20 Yanvar şəhidləri böyük ehtiramla yad edilib

 

Sumqayıt

 

Ümumxalq Hüzn Günü ilə əlaqədar Sumqayıtda da saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət bayraqla­rı endirilib, nəqliyyat vasitələri ilə səs siqnalları verilib.

 

“Qanlı şənbə” gecəsində şəhid olanlardan biri də sumqayıtlı Şakir Atakişiyev olub. Daha 6 nəfər Sum­qayıt sakini isə faciə zamanı güllə yaraları alıblar. Bundan başqa, yan­varın 24-də Ceyranbatan qəsəbəsi ərazisində sovet ordusuna məxsus zirehli texnika paytaxt Bakıdan Sumqayıta – Polimer Materialla­rı İnstitutuna işə gedən alimlərin olduğu minik avtomobilini əzərək üstündən keçib. Hadisə nəticəsində üç alimimizİbrahim İbrahimov, İsmayıl MursaqulovSvetlana Məmmədova amansızcasına qətlə yetirilib. Avtomobildə olan digər alimlər – Parlaq Mustafayevaİd­ris Əhmədov isə ağır yaralanıblar...

 

Axın-axın Şəhidlər xiyabanına gələn sumqayıtlılar Vətənin azad­lığı uğrunda canlarından keçmiş soydaşlarımızı böyük ehtiramla yad ediblər. Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzülüb. Anım mərasimində faciə qurbanlarının ruhuna dualar oxunub.

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatla­rı, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri Şəhidlər xiyaba­nındakı “Qalib əsgər” abidəsini və Vətənimizin qəhrəman övladlarının məzarlarını ziyarət ediblər. Şəhər rəhbərliyi şəhid ailələrinin üzvləri ilə görüşərək, onlara səbr diləyib və qayğıları ilə maraqlanıb.

 

Bakı – Quba magistral yolunun 24-cü kilometrliyində şəhid olmuş kimyaçı alimlərin xatirə abidəsi də ziyarət edilib.

 

Gəncə

 

Gəncədə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehti­ramla yad edilib. Şəhidlər Xiyaba­nında təşkil olunan anım mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, generallar, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və sakinlər iştirak ediblər.

 

Əvvəlcə Şəhidlər Xiyabanının girişində “Azərbaycanın ərazi bü­tövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə” inşa edilmiş lövhənin önünə güllər düzülüb. Sonra Gəncə şəhidlərinin şəkillərinin əks olunduğu lövhəyə baxış keçirilib.

 

“Əbədi məşəl” abidəsi ziyarət edilib, önünə əklillər qoyulub, şəhidlərin ruhuna hörmət və ehtiram ifadə olunub. Daha sonra 20 Yanvar faciəsinin 32-ci ildönümünü ilə bağlı keçirilən ümumşəhər tədbirinin rəsmi hissəsi başalyıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dua­lar oxunub.

 

Qeyd olunub ki, 1990-cı ilin Qan­lı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil. O həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Bu qan­lı gün həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Vurğulanıb ki, 20 Yanvar müasir tariximizin ən faciəli günlərindən biri olsa da Azərbaycan xalqının milli iradəsinin zəfər çaldığı gün kimi tarixdə əbədi qalacaq.

 

Saat 12:00-da şəhərdə bir dəqiqəlik sükut elan edilib, şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq avtomobillər vasitəsilə səs siqnalları verilib.

 

Niyazi Bayramov daha sonra şəhid ailələri ilə görüşüb, bir daha onların qayğı və problemləri ilə ma­raqlanıb. Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb.

 

Quba

 

Rayonda Qanlı 20 Yanvar faciəsi və şəhidlərin xatirəsi ehtiramla anılıb.

 

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev ra­yonun hüquq-mühafizə orqanlarının rəhbərləri və digər məsul şəxslərlə birlikdə 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar Quba şəhər qəbirstanlığında dəfn olunmuş 20 Yanvar şəhidi Raqib Hüseynovun və digər şəhidlərin məzarlarını, son­ra isə rayonun Şəhidlər Xiyabanını ziyarət edib.

 

Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və kənd ictimaiyyəti yanvarın 20-də rayonun Küçeyi kənd qəbirstanlığında dəfn olunmuş 20 Yanvar şəhidi Elçin Qeybulla­yevin məzarını da ziyarət etmişlər. Daha sonra icra başçısı Ziyəddin Əliyev ictimaiyyətin nümayəndələri ilə söhbət etmiş, onların problemləri ilə maraqlanıb.

 

Goranboy

 

Yanvar faciəsi qurbanlarının xatirəsi Goranboyda da böyük ehti­ramla anılıb.

 

Qeyd edək ki, qanlı yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı ra­yonda bir sıra silsilə anım tədbirləri keçirilib. Onlardan birirayonun Muzdurlar kəndində baş tutub. Rayon icra hakimiyyətinin başçı­sı Məhərrəm Quliyev, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri həmin gün adıçəkilən kəndə gəliblər. Burada 20 Yanvar şəhidi İlqar Kərimovun məzarı ziyarət olunub, Şəhidin ailə üzvləri ilə görüşüblər, Şəhidin ruhuna dualar oxunub.

 

Sonra tədbir Goranboy şəhəri Şəhidlər Xatirə Kompelksində davam etdirilib. Şəhidlərin büstləri önünə qərənfillər düzülüb.

 

Saat 12:00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Naftalan

 

Naftalanda 20 Yanvar Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda qurban getmiş soydaşlarımızın əziz xatirəsi böyük ehtiramla yad edilib, Şəhidlərin xatirəsinə məşəl yandırı­lıb, matəm musiqisi səsləndirilib.

 

Tədbirdə ŞİH-nin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edib. Şəhidlərin əziz xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksi ziyarət olunub, gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

 

Şəhidlərimizin əziz xatirəsi ölkəmizin bütün ərazisində olduğu kimi Naftalan şəhərində də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub, dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayandırılıb.

 

Samux

 

Samuxda 20 Yanvar hüzn günü tədbirinə minlərlə sakin qatılıb. Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayra­mov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri səhər saatların­da əvvəlcə YAP Samux Rayon Təşkilatının foyesində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olun­muş məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxıblar. Sonra tədbir iştirakçıları Samux şəhərindəki Şəhidlər Kompleksini ziyarət ediblər. Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoyulub.

 

Saat 12:00-da Samux şəhər ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən faciə qurban­larının xatirəsinə ehtiram əlaməti olaraq səs siqnalları verilib. Samux Cümə məscidinin axundu şəhidlərin ruhuna dualar oxuyub.

 

Şəmkir

 

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri əvvəlcə Şəmkir şəhərində yerləşən 20 Yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstəsi qoyub. Rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilib, saat 12:00-da ra­yonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrində səs siqnalları verilib.

 

Daha sonra rayon rəhbərliyi və tədbir iştirakçıları Şəhidlər Xiyabanındakı Abidəni ziyarət edərək şəhidlərin məzarları üzərinə çiçəklər düzüblər. Rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev şəhidlərimizin vətən, xalq qarşısında əvəzsiz xidmətlərini qeyd edərək bildirib ki, Azərbaycan xal­qının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə Ümumxalq Hüzn Günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nüma­yiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.

 

Tovuz

 

20 Yanvar faciəsinin 32-ci ildö­nümü ilə əlaqədar Tovuz rayon İcra Hakimiyyətinin başçısı və aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və ra­yon sakinləri şəhidlərimizin xatirəsini yad etmək üçün Tovuz şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Şəhidlər Xiyabanında şəhidlərimizin xatirəsinə yeni inşa olunmuş abidə kompleksinin və əbədi məşəl abidəsinin önünə gül dəstələri qoyulub.

 

Rayon icra hakimiyyətinin baş­çısı Məmməd Məmmədov ziyarətə gələn şəhid ailələrinin üzvləri ilə söhbət edib, şəhidlərimizə Allah­dan rəhmət diləyib. İkinci Qarabağ Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordu­sunun əldə etdiyi böyük Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad olunduğu, Vətən uğrunda şəhid olmuş oğullarımızın və 20 Yanvar faciəsi zamanı həyatını itirmiş vətəndaşlarımızın qisasının alındığı qeyd edilib.

 

Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Gədəbəy

 

Yanvarın 20-si – Ümumxalq Hüzn Günündə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən Natiq Nağıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid valideynləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış abidə komp­leksinin önünə gül dəstələri düzüb, Vətənin azadlığı uğrunda can­larından keçmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

 

Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi Gədəbəy rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Küçələrdə nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilib.

 

Qazax

 

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd edilib. Rayonda hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

 

Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə tər qərənfillər düzülüb. Vətən uğrun­da canından keçən şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla anılıb.

 

Rayon icra hakimiyyətinin başçı­sı Rəcəb Babaşov, aparatın məsul işçiləri və hüquq–mühafizə orqanla­rının rəhbərləri ilə birlikdə Şəhidlər xiyabanına gələrək memorial önünə qərənfillər düzüb, şəhidlərimizə olan ehtiramlarını bildiriblər.

 

Gün ərzində idarə, müəssisə və təşkilat rəhbərləri, rayon sakinləri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri də Şəhidlər xiya­banında memorial önünə gələrək Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib, abidə önünə qərənfillər düzüblər.

 

Lənkəran

 

Azərbaycan xalqının milli azadlıq mübarizəsinin parlaq səhifələrindən biri olan qanlı 20 Yanvar faciəsinin 32-ci ildönümü Lənkəranda geniş qeyd olunub. Təhsil, səhiyyə və mədəniyyət müəssisələrində müxtəlif səpkili toplantılar, görüşlər keçirilərək, həlak olmuş şəhidlərin xatirəsi ehtiramla yad edilib.

 

Yanvar hadisələri zamanı Lənkəran ümumilikdə 11 şəhid verib. Onlardan 5 nəfəri Bakıda “Qanlı şənbə” gecəsində şəhid olub, 5 nəfəri Lənkərandakı Haftoni meşəsində, 1 nəfər isə vertol­yotda boğularaq qətlə yetirilib. Yerli vətənpərvərlərdən 46 nəfəri tutularaq, Rusiya Federasiyası­nın ərazisindəki həbsxanalara göndərilib...

 

Yanvarın 20-də anım tədbiri Lənkəranda səhər saatlarından başlayıb. Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və kütləvi infor­masiya vasitələrinin təmsilçiləri mərasimdə iştirak ediblər. Onlar Zəfər bayramı ərəfəsində başdan-başa yenidən qurularaq üzərində şəhidlərin şəkilləri əks olunmuş mərmər lövhələrlə əhatələnmiş “Şəhidlər xatirə abidə kompleksini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Mərasim zamanı şəhidlərin ruhuna dualar oxunub. T.Qaraşov abidə önündə 20 Yanvar əlilləri və şəhidlərinin ailə üzvləri ilə görüşərək söhbət edib, hər birinin qayğıları ilə maraqlanıb.

 

Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilib.

 

Astara

 

Ölkənin “Cənub qapısı” sayılan Astara şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş silsilə tədbirlərdə dönə-dönə vurğulanıb ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan “Qanlı Yanvar” faciəsindən illər ötsə də, xalqımıza qarşı törədilən cinayət əməlləri heç vaxt unudul­mayacaq.

 

Məlum olduğu kimi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qaniçən imperiya ordusu heç bir xəbərdarlıq etmədən Bakıya girərək dinc əhalini gülləbaran edib. Qanlı aksiyalar Lənkəranda və Neftçalada da davam edib. Dəhşətli terror nəticəsində yüzlərlə adam öldürülübyaralanaraq şikəst edilib, ancaq xalqın azadlıq eşqini boğmaq mümkün olma­yıb. Buna görə həmin hadisələr daha çox tariximizin qəhrəmanlıq səhifəsi kimi yad olunur.

 

Yanvarın 20-də Astarada Hüzn Günü hamılıqla qeyd olunub. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların rəhbərləri, ge­niş ictimaiyyət nümayəndələri şəhərdəki Xatirə kompleksini ziyarət ediblər. Vətənin müstəqilliyi uğrunda şəhid olanların ruhlarına böyük hörmət və ehtiram ifadə olunub. Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Masallı

 

Ümumxalq Hüzn Günü ərəfəsində Masallıdakı Heydər Əliyev Mərkəzində, tarix-diyarşünas­lıq muzeyində, həmçinin bütün təhsil ocaqlarında, eləcə də, Olimpiya İdman Kompleksində silsilə tədbirlər keçirilib. Xalq teatrında isə faciəyə həsr olunmuş “Cəllad” tamaşası göstərilib. Əsərin obrazlarını səhnə ustaları ilə bərabər, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri canlandırıblar.

 

Yanvarın 20-də səhər saatların­dan başlayaraq rayon mərkəzindəki Qəhrəmanlar parkındakı “Şəhidlər abidə-kompleksi” önündə xüsusi ka­rantin rejimi qaydaları gözlənilməklə anım mərasimi keçirilib.

 

Ümumrayon anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov başda olmaqla, icra hakimiyyəti aparatının məsul işçiləri, YAP Masallı Rayon Təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanla­rı, idarə-müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranla­rı, şəhid ailələrinin üzvləri iştirak ediblər. “Şəhidlər abidə-kompleksi” abidəsi önünə qərənfillər düzülüb. Şəhidlərin ruhuna dualar oxunub.

 

Saat 12:00-da ölkənin hər yerində olduğu kimi, Masallı rayonu ərazisində də bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsi yad edilib.

 

Lerik

 

Dağlar diyarı Lerikdə güclü qar yağmasına baxmayaraq, camaat elliklə “Şəhidlər” abidə komplek­sini ziyarət edərək “Qanlı Yan­var” faciəsi qurbanlarının ruhunu böyük ehtiramla anıblar. Lerik Rayon İcra Hakimiyyəti başçısı­nın səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, icra hakimiyyəti aparatı­nın əməkdaşları, hüquq-mühafizə orqanlarının, ictimai-siyasi təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri abidənin önünə tər qərənfillər düzüb, şəhidlərin ruhları­na dualar oxuyublar.

 

Qeyd olunub ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, eyni zamanda istiqlal yolunun ilk zirvəsi, milli azadlıq məfkurəmizin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azad­lıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

 

Hər zaman dövlətə və dövlətçiliyə son dərəcə sadiq olan leriklilər qan yaddaşımıza əbədi həkk olunmuş, özündə faciə və qəhrəmanlığı ehtiva edən 1990-cı ilin 20 Yanvar hadisələrini daim böyük qədirbilənliklə andıqlarını bir daha nümayiş etdiriblər.

 

Yardımlı

 

Ümumrayon anım tədbirində çıxış edən icra hakimiyyəti başçısı Ayaz Əsgərov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Həmin dövrün siyasi mənzərəsi və xalqın azadlıq uğrunda mübarizəsindən bəhs edən natiq “Qanlı Yanvar” faciəsi ilə Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyini bildirib.

 

Həmin gün şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub. İctimai-siyasi təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri abidənin önünə çiçəklər düzüb və şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Saat 12:00-da bir dəqiqəlik sükutla şəhidlərin ölməz ruhları anılıb.

 

Cəlilabad

 

Rayondakı Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” tədbiri keçirilib. İcra hakimiyyətinin başçısı Ra­fiq Cəlilov, 20 Yanvar faciəsinin iştirakçıları olan rayon sakinləri və ictimaiyyətinin nümayəndələri tədbirdə iştirak ediblər.

 

Əvvəlcə mərkəzin foyesində “Qara Yanvara həsr olunmuş rəsm sərgisi ilə tanışlıq olub.

 

Sonra tədbirdə bildirilib ki, 20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil ol­muşdur. Ölkəsinin, xalqının azadlı­ğını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə, eyni zamanda, xalqımızın mübariz­liyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirmişdir.

 

“Dəyirmi masadan sonra Heydər Əliyev Mərkəzində “Bir gəncin qəhrəmanlıq salnaməsi” adlı tamaşa göstərilib.

 

Əli NƏCƏFXANLI,

 

Hamlet QASIMOV,

 

Xalq qəzeti”nin bölgə müxbirləri

 

Xalq qəzeti  2022.- 22 yanvar.- S.11.