Ötən ilin mədəniyyət
yekunları
2021-ci il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Qələbənin birinci ildönümü və Qarabağa “Böyük Qayıdış”ın ilk addımları kimi yadda qaldı. Ötən il mədəniyyət sahəsində doqquz hədəf üzrə fəaliyyət planı həyata keçirilmişdir. Başlıca məqsəd xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, məzmununu zənginləşdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək, habelə bu sahədə dövlət siyasətini səmərəli şəkildə həyata keçirməkdən ibarət olmuşdur.
İdarəetmə sistemində islahatların aparılması hədəfi üçün 2030-cu ilədək Azərbaycan Respublikasının mədəniyyət strategiyasının hazırlanması məqsədilə mühüm işlər görülmüşdür. Bu sahədə 5 istiqamət üzrə (mədəni irsin qorunması, insan kapitalının inkişafı, yaradıcı sənayeyə dəstək, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təşviqi, mədəniyyətin Qarabağa, Qarabağın mədəniyyətə qayıdışı) prioritetlər elan edilmişdi. Bu məqsədlə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üçün 5 yeni regional idarə yaradılmışdır.
Mədəniyyətin və yaradıcılığın inkişafı məzmununun zənginləşdirilməsi üçün Azərbaycan Film Komissiyasının yaradılması, “Azərbaycanfilm” Kinostudiyasında aparılan islahatlar, 12-ci Beynəlxalq qısametrajlı filmlər festivalı, IV “Animafilm” Beynəlxalq animasiya festivalı, “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi və digər layihələri qeyd etmək olar. Bu hədəf üzrə il ərzində 40-dək bədii, sənədli və animasiya filmi çəkilib. Filmlərimiz beynəlxalq festivallarda iştirak edib və bir çoxu mükafatlara layiq görülüb.
Şuşada 29 ildən sonra “Xarıbülbül” Musiqi Festivalı, XVI Beynəlxalq Bakı Caz Festivalı, Qəbələ Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Vətən müharibəsində Qələbəyə həsr olunmuş bəstəkarlıq müsabiqəsi və digər layihələr ilin musiqi mənzərəsinin zənginliyindən xəbər verir.
Pandemiya şərtləri daxilində 2021-ci ildə teatr sahəsində də müəyyən uğurlar oldu. “4.4” Qısa Tamaşalar Festivalı, “Qalib Azərbaycan” Tamaşalar Festivalı, habelə Mədəniyyət Nazirliyinin teatr təhsili sahəsində islahatların aparılması, kadr potensialının yüksəldilməsi məqsədilə “Gənc teatr prodüserləri üçün laboratoriya” layihəsi üzrə Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə təşkil etdiyi prodüserlər üçün laboratoriya bu sahənin inkişafı məqsədi daşıyırdı.
Bakıda keçirilmiş VII Bakı Beynəlxalq Kitab Sərgisi bu sahədə ötən ilin əlamətdar hadisələrindən biri oldu. Ötənilki sərgi “Nizami Gəncəvi ili”nə həsr edilmişdir. Sərgi çərçivəsində maraqlı təqdimatlar, tanınmış yazıçılarla görüşlər təşkil olundu. İl ərzində, həmçinin Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərdə yaradılacaq kitabxanalar üçün “Qarabağa kitabla gedək” layihəsi üzrə kampaniya davam etdirilib.
Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı istiqamətində Azərbaycan Dizaynerlər Assosiasiyası, Azərbaycan Çağdaş İncəsənət İnstitutu və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının yaradılmasını da 2021-ci ilin uğurları kimi səciyyələndirmək olar. Lənkəran şəhərinin qastronomiya tematikası üzrə UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsinə daxil edilməsinin də ötən ilin uğurlarından biri kimi qeyd etmək olar. UNESCO ilə əməkdaşlıqda yeni pilot layihələr hazırlanmağa başlanılmışdır. Bu təşkilatla əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulamaq lazımdır. Bu il UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə reprezentativ siyahısına salınması ilə bağlı “İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”, “Sədəf sənəti”, “Pəhləvan – ənənəvi zorxana oyunları və idman növləri”, “Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı”, “Çay mədəniyyəti” və “Balaban sənətkarlığı və ifaçılıq sənətləri” nominasiya faylları üzrə müraciət ediləcək. Həmçinin bu il Fikrət Əmirovun 100, 2023-cü ildə Hacı Zeynalabdin Tağıyevin 200 illik yubileyləri UNESCO-da qeyd ediləcək.
İl ərzində mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası istiqamətində dövlətimiz tərəfindən ardıcıl işlərin həyata keçirildiyinin də şahidi olduq. İşğaldan azad olunmuş Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Laçın və Kəlbəcər rayonları ərazisində Mədəniyyət Nazirliyi tərəfindən ilkin monitorinqlər aparılıb. Dövlət qeydiyyatında olan 403 tarixi mədəniyyət abidəsinə baxış keçirilib. Eləcə də, dövlət qeydiyyatında olmayan 162 tarixi, memarlıq, arxeoloji mənşəli obyektin monitorinqi aparılıb. Şuşada yerləşən 45 abidənin üzərinə məlumat lövhəsi vurulub, həmçinin abidələrin elektron xəritələri hazırlanıb. Bundan əlavə, il ərzində ölkə üzrə 110 mədəniyyət abidəsinin pasportu və abidələrin mühafizə zonası üzrə 72 layihə təsdiq olunub.
Şuşada Bülbülün ev muzeyi bərpa olunub. “Böyük Qayıdış – mədəniyyətin dirçəlişi” beynəlxalq konfransı təşkil edilib. Eləcə də, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi Vaqif Poeziya Günləri, “Xarıbülbül” Musiqi Festivalı, Milli Musiqi Günü və Üzeyir Hacıbəyli Beynəlxalq Festivalı Şuşada da qeyd edilib, həmçinin “Qarabağın bərpası: yenidənqurma və inkişaf” sərgisi təşkil edilib.
Dövlət başçısının müvafiq sərəncamı ilə 2021-ci ilin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi şərəfinə “Nizami Gəncəvi ili” elan edilməsi Azərbaycan mədəniyyət və ədəbiyyatının bayramına çevrilib. Əlamətdar il çərçivəsində respublikamızda və ölkə xaricində, beynəlxalq təşkilatlarda müxtəlif tədbirlər, təqdimatlar keçirilib. Nizami Gəncəvi Beynəlxalq Festivalı, bu festival çərçivəsində gerçəkləşən Nizami Gəncəvi Beynəlxalq Forumu, “İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihə, həmçinin tamaşa nümayişləri, konsert və sərgilər əlamətdar ilin yaddaqalan tədbirləri olub. Eyni zamanda, mütəfəkkir şairin beş poemasının yer aldığı nəşr – “Nizami Gəncəvi. Xəmsə” kitabı Türkiyədə çap edilib.
Ötən il ərzində Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində işlərin davam etdirilib, həmçinin beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi də diqqətdə saxlanılıb. Azərbaycan mədəniyyətinin müxtəlif sahələri üzrə xarici ölkələrdə keçirilən festival və müsabiqələrdə iştirak təmin edilib. İstedadlı uşaq və gənclər beynəlxalq incəsənət layihələrində uğurlara imza atıblar.
Beynəlxalq mədəni əməkdaşlıq sahəsində də uğurları qeyd etmək lazımdır. ICESCO baş direktorunun ölkəmizə səfəri zamanı işğaldan azad edilmiş ərazilərimizdə olması, Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” qlobal kampaniyası, Şuşa şəhərinin qarşıdakı illərdə İslam və Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı ICESCO və TÜRKSOY-la səmərəli əməkdaşlıq davam etdirilib. Bu il, həmçinin UNESCO Baş Konfransının 41-ci sessiyası gedişində Azərbaycan Respublikası 2022-2025-ci illər üzrə təşkilatın İcraiyyə Şurasına üzv seçilib. Ölkəmiz həm də UNESCO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsinə də üzv olub.
Mədəniyyətimizin ölkə daxilində təbliği məqsədilə il ərzində müxtəlif layihələr həyata keçirilib, tədbirlər təşkil olunub. Ötən il reallaşdırılan “Mədəniyyətimizin simaları”, “Xristian irsimizi tanıyaq”, “İslam irsimizi tanıyaq”, “Mədəni yenilənmə”, “Səhnədən–səngərə”, habelə Vətən müharibəsinə həsr edilən sənədli filmlərin çəkilişi aparılıb..
Həmçinin görkəmli mədəniyyət xadimlərinin yubiley və xatirə tədbirlərinin keçirilməsi də mədəniyyətimizin ölkə daxilində təbliğinə xidmət edib. Bu sırada Aşıq Ələsgərin 200, Xan Şuşinskinin 120, Mikayıl Abdullayev və Kamil Əliyevin 100, Tofiq Bakıxanovun 90 və başqa əlamətdar yubiley mərasimləri ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
COVID-19 pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsi də diqqətdə saxlanılmışdır. Kitabxana, qalereya və muzeylər, eləcə də teatr və kino nümayişi müəssisələri ilin əvvəlində fəaliyyətlərini əsasən onlayn formatda qurublar. Sonralar karantin şərtlərindəki yumşalmalarla müəyyən qaydalara əməl etməklə intensiv fəaliyyət təmin olunub.
Cənab Prezident
2022-ci ili “Şuşa ili” elan etmışdir. Azərbaycan mədəniyyətinin
paytaxtı, Qarabağın
tacı Şuşada və bütövlükdə
Qarabağda mədəni
həyatın bərpası
istiqamətində bu il yeni-yeni
mədəniyyət layihələrinin
reallaşacağı şübhəsizdir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti
2022.- 8 yanvar.- S.3.