2021-ci ildə iqtisadi artımın təmin olunması həyata keçirilən islahatların məntiqi nəticəsidir

 

Ötən il Azərbaycanın siyasi, sosial-iqtisadi sahələrində bir sıra hadisələrlə yadda qaldı. Bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus pandemiyasına qarşı ciddi mübarizə tədbirləri aparıldı. Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edən Azərbaycanın qlobal müstəvidə fəal rolu diqqət çəkdi. Ölkə rəhbərliyinin gördüyü tədbirlər respublikamızda yeni növ virusun törətdiyi xəstəliyə qarşı mübarizəni ən yüksək səviyyədə təşkil etməyə, eyni zamanda, iqtisadi böhranın qarşısını almağa, iqtisadi sabitliyi qoruyub saxlamağa imkan yaratdı. 2020-ci ilin payızında, düşməndən təmizlənən Qarabağ və Şərqi Zəngəzur torpaqlarında genişmiqyaslı tikinti, bərpa-quruculuq layihələrinin icrasına başlandı.

 

Bütün bu görülən işlərin məntiqi nəticəsidir ki, dünya birliyində özünün layiqli yeri olan, uzun illərdir ki, Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycanda 2021-ci ildə sosial-iqtisa­di sahələrdə mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan məqsəd və vəzifələrə doğru yeni, inamlı addımlar atılıb. Bunun sayəsində respublikamızın beynəlxalq imici daha da yüksəlib, qlobalmiqyaslı uğurlar qazanılıb, həyatın bütün sahələrində dina­mik inkişaf davam edib.

 

Dayanıqlı iqtisadi inkişaf düşünülmüş iqtisadi siyasətin, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatla­rın, investisiya mühitinin əlverişliliyinin nəticəsində mümkün olub. Dövlətimizin başçısı çıxışlarının birində bununla bağlı deyib: “Uzun illər Azərbaycan iqtisadiyya­tına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyat dayanıqlı surətdə inkişaf etsin, bir sektordanneft-qaz sektorundan asılı olmasın. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və əldə edilən müsbət rəqəmlər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir...”.

 

Azərbaycan Prezidentinin neftqaz­dan asılılığın azaldılması məqsədilə son illərdə sənaye parkları və məhəllələrinin, aqroparkların, iri fermer təsərrüfatlarının yaradılması, müasir texnologiyaların və elektron kənd təsərrüfatı sisteminin tətbiqi, özünüməşğulluq proqramının icrası, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunmaları və s. tapşırıqları ilə bağlı hesa­bat dövründə müsbət nəticələr əldə edilib. Bu, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda da öz ifadəsini tapıb. Həmin məlumata görə, 2021-ci ildə ölkədə 92 mil­yard 857,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunub. Neft-qaz sektorunda ÜDM istehsalı 1,8 faiz, qeyri-neft-qaz sektorunda isə 7,2 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 9269,3 manata bərabər olub.

 

Mədənçıxarma sənayesində isteh­salın ümumi dəyəri 35,1 milyard manat olmaqla, əvvəlki ilə nisbətən 1,9 faiz artıb. Sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 2020-ci illə müqayisədə 0,1 faiz yüksələrək 34,5 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 23 faiz çoxalaraq 32,6 milyard kubmetr təşkil edib.

 

Keçən il Azərbaycanda neft məhsulları istehsalında da əhəmiyyətli artım nəzərə çarpıb. Belə ki, ötən bir il ərzində yanacaq mazutunun istehsalı 70,5 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin isteh­salı 67,2 faiz, sürtkü yağlarının istehsalı 39,1 faiz, neft koksunun istehsalı 29,7 faiz, dizel yanacağının istehsalı 16,2 faiz, avtomobil benzininin istehsalı isə 7,9 faiz yüksəlib. Bundan əlavə, əvvəlki illə müqayisədə tütün məmulatlarının istehsalı 54 faiz, qida məhsullarının istehsalı 10,2 faiz, içki istehsalı isə 2,3 faiz çoxalıb. Qida məhsullarından qənd və şəkər tozunun istehsalı 33,9 faiz, cem və marmelad­ların istehsalı 9 faiz, qaymaqxama məmulatlarının istehsalı 1,4 faiz artıb.

 

Ötən il ərzində tikinti məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 871,8 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 80,6 faiz artıb. 2020-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvan­darlıq məhsulları üzrə 2,8 faiz, bitkiçilik məhsulları üzrə isə 4 faiz çox olub. Bu zaman quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 610 min ton, süd istehsalı 1,4 faiz artaraq 2223,4 min ton, yun istehsalı 0,1 faiz artaraq 16,1 min ton təşkil edib.

 

Son 1 ildə bütün maliyyə mənbələrindən əsas kapitala 16 milyard 127 milyon manatya 2020-ci illə müqayisədə 8,2 faiz az vəsait yönəldilib. Bu zaman neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5,6 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,6 faiz azalıb. Sərmayə qoyuluşunun 68,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

 

Hesabat ilində Azərbaycanda yük daşınması əvvəlki illə müqayisədə 2,8 faiz, sərnişin daşınması isə 3,1 faiz artıb. Həcmi 193,9 milyon ton olan yüklərin 2,8 faizi dəniz, 7,8 faizi dəmir yolu, 0,3 faizi hava, 58 faizi avtomobil nəqliyyatı, 31,1 faizi isə boru kəməri ilə daşınıb.

 

Dəmiryolu nəqliyyatı ilə 2021-ci ildə 15,1 milyon ton yük, 2825,8 min sərnişin daşınıb. 2020-ci illə müqayisədə yük da­şınmasında 3 faiz, sərnişin daşınmasında isə 33 faiz artım müşahidə olunub. Ötən il avtomobil nəqliyyatı ilə yükdaşıma 1,8 faiz artımla 112,5 milyon ton, sərnişin daşınma­sı 0,9 faiz artımla 1119,9 milyon nəfər təşkil edib. Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 20,8 faiz artaraq 90,2 milyon nəfərə çatıb. İl ərzində hava nəqliyyatı ilə 1132,4 minya 96 faiz çox sərnişin daşınıb. Daşımaların 99,5 faizi dövlət, 0,5 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata ke­çiriib. Hava nəqliyyatı ilə yükdaşımalar isə 21,3 faiz artaraq 556,6 min ton olub.

 

Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 75,5 faizi Bakı-Tiflis-Ceyhanla (BTC) ötürülüb. İl ərzində BTC kəməri ilə 3598,4 min ton tranzit nefti də nəql edilib. Magistral qaz kəmərləri ilə ötürülən qaz həcmləri 18,6 faiz artaraq 35108,8 milyon kubmetrə çatıb. Bu həcmin 50,2 faizi Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib .

 

Keçən il ərzində Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 53 milyard manat olmaqla 2020-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,7 faiz artıb. O cümlədən, pərakəndə ticarət şəbəkəsində 24 mil­yard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,9 faiz artıb.

 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, 2021-ci ildə əvvəlki illə müqayisədə inflyasiya 6,7 faiz təşkil edib.

 

İl ərzində ixrac sahəsində də müsbət nəticələr əldə edilib. Belə ki, 2021-ci ildə dünya ticarətində artım proqnozu 10,8 faiz olduğu halda, Azərbaycanın qeyri-neft ix­racı 47,2 faiz artıb. Ekspertlərin fikrincə, bir il ərzində qeyri-neft ixracının bu qədər art­ması müstəqillik tarixində bir ilkdir. Keçən il qeyri-neft sektoru üzrə ixracın adambaşına 270 ABŞ dollarına çatması onu deməyə əsas verir ki, 2025-ci ildə 450 ABŞ dolları səviyyəsinə nail olmaq mümkündür.

 

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televi­ziya kanallarına müsahibəsində də ixrac sahəsində əldə edilən müsbət nəticələr barədə deyib: “Bizim ixracımızla bağlı plan­larımız həyata keçirilir. Qeyri-neft ixracımız 40 faizdən çox artıb. Bu, imkan verir ki, biz valyutanı təkcə neft, qaz hesabına yox, eyni zamanda digər məhsullar hesabına ölkəmizə gətirək. Nəzərə almalıyıq ki, ölkədə əhali artır. Deməli, tələbat artır, daxili istehlak artır. Belə olan halda qeyri-neft ixracını artırmaq doğrudan da böyük nailiyyət sayıla bilər”.

 

Dövlətimizin başçısının həmin müsahibədə vurğuladığı kimi, Azərbaycan unikal, bəlkə də nadir ölkələrdən biridir ki, respublikamızda xarici ticarət balansı­nın saldosu müsbətdir. Çünki dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Azərbaycanda isə ilin yekunlarına görə, proses əksinə baş verib, müsbət saldo 10 milyard ABŞ dollarından çox olub.

 

Bu dövrdə iqtisadi islahatlar sırasında vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində görülən işlər xüsusi önəm daşıyır. Ona görə ki, vergi islahatları ilə bağlı gerçəkləşdirilən tədbirlər korrupsiya, inhisarçılıq və ondan qaynaqlanan, ölkənin sosial-iq­tisadi tərəqqisinin qarşısında buxova çevrilən neqativlərin aradan qaldırılma­sına yönələn işlərin genişləndirilməsini tələb edir. Bunun əsas yolu isə sosial-iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın liberallaşdırılması və rəqəmsallaşdırılmasının gücləndirilməsi, idarəetmə sistemində çevikliyin, şəffaflığın, hesabatlılığın və məsuliyyətin artrılma­sı, “kölgə iqtisadiyyatı”nın dairəsinin məhdudlaşdırılması kimi məsələlərin həllindən keçir. Hazırda vergi yükünün azaldılması və vergiyə cəlbetmə işinin biz­nesin xeyrinə əsaslı şəkildə dəyişdirilməsi öz bəhrəsini verməkdədir.

 

Respublikada vergi islahatlarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, 2021-ci ildə vergi daxilolmaları 15,5 faiz artaraq 8,5 milyard manat təşkil edibproqnoz 117,7 faiz səviyyəsində icra olunub. Qeyri-neft sektoru üzrə vergi daxilolmaları 13,5 faiz artaraq 6,4 milyard manat olubproqnoz 112,2 faiz səviyyəsində yerinə yetirilib.

 

V.BAYRAMOV

 

Xalq qəzeti .- 2022.- 22 yanvar.- S.4.