Diplomatiyamızın uğurlar
ili
Artıq tarixə çevrilən 2021-ci ildə Azərbaycan bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də böyük uğurlara imza atmış və ölkənin milli təhlükəsizliyi daha da möhkəmlənmişdir. Ölkənin müstəqil, açıq, praqmatik və milli maraqlara söykənən xarici siyasət kursu ilboyu uğurla davam etdirilmişdir. Beynəlxalq münasibətlərimiz bərabərhüquqlu, qarşılıqlı hörmət və etimad əsasında qurulmuşdur. Azərbaycan dövlətinin dünyada bölücü deyil, məhz birləşdirici xətləri təşviq etməsi xüsusi önəm daşımışdır.
2020-ci ildə Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə siyasi-diplomatik müstəvidə daha da möhkəmləndirilmiş, əsas səylər işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, bərpası və yenidən qurulması vəzifələrinin həyata keçirilməsinə beynəlxalq dəstəyin göstərilməsinə yönəlmişdir. Ötən ildə dövlətimizin üzv olduğu bir sıra təşkilatlar, eləcə də tərəfdaş ölkələr Qarabağ savaşının nəticələrini təqdir edən bəyanatlar vermiş, Azərbaycanın səsi dünyada daha gur eşidilmişdir ki, bu da siyasi uğurlarımızın dayanıqlılıq göstəricisi sayılır.
Yanvar ayında üçtərəfli görüşdə iştirak etmək üçün Moskvaya işgüzar səfərlə başlanan ilin rəsmi xronikası deməyə əsas verir ki, Azərbaycanın xarici siyasət kursu məhsuldar və sayalı olub. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin üçtərəfli görüşdən sonra Bəyanat imzalayıblar. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə baş nazirlərin müavinlərinin birgə həmsədrliyi ilə üçtərəfli işçi qrupu yaradılması barədə təklifi dəstəklədiklərini bildiriblər. Mətbuata verilən açıqlamalarda da problemin həlli üçün konkret əməli addımların atılması əzmi ifadə olunub. Cənab İlham Əliyev deyib ki, artıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşu olaraq necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi necə möhkəmlətmək haqqında düşünməliyik.
Yanvarın 14-də Prezidentin mədəniyyət paytaxtı elan etdiyi azad Şuşaya ilk səfəri, orada üçrəngli bayrağımızı ucaltması, hərbçilərlə görüşü və çıxışı, eyni zamanda, dünyaya vacib mesaj idi ki, haqqı, ədaləti bərpa etmiş qəhrəman Azərbaycan xalqı artıq dinc quruculuq mərhələsinə qədəm qoyur. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin Şuşaya gətirilməsi və əvvəlki yerlərinə qoyulması tarixi köklərə sıx bağlı olan və mədəni irsini bərpa edən Azərbaycanı işğalçı Ermənistandan nə qədər üstün keyfiyyətlərə malik ölkə kimi bir daha tanıdıb.
İlin siyasi yekunlarının prioritetlərindən biri də dünyanı sarmış COVID-19 pandemiyasına qarşı effektiv mübarizə məqsədilə dünya birliyinin digər üzvləri ilə birgə çalışmalarda Azərbaycanın aparıcı mövqe tutması olub. Dövlətimizin Qoşulmama Hərəkatında sədrliyi uğurla davam edib və üzv dövlətlərin potensialının qarşıda duran məqsədlərin reallaşdırılmasına yönəlməsi təmin edilib. Bütün bunlar regionda sabitləşdirici rol oynayan ölkəmizə olan rəğbəti daha da artırıb.
Tarixi səfərlər, görüşlər, təşəbbüslər, mötəbər nümayəndə heyətlərinin Bakıda qəbul edilməsi Azərbaycanın xarici siyasət kursunun inamla davam etdirildiyinin göstəriciləri olub. Postmünaqişə mərhələsində diplomatik fəaliyyət, ikitərəfli və üçtərəfli əməkdaşlıq formatları, iqtisadi və humanitar ünsiyyətlər, türk birliyinin möhkəmləndirilməsi naminə addımların atılması, media təmsilçilərinə verilən müsahibələr ilin aydın siyasi mənzərəsini canlandırır.
...Fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirərək, 29 il əvvəl törədilmiş Xocalı faciəsini Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayət, soyqırımı aktı kimi təqdim edib və vurğulayıb ki, bir çox beynəlxalq təşkilatlar bu hadisəyə Azərbaycanın təşəbbüsü ilə öz münasibətini bildirmişlər.
...Martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında Azərbaycan rəhbəri İlham Əliyev videoformatda çıxış edib. Qarabağda erməni vəhşiliyinin nəticələri, COVID-19 pandemiyası ilə mübarizədə qlobal səylər, inteqrasiya zərurəti barədə fikirlərini söyləyən dövlətimizin başçısı, həmçinin Pakistanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının martın 15-nin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan olunması qərarını alqışladığını diqqətə çatdırıb.
...Apreldə Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini və BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidentini qəbul edib və dünya birliyinin sınağa çəkildiyi çağırışlara qarşı birgə səylərin artırılması zərurətini vurğulayıb. Dövlətimizin başçısı ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirakçıların suallarını cavablandıraraq, Qarabağdakı bərpa prosesləri, Avropanın münaqişənin həllinə birtərəfli yanaşmalarının aradan qaldırılması, ermənilərin isterik azərbaycanofobiya və türkofobiya xəstəliyi, vətəndaş cəmiyyətlərinin sülhün möhkəmləndirilməsi və regionda yeni baxışla bağlı oynadığı rol, bölgənin gələcəyi ilə əlaqədar nikbin gözləntilər barədə açıqlamalar verib. Həmin ay ölkəmizə işgüzar səfərə gələn Belarus Prezidenti Aleksandr Lukaşenko ilə qeyri-rəsmi görüşdə ikitərəfli münasibətlərin aspektləri müzakirə olunub.
...İyunun 15-də İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qarabağda müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalayıblar ki, bu da möhtəşəm sənəd olmaqla, həm Azərbaycan və Türkiyə, həm də region üçün çox önəmli tarixi hadisədir.
...İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Bakıda, həmin ayın 20-də Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşlərinin münasibətlərin faydalılıq əmsalının artırılmasında müsbət rolu olub.
...Sentyabr ayında BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxış edən cənab İlham Əliyev Azərbaycanın öz xarici siyasət kursuna sadiqliyini bir daha bəyan edib: “Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcəkdir”.
Dövlətimizin başçısı Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib və Vətən müharibəsində Qələbənin tarixi əhəmiyyəti, Ermənistanın postmüharibə dövründə yanlış davranışları, Rusiya ilə dostluq münasibətləri, Qarabağda mədəni irsin, memarlıq şedevrlərinin bərpası barədə ətraflı məlumat verib.
...Oktyabrın 26-da Azərbaycana rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanma olub və fəxri qarovul dəstəsi düzülüb. Bu beynəlxalq aeroportun açılışı ölkəmizin yüksəlişinin necə möhkəm “qanad”larla həyata keçirildiyinin əyani təzahürü olub.
...Noyabrın 4-də Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunda çıxışı zamanı dövlətimizin başçısı qeyd edib ki, qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından bu təsisat aparıcı platformalardan birinə çevrilir.
...Noyabrın 28-də Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısında iştirak etmək üçün Türkmənistana səfərə gedərək orada mühüm görüşlər keçirib. Zirvə toplantısında çıxış edən dövlətimizin başçısı İƏT çərçivəsində əlaqələrin daha da genişləndirilməsinin vacibliyini konkret misallarla açıqlayıb. Reallığa çevrilən yeni nəqliyyat infrastrukturunun – Zəngəzur dəhlizinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəyinə və İƏT-ə üzv ölkələrin bu dəhlizdən istifadə edəcəklərinə əminliyini bildirib.
Sona yetən ilin möhtəşəm tədbirləri sırasında Soçi və Brüssel görüşləri xüsusi qeyd edilməlidir. Noyabrın 26-da cənab İlham Əliyevin Soçidə Vladimir Putinlə ikitərəfli və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşləri Azərbaycanın postmünaqişə mərhələsindəki qətiyyətli mövqeyini bir daha ortaya qoyub. Dekabrın ortalarında Brüsseldə keçirilən VI “Şərq tərəfdaşlığı” da dövlətimizin xarici siyasətdə qazandığı uğurlar baxımından həlledici əhəmiyyət daşıyıb.
Onu da qeyd edək ki, sammitin qəbul etdiyi birgə yekun bəyannaməsindən Belorus Prezidenti Aleksandr Lukaşenkonun və ölkə hökumətinin daxili siyasətini qınayan maddənin məhz Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində çıxarılmasını və cənab İlham ƏIiyevin Belorusun sammitdə iştirak etməyən prezidentinin maraqlarını müdafiə edə bilməsini siyasi ekspertlər yüksək dəyərləndiriblər. Məsələn, politoloq, Rusiya Müasir Dövlət İnkişaf İnstitutunun direktoru Dmitri Solonnikovun fikrincə, İlham Əliyevin həmin mövqeyi, Belorusa və Lukaşenkoya xoş məram jesti kimi tamamilə məntiqi və anlaşılandır. “Prezident İlham Əliyev ardıcıl, konstruktiv, dövləti xətt yeridir. O, ölkəsinin inkişafına, iqtisadi-siyasi imkanlarının artmasına çalışır, amma kiminləsə münasibətlərinin pisləşməsi hesabına yox. Deməli, alternativ fikir də var və üstün gələ bilər. Onun bütün Avropaya yayılan mühüm addımı Rusiya və Belorusda yalnız alqışlanacaq”.
Azərbaycanın xarici siyasətindəki uğurlarda, o cümlədən 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq Qələbədə informasiya mübarizəsinin də rolu böyük olub. Prezident İlham Əliyev aparıcı informasiya agentliklərinə, TV-lərə verdiyi müsahibələrində Qarabağ münaqişəsi haqqında əsl həqiqətləri dünya ictimaiyyətinə lazımınca çatdırıb. Bununla da düşmənin və havadarlarının ölkəmiz haqqında yaydığı qərəzli məlumatları təkzib edib, işğalçının bütün avantüra, qarayaxma kampaniyalarının qarşısını qətiyyətlə alıb, xalqımızın beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında ədalətli müharibə apardığını bildirib. Müsahibələrdə daim xüsusi vurğulanıb ki, ölkəmizdə bütün millətlərin, dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşamaları üçün zəruri şərait yaradılıb. Cənab İlham Əliyevin bu il mətbuata verdiyi müsahibələr də xarici siyasətimizin prioritetlərinin beynəlxalq ictimaiyyətə ilkin mənbədən çatdırılması baxımından önəmli olub. İlin əvvəlində Bakıda xarici media nümayəndələri üçün mətbuat konfransı, sonra Türkiyənin Anadolu agentliyinə, France 24-ə, İtaliyanın “La Repubblica” qəzetinə, “Rossiya-1” telekanalına, Brüsseldə İspaniyanın “El Pais” və İtaliyanın “İl Sole Ore” qəzetlərinə müsahibələri dünyada böyük əks-səda doğurub.
Azərbaycanın xarici siyasəti, eyni zamanda, ölkəmizdə akkreditə olunan diplomatik korpus nümayəndələri ilə əməkdaşlıq çərçivəsində uğurla həyata keçirilir. 2021-ci ildə cənab İlham Əliyev İndoneziya, Belorus, Serbiya, Türkiyə, İtaliya, Qırğız Respublikası və Rumıniyanın səfirlərinin etimadnamələrini qəbul edib və onlarla söhbətlərində ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi zərurətini nəzərə çatdırıb. Səfirlərin Qarabağa təşkil olunan səfərləri, Bakıda keçirilən tədbirlərdə fəal iştirakı Azərbaycan həqiqətlərinin dünyaya obyektiv şəkildə çatdırılmasını təmin edib. Əlbəttə, bütün bunlar bizim xarici siyasətimizin uğuru olmaqla yanaşı, Ermənistan üçün diplomatik cəbhədə ölümcül zərbələr rolunu oynayıb.
Yekunda tanınmış siyasi ekspertlərin bəzi fikirlərini misal çəkək:
Avropa Şurasının eksperti, Xorvatiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü İvo Yosipoviç: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq hüququ necə tətbiq etməsi və Qarabağ torpaqlarının yenidən inteqrasiyası heyranedicidir. Builki Bakı Qlobal Forumunda Prezident Əliyevi dinləyərkən əmin oldum ki, Azərbaycan müharibədə qələbə qazandıqdan sonra sülh quruculuğu prosesində də qalib gəlmək, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər hüquqları və firavanlığı təmin etmək üçün kifayət qədər cəsarətə malikdir. Bu gün Azərbaycan mühüm, inkişaf edən, demək olar, hər gün dəyişən, sürətlə irəliləyən və böyük nailiyyətlər qazanan ölkədir. Prezident İlham Əliyev qlobal siyasi arenanın mühüm şəxsiyyəti və güclü milli liderdir”.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini, Həlvan Universitetinin professoru Adil Dərviş: “Vaxtilə Bakıda təhsil almışam. Prezident İlham Əliyev İslam abidələrini və dini məbədləri düşmən tapdağından, dağılmaqdan və təhqir olunmaqdan qurtarmaqla öz adını tarixə xilaskar sərkərdə və dövlət xadimi kimi yazdırıb. O, eyni zamanda, Azərbaycanda və bütün regionda tərəqqinin flaqmanı, sülhün təminatçısı, mədəniyyətlər və dinlərarası dialoqun təşəbbüskarıdır. XXI əsrin yeni lideri keyfiyyətlərinə malik olan dövlət başçısı 44 günlük müharibədə şanlı Qələbəyə imza atdıqdan sonra Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində mühüm səylər göstərir. Hakimiyyətə gəldiyi gündən etibarən öz ölkəsinin iqtisadi gücünün artırılması, ordu quruculuğu, beynəlxalq aləmdə dəstəyə nail olunması istiqamətində ardıcıl siyasət yürüdən Prezident İlham Əliyev məhz lazım olan məqamda taleyüklü qərar qəbul etdi və qısa müddətdə işğalçı Ermənistanın ordusunu Azərbaycanın əzəli torpaqlarından qovmağa nail oldu”.
Prezident İlham Əliyevin görkəmli dövlət xadimi, güclü sərkərdə və böyük diplomatik keyfiyyətləri danılmazdır. Dünyada işğala məruz qalmış bəzi ölkələrdən fərqli olaraq, sonu bilinməyən danışıqlar prosesinin nəticə vermədiyini görən Azərbaycanın dövlət başçısı lazımi məqamda, geosiyasi və regional dəyişikliklər fonunda bütün məsuliyyəti öz üzərinə götürüb və xalqına böyük zəfər yaşadıb.
Budur, uğurlu siyasətin və diplomatiyanın təntənəsi!
Əli NƏCƏFXANLI
Xalq qəzeti
2022.- 8 yanvar.- S.1;5.