Azadlıq mübarizəsinin 20 Yanvar həqiqətləri
20 Yanvar Ümumxalq Hüzn Günündə xalqımız respublikamızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizə qurbanlarını – torpağı qanları ilə vətənləşdirən şəhidlərimizin ölməz xatirəsini dərin hüzn və sonsuz ehtiramla yad etdi. Şəhidlər xiyabanını ziyarət edərək, azadlıq qurbanlarının xatirəsinə ehtiramını bildirən Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə bildirdi:
– Çağdaş tariximizə qanlı faciə və şanlı mübarizə səhifəsi kimi yazılmış 20 Yanvar qətliamının 32-ci ildönümünü bu gün dünyanın hər yerində soyadaşlarımız qədirbilənlik duyğuları ilə yanaşı, həm də 1 il 3 ay əvvəl Vətən müharibəsində şəhidlərimizin qanı bahasına qazandığımız tarixi qələbədən doğan öyünc hissləri ilə qeyd edirlər. Şəhidlərimizin mübarizə hədəfi olan müstəqilliyimizə 30 il əvvəl qovuşmuşuq. Ərazi bütövlüyümüzün isə 30 il sonra bərpa edilməsi ilə şəhidlərimizin bu böyük arzusu da gerçəkləşdi. Artıq şəhidlərimizin apardıqları mübarizə tam qələbə ilə başa çatıb, düşmənlərdən onların intiqamı alınıb. Artıq ikinci ildir ki, Vətən qurbanlarının narahat ruhları dinclik tapıb.
20 Yanvar faciəsi Ermənistanın millətçi-separatçı dairələrinin 1988-ci ilin əvvəllərindən Azərbaycana qarşı başladıqları təcavüzkarlıq siyasətinin dərinləşməsi gedişində onlara havadarlıq edən keçmiş SSRİ rəhbərliyinin bu qəsdə qarşı ümummilli cəbhə yaratmış xalqımızı cəzalandırması aksiyası kimi baş versə də, nəticədə, ərazi bütövlüyümüz uğrunda mübarizəni azadlıq hərəkatı müstəvisinə çıxardı. 20 Yanvara gedən 2 illik yolun özü də çətin, mürəkkəb sınaqlarla müşayiət olunmuşdu.
Faciədən əvvəlki aylarda və günlərdə respublikada vəziyyət getdikcə pisləşir, eyni zamanda, xalq açıq-aşkar görürdü ki, Azərbaycanla əlaqəsi çoxdan kəsilmiş, Kremldən Azərbaycana xüsusi diqtə ilə göndərilmiş Ə.Vəzirov hər dəfə erməni millətçilərinə, mərkəzə güzəştə gedirdi. Ona görə Azərbaycan xalqı belə rəhbərdən xilas olmaq, öz sözünü demək üçün ayağa qalxdı. Sovet sistemində isə kommunist ideologiyasına uyğun gəlməyən fikirlər, baxışlar dəstəklənmir, əksinə, çox ciddi təzyiqlərə məruz qalırdı.
O sistemin qurbanları içərisində Azərbaycan xalqının qeyrətli, ziyalı övladları çox olub. Ötən əsrin 50-ci illərinin ortalarında sovet cəmiyyətində hakim partiya söz, fikir azadlığına münasibətini nisbətən yumşaltsa da, bütövlükdə, sistemin dayaqlarını sarsıtmağa yönəldilmiş hər bir tədbirə qarşı amansız mövqe tuturdu. Buna baxmayaraq, SSRİ iqtisadiyyatında mərhələlərlə baş verən uğursuzluqlar, hökumətin tez-tez təkrar olunan və sarsıntılarla müşayiət edilən tədbirləri bu sistem barədə ümidsiz fikirlərin geniş yayılmasına gətirib çıxarır, insanları azadlıq uğrunda mübarizəyə qalxmağa sövq edirdi. XX əsrin 80-ci illərinin axırlarında və 90-cı illərin əvvəllərində isə Azərbaycanda gündən-günə ağırlaşan siyasi, iqtisadi və sosial durum bu proseslərin inkişafı üçün əlverişli şərait yaradırdı, cəmiyyətdə ziyalı sözünə ehtiyac artırdı.
1988-ci ilin əvvəllərində başlayan və mərkəzi hakimiyyət tərəfindən qarşısı alınmayan, əksinə, erməni seperatçıların şirnikləndirilməsi ilə alovlanan Qarabağ münaqişəsi xalqı çox çətin bir imtahanla üzləşdirmişdi. Başda sovet diktatoru M.Qorbaçov olmaqla ittifaq dövləti rəhbərliyinin Azərbaycana ögey münasibəti nəticəsində yaranmış kütləvi inamsızlıq şəraitində təsadüfi adamların ürəyindən xalqa liderlik etmək istəyi keçirdi. Əlbəttə, bu, çox qorxulu bir meyil idi. Xalqa liderlik etmək qabiliyyətinə malik olmayanlar isə ziyalıları yaxına buraxmırdılar. Əlbəttə, ziyalıların da təşəbbüskarlığı yüksək deyildi.
Müsahibəsinin bu yerində XX əsrin əvvəllərində Azərbaycanda böyük ziyalı ordusu olmasa da, az sayda yurdsevər, təhsili insanın xalq üçün çox əhəmiyyətli, tarixi iş görürdüyünü xatırladan akademik dedi:
–Təkcə Üzeyir bəy Hacıbəyli Azərbaycan xalqının milli mədəniyyətinin inkişafında nə qədər böyük rol oynamışdır. Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov kimi nəhəng insanlar öz xalqının nicatı naminə ən çətin mübarizədən qorxmayan əsl vətəndaşlar idilər. Qarabağ hadisələri başlananda da ziyalılar xalq hərəkatına qoşulmuşdular və bir sıra taleyüklü məsələlərin müzakirəsində öz sözlərini deyirdilər. Xalqla rəhbərlik arasında dərin uçurumun olduğu şəraitdə onların bəziləri öz mövqelərini müəyyən etməkdə çətinlik çəkirdilər. Müxalifətin radikal mövqedən çıxış edən bəzi nümayəndələri isə onları dəstəkləməyən belə ziyalıları gözdən salır, qaragüruhun qınaq və basqılarına hədəf edirdilər.
Mərkəzin Azərbaycana sərt münasibəti isə dəyişmirdi, bu da respublikada onsuz da ağır olan ictimai-siyasi şəraiti daha da gərginləşdirirdi. Vəziyyətin daha da kəskinləşməsinə yol verməmək üçün xalq arasında nüfuz sahibi olan ziyalılar, Xalq Cəbhəsinin və digər təşkilatların nümayəndələri yaranmış vəziyyətdən çıxış yollarını müəyyən etmək üçün intensiv görüşlər keçirir, danışıqlar aparırdılar. Amma ziyalılar çox böyük narahatlıq keçirirdilər. Azadlıq, müstəqillik sözləri o qədər tez-tez işlənirdi ki, onların öz əhəmiyyətini itirməsi təhlükəsi yaranırdı. Rəhbərlik ilə xalq arasındakı boşluğu doldurmaq istiqamətində konkret addımlar atılmırdı.
Xalq tələb edirdi ki, respublika rəhbərliyi Qarabağ probleminin həllində daha prinsipial mövqe tutsun, onun qayğıları, arzuları ilə yaşasın. Tarixdən məlumdur ki, azadlıq siyasi mədəniyyətin yüksək olduğu şəraitdə daha az itki ilə əldə edilə bilər. Sovet rəhbərliyi çalışırdı ki, müxalifətdən olan radikal qüvvələr hər hansı bir təxribata əl atsınlar ki, onlara qarşı cəza tədbirləri görməyə bəhanə olsun, Qarabağ problemi kölgədə qalsın. Belə bir şəraitdə Ermənistanın silahlı birləşmələri Azərbaycan kəndlərinə basqın edir, dinc əhalini öldürürdü, mərkəz isə səsini çıxarmır, biganəlik göstərirdi.
Moskvada sovet rəhbərliyi gözləyirdi ki, Azərbaycan xalqı qəzəblənsin, hansısa bir hərəkətə əl atsın və bundan istifadə edərək öz gücünü işə salsın. Respublika rəhbərliyi və müxalifətdə olan qüvvələr isə bunu açıq-aşkar görə-görə düşmənə qarşı vahid cəbhədə birləşə bilmədi. Bunlar tarixi faktlardır, o dövrün reallıqlarıdır. O vaxt çoxları başa düşmürdü ki, Moskva Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə, sözün əsl mənasında, ziyalıların rəhbərlik etməsini istəmir. Elə ona görə də respublika rəhbərinin əli ilə xalq içərisində böyük nüfuzu olan ziyalıların siyasi meydandan uzaqlaşdırılması üçün bütün vasitələrdən istifadə edirdi.
1989-cu ilin son aylarında, 1990-cı illərin əvvəllərində respublikamızın hər yerində olduğu kimi, Bakının və onun ətraf kəndlərinin əhalisi də mərkəzin və erməni millətçilərinin xalqımıza qarşı xəyanətkar siyasətinə etiraz əlaməti olaraq küçələrə çıxdığını yada salan deputat Ziyad Səmədzadə daha sonra bildirdi:
–Adamlar soyuğa, şaxtaya, yuxusuzluğa baxmayaraq, küçələrdə qurduqları maneələrdə (barrikadalarda) növbə çəkərək, sovet qoşunlarının Bakı şəhərinə daxil olmasına yol verməmək üçün bütün vasitələrdən istifadə etməyə hazır idilər. Nə qədər bəsit olsa da, əhali müdhiş haqsızlığa və ədalətsizliyə qarşı mübarizə üçün özünün bacardığı bu yolu seçmişdi. Qəzəblənmiş xalq əsarətdə olduğunu bir daha anlayır, azadlığa çıxmaq, Vətən torpağını müdafiə etmək üçün hər cür əzaba dözməyə hazır idi.
Əlbəttə, ayrı-ayrı radikal qüvvələr əhalinin sadəlövhlüyündən istifadə edib, onu ordunun, tankların, zirehli maşınların qabağına çıxarmaqda xüsusi məqsəd güdürdülər. Hətta müxtəlif yerlərdə əhaliyə silah paylanacağı da vəd edilmişdi. Hadisələrin gedişindən hiss edilirdi ki, dinc əhaliyə qarşı SSRİ dövlətinin rəhbərliyi səviyyəsində qabaqcadan təxribatlar hazırlanmışdır. Vəziyyətin getdikcə belə gərginləşdiyi günlərdə Sov. İKP MK-nın yüksək vəzifəli nümayəndələrinin əhali ilə görüşlərində, habelə kütləvi informasiya vasitələri ilə verilən məlumatlarda bildirilirdi ki, Bakıya qoşunlar daxil olmayacaq.
Əslində isə vəziyyət başqa cür idi. Bakıda fövqəladə vəziyyətin elan olunacağı və qadağa saatının qoyulacağı vaxt xalqdan gizlədilir, şəhərə qəfil hücum hazırlanırdı. Qoşunların Bakıya yeridilməsinə bir neçə gün qalmış hərbi komandanlıq Bakı şəhərindən hərbi qulluqçuların ailələrini SSRİ-nin müxtəlif regionlarına köçürməyə başlamışdı. Bu faktı onunla izah edilirdi ki, guya, həmin tədbir Bakıda ekstremist qüvvələrin basqınlarının qarşısını almaq üçün həyata keçirilir. Bu, ağ yalan idi. Reallıq sübut edirdi ki, o dövrdə Bakıda, eləcə də digər rayonlarda rusdilli əhalinin təhlükəsizliyi üçün heç bir qorxu yox idi.
1990-cı il yanvar ayının 19-da saat 19:27-də Azərbaycan Televiziyasının enerji bloku partladılmaqla canlı teleradio yayımı sıradan çıxarıldı. Bir neçə saat sonra Bakının hər yerindən güclü atəş səsləri gəlməyə başladı. Hamı həyəcan içərisindəydi. Sovet qoşunları hər tərəfdən şəhərə soxulurdu. Küçələrdə qan su yerinə axırdı. 40 min nəfərlik ordu əliyalın əhaliyə divan tuturdu. Gözyaşardıcı qaz tətbiq edilir, dinc əhaliyə atəş açılırdı. Əsgərlər hərbi maşınlardakı projektorlardan istifadə edərək qaranlıq yerlərdə atəşdən gizlənənləri, hətta təcili yardım maşınlarını gülləyə tuturdular.
Mərkəz əmin idi ki, Bakıda xalq susdurulsa, bütün respublikada sakitlik təmin ediləcək, beləliklə də SSRİ-nin Qafqazda qlobal mənafeləri tam müdafiə ediləcəkdir. Ancaq bu, yanlış fikir idi. Buna görə də bədnam sovet rəhbəri Mixail Qorbaçov Bakıda qanlı qırğın törətməkdən çəkinmədi. Əvvəla, Azərbaycan Respublikasının Konstitusiyası tapdalandı. Eyni zamanda, Helsinki Yekun Aktını və Vyana müqaviləsini imzalamış SSRİ dövlətinin zora arxalanan rəhbərıiyi dinc əhaliyə qarşı görünməmiş bir cinayət törətdi.
Lakin 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilən faciə Azərbaycan xalqını, Bakı əhalisini daha sıx birləşdirdi. O günlər minlərlə gənc Bakının komendantı Dubinyakın, digər sovet zabitlərinin təhdidlərinə, təhqirlərinə, şaxtaya, yorğunluğa baxmayaraq, iki gün ərzində hava qaralana kimi Dağüstü parkda məzarlar qazdılar, müstəsna bir cəsarət və fədakarlıq göstərdilər. Həmin dövrdə Buzovna, Mərdəkan, Bilgəh, Maştağa, Şüvəlan, Şağan, Qala, Pirşağı, Nardaran, Kürdəxanı, Binə, Binəqədi və başqa qəsəbə və kəndlərin əhalisi Bakını qırmızı qərənfillərə qərq etmişdi. Milyonlarca qərənfil şəhidlərimizin müqəddəs ruhu qarşısında torpağa baş əymişdi.
Dünyada, yəqin, az xalq tapılar ki, ağır zəhmət hesabına becərdiyi hər hansı məhsuldan, əldə edəcəyi böyük miqdarda gəlirdən könüllü imtina etsin, xalqımızın azadlığı uğrunda şəhid olmuş övladlarının məzarı üzərinə bu qədər gül səpsin. O günlərdə mən al qərənfillər içərisində alışıb-yanan Bakıya baxdıqca Bakı kəndlərinin öz sadəliyi ilə seçilən, son tikəsini belə öz xalqı, dostları ilə bölməyə hazır olan əliqabarlı, alnıaçıq əhalisinə qarşı dərin minnətdarlıq hissi keçirirdim. Bu ənənə bu gün də davam edir və yəqin ki, əsrlər boyu davam edəcəkdir. Belə xalqa, belə camaata eşq olsun.
Daha bir önəmli tarixi amilə– Bakının son 2 əsrdə Azərbaycanda baş verən hadisələrdə, xüsusən xalqımızın azadlıq hərəkatında, yadellilərə qarşı aparılan mübarizədə aparıcı rol oynadığına diqqət yetirən müsahibimiz söylədi:
–Hələ XIX əsrin əvvəllərində çar Rusiyası Azərbaycana öz işğalçı qoşunlarını göndərərkən, ilk növbədə, Bakını tutmağı planlaşdırmışdı. Bakının strateji mövqeyi, burada neft yataqlarının mövcudluğu onu Rusiyanın işğalçılıq siyasətinin mühüm hədəfinə çevirmişdi, – Gəncə, Şəki və Qarabağ işğal edildikdən sonra Bakı xanlığı üzərinə yürüş məhz belə bir məqsədlə həyata keçirilmişdi. Lakin rus generalı Bakını işğal edə bilmədi. O, İçərişəhərin qoşa qala qapılarının açarını təhvil aldığı yerdə Bakı xanı Hüseynqulu xanın əmisi uşaqları rus generalını öldürüb başını kəsdilər. Qoca tarix dönə-dönə sübut edir ki, Azərbaycanı qəsb etmək niyyətinə düşənlər nə qədər çox olsa da, arzusu gözündə qalanlar ondan da çox olub.
1990-cı il yanvarın 22-də Azərbaycan Ali Sovetinin sessiyası çağırılmışdı. Hamımız böyük həyəcan içində idik və sessiyanın açılmasını səbirsizliklə gözləyirdik. Ali Sovetin Rəyasət Heyətinin sədri Elmira Qafarova sessiyanı açıq elan etdikdən sonra deputatlar 1990-cı il yanvarın 19–21-də Bakıda faciəli surətdə həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Gündəliyə aşağıdakı məsələlər daxil edildi: 1. Sessiyanın işinin səlahiyyətliliyi barədə; 2. SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunları, Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Komitəsinin hərbi hissələri tərəfindən dinc əhaliyə qarşı 1990-cı il yanvarın 10-dan başlanmış qanunsuz hərəkətlər barədə; 3. Bakıya qoşunların daxil olması ilə əlaqədar faciəli hadisələrin səbəblərini tədqiq etmək üçün deputat komissiyasının yaradılması barədə; 4. SSRİ xalqlarına, dünyanın bütün xalqlarına, parlamentlərinə müraciət barədə; 5. SSRİ Ali Soveti Rəyasət Heyətinin Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanının qüvvəsinin dayandırılması və şəhərdən qoşunların dərhal çıxarılması barədə.
Çox təəssüf ki, fövqəladə sessiyanın qəbul etdiyi qərarlar reallaşmadı, Mərkəzi Komitənin nə yanvar, nə mart, nə də iyun plenumlarında bunlara əhəmiyyət verilmədi. Yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ilin yayında Azərbaycanın yenicə qazanılmış dövlət müstəqilliyi itirilmək təhlükəsi ilə üzləşəndə xalqın tələbi ilə hakimiyyətə qayıdandan az sonra 20 Yanvar faciəsinə həqiqi siyasi və hüquqi qiymət verildi. Ulu öndərin səyləri ilə 20 Yanvar faciəsinin xalqımızın mübarizə tarixindəki yeri və rolu düzgün əksini tapdı.
Təkcə öz vətəndaşına edilmiş qəsd deyil, həm də bəşəriyyətə qarşı törədilmiş amansız cinayət olan 20 Yanvar qırğını qanlı sovet imperiyasının 70 illik mövcudluğunu bundan sonra qoruyub saxlaya bilmədi. Bakı qətliamı bu superdövlətin suqutunu tezləşdirdi və 2 il sonra onun tarixin arxivinə köçməsi ilə nəticələndi.
Akademik Ziyad Səmədzadə 20 Yanvarın tarixi həqiqətləri ilə bağlı açıqlamasını bir sözlərlə tamamladı:
–1990-cı ilin 20 Yanvar tarixi Azərbaycan üçün həm də böyük imtahan idi. Bakı qırğınını xalqımızın Azadlıq mübarizəsinə start verdi və 2 il keçməmiş öz müstəqilliyini qazanmaqla şəhidlərin bu böyük arzusu gerçəkləşmiş oldu. Azərbaycan xalqı bununla bir daha sübut etdi ki, öz azadlığı uğrunda mübarizə aparmağı bacarır və heç bir məhrumiyyət onu bu yoldan döndərə bilməz.
Xalqımızın 2020-ci ilin payızında Vətən müharibəsində Qarabağın azad edilməsi uğrunda apardığı ölüm-dirim döyüşlərdə 20 Yanvar faciəsinin birbaşa baiskarı olmuş təcavüzkar Ermənistanı ağır məğlubiyyətə uğraytması, 33 il ərzində torpaqlarımızda bir çox faciələr törətmiş erməni silahlı quldur dəstələrinin darmadağın etməsi ilə işğal altında olan ərazilərimiz azad edildi, bununla şəhidlərimizin intiqamı da alındı.
Hazırladı: Tahir AYDINOĞLU
Xalq qəzeti
.- 2022.- 22 yanvar.- S.8.