31 may 1961-ci ilədək Cənubi Afrika İttifaqının Kraliçası olmuşdur. Vindzor sülaləsinin nümayəndəsidir.

1936-cı ilin dekabrında əmisi VIII Eduard hakimiyyət iddiasından rəsmi şəkildə əl çəkəndən və atası taxt-taca sahib olandan sonra 10 yaşlı Elizabet vəliəhd elan olunub və valideynləri ilə birlikdə Kensinqtondan Bukingem sarayına köçüb. Gələcək kraliça xoş əhval-ruhiyyəli atmosferdə böyüyüb. O, ailə şəraitində mükəmməl şəxsi təhsil alıb. Uşaqlıqdan hər şeylə maraqlanıb. Daha çox atlara maraq göstərib, bu maraq onu ömrünün sonuna qədər müşayiət edib.

İkinci dünya müharibəsi illərində o könüllü kimi hərbi taksi sürücüsü işləyib. Çünki kral ailəsi ölkənin müdafiəsində birbaşa iştirak etməli idi. 1947-ci ildə isə Elizabet Böyük Britaniya müstəmləkələrinə ilk səfərini edib. 13 yaşında o, Dortmut hərbi-dəniz məktəbinin kadeti, kra­liça Viktoriyanın kötücəsi, şahzadə Andrey Qreçeskinin oğlu Filip Mauntbettenlə tanış olur. 1947-ci ildə onunla ailə həyatı qururFilip Edinburq hersoqu titulunu alır. Onların dörd övladı vardır: şahzadə Çarlz, şahzadə Anna, şahzadə Endrü və şahzadə Eduard.

Artıq dünya ölkələrinin liderləri kraliçanın vəfatı ilə bağlı başsağlığı verməkdədirlər. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Böyük BritaniyaŞimali İrlandiya­nın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib. Bu barədə dövlət başçısı tvitter he­sabında yazıb: “Kraliça II Elizabetin bu gün vəfat etməsi xəbərini kədər hissi ilə eşitdim. Kral ailəsinə, dost və müttəfiq Böyük Britaniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verirəm”, – Ərdoğan qeyd edib.

Sentyabrın 8-də Böyük BritaniyaŞimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar Birləşmiş Krallığın Azərbaycandakı səfirliyində bu ölkənin dövlət bayrağı aşağı salınıb.

Böyük Britaniyanın dünyasını dəyişən kraliçası II Elizabetin dəfn tarixi açıqlanıb. Dəfn mərasimi onun ölümünün 10-cu günündə keçiriləcək.

Kraliçanın böyük oğlu, Uels şahzadəsi Çarlz anası vəfat etdikdən sonra Böyük Britaniyanın yeni mo­narxı olub. 73 yaşlı Çarlz Britaniya taxtına çıxan ən yaşlı varisdir.

Hazırda Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər dostluq, strateji tərəfdaşlıq və qarşılıq­lı faydalı əməkdaşlıq səviyyəsindədir. Böyük Britaniya 31 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olub. Dünən Azərbaycan Prezidenti İlham Əliyev də Böyük BritaniyaŞimali İrlandi­yanın yeni Kralı Əlahəzrət III Çarlza anası, Böyük BritaniyaŞimali İrlandiyanın Kraliçası, zəmanəmizin görkəmli dövlət başçısı Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar başsağ­lığı verib.

Paşa ƏMİRCANOV

Xalq qəzeti .- 2022.- 10 sentyabr.- S.7.