“Bədənimizdəki
qəlpələr bizim şərəf
nişanəmizdir”
“Xalq qəzeti”
Tovuzda “Necəsən, qazi?” mövzusunda “dəyirmi masa”
keçirmişdir
Onların hər biri bu gün də
döyüşə atılmağa hazırdır. Bədənlərində saysız-hesabsız qəlpələr
gəzdirsələr də, ayaqları yeriməsə də,
gözləri görməsə də “Vətən
torpağı” sədasını eşidəndə yenidən
yumruqları düyünlənir, gözlərindəki
qığılcım daha da
parlayır. Mən bunu Tovuzda gördüm,
onların hər biri ilə səmimi
söhbət edərkən duydum. Onlar öz qəhrəmanlıqlarından
danışmağı sevmirdilər, döyüş
yoldaşlarından danışırdılar, öz
əlləri ilə göz qapaqlarına
sığal çəkib əbədiyyətə qovuşan şəhidlərimizi
xatırlayırdılar...Yaxşı ki, söhbətə tez-tez
Azər Fərmanzadə qarışırdı. Tovuz Rayon İcra
Hakimiyyəti başçısı aparatının Vətən
müharibəsi iştirakçıları və şəhid
ailələri ilə işin təşkili
şöbəsinin böyük məsləhətçisi.
Rayonun
Əyyublu kəndindəndir. 2018-ci ildə İqtisad
Universitetini bitirib. 44 günlük müharibə zamanı Cəbrayıl,
Qubadlı və Laçın rayonları uğrunda
gedən döyüşlərdə iştirak
edib. Ölkə Prezidentinin
müvafiq sərəncamları ilə “Cəbrayılın
azad olunmasına görə”,
“Qubadlının azad olunmasına görə”,
“Laçının azad olunmasına
görə” və “Müharibə iştirakçısı”
medalları ilə təltif edilib.
Yeri gəlmişkən, icra hakimiyyətləri
aparatında Vətən müharibəsi
iştirakçıları və şəhid ailələri
ilə işin təşkili şöbəsinin
yaradılması və bura yalnız Azər
kimi gənclərin işə
götürülməsi tamamilə özünü
doğruldur və bu, olduqca təqdirəlayiq bir
haldır. Təkcə Tovuzda deyil, digər rayonlarda da gördüm ki, həmin şöbənin işçiləri
qazilər və müharibə iştirakçıları ilə
necə də bir-birlərini başa
düşürlər, onları səbirlə dinləməyi
bacarırlar. Azərin onların hər biri ilə səmimi söhbəti, təmkinli
davranışı, hansısa bir
xahişlərini tələsik cib dəftərçəsinə
yazması, bəzən kimisə qucaqlayıb “hər şey yaxşı olacaq”
deməsi nəzərlərimdən qaçmadı.
Yuxarıdakı fikrimə qayıdıram.
Söhbətə Azər Fərmanzadə tez-tez
müdaxilə etməsəydi, görüşə gələn
qazilərin heç biri
keçdiyi döyüş
yolundan danışası deyildi.
Bir məsələni qeyd
edək ki, “dəyirmi masa”da iştirak edənlərin
hamısı ölkə Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin sərəncamları
ilə ən müxtəlif orden və medallara layiq
görülüblər. Onlar Suqovuşanın, Cəbrayılın, Xocavəndin,
Füzulinin, Zəngilanın,
Qubadlının, Şuşanın, Laçının,
Ağdamın və Kəlbəcərin azad
olunmasına görə medalları, həmçinin digər orden və medallarla
mükafatlandırılıb və sinələrində
onları qürurla gəzdirirlər.
Aralarında işləyəni də var,
işləməyəni də. Əksəriyyəti hələ
də müalicə alır. Yerli icra strukturlarından razılıq edirlər.
Deyirlər ki, bəzən paytaxdakılara
əlimiz çatmayanda icra
hakimiyyətinə müraciət edirik. Onlar da əllərindən
nə gəlir, köməklik göstərirlər. Qeyd edək ki, Tovuz rayonu üzrə 44 günlük Vətən müharibəsi
zamanı yaralanan və əlilliyi təsdiq
olunan 73 nəfər var.
Həmin şəxslərdən 8 nəfəri Tovuz Rayon İcra
Hakimiyyətinin təşəbbüsü ilə müvafiq işlə təmin olunmuşdur.
12 nəfər müharibə əlilinə isə həyətyanı
torpaq sahəsi verilmişdir.
…Söhbətimiz o qədər maraqlı keçdi ki, iki saatın necə başa çatmasını hiss etmədik.
Fuad Qurbanov, qazi, Əyyublu kənd sakini:
– Düzü müharibədən,
orada baş verənlərdən çox
danışmağı sevmirəm.
Bircə
onu demək istəyirəm ki, bizim əsgərlərdə
olan ruh yüksəkliyi, torpağa,
Vətənə məhəbbət
hissi o qədər güclü idi ki, mən döyüşə
qatılan ilk günlərdən
Qələbə qazanacağımıza
tam əmin olmuşdum.
O zaman mənim cəmi 19 yaşım vardı. Məndən də yaşlı,
təcrübəli uşaqlar
nələr edirdilər,
onu sözlə ifadə etməkdə çətinlik çəkirəm.
Qumbaraatan idim. Suqovuşanda ağır döyüşlərin
birində yaralandım.
Döyüş yoldaşlarım məni oradan necə çıxarıblar,
xatırlamıram. Beyin-kəllə zədəsi almışam.
Dörd aylıq müalicədən sonra özümü xeyli yaxşı hiss etsəm də, yenə müalicəyə ehtiyacım
var.
Qazilərə, ümumiyyətlə, hər bir müharibə
iştirakçısına, o cümlədən şəhid
ailələrinə olan
diqqət və qayğı bizim ruh yüksəkliyimizi birə beş
artırır. İnsan o zaman
qürurlu, ürəkli
olur ki, ona diqqət var. İki ilə yaxındır doğma kəndimdəyəm. Halım-əhvalımla, səhhətimlə demək
olar hər gün maraqlanırlar.
Bu məni qürurlandırır.
Pərvin
Həsənov, qazi, Yuxarı Öysüzlü
kənd sakini:
– Oktyabrın 13-də Zəngilan
istiqamətində gedən
döyüşlərdə yaralı yoldaşlarımı
qucağıma alıb
çıxararkən özüm
də yaralandım. Buna baxmayaraq, sürünə-sürünə
həmin yerdən aralana bildim. Sonrasını xatırlamıram.
Səhhətimdə müəyyən problemlər
yaransa da, mən fəxr edirəm ki, 30 ilə yaxın bir müddətdə düşmən tapdağı
altında qalan torpaqlarımızın azad
olunmasında iştirak
etmişəm. Bizi rayonda ən
müxtəlif tədbirlərə
dəvət edirlər,
hörmət-izzətlə qarşılayırlar, yuxarı
başda əyləşdirirlər.
Bundan böyük xoşbəxtlik nə ola bilər?!
Rayon icra hakimiyyətinin
təşəbbüsü ilə məktəblərdə
qazilərlə görüşlər
keçirilir. Həvəslə, sevinclə gedirik. Uşaqlar necə maraqla bizi dinləyirlər,
suallar verirlər... Bunlar hamısı bir dünyadır. Tovuzda hərbi
vətənpərvərlik tərbiyəsinə bu qədər önəm verilməsi təqdirəlayiqdir.
Nahid Hacıyev, qazi, Aşağı Quşçu
kənd sakini:
– Qazi şərəfli bir addır. Gərək bu adı qorumağı
bacarasan. Düzü bəzən
elə söhbətlər
eşidirəm ki, məəttəl qalıram.
Necə yəni hardasa, hansısa qazi intihara cəhd etdi?! Sən 44 gün vuruşmusan
ki, intihar edəsən? Başa düşürəm,
bəziləri kontuziya
alıb, əsəbləri
yerində deyil və sair. Bunlar anlaşılandır. Lakin qazi
kimi şərəfli
bir adı kimlərinsə təhriki,
xain, məqsədli, hiyləgər öyrətmələri
ilə yerə vurmaq olmaz. Çoxumuzun
bədənində qəlpələr
durur. Elələri var ki, ömrümüzün sonunadək
elə bədənimizdə
qalacaq. Qoy qalsın.
Bu qəlpələr bizim şərəf nişanəmizdir.
Yadımdadır, bizimlə görüşlərinin
birində rayon icra hakimiyyətinin başçısı
Məmməd Məmmədov
dedi ki, mən sizin hər birinizlə fəxr edirəm. Ona görə ki, siz, birinci
növbədə kişilərin
başını uca etdiniz! Kişilərin başını! Bu bilirsiniz nə deməkdir? Adama bundan böyük
nə qiymət vermək olar? Lap ac qalaram, evsiz-eşiksiz
olaram, bu qiyməti heç nəyə dəyişmərəm.
Anar Bayramov, qazi, Tovuz şəhər sakini:
– Bayaqdan söhbətlərə
qulaq asıram və qeyri-ixtiyari keçən il
sentyabrın 27-də keçirilən
Anım Günündə
təşkil olunan yürüş yadıma
düşür. Özü də
bilirsiniz daha çox hansı epizod? Ali Baş Komandan, Prezident İlham Əliyevin şəhidimizin fotosu olan plakatı öz başı üzərinə qaldırmasını
həyatım boyu unutmaram. Məgər öz doğum
gününü işğaldan
azad olunmuş ərazilərimizdə və
şəhid ailələri
ilə birgə keçirməsi ölkə
başçısının rəhbərliyi altında
Azərbaycan dövlətinin
şəhidlərimizə, şəhid ailələrinə,
qazilərə və müharibə veteranlarına
olan diqqətinin bariz nümunəsi deyilmi?
Eyni diqqəti,
qayğını Tovuzda,
doğma rayonumda da görürəm. Keçən
il, yenə
elə Anım Günü ərəfəsində
rayon rəhbərinin təkcə
bir gündə neçə şəhid evinə baş çəkməsini maraq üçün hesabladım.
Bir gündə 15 şəhid
evi, hamısı da ayrı-ayrı kəndlərdə. Təsəvvür edirsinizmi?
Biz qazilər istədiyimiz
vaxt icra hakimiyyətinə gedir, öz sözümüzü,
xahişimizi, təklifimizi,
problemimizi danışa
bilirik. Bəzən getməyə heç
ehtiyac olmur. Prezidentimiz sağ olsun, xüsusi şöbə yaradıb. Nə bizi narahat edirsə
şöbənin işçilərinə
deyirik, onlar da həmin an
reaksiya verir və nəticəsini bizə bildirirlər.
Asiman Rzayev, qazi, Vahidli
kənd sakini:
– “Xalq qəzeti”nin
bölgələrdə belə
bir “Dəyirmi masa” təşkil etməsini alqışlayıram.
Bilirsiniz,
səmimi deyirəm, bizi dinləyəndə daxilən yüngülləşirik.
İnanın heç kimi
problemlərimizlə yükləmək
fikrimiz də yoxdur. Sadəcə soruşsunlar ki,
“necəsən, qazi?”
Yəni biz hiss etməyək
ki, unuduluruq. Bir çoxumuz Türkiyədə
müalicə almışıq,
az-çox sağlamlığa
qovuşmuşuq, bəzilərimiz
fəal həyata qayıda bilib. Bunlar öz yerində. Ancaq yadımızda daha çox rayon rəhbərliyinin
qaziləri nəinki yola salmağa gəlməsi, həm də onları geri qayıdarkən də ziyarət etməsi, hal-əhval tutması, işi-gücü
ilə maraqlanması olub.
Anar Ələkbərov, qazi, Cəlilli kənd sakini:
– Tərtər istiqamətində
yaralandıqdan sonra yenidən cəbhəyə
qayıtdım. Müalicə
aldığım 15 gün
ərzində həkimləri
suallarımla bezdirmişdim:
“nə vaxt buraxacaqsınız?”, “niyə
gec sağalıram?”...
Düzü, özümü
az qala
fərari hesab edirdim. Amma yenidən
döyüşlərə qatıldığım gün
sanki bir bayram idi mənim
üçün...
Ölkəmizdə qazilərə, şəhid
ailələrinə göstərilən
diqqət və qayğı bir nümunədir. Bunu gərək etiraf
edək. İndi kimsə
bu münasibəti görmürsə, hiss etmirsə,
yaxud bir başqasının ağlı
ilə oturub durursa, onda mən
nə deyim? Fikir verin, prezident təqaüdü alırıq,
pensiya alırıq, birdəfəlik müavinətlər
almışıq. Kimin ehtiyacı
var torpaq sahəsi ayrılıb.
Qazilər tədricən mənzillə
təmin olunurlar.
İşləmək qabiliyyəti
olanlara münasib iş yerləri təklif edilir. Rayonda kiçik bir vakant yer olan
kimi Məmməd müəllim ora arzusu olan qazini
göndərir...Gərək
heç vaxt insafımızı itirməyək.
O zaman gileylənə
bilərik ki, bizə qarşı laqeydlik var. Yoxdur axı bu!
Afiq Məmmədov, qazi, Əlimərdanlı kənd
sakini və Məhəmməd Allahyarov,
qazi, Hunanlar kənd sakini:
Afiq: – Görürsünüz yəqin,
üz-gözüm, əllərim,
bədənim yanıb.
Mənim sağ qalmağım bir möcüzədir. Tankçıyam. Suqovuşanda
idarə etdiyim tanka atılan mərmidən sonra məni yanğından, alovun içərisindən
güclə xilas ediblər. Heç nədən xəbərim
olmayıb. Düz 11 gün
komada olmuşam.
Sonra 35 gün də xəstəxanada yatmışam.
Ən müxtəlif yerlərdə
müalicə almışam.
Sağ olsun başçımız Məmməd
müəllimi, evimizə
gəlib, vəziyyətimlə
maraqlanıb, öz kömək əlini uzadıb.
Qazi nə istəyir? Yalnız diqqət. “Biz
Vətənə olan borcumuzu ödəmişik”
deyə bilmərik.
Çünki bu torpaqda doğulmuşuq və onu axıradək qorumaq müqəddəs borcumuzdur.
Məhəmməd: – Sağ
olsunlar, bir qazi kimi yalnız diqqət
görmüşəm. Lakin mənə sürücülük vəsiqəsi almaq üçün
sağlamlıq arayışı vermirlər ki,
şəxsi maşınımla taksi fəaliyyətimlə
məşğul olum. Deyirlər ki, sənin sağlamlığın imkan vermir ki,
həmin sənədi verək. Saxtakarlıq etmək olmaz, hətta bizim sevimli qazimiz də olsan.
...Tovuz Vətən müharibəsində 67 şəhid vermişdi. Lakin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində daha 4 nəfər igid tovuzlu balası- Firuz Əhmədov, Ülvü Mahmudzadə, Kənan Nəsibov və Səddam Hüseynov şəhidlik zirvəsinə ucalmışlar. Tovuzda onların dəfn mərasimləri yüksək səviyyədə qeyd olunmuş və bu mərasimlərdə qazilər ön sıralarda addımlamış, adlarını əbədiyyətə yazdıran oğulların cənazəsi önündə təzim etmişlər…
Hamlet QASIMOV,
“Xalq
qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti .- 2022.- 24 sentyabr.- S.11.