Ordu quruculuğu bu gün də
prioritet istiqamətdir
Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra
da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyə
başladığı ilk gündən
diqqət yetirdiyi prioritet istiqamətlərdən
biri də torpaqlarımızın erməni
işğalından azad
edilməsi idi. Bunun üçün
iqtisadiyyatın dinamik
inkişafının təmin
olunması, ölkənin
gücləndirilməsi, sabitliyin
möhkəmləndirilməsi və bütün bunlarla yanaşı, hərbi quruculuğun davamlı şəkildə
aparılması daim diqqət mərkəzində
saxlanılırdı. Yalnız bütün bu məqsədlərin gerçəkləşməsi
ilə düşmən
əsarətindəki torpağımız
azad edilə bilərdi. Xatırladaq
ki, Prezident İlham Əliyev hələ 2003-cü ildə
andiçmə mərasimində
çıxış edərkən,
bu məsələ ilə bağlı fikirlərini diqqətə
çatdırmışdı: “Azərbaycanda ordu quruculuğu sahəsində
də böyük işlər görülmüşdür.
Ölkəmizdə güclü
ordu yaradılmışdır
və bu proses davam edəcəkdir.
Bu məsələ daim mənim diqqət mərkəzimdə
olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır.
O, qarşıda duran bütün məsələləri
həll etmək iqtidarında olmalıdır.
Əminəm ki, Azərbaycanın
iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələrin yerinə
yetirməsinə imkan
verəcəkdir”.
Vətən müharibəsinə
kimi ötən 17 il ərzində
sadalanan vəzifələr
yüksək səviyyədə
reallaşdırıldı. Prezident İlham Əliyev qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəfləri
gerçəkləşdirmək üçün bu müddətdə istər
beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl,
düşünülmüş siyasət həyata keçirdi, iqtisadiyyatı
dinamik inkişaf yoluna çıxardı və “güclü dövlət” konsepsiyasını
reallaşdırmağa nail oldu. Dövlətimizin başçısı bununla bərabər, uzaqgörən siyasəti
ilə xalqımızın
birliyini, ətrafında
sıx birləşməsini
reallaşdırdı, respublikada
sabitliyin, əmin-amanlığın
təməlini getdikcə
möhkəmləndirdi. Eyni zamanda, ordunun gücləndirilməsi ilə
bağlı olduqca mühüm işlər gördü, silahlı qüvvələrimizdə keyfiyyət
və kəmiyyət dəyişikliklərinin yaranmasını
reallaşdırdı. Məhz 2016-cı ilin aprelin 2-də, bundan iki il sonra – 2018-ci ilin mayında, nəhayət,
2020-ci il iyul ayının 12-16-da düşmənin
təcavüzkar hərəkətinin
qarşısının mərdliklə
alınması ordumuzun
güc-qüdrətinin gerçəkləşməsinin
bariz ifadəsi idi. Vətən müharibəsində Azərbaycanın
parlaq qələbəsi
isə silahlı qüvvələrimizin nəyə
qadir olduğunu bir daha bütün
dünyaya göstərdi:
Ordumuz düşmənin
uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətlərini qəhrəmanlıqla
yardı, Ermənistanın
hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələrini sıradan çıxartdı.
İşğalçı qüvvələrə ağır zərbələr
endirdi, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikasını məhv etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də ordumuzun mövcud vəziyyətinə toxunaraq, İkinci Qarabağ müharibəsində silahlı qüvvələrimizin misilsiz qəhrəmanlıqlar nümayiş etdirdiyini, əsgər və zabitlərimizin mərdliyi, peşəkarlığı sayəsində işğala son qoyulduğunu, doğma torpaqlarımızın düşməndən təmizləndiyini və beləliklə, tarixi zəfər çaldığımızı vurğulayıb. Dövlətimizin başçısı daha sonra deyib: “Bu Zəfər bizim tariximizdə əbədi qalacaq. Azərbaycan xalqı artıq dünyada müzəffər xalq kimi, Azərbaycan dövləti isə müzəffər ölkə kimin tanınır. Onu da bildirməliyəm ki, 2021-ci ildə Azərbaycana olan ənənəvi dəstək və hörmət daha da artdı və bunun başlıca səbəbi İkinci Qarabağ müharibəsindəki zəfərimiz, müharibə dövründə bütün müharibə qaydalarına riayət etməyimiz və müharibədən sonra özümüzü ləyaqətlə aparmağımız idi”.
Ölkə rəhbəri müraciətində Azərbaycanın öz hərbi gücünü bundan sonra da artıracağını diqqətə çatdıraraq, qeyd edib ki, respublikamızda 2021-ci ildə də bu istiqamətdə əməli addımlar atılıb, yeni silahlar, texnikalar alınıb və alınacaq: “Eyni zamanda, hərbi birləşmələrimizin hazırlıq işinə də böyük əhəmiyyət verilir. İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycanın hərbi gücünü gördü, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları artıq bütün dünya tərəfindən tanındı, onların qəhrəmanlığı, fədakarlığı, peşəkarlığı dastana çevrildi. Onu da bildirməliyəm ki, bu il artıq Azərbaycanda yeni hərbi birləşmə yaradılmışdır - Komando Qüvvələri. Bu Komando Qüvvələri istənilən hərbi vəzifəni icra etməyə hazırdırlar, onların sayı durmadan artır və artacaq. Beləliklə yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazır olmalıyıq. 2021-ci ildə Ermənistan- Azərbaycan sərhədində baş vermiş bəzi insidentlər onu göstərdi ki, Azərbaycan üstünlüyü tam öz əllərində saxlayır”.
Dövlətimizin başçısının vurğuladığı kimi, İkinci Qarabağ savaşından sonra da ordu quruculuğu uğurla davam etdirilib. İşğaldan azad olunan ərazilərimizdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınıb. Bu sahəyə xüsusi önəm verilməsi hərbçilərin xidmət şəraitini daha da yaxşılaşdırmaq, bütün bölgələrdə əksər hərbi hissələri standartlara uyğun qurmaq məqsədi daşıyıb.
Hadrut qəsəbəsində bir müddət bundan əvvəl yeni hərbi hissənin açılması da bunun bariz ifadəsidir. Yeri gəlmişkən, həmin hərbi hissənin açılması bu bölgə üçün strateji əhəmiyyət daşıyır. Əvvəla ölkənin təhlükəsizliyini qoruyur, digər tərəfdən azad edilən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid ərazidə yerləşir. Eyni zamanda, bu hərbi hissənin fəaliyyətə başlaması Azərbaycanın müharibədən sonra ordu quruculuğu prosesini dayandırmadığını və orduya ayrılan xərclərin azalmadığını, əksinə, artırıldığını göstərir.
Müharibədən sonra imzalanan yeni kontraktlar da uğurla icra edilir. Belə ki, yeni müqavilələr əsasında artıq Azərbaycan Ordusunun təchizatı üçün respublikaya ən müasir silahlar, texnikalar gətirilir və dünya da bundan xəbərdardır.
Prezident İlham Əliyev Hadrutda yeni hərbi hissənin açılışı mərasimində bununla bağlı deyib: “Biz bunu heç vaxt gizlətmirdik və işğal dövründə hərbi paradlarda dəfələrlə nümayiş etdirmişdik. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması, – bütün bunlar göz qabağındadır, - onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Əksinə, müharibə təcrübəsi bizə göstərdi ki, güclü yerlərimiz haradadır və qüsurlarımız haradadır. Müharibə dövründə qüsurlarımız çox deyildi, amma olub. Ona görə müharibə bizim üçün əvəzolunmaz təcrübə idi. Müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır...”.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Hadrutda fəaliyyətə başlayan hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando Briqadasının yaradılması Azərbaycan üçün yenilikdir. Respublikamızın digər ərazilərində də artıq komando briqadaları yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadirdir.
Yüksək təlim keçən, yüksək iradə göstərən və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, Azərbaycan Ordusunun gücünü daha da artıracaq. Belə briqadaların sayı getdikcə artırılacaq, minlərlə hərbçimiz bu hərbi hissələrdə xidmət keçəcək. Beləliklə, Azərbaycanın əsgər və zabitləri bundan sonra da öz peşəkarlığını, yüksək mənəvi ruhunu qoruyacaqlar.
Hərbi ekspertlərin bildirdiyinə görə, Komando briqadaları peşəkar hərbçilərdən qurulmuş, ən yeni silah və avadanlıqlarla təchiz olunmuş müntəzəm hazırlıqlı, yüksək hərəkətli desant-hücum qruplaşmalarıdır. Onlar günün istənilən vaxtında, silahlı münaqişələrin istənilən əməliyyat mühitində, istənilən potensial döyüş əməliyyatları teatrında, o cümlədən dağ-meşə məkanlarında, eləcə də məskunlaşmış ərazilərdə dərhal döyüşə hazır olur. Bu, ümumilikdə silahlı qüvvələrin döyüş hazırlığının əhəmiyyətli dərəcədə artırılmasını ifadə edir. Komando briqadaları, eyni zamanda, əsas qüvvələrdən ayrı, təcrid olunmuş halda belə müstəqil şəkildə döyüş əməliyyatlarını aparmağa qadirdir.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Kəlbəcər və Laçın rayonlarında hərbi obyektlərin də istifadəyə verilməsi Vətən müharibəsindən sonra ordu quruculuğu ilə bağlı görülən işlər sırasında xüsusi önəm daşıyır. Bu, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yüksək dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğının bariz ifadəsidir.
Kəlbəcər və
Laçın rayonlarında istifadəyə verilən hərbi
obyektlərdə şəxsi heyət üçün
lazımi şərait yaradılıb. Binalar
bütün zəruri ehtiyacları təmin
etmək məqsədilə müasir
avadanlıq, mebel və inventarla
təchiz edilib. Hərbi hissələr üçün alınan yeni
tırtıllı və xizəkli texnika
vasitələri ilə qarla örtülmüş çətin relyefli ərazilərdə şəxsi heyətin,
o cümlədən yüklərin fasiləsiz
daşınması təmin olunub. Silahlanmaya yeni qəbul olunan texnikanın gücü
ilə bölmələrin fəaliyyəti daha
da operativ xarakter alıb.
Xalq qəzeti
2022.- 8 yanvar.- S.2.