Azərbaycan xalqı öz
dini və tarixi ənənələrinə
sadiqdir
Ulu öndər Heydər Əliyev xatırladırdı ki, dövləti təkcə güclü iqtisadiyyat, möhkəm maddi-texniki bazaya malik olan ordu, elmi-texniki tərəqqi qüdrətli edə bilməz. Dövləti qüdrətli edən əsas amillərdən biri də insanların bütün hüquqlarının qorunması, onlara söz azadlığı, vicdan azadlığı, etiqad azadlığı verilməsi, xüsusən hər kəsin öz mənsub olduğu dinə ibadət etməsinə şərait yaradılmasıdır. O zaman hamı dövlətin ətrafında birləşər və həmin dövlət söz sahibi ola bilər.
Bu gün ölkəmizdə məhz həmin tövsiyələrə yüksək səviyyədə əməl edildiyinə görə xalq böyük yekdilliklə iqtidarın ətrafında birləşib və biz həm regionda, həm də dünyada söz sahibi olan qüdrətli Azərbaycan dövləti yarada bilmişik. Elə bir il olmur ki, Prezident İlham Əliyev ölkədəki dini konfessiyaların rəhbərləri ilə görüşməsin və ya hansısa ibadət mərkəzinin təməlqoyma mərasimində, yaxud bərpadan sonrakı açılışında iştirak etməsin. 2020-ci ilin payızındakı şanlı qələbəmizdən sonra isə bu tendensiya daha geniş miqyas almışdır.
Elə bu günlərdə, düşmən işğalından azad edilmiş ərazilərimizdəki möhtəşəm bərpa-quruculuq işlərinin fonunda paytaxtda daha bir möhtəşəm ibadət mərkəzi inşa edilərək mömin soydaşlarımızın istifadəsinə verilmişdir. Məlum olduğu kimi, yanvarın 6-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar.
Bildirilir ki, məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün münasib şərait yox idi. Orada eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdi. Dövlət başçımızın tapşırığına əsasən, həmin ərazidə məscid kompleksi üçün müasir konsepsiya hazırlanıb və yeni bina inşa olunub. Yeni məsciddə eyni zamanda, 1800 nəfərin ibadət etməsi mümkün olacaq. Yeni məscid kompleksində kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb. Bu kompleksə dindarların dəstəmaz alması, dini ayinlərin keçirilməsi üçün xüsusi binalar da daxildir.
Ekspertlərin fikrincə, paytaxtın Suraxanı rayonunda “Xanım Fatimeyi Zəhra” məscidinin müasir kompleksinin istifadəyə verilməsi bir daha sübut edir ki, dini ibadət və inanc yerlərinin təmiri və bərpası ölkəmizdə dövlət siyasətinin vacib tərkib hissələrindəndir. Biz müdrik insanların həmin qiymətləndirmələrini Bayıldakı Bibiheybət məscidinin, Şamaxıdakı bütün Qafqazın ən qədim İslam ibadət mərkəzi olan Cümə Məscidinin, Pirsaat Məscidinin, paytaxtdakı Təzə Pir, Əjdər bəy, Hacı Cavad, Gəncədəki İmamzadə məscidlərinin bərpası zamanı da eşitmişdik.
Ancaq Azərbaycan dövləti təkcə İslam ibadət mərkəzlərinin deyil, ölkəmizdəki bütün dini konfessiyaların ibadət etdiyi məkanların bərpa və yenidənqurmasını da daim diqqət mərkəzində saxlayır. Yadımdadır, faşist Ermənistanı üzərindəki tarixi Qələbəmizdən cəmi 8 gün sonra– noyanrın 18-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” adlı layihənin icrasına başlandığını elan etmişdi.
Xatırladaq ki, həmin layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar təqdim olunurdu. İlk videoçarx Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən Kiş Alban məbədinə aid idi. Bildirilir ki, ölkəmizdə xristianlıq hələ eramızın I-II əsrlərində yayılmağa başlayıb. Bu fəaliyyət xristianlığı yaymaq məqsədilə qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına gələn həvarilər Varfolomey və Faddeyin, eləcə də Faddeyin yetirmələri olan Yelisey və Marın adları ilə bağlıdır. Həmin dövrdə indiki Şəki rayonunun Kiş kəndi ərazisində “Şərq kilsələrinin anası” kimi məşhurlaşan Qafqazın ilk xristian məbədinin əsası qoyulub. Daha sonra Qafqaz Albaniyasının digər yerlərində də xristian icmaları meydana gəlib, beləliklə, həvari mənşəli Alban kilsəsi təşəkkül tapıb.
Dünyanın aparıcı ekspertləri yazırlar ki, Azərbaycandakı multikulturallıq və çoxkonfessiyalılıq heç zaman siyasi məzmun kəsb etməyib. Yəni bu dəyərlər yüz illərdir xalqın qanında, yaddaşında yaşayır. Həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə, həm də ötən əsrin sonunda yenidən nail olduğumuz müstəqil Azərbaycan dövlətinin siyasətində ölkəmizdəki bütün xalqlar və dinlərin nümayəndələri daha mehriban şıkildə, dinc yanaşı yaşayır, qurub-yaradırlar. Ölkəmizdə olan çoxsaylı xristian icması cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir. Onların abidələri, ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Təsadüfi deyil ki, Roma papası Fransisk 2016-ci ilin oktyabr ayında Azərbaycana səfəri zamanı Azərbaycanı dini tolerantlıq üzrə dünyada model ölkə kimi qiymətləndirmişdir.
Xatırladaq ki, son 20 ildə Bakıdakı Rus Pravoslav Baş Kafedral kilsəsi (“Jen Mironosits” pravoslav kafedral kilsəsi), "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsi dövlət tərəfindən təmir edilib, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Qəbələdəki Çotari Alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmiri Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılmışdır.
2020-ci ildə layihə çərçivəsində Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən Erməni (Qriqori) kilsəsi bərpa edilib və ziyarət üçün açıqdır. Burada qədim kitablar da qorunub saxlanılır və kilsəni ziyarət edən xarici qonaqlar da bunu təqdirlə qeyd edirlər.
Rəsmi sənədlərdə və hesabatlarda göstərilir ki, dövlətimiz təkcə ölkə daxilində deyil, dünya miqyasında da xristian irsinin qorunmasına töhfələr verir. Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikandakı Müqəddəs Sebastian katakombalarının, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” çərçivəsində Roma şəhərində Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin qoyulmasının 455 illiyinə həsr edilən Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsinin ucaldılması bu faktların sırasındadır. Bununla yanaşı, Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edilib.
Bu zaman başqa bir faktı da yada salmaq istərdim. Belə
ki, Prezident İlham Əliyev
2013-cü il mayın
17-də Şamaxı Cümə
məscidinin əsaslı
bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə
mərasimində iştirak
edərkən həm də Qafqaz müsəlmanları müftiləri,
islam ölkələrinin
Azərbaycandakı səfirləri,
ictimaiyyətin nümayəndələri
və din xadimləri ilə görüşmüşdü.
Dövlətimizin başçısı
həmin görüşdə
demişdi: “İslam mərhəmət dinidir. Çalışmalıyıq ki, əməli
addımlarla dünyada
İslam dini haqqında dolğun və ədalətli məlumatları çatdıraq.
Deyə bilərəm ki, Azərbaycan bu istiqamətdə kompleks tədbirlər görür...Yəni, biz çalışırıq
və birgə səylərlə çalışmalıyıq
ki, İslam mədəniyyəti, dəyərləri
haqqında dünyaya dolğun məlumat çatdıraq”.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti
2022.- 8 yanvar.- S.1;2.