20 Yanvar –
xalqımızın qəhrəmanlıq salnaməsində unudulmaz səhifə
Otuz iki il bundan əvvəl, 1990-cı il 20 Yanvar gecəsi sovet rejimi bütün tarixi boyu törətdiyi cinayətlər sırasına misli görünməyən bir vəhşilik aktı da əlavə etdi. Sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə, eləcə də Azərbaycanın bir sıra şəhər və rayonlarına yeridilərək, Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə, həmçinin o zamankı respublika rəhbərlərinin xəyanətkar siyasət yeritməsinə etiraz əlaməti olaraq ayağa qalxan xalqımıza vəhşicəsinə divan tutdu.
Konstitusiya hüquqlarının bərpa olunması tələbi ilə çıxış edən dinc, silahsız əhali gülləbaran edildi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Sovet rejiminin bu qanlı terror aktı bütün dünyada qətiyyətlə, nifrətlə pislənildi. Bununla belə Azərbaycan xalqı tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçən hər bir Vətən övladı Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdı.
Sovet hakimiyyətinin süqutundan və respublikamızın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra başları hakimiyyət uğrunda mübarizəyə qarışan Azərbaycan rəhbərliyi xalqımıza qarşı törədilən bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyənləşdirilməsi istiqamətində məqsədyönlü iş aparmadı. Əslində rəhbərlik bu məsələdə heç maraqlı da deyildi, çünki həmin cinayətin törədilməsinin məsuliyyəti bu və ya digər dərəcədə o zaman yüksək vəzifə tutan şəxslərin üzərinə düşürdü. 1990-cı ilin yanvarında dinc əhaliyə qarşı sovet imperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərdən danışarkən, əvvəlcə bir məqama diqqət yetirmək lazımdır. Belə ki, 1918-20-ci illərdə olduğu kimi, 1980-ci illərin sonlarında da eyni ssenari üzrə antiazərbaycan fəaliyyəti yenidən şiddətlənmiş, xalqımıza qarşı məkrli planlar və qəsdlər hazırlanmışdı. Mənfur erməni millətçiləri Moskvadakı imperiyapərəst və digər qüvvələrlə birləşərək Azərbaycanı parçalamaq, nəyin bahasına olursa-olsun, xalqımızın müstəqillik arzularını beşiyindəcə boğmaq niyyətində idilər. Ona görə də Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlılara qarşı təmizləmə siyasəti həyata keçirilməyə başlandı, 1988-1989-cu illərdə yüz minlərlə həmvətənimiz doğma torpaqlarından qovuldu, işgəncələrə məruz qaldı və vəhşicəsinə qətlə yetirildi. Ermənilərlə əlbir olan keçmiş SSRİ rəhbərliyinin ədalətsiz, qərəzli mövqeyindən, məkrli əməllərindən, hadisələrin təhlükəli istiqamətdə inkişafından narahatlıq keçirən Azərbaycan xalqı ayağa qalxdı.
Amansızlıqla həyata keçirilən qanlı cinayətin əsas məqsədi də Azərbaycan xalqının inam və iradəsini qırmaq, ərazi bütövlüyünü sarsıtmaq və sovet hərbi rejiminin gücünü təsdiq etmək idi. 1990-cı il 20 Yanvar gecəsi faciə törədən imperiya əsgərləri sırasında erməni əsgərlərinin olduğu və xüsusi fəallığı onların maraqlarına hesablanmışdı.
Tarixin ağır sınaqlarından mərdliklə çıxan, həmişə mübarizliyi ilə seçilən Azərbaycan xalqı ağır itkilər versə də, öz qürurunu, Vətənə bağlılığını bu dəfə də sübut etdi. Yaşanan müsibətin əsl səbəbkarı olan Mixail Qorbaçov səlahiyyət imkanlarından yararlanaraq xalqımıza 20 Yanvar faciəsini tez bir zamanda unutdurmağa cəhd göstərsə də, buna nail ola bilmədi.
Yeri gəlmişkən, o vaxt Azərbaycanda hökm sürən ictimai-siyasi vəziyyətə də qısaca nəzər salmaq istərdik. Ölkədə xaos, özbaşınalıq, şəxsi maraqlara hesablanan siyası çəkişmələr ciddi narahatlıq doğururdu. Xarici müdaxilələr və daxili çəkişmələr ölkəni parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bu zaman xalqın etibarlı, vətəninə, xalqına sadiq bir liderə böyük ehtiyacı yaranmışdı.
20 Yanvar faciəsinə ilk olaraq etirazını bildirən və bu qırğını dünya ictimaiyyətinə çatdıran ulu öndər Heydər Əliyev xalqın haqq səsinə səs verərək hadisədən bir gün sonra Moskvada yerləşən Azərbaycan nümayəndəliyində mətbuat konfransı keçirdi. Faciə ilə bağlı açıqlamasında xalqımıza qarşı törədilən cinayəti ifşa etdi və xalqla, millətlə həmrəy olduğunu bildirdi. Bu açıqlama, eyni zamanda, təkcə Azərbaycan xalqına deyil, SSRİ məkanında azadlıq eşqi ilə yaşayan bütün insanlara bir dəstək idi. Ümummilli liderin həmin bəyanatı, həmçinin bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahilər ata bilirlər. Ona görə də ulu öndərin M. Qorbaçovun ünvanına söylədiyi ittihamlar təkcə Bakıda deyil, Tbilisi, Vilnüs, Riqa və digər şəhərlərdə də böyük diqqətlə, hörmət və ehtiramla qarşılandı, dahi şəxsiyyətin belə aydın mövqeyi o dövrün siyasi təlatümlərindən çaşqın vəziyyətə düşən milyonlarla insan üçün aydın bir istiqamətə, yola çevrildi.
Ümummilli liderimiz bu qırğını törədənlərin, eyni zamanda, hadisələrin əsas təşkilatçısı kimi SSRİ-nin o vaxtkı rəhbərliyinə daxil olan şəxslərin adlarını açıq şəkildə çəkərək onların cəzalandırılması tələbi ilə çıxış etdi. Həmin vaxt ulu öndər Heydər Əliyev özünəməxsus cəsarətlə diqqətə çatdırdı: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş verən bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gələn bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir”.
Ümummilli liderimizin bu cür qətiyyətli çıxışı bir daha göstərdi ki, Qorbaçov-erməni işbirliyi tərəfindən 1987-ci ildə istefaya göndərildikdən sonra dahi öndər özünə və ailəsinə qarşı getdikcə güclənən təzyiqlərdən Vətən, xalq naminə heç də qorxub- çəkinmir.
Bu məqamda onu da xatırlatmaq yerinə düşər ki, o zaman ulu öndərin siyasi hakimiyyətdən kənarlaşdırılmasının ən ağır zərbəsi Azərbaycana dəydi. Heydər Əliyev siyasi fəaliyyətdən uzaqlaşdıqdan sonra Ermənistanın Azərbaycan əleyhinə çıxışları güclənməyə başladı. M. Qorbaçovun Azərbaycana, xalqımıza düşmən münasibəti ağır nəticələrlə özünü göstərdi. Respublikaya rəhbər vəzifəyə göndərilən, milli hisslərdən uzaq olan Ə.Vəzirovun hakimiyyəti dövründə antiazərbaycan prosesi daha da dərinləşdi. Azərbaycan xalqının milli-azadlıq mübarizəsi ruhunu sındırmaq üçün 20 Yanvarda Bakıda qırğın törədildikdən sonra Ə.Vəzirov Azərbaycandan qaçdı. Sonra hakimiyyətə gətirilən A.Mütəllibov da imperiya mənafeyinə uyğun siyasət həyata keçirdi. Xalq hərəkatı dalğalarında meydana gələn Xalq Cəbhəsinin səriştəsiz liderləri ilə A.Mütəllibov qrupu arasında hakimiyyət uğrunda gedən mübarizə isə ölkəni xaos və anarxiya vəziyyətinə saldı.
Belə bir acınacaqlı şəraitdə dahi şəxsiyyət öz xalqının yanında olmağı məqsədəuyğun saydı və 1990-cı il iyulun 20-də təyyarə ilə Moskvadan Bakıya gəldi. İki gün sonra - iyulun 22-də isə səhər saatlarında ulu öndər hakimiyyətin təhdidləri nəticəsində təyyarə ilə paytaxtdan Naxçıvana getməyə məcbur oldu. Bu, böyük qayıdışın başlanğıcı idi. Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışı, o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, vətənə, böyük siyasətə fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi.
20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi də ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdı. Ulu öndərin tövsiyəsi ilə 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası kecirildi. Sessiya 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Bakı şəhərinə və respublikanın bir necə rayonuna yeridilməsini, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxan silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirdi. Xalq hərəkatını boğmaq üçün 20 Yanvar faciəsini təşkil edən Sovet İttifaqı Kommunist Partiyası, sovet dövləti və hökuməti rəhbərliyinin, o cümlədən şəxsən M.Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olundu. Eyni zamanda, xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyətin o dövrdəki respublika rəhbərliyinin (Ə.Vəzirov, A.Mütəllibov, V.Polyaniçko, V.Hüseynov) üzərinə düşdüyü, onların Azərbaycan xalqına xəyanət etdikləri vurğulandı.
Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görüldü. Bu gün Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi də məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq ucaldılıb.
1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan üçün təkcə böyük faciə deyildir, həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir, müstəqillik, istiqlal uğrunda aparılan milli azadlıq hərəkatının zirvəsidir. Ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini həmişə uca tutaraq, onların ailələrini öz diqqət və qayğısı ilə daim əhatə edir, bu sahədə əsası ulu öndər tərəfindən qoyulan bütün işləri layiqincə və inamla həyata keçirir. Dövlətimizin başçısı, eyni zamanda, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində əldə edilən möhtəşəm qələbədən sonra dədə-baba yurdlarından didərgin düşən soydaşlarımızın doğma el-obalarına qayıdaraq, məskunlaşmaları üçün Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində yorulmaq bilmədən fəaliyyət göstərir.
Hazırda hər bir azərbaycanlı Ali Baş Komandanın apardığı uğurlu siyasətin önündə gedir, düşməndən təmizlənən torpaqlarımızın gülüstana çevrilməsi naminə qüvvə və bacarığını əsirgəmirlər.
Vaqif BAYRAMOV
Xalq qəzeti
2022.- 22 yanvar.- S.10.