130 yaşlı
MÜƏLLİM
Bu söz dilimizə kənardan gəldi. Amma dilimizə elə doğmalaşdı ki, sanki ən köhnə, ən qədim sözlərimizdənmiş. Həm də o dildən ki bu söz dilimizə gəlmişdi, heç həmin dilin özündə bu kəlmənin bizdəki qədər genişliyi, dərinliyi, məhrəmliyi olmamışdı.
Müəllim! Bu sözün əvvəlinci, ən üst qatda olan mənası öyrədən, bilik verəndir. Yəni məcazi mənada ustad. Ancaq azərbaycanlılar XX yüzildə bu sözün məna yükünü lap ağırlaşdırdılar. Bir zamanlar bizim ellərdə insanlar bir-birinə müraciət edəndə “bəy” demişdi, “xan” demişdi, “ağa”, “mirzə”, “əfəndi”, “molla” söyləmişdi. Ancaq “müəllim” kəlməsi onların hamısını üstələyə və əvəz edə bildi, dildə və yaddaşda özünə möhkəmcə yer elədi.
Yavaş-yavaş “müəllim” kəlməsi qarşındakını ucatutmanın, qiymətləndirmənin ifadəsinə çevrildi. Bəzən kimsə ağız da büzdü ki, axı müəllimlik bir peşədir, sənətdir, bu işlə məşğul olmayan hər kəsi müəllim çağırmaq rəvadırmı?!
Belə deyənlər bu sözü dilimizə doğmalaşdırıb bunca qanadlı etməyi münasib bilmiş aqil babaların hansı fəlsəfəni hədəf götürdüklərini nəzərdən qaçıran kimi oldular. Dərs verməklə, məktəblə heç bir bağlılığı olmayan hər Allah bəndəsinə “müəllim” deyə müraciət edəndə bizlər – azərbaycanlılar həm qarşımızdakı insana, həm də eyni anda müəllimlik peşəsinə yüksək sayğımızı dilə gətirmiş olduq: yəni səni müəllimtək əziz, hörmətli tuturam, a bəy, a qardaş, a mirzə, ay əfəndi, ay yoldaş, ay cənab, ay ağa!
Hamının hamıya “müəllim” dediyi bizim zəmanədə bir müəllim də yaşadı. Ona, başqalarına olan sayaq, adından sonra “müəllim” kəlməsini artıraraq müraciət etmirdilər. Hamı onu elə birbaşa “Müəllim” çağırardı. Və “Müəllim” söylənəndə hər kəs də yaxşı anlayırdı ki, söhbət hansısa mücərrəd müəllimdən deyil, Əhməd Bakıxanovdan gedir.
Müəllim müəllim olmağına müəllim idi. Başqa müəllimlər kimi hər gün sinif otağına girirdi, dərsini verirdi, qiymətini yazırdı. Ancaq özgə müəllimlərdən fərqi o idi ki, bütün yetirmələri onunçün övlad əvəzi idi. Doğma münasibətləri təhsil müddəti ilə yekunlaşmırdı. Dərsləri başa vurmaqla, məktəbi bitirməklə də o balalar Müəllimdən ayrılmırdılar. Başlayırdılar evinə gedib-gəlməyə, ən məhrəm söhbətlərini onunla etməyə, ondan öyüd, məsləhətlər almağa – valideynlə övlad necə, bunlar da həmin təhər.
Odur ki, MÜƏLLİM kəlməsi Əhməd Bakıxanova hər cəhətdən yaraşırdı. Həm əsl müəllim, öyrədici olduğuna görə, başqa müəllimlərin verə bilmədiyi bilikləri səxavətlə yetirmələri ilə bölüşdüyü üçün, həm də hər bir öyrəncisinin əsl böyüyü, ağsaqqalı olmaq məsuliyyətini ləyaqətlə daşıya bildiyi üçün.
...Vaxt gedişi ilə çox şeyləri aparır. 5 il qabaq, 2017-ci ildə Beynəlxalq Muğam Mərkəzində böyük müəllim, ustad tarzən, misilsiz muğam bilicisi Əhməd Bakıxanovun 125 illiyini qeyd edirdik. O gecədəkilərin bir çoxu Əhməd Baxıxanovu görmüş, onunla təmasda olmuş, birgə işləmiş insanlardı. Zaman qayıdışsız axını ilə onların neçəsini özü ilə apardı. Ancaq aradan nə zaman keçib ki?! Vur-tut 5 il. O axşam Əhməd Bakıxanov haqqında xatirələrini bölüşənlərdən neçəsi – tarzən Firidun Ələkbərov, müğənnilər Əlibaba Məmmədov, Canəli Əkbərov, Teymur Mustafayev artıq həyatda yoxdur. 5-10 il sonra Əhməd Bakıxanovu görmüşlərin, şəxsən tanımışların sayı bir qədər də azalacaq. Bəs 20 il, 30 il sonra?
Nə qədər müasirləri həyatdadır, sanki haqqında yaddaşlar dilə gətirilən insan da bizdən uzaqda deyil.
Vaxt çayı axıb gedir, özü ilə çox şeyi aparır. Çox şeyi, amma hər halda hər şeyi yox! İnsan ömrü etibarsızdır, günlərin birində tamamlanması qaçılmazdır. Lakin vaxtdan da güclü olan, vaxtın qoparıb apara bilmədiyi dəyərlər də var. Elə dəyərlər, elə dərslər, elə məktəblər, elə yollar ki, onlara təqvimin gücü çatmır. Lap yarım əsr, ondan da artıq illər sovuşandan, Əhməd Bakıxanovu canlı görmüş insanların hamısı gedəndən sonra da Ustadın yolu yaşayacaq, müdafiəçisi, təbliğçisi, tətbiqçisi olduğu saf musiqi dili canlı olacaq, görkəmli sənətkarın yaratdığı rənglər, dəramədlər qalacaq və onlar var olduqca Əhməd Bakıxanovu da sabahlar içində diri saxlayacaq.
Əhmədxan Məmədrzabəy oğlu Bakıxanov 1892-ci il sentyabrın 5-də Bakıda doğuldu. Hansı nəslin övladı olması artıq soyadında da vardı, atasının ismində də, elə öz adında da. Xan-bəy nəslinin törəməsi olan və zadəgan ailəsində dünyaya göz açan Əhmədxan qohum-əqrəba arasında dəfələrlə etiraf etməsinə görə ata-babaların adına layiq yaşamağın məsuliyyətini, cəmiyyət qarşısında cavabdehliyini daim hiss etdi. Ağlı dünyanı dərk edəndən onu belə öyrətmişdilər, o da eyni tərbiyəni öz uşaqlarına verdi. Məmmədrzabəy general Həsənağa Bakıxanovun yaxın qohumu idi. Həsənağa Bakıxanovsa, Abbasqulu ağa Bakıxanovun qardaşı oğlu idi və öz əmisi Abbasqulunun qızı Bikə xanımla da evlənmişdi. Şəcərəsinin Bakı xanları nəslinə bağlı olması bir tərəfdən Əhmədxan üçün ömrü uzunu qürur mənbəyi idisə, digər yandan da istər çarlıq dönəmində, istərsə də sovet əyyamlarında təqiblərə, təhdidlərə uğraması üçün bəhanə idi. Bakıxanovlardan Çar Rusiyası ordusunda və hökumət idarəçiliyində sədaqətlə xidmət edərək ucalanlar olmuşdusa da, rejim bunu da qətiyyən unutmurdu ki, Bakının işğalı üçün göndərdiyi general Pavel Sisianovu Bakı xanı Hüseynqulu xanın qardaşı oğlu Aslan bəy Qala divarlarının həndəvərində, şəhərin girəcəyində qətlə yetirib. Hələ sonralar başqa oxşar qətllər də olmuşdu ki, bunlardan birinə görə Məmmədrzabəyi – Əhmədxanın atasını 6 illik Sibir sürgünlüyünə məhkum etmişdilər.
Sovetinsə, bəydən-xandan bilmərrə zəhləsi gedirdi və Əhmədxanın soyadı Bakıxanov deyil, Muzdurov olsaydı, bəlkə də işləri daha avand gedərdi. Hər halda bir ara NKVD onu qondarma səbəblərlə həbsə də atmışdı və Əhmədxanı yalnız Üzeyir bəyin təcili müdaxiləsi xilas etmişdi.
Atalarımızdan zərbülməsəl qalıb ki, insaf dinin yarısıdır. Sadə sözlər deyil. Gözü tərəzi olan elin bu deyişində elə tərəzi siqləti var. Tərəzinin bir gözünə dini-imanı qoyur, o biri gözünə insafı. Ağırlıq yarıbayarıdır. Elə “münsif” sözü də elə kökdəndir, elə mənaları da birdir. İnsaflı, vicdanlı, dürüst, ədalətli olmasan, kim sənə əsl münsif deyər?! Sözdə çoxuna münsif söylənə bilər. Ancaq gendən baxan gözlər əməlini ölçərək axı münsifin özünün də necəliyini insaf tərəzisinə qoyur.
Əhmədxan Bakıxanovsa o nadirlərdənmiş ki, biqərəz və dürüst münsifliyini hamı qəbul edirmiş.
Bəli, o, məhz belə bir kişi olub. O qədər saf, o qədər düzgün ki, hər kəs onu doğrunu ölçə biləcək ən dürüst meyar, kim, ya kimlərsə haqqı əyəndə buna susmayacaq qədər qətiyyətli olan həqiqət deyicisi, sözün ən yüksək mənasında münsif hesab edib.
Həmin səbəbdən də yaxından tanıyanların hamısı bütün məhəbbət və hörmətlərini bircə kəlməyə sığışdıraraq onu “Müəllim!” çağırıb.
Əhməd Bakıxanov musiqiçi idi, xalq musiqisi ilə bağlanan insanların mühitində idi və həmin sahədə də qeyd-şərtsiz münsif kimi tanınaraq yeri düşdükcə sözünü deyirdi.
Amma hər sahənin, güzəranın hər səmtinin Əhməd Bakıxanov biçimli öz sözü, qərarı ilə haqqı yerinə qoymağı bacaran ülgü adamlara ehtiyacı var.
İstənilən insanın əslində həmişə, ən azı hansısa müşkül suallarla qarşılaşanda, eləmi, ya beləmi arasında seçim zərurəti yarananda ürəyindən keçir ki, kaş yanında münsif kimi ürək və bel bağlayacağı bir kəs olaydı.
İnandığın, etibar elədiyin, özündən daha ağıllı, daha müdrik hesab etdiyin belə şəxslər tərəddüd məngənəsində qaldığın həmin anlarda sənin ömründə olursa, bu elə ayrıca bir xoşbəxtlikdir.
Əks təqdirdə hər sualın, həm də ən çətin sualların belə cavabını tək özün tapmalısan. Həm də məsələ hətta cavabı tapmaq da deyil. Bəzən sənin ən qəliz suallara hazır cavabların, ən pırtlaşıq düyünləri çözməyə də yarayacaq açarın olur. Lakin yenə də istəyirsən ki, böyründə bir məsləhətçin olsun, öz düz cavabına onun münasibətini soruşasan.
Bütün başqa elan edilməmiş münsifləri bir kənara qoyaraq indi də tez-tez rastlaşdığımız, rəsmən münsif elan edilən, ayrıca bir masa arxasında oturaraq şəstlə qiymət verən, nəticə çıxaran, tale müəyyənləşdirən, hökm yeridən sıra-sıra insanları göz önünə gətirin.
Bizdə və dünyanın çox yerində. Axı şahidik ki, münsiflər heç də həmişə əsl münsif olmur, ola bilmir, olmaq istəmir.
Gözümüz görə-görə məhkəmə hakimindən tutmuş futbol hakiminəcən, musiqi yarışmasından başlamış gözəllik müsabiqəsinədək neçələri “uf” demədən həqiqəti elə əyir ki, “münsif” sözünün özü bundan xəcalət çəkərdi.
Odur ki, əsl haqpərəst münsiflərin dirisinə şərəflər, həyatdan getmişinə rəhmətlər gərək heç vaxt dilimizdən əskik olmaya!
Əhmədxan Bakıxanov sakit təbiətli, mülayim adam olub.
Lakin təbiətən
yumşaqlığı, hər məqamda barışıq,
güzəşt yolunu tutmağa can atması qətiyyən
mane olmayıb ki, gərək olan anda sərt üz də
göstərsin, kəskin də danışsın və sözünü,
aydın, barışmaz mövqeyini hamının eşidə
biləcəyi səviyyədə mətbuata da
çıxarsın.
Bəstəkar
Azər Rzayev qəlbimə yaxın olan insanlardandı, həm
musiqiçi, həm sənətşünas, həm mədəniyyət
təşkilatçısı kimi ona rəğbətlərim
dərin idi.
Əhvalat vaqe olur 1969-cu ildə. Rəhmətlik Azər müəllim
bir az ifrat tələbkarlıq, bir az da cavanlara xas
çılğınlıqla “Bugünün mahnısı”
adlı bir məqalə dərc etdirir və bir sıra bəstəkarları,
ifaçıları sərt tənqidə məruz qoyur.
Azər Rzayev həmin tənqidi məqaləsini yazanda və
Əhməd Bakıxanov da ona cavabını dərc etdirəndə
mən məktəbli olmuşam, bu mübahisələrdən
xəbərsizmişəm. Azər Rzayevi mən bir az sonralar – 1970-ci illərin ortalarından, tələbəlik
vaxtlarımdan tanıdım və ömrünün
axırınacan da mehriban ünsiyyətlərimiz davam etdi.
Bütün bu müddət ərzində bircə dəfə
də olsa onu səsini qaldıran, hansı məsələ
barədəsə çox kəskin danışan görmədim. Di gəl, həmin
məqalə mən tanıyan Azər müəllimin
üslubunda deyilmiş, yetərincə iynəliymiş.
Əhməd
Bakıxanov Azərin atası, rejissor Hüseyn Rzayevlə,
anası, muğam ifaçısı və opera müğənnisi
Həqiqət xanımla köhnədən dost idi.
Azər onun gözünün qabağında
böyümüşdü. O, Azərçün əmi əvəzi
idi, ona hər cəhətdən ərki çatırdı. Görüşərək,
çağırtdıraraq, ya telefonla ona öyüd-nəsihət
verə, “belə kəskin olma, filan məsələdə
haqsızsan” söyləyə bilərdi.
Ancaq yox, götürüb qəzetə yazır. Doğrudur, elə
məqaləsində də ona bir əmi, doğması kimi
müraciət edir, lakin hər halda
razılaşmadığını, cavan həmkarını
haqsız saydığını ictimailəşdirərək,
qəzet səhifəsindən deyir. O vaxtın qəzetisə
indinin qəzeti deyildi. Əvvələn, qəzetlərin
sayı az idi, hamı alırdı,
oxuyurdu, ikincisi də, mətbu sözün gücü,
sanbalı, nüfuzu ağır idi.
Zənnimcə,
Əhməd Bakıxanovun sözünü mətbuat səhifələrindən
çatdırmasının əsas səbəblərindən
biri bu idi ki, tənqidi məqalədə hədəfə
götürülmüş həvəskar bəstəkarı
və gənc müğənniləri qorusun, onların yolunda
sabah yarana biləcək maneələri kənarlaşdırsın,
onlar barəsində yanlış rəyin ayaq tutmasına imkan
verməsin.
Digər tərəfdən də, elə Azərin
özünü qorusun, onu gənclik
ifratçılığından uzaqlaşdırsın, gələcəkdə
istəməyənləri, rəqibləri yaranmasın deyə
fikirlərini daha ehmallı ifadə etməyə istiqamətləndirsin.
O
çağlar idi ki, Əhməd Bakıxanovun rəhbərlik
etdiyi Xalq Çalğı Alətləri Ansamblı
bütün ölkənin musiqi ictimaiyyətinin diqqət mərkəzində
idi.
Əhmədxan müəllim mütəmadi olaraq
istedadlı gəncləri, yeni avazları
başçılıq etdiyi sənət birliyinə dəvət
edir, onların ifalarının radioda, televiziyada səslənməsinə,
nümayiş etdirilməsinə səxavətlə meydan
açırdı.
Ələkbər Tağıyev bir-birinin ardınca
gözəl nəğmələr qoşurdu.
Təkəbbürlə,
bir az da hikkəylə ona “həvəskar”
deyərək Bəstəkarlar İttifaqına qəbul edilməsinə
imkan vermirdilər, mətbuata onun haqqında tənqidi
mülahizələri ötürürdülər. Əhmədxan ustad isə Ələkbər
Tağıyevin hər yeni mahnısına “yaşıl
işıq” yandırırdı, Bakıxanovun
ansamblının repertuarında olması o şux mahnılara
həyat vəsiqəsi bağışlayırdı.
“Azər,
oğlum, dahi bəstəkarımızın yazdığı
gözəl romansları sən müasir peşəkar bəstəkarlarımızın
“Sənsiz”dən və “Sevgili canan”dan geri qalan romansları ilə
müqayisə etsəydin, daha yaxşı olmazdımı? Üzeyir Hacıbəyovun əsərlərini niyə
həvəskar bəstəkarın mahnıları ilə
qarşı-qarşıya qoyursan? Bunun kimə
xeyri vardır? Hələ mən onu demirəm
ki, mahnı ifaçıları haqqında danışarkən
sən onların siyahısını xalqımızın həqiqətən
dərin hörmət bəslədiyi iki müğənni ilə
məhdudlaşdırırsan. Hər bir
yeni ifaçı öz cığırını
açmağa çalışırsa, buna sevinmək və
ona kömək etmək lazımdır. Baltanı
kökündən vurmaq isə məyusluq yaradır.
Nihilizm, bədbinlik cavan sənətkarları yolundan
azdıra, onların qol-qanadını sındıra bilər”.
Kim bilir, bəlkə də Azər müəllimin
sonralar həmişə mötədil mövqe tutması, sənət
məsələlərindən bəhs edərkən sərt
yanaşmalardan aralı durması həm də elə Əhmədxan
Bakıxanovun həmin nəsihətamiz məqaləsindən
qaynaqlanır?!
Bilirsinizmi
Əhməd Bakıxanovun o illərdə qol-qanadını
sındırılmaqdan qoruduğu gənc ifaçılardan biri
kim idi?
Məhz
bu cür sinəsini irəli verərək onu ürəklə
müdafiə edənlərin və özünün zəhmətsevərliyi,
parlaq istedadı sayəsində ən müxtəlif həmlələri
yenərək, maneələri aşaraq sonralar Azərbaycanın
ən üstün sənətkarlarından birinə
çevrilən Zeynəb Xanlarova!
Hamımızın
indi birmənalı şəkildə böyük muğam
ustası və ustadı kimi etiraf etdiyimiz xanəndə
Hacıbaba Hüseynovu da Əhmədxan Bakıxanov qısqanc,
paxıl yanaşmalardan, fərqli zövqlərin
yaratdığı yasaqlardan mühafizə edərək lentə
alıb, həmin oxuları radioda səsləndirib və bu
xeyirxahlığı ilə macal verməyib ki, qiymətlidən-qiymətli
bir sənətkar umulmaz münasibətlər ucbatından
gizli qalsın.
Əhməd Bakıxanov Hacıbaba Hüseynovu elə
sözün birbaşa mənasında həyatın dibindən
gətirərək böyük sənətə
qovuşdurmuşdu. Ustadın oğlu, görkəmli bəstəkarımız
Tofiq Bakıxanov yada salır ki, bir gün Radio Verilişləri
Komitəsinin rəhbərliyi Əhməd Bakıxanova
müraciət eləyir: “Yaxşı olardı müğənnilər
də götürəsiniz, ansamblınızla Keşlədə
məhbuslar üçün konsert verəsiniz”.
(Əmək kollektivləri, zəhmətkeşlər
qarşısında konsertlər vermək onsuz da həmin
vaxtlar mütəmadi idi. Ancaq birinci dəfə idi islah-əmək
koloniyasının əməkdaşları və sakinləri
qarşısında çıxış etmək təklif
olunurdu və xeyirxah Əhməd müəllim bəlkə də
savabı digər çıxışlarından artıq
olacaq belə konsertə tərəddüdsüz
razılıq verir).
Tofiq
müəllim atasından eşitdiklərini mənə
nağıl eləyir ki, hərarətlə qarşılanan
konsertdən sonra ona qarayanız bir oğlan
yaxınlaşır: “Əhməd müəllim, mən də
burda olanlardanam, sizdən bir xahişim var. İmkan varsa,
nağarada çalardım, üçcə dəqiqə məni
dinlərdiniz”.
Əhməd Bakıxanov çevrilir ansamblın artıq
yır-yığış eləyən üzvlərinə
sarı ki, verin nağaranı.
Və məhbus
cavanın çalğısını dinləyəndən
sonra Müəllim türmə rəisindən təvəqqe
edir ki, mən zamin duracam bu uşağa, yolunu siz başa
salın, hansı qapını deyirsiz, döyüm, bu cavan
oğlan gözəl ifaçıdır, heyifdir, onun yeri bura
deyil, məmnuniyyətlə onu ansamblıma götürərdim.
Çox keçmədən elə belə də olur, həmin
cavan – sonraların məşhur xanəndəsi Hacıbaba
Hüseynov başlayır Əhməd Bakıxanovun rəhbərlik
etdiyi Xalq Çalğı Alətləri Ansamblında işləməyə.
Tofiq müəllim bunu da yada salır ki, Hacıbabada
öyrənmək həvəsi çox böyük idi. Tez-tez bizə
gəlirdi, atamdan muğamları mənimsəyirdi. Bir müddət sonra oxumağa da başladı.
Atamın bilavasitə rəyi, köməyi ilə
yazılışı baş tutmuş bir neçə lentini
radioda hərdənbir səsləndirsələr də,
Hacıbabanın televiziyaya çıxmasına bu bəhanəylə
icazə vermirdilər ki, rəngi qaradır, ekranda
yaxşı görünməz. Atam bunu
eşidəndə çox əsəbiləşdi,
yollandı Teleradio komitəsi sədrinin yanına ki, o nə
sözdür deyiblər, mən anlamıram, bu cavanın səsinə
qulaq asacaqlar, yoxsa üzünün rənginə baxacaqlar?
Bədii şuranı toplayın,
oxumağını dinləyin, görəcəksiniz necə
yaxşı xanəndədir.
Və nəcib
Əhməd Bakıxanov ömrü boyu nə qədər
istedadlı insan üçün beləcə yol
açdı, arxa durdu, həyatlarının yönünü
dəyişdi!
Muğam
ifaçılıq sənətimizin son klassik zirvələrindən
olan Hacıbaba Hüseynov həmişə ustadı minnətdarlıqla
anar və etiraf edərdi ki, Müəllim olmasaydı, mən
sənətdə Hacıbaba olmazdım, nəinki Hacıbaba
olmazdım, o yerdən ki o məni çıxarıb gətirdi,
həmin görüşümüz baş verməsəydi,
rastlaşmasaydıq, Allah bilir, qismət məni haralara
aparıb çıxarardı, nə müsibətlərə
düçar olardım!
...Əhməd Bakıxanov biliklərini paylaşmaqda son
dərəcə səxavətli insan olub. Onu
görmüşlərin, onunla işləmişlərin
hansını dinləmişəmsə, bunu təsdiqləyiblər.
Söz yox, bunun ilk səbəbi Əhmədxan
ustadın özünün təbiətindən, qəlbiaçıqlığından,
hamıya xoşniyyətli olmağından irəli gəlirdi,
səs sərvətlərimizin gələcəkdə də
yaşaması xatirinə nigaranlıqdan doğurdu. Fəqət onun öz ömründən
keçmiş hadisələrin də burda izi olmamış
deyil. Əhməd Bakıxanovun öz xətti
ilə əski əlifbada qələmə aldığı
xatirələri qalır. Orda tarzənlik
yolunun başlanğıcı ilə bağlı bu təfərrüatları
da çatdırır ki, biliklərini artırmaq, peşəkar
bir sənətkara çevrilməkçün kamil bilici olan
bir ustada ehtiyac duyanda gedir ən adlı-sanlı
çalğıçı Mirzə Fərəcin yanına.
Mirzə
Fərəc (1847–1927) XIX yüzilin sonları, XX əsrin əvvəllərində
Sadıqcan – Mirzə Sadıq Əsəd oğlu (1846–1902) ilə
yanaşı Azərbaycan tarzənliyinin önündə gedən
mahir, mükəmməl muğam bilicisi və mahir tarzənlərdən
olub. Ancaq o çağın bir çox ayrı
tanınmış sənətkarları kimi, biliklərini
başqalarına ötürməkdə çox xəsismiş.
Əhməd Bakıxanovun xatirəsini sözbəsöz verirəm:
“Muğam ustası bakılı Mirzə Fərəcin
yanına getdim. Musiqinin sirlərini onun kimi bilən
yox idi. Ona müraciət etdim. O məni
qəbul etmədi. Mənə cavabı bu oldu
ki, əgər sənə bu sənəti tamam-kamal öyrətsəm,
onda sən musiqinin sirlərini saxlaya bilməzsən, başqa
çalanlara öyrədərsən”.
Zavallı bir tərəfə baxanda elə düz
deyirmiş. Əhməd Bakıxanov sirri özündə
saxlayanlardan olmadı. Uşaqlıq,
yeniyetməlik illərindən burda və İranda (orda Rəştdə
yaşamışdılar. İlk təhsilini
də 1905-ci ildə İranda almışdı. 1908-ci ildə
tale ona məşhur Əbülhəsən xan Azər
İqbal Soltandan dərs almaq fürsətini də
bağışlamışdı) xalq musiqimiz, muğamlarla
bağlı nələri varlığına hopdurdusa, “tək
mənmkidir” deyərək bu xəzinənin üstündə
əyləşmədi, istədi ki, bu solmaz səs gövhərlərindən
lap çox adam bəhrələnsin, bu sərvətlərin
sədası gələcək zamanlara da yetişsin.
Əhmədxan müəllimliyə erkən
başlamışdı. 1922-25-ci illər arası hələ
tara həvəs göstərənlərlə
fərdi məşğul olur, evlərdə musiqi dərsi
verirdi. 1926-cı ildənsə Bakıdakı 1 saylı orta məktəblə
yanaşı, 27-ci Şura məktəbində, Xəzər Gəmiçiliyi
İdarəsinin Dənizçilər klubunda, ardınca
Əmircan kənd klubunda, Sabunçu qəsəbəsindəki
mədəniyyət sarayında və Bakıda, Abşeron kəndlərində
yeni təşkil olunan bir sıra başqa özfəaliyyət
dərnəklərinə rəhbərlik edir.
1933-cü
ildə Azərbaycan Xalq Maarifi Komissarlığının qərarı
ilə müstəqil musiqi texnikumu – sonrakı Asəf
Zeynallı adına orta ixtisas musiqi məktəbi
yaradılanda ora dəvət edilən ilk müəllimlərdən
biri elə Əhmədxan idi.
Əhməd Bakıxanov XX əsrin insanı idi. Amma o, sanki həm
də yeni zaman işərisindəki keçmiş idi.
O, mötəbər bir körpü kimi xalq musiqimizin,
muğamatımızın dünənlərdə qalan
qatları ilə təzə vaxtın insanlarını
aşina edirdi. Əhməd Bakıxanov
olmasaydı, bu misilsiz sənət abidəmizin çox gizlincləri
qayıdışsız yox olub qeybə çəkilərdi.
Və bir də o böyük ustaddan millətə
yadigar qalan ən əvəzsiz sərvətlərdən biri
onun yaratdığı musiqi birliyi – Xalq Çalğı Alətləri
Ansamblı oldu.
Fərdi ifaçılıqdakı ustalığa daim məxsusi
diqqət yetirən Əhməd Bakıxanov hələ 1920-ci
illərdən xalq çalğı alətlərində birgə
ifaçılığın, ansambl fəaliyyətinin
mütəmadiliyində də irəliləyişlərə
nail olunmasına çalışırdı. Konservatoriyada
dərs deyirdi onda, musiqi texnikumunda işləyirdi onda, Radio
Verilişləri Komitəsində
çalışırdı onda, ayrıca ansambl
yaratmağı görməli olduğu ilk işlərdən
hesab edirdi. Və buna səbəbsiz də
çalışmırdı. 1930-cu illərdə
Bakıda ixtisasca həkim olan bir şəxsin idarə etdiyi
xalq çalğı alətləri orkestri vardı. Orkestr deyirdilər ona görə ki,
ifaçıların sayı çox idi. Və
həmin orkestrə mənşəcə erməni olan
musiqiçilər daha rahat yol tapır və onların irəliləyişlərinə
də daha asan meydan verilirdi. Səbəbsiz
deyildi. Orkestrin rəhbəri İonnesyan
idi. Ona görə də 1931-ci ildə
Müslüm Maqomayevlə Əhməd Bakıxanovun məsləhətləşmələri
yeni bir ansamblın yaranmasına gətirib çıxarır.
Qılman Salahov, Ağası Məşədibəyov,
Əmrulla Məmmədbəyli, Xosrov Məlikov, Əhəd
Əliyev, Xalıq Babayev və o çağın digər
qabil musiqiçilərinin cəmləşdiyi sanballı bir
kollektiv təşkil edilir. Elə ilk
çıxışlarından rəğbət qazanırlar
və bir neçə il sonra bu sənət
birliyinin işığı o biri orkestri kölgədə
buraxır.
1941-ci ildə isə Əhmədxan Bakıxanova daha rahat
qol-qanad açmaq fürsəti, əsl yaradıcılıq
laboratoriyası, gerçək məktəb, gənclərdən
ötrü tramplin sayılası yeni sənət birliyində
fəaliyyətə başlamaq nəsib olur. İkinci Dünya müharibəsinin
getdiyi narahat çağlarda Əhmədxanın hələ
1927-ci ildən dost, sirdaş olduğu Üzeyir Hacıbəyovun
təşəbbüsü ilə yeni Xalq Çalğı Alətləri
Ansamblı yaratmaq qət edilir və kollektivə rəhbərlik
də elə Üzeyir bəyin tövsiyəsi ilə həvalə
olunur Bakıxanova.
Öz əvvəlki
ansamblından bir sıra tanınmış
ifaçıları da cəlb edərək Əhməd
Bakıxanovun Radio Verilişləri Komitəsində
qurduğu yeni, daha geniş tərkibli və daha zəngin
repertuarlı Xalq Çalğı Alətləri
Ansamblını rəhbərlik etdiyi qabaqkı sənət
birliklərinin heç birinə müyəssər
olmamış daha böyük şöhrət gözləyirdi.
Qısa müddətdə bu sənət dəstəsi
elə nüfuz qazanır ki, Azərbaycanın musiqi həyatında,
bir növ, səmt küləyinə, zövq, dəb təlqin
edən əsas meydanlardan birinə çevrilir.
Əhməd Bakıxanovla əbədi ayrılıqdan 5
onillik keçir. Lakin həmin ansambl bu gün də yaşayır, bu
gün də ənənələri uğurla davam etdirir və
hər dəfə də adı yaradıcısının
adıyla yanaşı çəkilir: “Əhməd
Bakıxanov adına Xalq Çalğı
Alətləri Ansamblı”.
...Müəllim
– Əhmədxan Bakıxanov ustadlıq etdiyi məktəblərində
kimləri yetişdirdi? Elə adlar sadalanınca yəqinlik
hasil edirsən ki, sonra hərəsi bir məktəbə
çevriləcək neçə güclü sənətkar
məhz onun əlindən su içib: Adil Gəray, Əmrulla
Məmmədbəyli, Andrey Babayev, Firidun Yarməmmədov,
Ağası Məşədibəyov, Kamil Əhmədov...
Dərs deyirdi, tələbələr yetişdirirdi,
ansamblda ifaçılarla işləyirdi və təbii ki,
onlara yalnız peşəkar biliklərini
ötürmürdü, şagirdlərinə, onunla birgə
yol gedənlərə həm də özünə xas vacib
bir məziyyəti – bildiyini digərlərindən əsirgəməmək
vərdişini aşılayırdı.
Ancaq
Əhmədxan ustad bəsirətli adam idi,
uzaq sabahları da düşünürdü,
kağızın insan yaddaşından daha etibarlı
olması həqiqətindən də agah idi.
1964-cü ildə Bakıda Azərnəşr Əhməd
Bakıxanovun özünün bəstələdiyi və illərcə
ifasında, hafizəsində qoruyub saxladığı rənglərdən
ibarət kitab buraxır. 1968-ci ildə isə onun “Azərbaycan
ritmik muğamları” adlı daha bir kitabı nəşr
edilir. Həmin kitabda not yazısı verilən
“Arazbarı”, “Osmanlı”, “Qarabağ şikəstəsi”, “Kəsmə
şikəstə”, “Heyratı” hər gün eşidilən, hər
xanəndəyə-sazəndəyə bəlli olan havacatlar
idisə də (hərçənd onlar da birinci dəfəydi
ki, notlaşdırılırdı. Bu isə
musiqi məktəbləri üçün bu qəbil nəşrlərin
qıtlığı dönəmində elə dərslik kimi
gərəkli bir vasitə olmaqdan savayı, həm də o sənət
abidələrinin Əhməd Bakıxanov təfsirində gələcəyə
çatmasına mötəbər körpü idi), “Hicaz”,
“Salami”, “Ovşarı” hətta oturuşmuş xanəndələrin
çoxunun repertuarında yox idi.
1975-ci ildə
sənətkarın vəfatından sonra oxucuya çatan
“Muğam, mahnı, rəng” adlı topluya önsöz yazan
yetirmələrindən biri, bəstəkar Arif Məlikov əvvəlcə
Əhməd Bakıxanovun bəstələdiyi rəng və təsniflər
üzərində dayanaraq vurğulayırdı ki, “bu rəng
və təsniflər o qədər orijinaldır ki, onların
çoxu müstəqil əsərlər kimi klassik Azərbaycan
musiqisinin “qızıl fond”una daxil olmuşdur. Məcmuədə
gedən “Sevgilimsən, gözəl yar” (sözləri Əli
Əsgərovundur) lirik mahnısı 1941-ci ildə
yazılmışdır. Həmin vaxtdan bəri
mahnı respublikanın Xalq artisti Əbülfət Əliyev,
Sara Qədimova, Əməkdar artist İslam Rzayev və
başqa məşhur müğənnilərin repertuarında
özünə möhkəm yer tutmuşdur”.
Rəng, mahnı, təsnif bəstələməyi,
olsun ki, başqaları da yaxşı-yaman bacarardı. Ancaq Əhmədxan
Bakıxanovun bəstəçiliyinin bir səmti də
muğam tərəfə çevrilmişdi axı. Bu meydanda isə addım atmaq hətta ən məşhur
bəstəkarın cəsarəti, gücü və
imkanı çərçivəsində olan məsələ
deyil. Ona görə də belə yazan Arif Məlikov tam
haqlı idi: “Ənənəvi janrın səciyyəvi
xüsusiyyətlərinə əsaslanan Ə.Bakıxanov “Nəva”
muğamını fərdiləşdirərək “Bərdaşt”,
“Nəva”, “Nişabur”, “Dəşti”, “Zil Dəşti”,
“Gövhəri”, “Mənəvi”, “Pəhləvi” kimi şöbələri
əsas götürmüş, onları bir silsilədə
birləşdirib təkmilləşdirmişdir”.
Mərhum
Arif müəllimin qısqananlar az olsun deyə bir az ehtiyatla
işlətdiyi “təkmilləşdirmişdir”
sözünün canı budur ki, Əhmədxan Bakıxanov
tikə-paralardan yararlanaraq əslində “Şur” ailəsində
“Nəva”nı müstəqil və mükəmməl bir
muğam mərtəbəsinə dikəltmişdi.
...Əhməd Bakıxanov tarzən idi, müəllim
idi, yol yaradan ustad muğamşünas idi. Bir anlıq
yaddaşınızda Azərbaycanın XX yüzildə
parlamış görkəmli tarzənlərini
sıralayın.
Əliağa Quliyev, Həbib Bayramov, Əhsən
Dadaşov, Baba Salahov, Sərvər İbrahimov və daha
neçələri.
Hamısının yetişməsində,
çatdıqları zirvəyə ucala bilmələrində
Əhməd Bakıxanov dərslərinin müstəsna yeri
var.
Yalnız tarzənlərdirmi? Neçə
kamançaçı, digər musiqi alətləri
ifaçıları, nə qədər xanəndə,
müğənni də sənətin geniş üfüqlərinə
uçmaqçün qazandıqları qanadlara görə
yenə Müəllimin – Əhməd Bakıxanovun məktəbinə
borcludurlar.
...92
yaşlı Tofiq müəllim 81 yaşında vəfat
etmiş atası Əhməd Bakıxanovla vida
gününü – 1973-cü ilin 26 martını
xatırlayır və kövrəlir: “Xeyli ləngidəndən
sonra atama Xalq artisti adını martın 25-də verdilər. Ayın 25-də qəzetdə bunun elanı
çıxdı, ertəsi günsə nekroloq dərc edildi.
Bəzi adamlar yaxşılıq etməyi sevmirər.
O vaxt Mərkəzi Komitədə bu sahəyə məsul olan
Ş. vardı, gecikdirən o idi. Yoxsa ki, atama
Xalq artisti adı verilməsi haqqında büroda qərar qəbul
edilmişdi. Hətta o iclasda Heydər
Əliyev deyibmiş ki, Əhmədxan Bakıxanov onsuz da Xalq
artistidir, biz sadəcə bunu rəsmiləşdiririk. Dediyim həmin adama müraciət elədim ki,
axı sərəncam niyə ləngiyir? Qayıtdı
ki, Fikrət Əmirovun təltif olunma məsələsi var,
İslam Səfərlinin də 50 illiyi gəlir, onu da təltif
edək, sonra. Hamısı birdən olmaz,
hara tələsirsiniz? Dedim axı bu adam
yaşlıdır, xəstədir.
Həmin
məmurun istehzalı cavabı mənə çox pis təsir
etdi: “Nədir, məgər bu, dərmandır?!”
Sonralar
bunu Qara müəllimə – Qara Qarayevə danışanda
qanı qaraldı, “Nahaq mənə vaxtında söyləməmisən,
mən özüm müraciət edərdim”, – dedi.
Atam
axır günlərində bir az nasaz idi. Həkim Qəni təxminən hər gün bizə
gəlirdi. Elə atamın keçindiyi
gün də gəlmişdi. Danışırdı ki,
Əhmədxan xaloğludan soruşdum “Necəsən?”,
“Babatam” dedi, təsəlli verdim ki, yox, maşallah,
yaxşısan, dünənə nisbətən irəliləyiş
var.
Balaca radionu qoymuşdu sinəsinin üstünə,
konsertə qulaq asırdı. Atam dünyadan elə
bu cür – muğamla köçüb”.
...O ev ki XX yüzilin onilləri boyu Əhmədxan
Bakıxanov orda yaşayardı, sadə bir mənzil deyildi. O mənada
yox ki, çox təmtəraqlı idi, tikilişi möhtəşəm
idi. Yox, adicə bir mənzil idi.
Bakının köhnə məhəllələrində digər
ortabab ailələrin yaşadığı həyət evlərindən
az seçilirdi. Ancaq
bütün başqa mənzillərdən əsas fərqi bu
idi ki, həmişə get-gəlliydi, həmişə
qonaq-qaralı idi, həmişə ordan musiqi sədaları
ucalırdı. Həmin mənzilin qeyri-adiliyi ondaydı
ki, hamı ora sadəcə ev deyil, bir
musiqi məbədi, sənət ocağı kimi
baxırdı.
Lap
çoxdan nə o ev var, nə o məhəllə.
Köhnə binalar sökülüb, təzələri
tikilib. O keçmişdəki adamların
hansılarısa bir möcüzəylə indiyə təşrif
gətirib həmin həndəvəri gəzib-dolaşsaydılar,
heç o yerləri tanımazdılar.
Tarixin səhifələri çevrilib, dündəkilər
dünəndə qalıb.
Ancaq
Əhmədxan Bakıxanovun o bir evi indi min ev
olub.
Heç Əhmədxan Bakıxanov özü də
dünəndə qalmayıb. Bugünün içərisində
var, və yolu da sabaha doğrudur.
Çünki o, özündən sonra yol, məktəb,
dərslər yadigar qoyub gedib.
Yolsa, məktəbsə, dərssə heç vaxt bitən,
sona çatan deyil.
Və yol, məktəb, dərs davam etdikcə Müəllimin
– Ustad Əhməd Bakıxanovun da adı diri, xatirəsi
canlı olacaq.
31 avqust 2022
Rafael HÜSEYNOV,
Milli Məclisin deputatı, akademik
Xalq qəzeti.- 2022.- 4 sentyabr.- S.6.