Azərbaycanda Paralimpiya Hərəkatı: Uğurdan-uğura
böyük addımlarla
Bu gün
hər birimiz qalib
ölkənin vətəndaşı olduğumuzla
qürur duyuruq. Tarixən qəhrəmanlar yetişdirən,
xalqına, torpağına bağlı ərlərlə
tanınan Azərbaycan öz ənənəsinə
sadiq qalaraq bir daha bunu
dünyaya nümayiş
etdirdi. 44 günlük
Vətən müharibəsində müzəffər ordumuzun Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi
altında yazdığı qəhrəmanlıq salnaməsi
hər birimiz üçün
vətənpərvərlik nümunəsi oldu.
Doğma torpaqlarından didərgin düşmüş məcburi
köçkünlərimiz uzun həsrətdən
sonra öz
el-obalarına qayıdırlar. Dövlət
başçısı İlham
Əliyevin rəhbərliyi altında işğaldan
azad olunmuş ərazilərdə
böyük quruculuq
işləri aparılır, erməni vandallarının həmin
ərazilərdə törətdikləri vəhşiliklərin
aradan qaldırılması istiqamətində
mühüm addımlar atılır
Regionda söz
sahibinə çevrilən Azərbaycan bu
gün böyük
layihələrin təşkilatçısı kimi beynəlxalq siyasi arenada mühüm əhəmiyyətə
malik ölkəyə çevrilib.
Siyasi, iqtisadi, nəqliyyat,
mədəniyyət və digər sahələrdə əldə
olunan nailiyyətlər Azərbaycanın nüfuzunu daha da artırır, yeni uğurların
başlanğıcı rolunu oynayır. Təbii
ki, idman sahəsində
əldə olunan nailiyyətlər də yaddan çıxmamalıdır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikada yaradılan idman infrastrukturu, yüksək təşkilatçılıq bacarığı və idmançılarımızın beynəlxalq arenalarda qazandığı nailiyyətlər Azərbaycanı dünyada idman ölkəsinə çevirib. Ali idman qurumları heç bir tərəddüd etmədən irimiqyaslı yarışların təşkilini ölkəmizə həvalə edirlər.
Bu gün
olimpiyaçılarımız kimi,
paralimpiyaçılarımız da dünya idmanında öz
sözlərini deməyi bacarırlar. 1996-cı ildə
yaradılan Milli Paralimpiya
Komitəsinin rəhbərliyi altında
idmançılarımız indiyədək yeddi
Yay və bir
Qış Paralimpiya oyunlarında güclərini
sınayıblar. Hər Paralimpiadada
nəticələrini daha da
yaxşılaşdıran atletlərimiz xarakter
və güclü iradə nümayiş etdirərək əlillərin idman vasitəsilə cəmiyyətə
inteqrasiyasında mayak rolunu
oynayırlar. Paralimpiyaçılarımızın idmana olan sevgisi
və yeni zirvələri fəth etmək
arzusu minlərlə idmançını Milli Paralimpiya Komitəsinin
ətrafında sıx birləşdirir. Aramsız
məşqlər, yuxusuz gecələr, qələbəyə
inam, vətən sevgisi
və əzmkarlığın nəticəsində
paralimpiyaçılarımızın “Tokio-2020” Yay Paralimpiya Oyunlarında
möhtəşəm qələbəsi tarixin
yaddaşına qızıl hərflərlə həkk olundu. Əslində, bunun özü də qəhrəmanlıq və
uğur yolunun
davamıdır.
“Tokio-2020”yə qatılan 36
idmançımızın hər biri mükafata layiq idi. Onların hər biri
sınaqdan keçmiş və gözəl
nailiyyətləri ilə özlərini tanıtmış
idmançılardır. Paralimpiadada ölkəmizin ciddi problemlərlə
üzləşməsinə baxmayaraq, heç bir amil komandadakı ab-havanı pozmağa
imkan vermədi və komandamız inanılmaz
nəticələr göstərərək ilk
onluqda yer
almağı bacardı. Bir Paralimpiya Oyunlarında 14 qızıl medal qazanmaq böyük nailiyyətdir. Paralimpiyaçılar ailəsi növbəti Paralimpiadada bu nəticəni
saxlamaq, hətta daha
yüksək uğura imza
atmağı qarşısına məqsəd qoyub.
Ölkəmizin başçısı İlham
Əliyevin “Bizim
paralimpiyaçılarımız güclü
komandalar sırasındadır”, – fikri Tokio
Paralimpiadasında öz təsdiqini bir daha tapdı.
Bu
uğurun təməlində Milli Paralimpiya Komitəsinin
yüksək təşkilatçılıq
bacarığı, illər ərzində peşəkar məşqçi
heyətinin formalaşdırılması dayanır.
İdman ictimaiyyətinin
nümayəndələri, bu sahədə
fəaliyyət göstərən qurum və
federasiyalar ölkə idmanında aktivləşmənin
bəhrəsini görməyə başlayıblar. Belə ki, Gənclər və İdman Nazirliyinin rəhbər
strukturunda olunan yeni təyinatlar, yeni rəhbərlik
tərəfindən həyata keçirilən fəaliyyət,
bütün federasiyaların diqqət mərkəzində
olması ölkə idmanının inkişafına daha əlverişli şərait yaradıb.
Nazirlik tərəfindən hər bir kiçik problemə
belə böyük qayğı ilə
yanaşılması, qarşıya çıxan məsələlərin
vaxtında və təxirəsalınmadan həll edilməsi uğura aparan yolun təməlini qoyub. Təbii
ki, belə əməkdaşlıq əldə
edilən nailiyyətlərin davamlı olacağını bir daha təsdiqləyir.
Yaxın vaxtlarda Milli Paralimpiya Komitəsində “Paris–2024” Paralimpiadasına hazırlıqla bağlı qərargah yaradılacaq və idmançıların məşqlərə cəlb edilməsi, onların farmakalogiyaları, lazımi avadanlıqlarla təchizatı və turnirlərdə iştirakı barədə müzakirə aparılacaq. Komitənin məqsədi, “Paris–2024”də iştirakçı paralimpiyaçıların sayının 50-yə çatdırılmasıdır. Tokioda paralimpiyaçılarımız 6 idman növündə gücünü sınamışdısa, Paris Paralimpiadasında 8 idman növündə medallar uğrunda mübarizə aparılması planlaşdırılır. Həm kəmiyyətin, həm də keyfiyyətin artırılması Parisdə daha uğurlu nəticələrə imza atmaq imkanı verəcək.
Paralimpiyaçılarımızın
Türkiyənin Konya şəhərində
V İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışını
xüsusilə vurğulamaq olar. Bakıda təşkil olunan
İslamiadada cüdo
və atletika idman
növlərində güclərini
paralimpiyaçılarımız 24 medal
qazanmışdılar ki, ondan
12-si qızıl idi. Azərbaycanın medal sıralamasındakı mövqeyində
paralimpiyaçılarımızın əldə etdiyi mükafatlar böyük rol
oynamışdı.
Ümumilikdə, təmsilçilərimiz Konyada gözəl nəticələr göstərdilər. Azərbaycan idmançıları V İslamiadada 99 medal əldə etdilər və təhlillər onu göstərir ki, atletlərimiz yarışa ciddi hazırlaşıb, zirvələr fəth etmək üçün qarşılarına məqsəd qoyublar. Bu yarış, həmçinin idman qurumlarına və federasiyalara öz komandalarının hazırlığını bir daha nəzərdən keçirmək imkanı verdi və sanki baxış mərhələsi rolunu oynadı. Müşahidələr Azərbaycan idmanının düzgün istiqamətdə inkişaf etdiyini və federasiyaların da bu istiqamətdə uğurlu fəaliyyət göstərdiyini təzahür etdirdi. Heç şübhəsiz ki, gərgin iş, sərf olunan əmək öz uğurlu düsturunu Parisdə də göstərəcək.
Əlilliyi olan şəxslərin idmana cəlb edilməsini, onların cəmiyyətə inteqrasiyasını təşkil etmək Milli Paralimpiya Komitəsinin əsas hədəfidir. Komitə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş qazilərin də Paralimpiya hərəkatına cəlb edilməsi ilə bağlı mühüm işlər görür. Qazilərlə mütəmadi olaraq görüşlər keçirilir, onlara Paralimpiya hərəkatı, yay və qış idman növləri haqqında ətraflı məlumat verilir. Artıq Komitədə Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiya fəaliyyət göstərir. Müharibə zamanı əlil olan şəxslər artıq Milli Paralimpiya Komitəsinin yığma komandalarının tərkibində müxtəlif idman növləri ilə məşğul olaraq ölkəmizi beynəlxalq arenada uğurla təmsil edirlər.
Milli Paralimpiya Komitəsi əlilliyi olan şəxslərin toplaşdığı və güvəndiyi bir məkana çevrilib. Aparılan düzgün maarifləndirmə, əlillərin idmana cəlb olunması üçün həyata keçirilən layihələr ölkəmizdə Paralimpiya hərəkatının inkişafında yeni səhifələr açır. Paralimpiyaçıların möhtəşəm qələbələri əlilləri idman vasitəsilə cəmiyyətə inteqrasiya olunmasına və Paralimpiya hərəkatının bir hissəsinə çevrilməsinə ruhlandırır. Bu da öz növbəsində Paralimpiya komandasına güclü idmançıların cəlb olunması ilə nəticələnir.
Milli Paralimpiya
Komitəsi əlilliyi olan insanları idmanla yanaşı, digər istiqamətlər
üzrə də öz ətrafında
birləşdirir. Bu istiqamət – Abilimpiya hərəkatıdır. Abilimpiya əlilliyi olan
şəxslər arasında peşə sahəsində beynəlxalq
yarışlar sistemidir. Abilimpiya
hərəkatı 1972-ci ildə Yaponiyada
yaradılıb. İlk beynəlxalq abilimpiya yarışları da
1981-ci ildə məhz Tokioda keçirilib. Abilimpiya hərəkatının
yaradılmasında məqsəd əlilliyi olan
şəxslərin peşə bacarıqlarını inkişaf etdirmək və peşəkar
mütəxəssislər hazırlamaqdır.
Artıq iki ildir
ölkəmizdə Azərbaycan Abilmpiya
Federasiyası fəaliyyətə başlayıb. Milli Paralimpiya Komitəsinə
müraciət edən insanların hər birinin
idmana cəlb edilməsi mümkün
deyildi. Çünki Paralimpiya hərəkatı peşəkar idman sahəsidir. Dünya
təcrübəsi bu mərhəmətli
və nəcib işdə Milli Paralimpiya Komitəsinin köməyinə gəldi
desək, yanılmarıq. Uğurlu
axtarış nəticəsində ölkəmizdə Abilimpiya hərəkatına start
verildi. Abilimpiya idman yarışı deyil,
peşə yarışlarıdır. Gələn il Fransada Abilimpiya
Oyunları keçiriləcək və Azərbaycanın da yarışda iştirakı nəzərdə
tutulub.
Federasiyanın formalaşdırılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri də xüsusilə vurğulanmalıdır. Ümumiyyətlə, nazirlik ölkəmizdə həm Paralimpiya, həm də Abilimpiya hərəkatlarının inkişaf etdirilməsində mühüm rol oynayır. Federasiyanın fəaliyyətə başlaması ilə yanaşı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə birgə çox layihələr icra olunub. Məhz birgə əməkdaşlıq nəticəsində ölkədə Abilimpiya hərəkatının tanınması populyarlaşması və kütləviləşməsi geniş vüsət alıb. Hazırda bu hərəkata minlərlə əlilliyi olan şəxs müraciət edir. Bundan əlavə, Milli Paralimpiya Komitəsi ilə Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi arasında sıx əməkdaşlıq mövcuddur.
Komitənin ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə cari il iyun ayında “True Colors Festival”ı baş tutub. Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinə həsr olunan və “Bir dünya, bir ailə” şüarı ilə keçirilən festival iki ölkə arasında dostluq əlaqələrinin təzahürü olmaqla yanaşı, həm də fiziki məhdudiyyətli insanların bacarıqlarını göstərmələri üçün platforma rolunu oynadı. İki gün ərzində Dənizkənarı Milli Parkda baş tutan bu festival xeyli sayda tamaşaçı topladı. Bu festivaldan sonra Abilimpiya hərəkatına qoşulmaq istəyənlərin sayı çoxaldı. Bu cür tədbirlər əlillərin daha da fəallaşmasına səbəb olur.
Əlilliyi olan şəxslərdə və ya sağlamlıq imkanları məhdud uşaqları olan valideynlərin bəzilərində müəyyən psixologiya var. Onlar cəmiyyət arasına çıxmağa çəkinir, hər hansı bir məsələ ilə bağlı iştirakdan qorxurlar. Lakin bu, sadəcə bir psixologiyadır, insan faktoru deyil. İnsan yaşamaq, yaratmaq üçün yaranıb. Əgər insanın fiziki məhdudiyyəti varsa, Allah ona digər tərəfdən bir istedad verir. Azərbaycanda dünya səviyyəli və xüsusi istedada malik əlilliyi olan idmançılarımız var. Onların hər birinin içində olan bu istedadı üzə çıxarmaq və ona yol göstərmək mütləqdir. Çünki hər bir əlilliyi olan şəxsin özünün uğur yolu olmalıdır. Bunu ictimaiyyətə çatdırmaq üçün 2019-cu ildə Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsi birgə “Yenilməzlər” layihəsini təqdim edib. Əlillərin uğur yolu anlayışını bütün təbəqələrə çatdırmaq üçün dünyanın məşhur motivatorları Azərbaycana dəvət olunub. Uğur qazanmaq üçün sadəcə iradə, istək lazımdır. Əgər bunlar üst-üstə düşürsə, uğur əldə etmək o qədər də çətin olmur. Komitənin, dövlət orqanlarının, ümumilikdə ictimaiyyətin əsas rolu əlilliyi olan şəxslərin yanında olmaq, onlarda mövcud istedadı üzə çıxarmaq və bu kateqoriyadan olan insanları cəmiyyətə qaytarmaqdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə reallaşan layihələr
sırasında sosialyönümlü, həmçinin
əlilliyi olan şəxslər,
sağlamlıq imkanları məhdud uşaqlara
yönəlik tədbirlər xüsusi yer tutur. Fiziki məhdudiyyətləri
olan insanların qayğı ilə əhatə
olunması, reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının
artırılması istiqamətində Heydər Əliyev Fondu bu günədək
dövlət siyasətinə dəstək olaraq
bir sıra layihələr həyata keçirib. Eyni zamanda, həmin insanlar
arasında sağlam həyat tərzinin
formalaşdırılması, onların idmana
marağının artırılması, bu
məqsədlə müvafiq şəraitin
yaradılması diqqətdə saxlanır.
Milli Paralimpiya Komitəsinin təşəbbüsü ilə dünyada ilk dəfə 2013-cü ildə Uşaq Paralimpiya Komitəsi yaradılıb. Bəlkə də daha əvvəllər hansısa ölkədə sağlamlıq imkanları məhdud uşaqların idman cəlb olunması istiqamətində işlər görülürdü. Amma təşkilatlanma yox idi. İlk dəfə məhz Azərbaycanda bu təşkilatlanma aparıldı. Bu işdə “UNICEF–Azərbaycan”ın müstəsna xidmətləri olub. 2013-cü ildən ölkəmizdə ilk dəfə 8 idman növünün yer aldığı Uşaq Paralimpiya Oyunları keçirilib. Sonuncu oyunlarda isə Gürcüstandan da uşaqlar iştirak ediblər. Milli Paralimpiya Komitəsinin əsas məqsədi Uşaq Paralimpiya Oyunlarına dünya statusunun verilməsidir. Gələcəkdə böyüklərin Paralimpiadası ilə yanaşı, uşaqların da Paralimpiya Oyunlarının keçirilməsi və bu layihənin təşəbbüskarının ölkəmiz olması hər bir azərbaycanlı üçün qürurverici olar.
Uşaq Paralimpiya
Komitəsi paralimpiyaçıların ehtiyat
heyətinin formalaşdırılmasında mühüm
rola malikdir. Artıq həmin
komitənin uşaqları arasında Paralimpiya
çempionumuz var. Üzgüçümüz Vəli İsrafilov Tokio Yay Paralimpiya Oyunlarında
qızıl medal qazanıb. Digər üzgüçümüz Dana
Şandıbina “Tokio–2020”yə lisenziya qazanaraq dördilliyin zirvə
yarışında iştirak hüququ əldə edib. Stolüstü tennisçimiz
Dinara Sunçeleyeva “Konya–2021” V İslam Həmrəyliyi
Oyunlarında bürünc medala
sahib olub. Milli Paralimpiya Komitəsi
uşaqları milli komandalara
cəlb etməklə yanaşı, valideynləri psixoloji siqmadan azad edir. Belə ki, əvvəllər öz
uşaqlarından utanan valideynlər indi böyük həvəs
və qürurla öz
övladlarına tamaşa edirlər.
Qarşıda Milli Paralimpiya Komitəsini daha bir məsuliyyətli sınaq gözləyir. Belə ki, noyabrda ölkəmiz ilk dəfə paralimpiyaçılar arasında dünya çempionatına evsahibliyi edəcək. Paracüdo üzrə dünya çempionatından əvvəl respublikamızda Qran-pri yarışları yüksək səviyyədə təşkil olunub. Qran-pri yarışları iştirak etmiş ölkələrin sayına görə, heç də dünya çempionatından geri qalmır. Amma dünya çempionatının özəlliyi “Paris–2024”ə hazırlığın və reytinq xallarının toplanmasının yeni mərhələsinə başlanğıcdır. Paris Olimpiadasına ilk reytinq xallarının toplanması bu il sentyabr ayının əvvəlində İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatı ilə başladı. Bakıdakı mundial isə mövsümün ikinci reytinq xalı verən yarışı olacaq. Bakıdakı yarışa 40-a yaxın dövlətin paracüdoçuları qatılacaqlar. Dünya çempionatında qitə yarışı ilə müqayisədə reytinq xalları ən azı iki dəfə çox olacaq.
Milli Paralimpiya
Komitəsi yalnız Beynəlxalq Görmə Məhdudiyyətli
Şəxslərin İdman
Assosiasiyası (IBSA) ilə deyil, həm
beynəlxalq, həm də yerli cüdo federasiyaları ilə sıx əməkdaşlıq
edir. Komitə daim
paralimpiyaçıları antidopinq
qaydalarına əməl etməyə və təmiz idmana sadiq olmağa
çağırır. Bunun üçün Azərbaycan Milli
Antidopinq Agentliyi
(AMADA) ilə sıx əməkdaşlıq mövcuddur.
Həmçinin idmançılara narkotiklərin
zərərləri, onun törətdiyi fəsadlar
haqqında məruzələr edilir, narkotik və digər zərərli vərdişlərdən
uzaq durmaq, sağlam həyat tərzinə malik olmaq üçün
idmanın əhəmiyyəti təbliğ olunur.
Paralimpiyaçılarımız Prezident İlham
Əliyevin və Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın
qayğısını daim hiss edirlər. Beynəlxalq yarışlarda
yüksək nailiyyətlər qazanan
idmançılarımız və onların məşqçiləri
Prezidentin sərəncamlarına əsasən
orden və medallarla təltif
olunurlar. Paralimpiyaçılarımızın
maddi rifahı, məişət şəraiti
yaxşılaşdırılır, onlar
mənzil və minik avtomobilləri ilə
mükafatlandırılır. Dövlətimizin
başçısı çıxışlarında özünü paralimpiyaçıların ən
yaxın dostu adlandırır, onların
nailiyyətlərini fədakarlıq və qəhrəmanlıq
nümunəsi kimi dəyərləndirir.
Azərbaycan dövləti ölkədə əlillərin
ayrı-seçkiliyə məruz qalmamaları üçün
maarifləndirmə işlərinə də böyük
önəm verir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı
ilə işğaldan azad
edilmiş ərazilərimizdə quruculuq işləri böyük
sürətlə həyata keçirilir.
Artıq həmin ərazilərdə ilk
beynəlxalq turnirlər təşkil olunub.
Milli Paralimpiya Komitəsi
də Qarabağda Paralimpiya
hərəkatının inkişaf etdirilməsini
qarşıya məqsəd qoyub.
Hazırda bu istiqamətdə müzakirələr
aparılır, inkişaf istiqamətləri
müəyyənləşdirilir.
Yeni zirvələr fəth etməyi qarşısına məqsəd qoyan Milli Paralimpiya Komitəsi əlillərin idmana cəlb olunması, cəmiyyətdə layiqli mövqe tutması və onlarda özünəinam hissinin formalaşdırılması istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətlə ölkəmizdə Paralimpiya hərəkatının inkişafına mühüm töhfələr verir. Qalib ölkənin paralimpiyaçıları istənilən rəqiblə qarşılaşmaya üzüağ və alnıaçıq çıxırlar. “Uğur, uğur gətirər” prinsipinə sadiq qalan komitənin əsas amalı Parisi “fəth etməkdir”. Bunun üçün iradə, istək və əzmkarlıq vacibdir ki, bu sadalananlar da paralimpiyaçılarımızın fəaliyyətində ən əsas prinsipdir.
İlqar RƏHİMOV,
Azərbaycan Milli Paralimpiya Komitəsinin
və Azərbaycan Milli Abilimpiya
Federasiyasının prezidenti,
Beynəlxalq
Görmə Məhdudiyyətli İdmançılar
Assosiasiyasının vitse-prezidenti
Xalq qəzeti 2022.- 24 sentyabr.- S.4.