Peşəkar milli musiqimizin banisi
Üzeyir bəy Hacıbəylinin anadan
olmasından 137 il ötür
Üzeyir Hacıbəyovun
yaradıcılığı həmişə insanları vətənpərvərliyə
dəvət edir. Biz bu gün də Üzeyir bəy
Hacıbəyovun xatirəsini yad ediriksə,
onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə,
bu yaradıcılığın ən
yüksək nöqtəsi olan vətənpərvərlik
hisslərini özümüzdə daha da artırmalıyıq, daha
da inkişaf etdirməliyik. Özümüzü
bu hissiyyatlarla gələcəyə
hazırlamalıyıq.
Heydər ƏLIYEV
Ümummilli lider
Hər bir millətin
tarixində dəyərli şəxsiyyətlər yetişir. Onların adları nəsildən-nəslə
ötürülür və xalqın
yaddaşında əbədi qalır. Azərbaycan
xalqının qəlbində yaşayan
belə unudulmaz şəxsiyyətlərdən
biri dahi Üzeyir bəy Hacıbəylidir. Bu böyük insanın doğulduğu tarix
yalnız qüdrətli şəxsiyyətin ildönümü
deyil, xalqın ruhunun,
millətin şərəfinin, musiqi mədəniyyətinin
əsl bayramıdır.
Ü.Hacıbəyli böyük istedada malik tarixi şəxsiyyət idi. Bəstəkar, dramaturq, publisist, pedaqoq, musiqişünas-alim, tərcüməçi--bunlar Üzeyir bəy Hacıbəylinin yaradıcı fəaliyyətinin sahələridir. Dahiyanə musiqi zəkası, iti zehni, fövqəladə intuisiya qabiliyyəti, əhatəli fəaliyyəti onu Azərbaycanın milli mədəniyyətinin parlaq təmsilçisinə çevirmişdir.
Azərbaycan xalqı onun simasında milli musiqi mədəniyyətimizə ilk dəfə dünya əhəmiyyətli bir bəstəkar təqdim etmişdir. Xalq musiqisinin çoxəsrlik ənənələrinə, Avropa musiqi sənətinin nailiyyətlərinə və təcrübəsinə yiyələnən dahi sənətkar, XX yüzilliyin əvvəlində milli bəstəkarlıq məktəbinin əsasını qoymuşdur. Üzeyir bəyin Şərqin ilk operası olan və 1908-ci ildə səhnələşdirilən “Leyli və Məcnun” əsəri ilə milli musiqi tariximizdə yeni dövr açılır. Bu opera milli musiqi ənənələrinin “dağılması” məqsədilə deyil, onları bu çərçivədən kənara çıxaran vasitə kimi meydana gəlmişdir. Sosial-siyasi ideologiyada dönüş nöqtəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində, dövlətçilik ideyası milli mədəni ənənələri məhdud sərhədlərdən azad etmiş, yeni şəkildə ifadəsini tapmışdır.
Azərbaycan ənənəvi musiqisi Üzeyir bəy üçün yaradıcılıq çeşməsi, bədii sərvəti, xalqının səsi idi. Məhz bu səbəbdən dahi sənətkar xalq musiqisinin xəzinəsinə böyük ehtiramla və həssaslıqla yanaşmışdır. Ü.Hacıbəyli xalqın musiqi təfəkkürünü dərindən dərk edərək, öz fərdi üslubunun səciyyəvi xüsusiyyətlərinə çevirir. Bu qanunauyğunluqlar bəstəkarın yaradıcılığında dünya klassik təcrübəsi ilə birləşir və sözsüz ki, onların zənginləşməsinə gətirib çıxarır. Təsadüfi deyil ki, Ü.Hacıbəylinin musiqisi Azərbaycanın hüdudlarını aşaraq, Şərqlə Qərbin vəhdətinin parlaq və ölməz nümunəsinə çevrilir.
Məlumat üçün bildirək ki, Üzeyir bəy 1885-ci il sentyabrın 18-də Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovlar ailəsində Qarabağın Ağcabədi kəndində dünyaya göz açıb. Dövrün savadlı şəxsiyyətlərindən biri olan Əbdülhüseyn Hacıbəyov XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki malikanəsinə nəzarət etmişdir. Anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslinin nümayəndəsi idi. Tezliklə Üzeyir bəyin ailəsi məşhur xanəndə və musiqiçilərin, şairlərin, alimlərin, rəssamların beşiyi olan Şuşa şəhərinə qayıdır. Gözəlliyə həssas olan uşağın qəlbində musiqiyə maraq məhz burada oyanır. “Üzeyir ömrü” filminə tamaşa edənlər bu dahi sənətkarın həyatı, yaradıcılığı ilə daha yaxından tanış ola biliblər.
1899-cu ildə on dörd yaşlı Üzeyir
bəy qəbul imtahanlarını asanlıqla verərək Qori Müəllimlər Seminariyasına daxil olub. Təhsil
aldığı illəri (1899-1904) bir
sıra əlamətdar hadisələrlə zəngindir. Üzeyir bəy əvvəla, onunla
eyni gündə və ildə dünyaya gəlmiş, sonralar
silahdaşına çevrilmiş və
Azərbaycan musiqisinin inkişafında böyük rol
oynamış Müslüm Maqomayevlə dostluq etməyə başlayıb. Məhz
bu təhsil ocağında ilk
dəfə Avropa musiqisi
və Tiflis Opera
Teatrında opera janrı ilə
tanış olub, violino
və bariton musiqi alətlərini
çalmağı öyrənib, not
savadına yiyələnib. Sonralar dahi Ü.Hacıbəyli yazır ki, onun musiqi
zövqünün inkişafına C.Verdi və P.İ.Çaykovski
böyük təsir göstərib,
onların yaradıcılığı opera
musiqisinə məhəbbət oyadıb. Seminariyada
oxuduğu illərdə dünyagörüşü
formalaşıb, ədəbiyyata və musiqiyə meyili güclənib. Ü.Hacıbəyli
müxtəlif əsərləri, o
cümlədən çox sevdiyi N.V.Qoqolun “Şinel” povestini Azərbaycan
dilinə tərcümə edib.
Seminariyanı bitirdikdən sonra
1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib, rus dili,
hesab, tarix və
musiqidən dərs deyir. Bir
il sonra isə
Bakıya gəlib və Bibiheybət neft rayonunda fəhlələrin uşaqları üçün nəzərdə tutulan məktəbdə fəaliyyətə
başlayıb.
Gərgin publisistik və pedaqoji fəaliyyət göstərən Üzeyir bəy 1907-ci ilin dekabr ayında ilk musiqili əsəri olan “Leyli və Məcnun” operasını tamamlayıb. 1908-ci ildə Tağıyev Teatrında səhnələşdirilən bu opera 23 yaşlı Ü.Hacıbəylinin həyatında, Azərbaycan və dünya musiqi mədəniyyətində bir dönüş nöqtəsinə çevrilib. Musiqi səhnəmizin bəzəyi olan “Leyli və Məcnun” operası ilə milli bəstəkar yaradıcılığının əsası qoyulub, yeni ifaçılıq mədəniyyəti formalaşmağa başlayıb.
Ü.Hacıbəyli çox zəngin musiqi irsi ilə milli bəstəkar
musiqisinin bir çox janrlarının əsasını qoyub, obraz zənginliyi, dramatik həlli, forma rəngarəngliyi,
yeni ifadə vasitələri ilə
seçilən mükəmməl sənət nümunələri
yaradıb. Onun “Leyli və Məcnun”, “Əsli
və Kərəm”, “Şeyx Sənan”,
“Rüstəm və Zöhrab”, “Şah Abbas və Xurşid Banu”, “Harun və Leyla” kimi əsərləri dünya
mədəniyyətində yeni bir cığır açıb, opera janrını muğam
operası növü ilə zənginləşdirib.
“Ər və arvad”, “O olmasın, bu olsun” və
“Arşın mal alan”
operettalarında qadın azadlığı mövzusuna
müraciət edib, nadanlığa, bərabərsizliyə
qarşı öz səsini ucaldıb.
1911-1913-cü illər ərzində Ü.Hacıbəyli Moskvada filarmoniya nəzdində kurslarda və Peterburq konservatoriyasında bir müddət təhsil alıb. Lakin maddi problemlərlə əlaqədar Bakıya qayıdıb. 1914-1919-cu illərdə o, son muğam operası “Harun və Leyla”, çoxsaylı marşlar, “Azərbaycan” və “Dağıstan” adlı xoreoqrafik süitalar bəstələyib. 1916-cı ildə “Zülfüqar və Üzeyir Hacıbəyovlar qardaşlarının direksiyası” yaranıb. 1918-1920-ci illər ərzində Ü.Hacıbəyli kiçik qardaşı, ictimai xadim, yazıçı, jurnalist və tarixçi Ceyhun Hacıbəyli ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fəal iştirak edib.
1931-ci ildə Ü.Hacıbəyli dünya musiqi incilərinin
təbliğində müvəffəqiyyətlə
çıxış edən Radio Komitəsinin
nəzdində notlu Xalq
Çalğı Alətləri Orkestrini
formalaşdırıb. Bu musiqi
kollektivi üçün
ilk əsərlərin – “Çahargah”
və “Şur” fantaziyaların müəllifi
də Ü.Hacıbəyli olub.
Ü.Hacıbəyli
yaradıcılığının şah
əsəri olan “Koroğlu”
operasını 1936-cı ildə tamamlayıb. Bir il sonra Azərbaycan Opera və
Balet Teatrında səhnələşdirilən
opera dünya musiqi incilərinin siyahısına daxil olub və milli musiqi mədəniyyətimizin
gələcək çiçəklənməsini təmin edib. Əsl xalq ruhu və Azərbaycan ənənəvi musiqisinin bütün zənginliyi ilə aşılanmış əsərdə
Ü.Hacıbəyli Şərq-Qərb ənənələrinin
tam vəhdətinə nail
olub, qəhrəmanlıq-vətənpərvərlik
ideyasını dolğun şəkildə
ifadə edib. 1938-ci ildə opera rus dilinə tərcümə
edilərək Moskvada Azərbaycan ədəbiyyatı
və incəsənəti dekadasında böyük uğurla səslənib.
Bəstəkar və baş rolun mahir
ifaçısı Bülbül SSRİ Xalq artisti adına layiq görülüb.
Qırxıncı illərdə Ü.Hacıbəyli
dünya musiqisində yeni
“romans-qəzəl” janrının əsasını qoyub. Dahi Nizaminin
sözlərinə “Sənsiz” və “Sevgili
canan” vokal incilərini
bəstələyib.
Milli musiqi elminin
əsasını qoyan Üzeyir
bəy öz fikir və
mülahizələrini “Azərbaycan musiqi
həyatına bir nəzər”, “Azərbaycan
– türk xalq musiqi haqqında”, “Azərbaycan musiqi
inkişafı” və digər məqalələrində irəli
sürüb. Alimin
irsi uzunömürlü
olub. Onun nəinki musiqisi, eləcə də, elmi
fikirləri müasir milli
musiqişünaslığın fundamentinə çevrilib.
Ü.Hacıbəylinin bir alim
kimi təşəkkülü bütün əvvəlki elmi
musiqi təfəkkürünün yekunu olub. Əlbəttə,
o, təkcə ənənə üzərində
formalaşmayıb. Sənətkar daim
müasirliyə maraq göstərib, yeni elmi əsərləri
izləyib. Bunun nəticəsində
1945-ci ildə akademik Ü.Hacıbəylinin
fundamental elmi nəzəriyyəsi
olan “Azərbaycan xalq musiqisinin əsasları” əsəri
işıq üzü görüb.
Milli lad sistemini qanunauyğunluqlarını
açıqlayan bu nəzəriyyədə
o, illər boyu
apardığı araşdırmalar, xalq musiqisinin tədqiqi əsasında qənaətə
gəldiyi fikirləri ilə bölüşüb.
Böyük pedaqoq, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, professor Ü.Hacıbəyli milli musiqi kadrların formalaşmasında əvəzsiz rol oynayıb. Sənətkarın yaradıcılığı, nəzəri fikirləri möhkəm prinsiplərə arxalandığı kimi, pedaqoji fəaliyyəti də ciddi dəyərlərə əsaslanıb.
Görkəmli ictimai xadim Azərbaycan Bəstəkarlar
İttifaqının sədri vəzifəsində
çalışmış, Azərbaycan SSR Elmlər
Akademiyasının Elmi-Tədqiqat İncəsənət İnstitutuna rəhbərlik etmişdir.
Onun
yaradıcılığı və fəaliyyəti milli musiqi mədəniyyətimizin
vacib tarixi mərhələsini
təşkil edir. Üzeyir
bəyə xüsusi sevgi
və rəğbət bəsləyən ulu
öndər Heydər Əliyev demişdir:
“Üzeyir Hacıbəyovun
yaradıcılığı həmişə insanları vətənpərvərliyə
dəvət edir. Biz bu gün də Üzeyir bəy
Hacıbəyovun xatirəsini yad ediriksə,
onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə,
bu yaradıcılığın ən
yüksək nöqtəsi olan vətənpərvərlik
hisslərini özümüzdə daha da artırmalıyıq, daha
da inkişaf etdirməliyik. Özümüzü
bu hissiyyatlarla gələcəyə
hazırlamalıyıq”.
Bəstəkarın əzəmətli və möhtəşəm əsərləri Azərbaycan musiqi mədəniyyətinin inkişafına bu gün də güclü təkan verir, düşünür və düşündürür. Ü.Hacıbəylinin musiqisi xalqımızın zəngin xəzinəsi,, mənəvi sərvətidir. Bu əbədi və tükənməz sərvət məşəl kimi yanır və milli musiqi mədəniyyətimizin yolunu daim işıqlandırır.
Nazim KAZIMOV,
Milli Konservatoriya nəzdində Musiqi Kollecinin direktoru,
Əməkdar incəsənət xadimi,
professor
Xalq qəzeti .- 2022.- 17 sentyabr.-
S.10.