Abidəsi könüllərdə və könlümüzün paytaxtı Bakıda ucalan mesenat
Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan
abidəsinin açılışını edəndə,
önəmli ismarıclarla dolu nitq söylədi. Heykəlin tarixi
qala divarının önündə
qoyulması, açılış tarixi və
“Şuşa ili”nin ilk mühüm
mədəni hadisəsi olması etibarı ilə bir-birini tamamlayır.
Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı məsələ Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2019-cu il martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə qaldırılmışdı. O zaman dövlət başçısı məsələyə öz ilkin müsbət cavabında demişdi: “Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir. Təqribən 20 il bundan əvvəl Pir Həsən ziyarətgahı mənim tapşırığımla abadlaşdırılmışdır. Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərmişdir. O vaxt mənim babam Əziz Əliyev ona məktub yazaraq xahiş etmişdi ki, ona pul versin, getsin həkim peşəsinə yiyələnsin. Hacı Zeynalabdin, əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi. Tək o məktuba görə ona pul göndərdi. O pulla da Əziz Əliyev getdi Sankt – Peterburqda Hərbi – Tibbi Akademiyaya daxil oldu, həkim oldu, ondan sonra da onun həyatında yeni dövr başladı. Hacı Zeynalabdin Tağıyevin minlərlə, bəlkə də on minlərlə insana köməyi dəyib və mənim Prezident kimi addımlarımdan biri də o idi ki, onun evi əsaslı şəkildə təmir olunsun. Orada Tarix muzeyi yerləşir. Amma mən o binaya məhz onun evi kimi baxırdım və biz bunu etdik. Onun şərəfinə abidənin ucaldılması düzgün qərardır.” Və budur, Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması – ilimizin ilk böyük mədəni hadisələrindən biri kimi bu təqvim ilinə xeyirxahlıq səciyyəsi gətirir – Xeyirxah Şuşa ili!..
Azərbaycan Prezidentinin 2020-ci ildə Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı imzaladığı müvafiq sərəncam əsasında keçirilmiş açıq müsabiqədə Xalq rəssamı, məşhur heykəltəraş Xanlar Əhmədovun işi qalib gəlib.
Yuxarıda da vurğuladığımız kimi, böyük xeyriyyəçinin möhtəşəm abidəsi onun adına layiq yerdə ucaldılıb. Bu məkan paytaxtın tarixi yeri olub, paytaxt sakinlərinin də ən sevimli yerlərindən sayılır. Ömür boyu Bakının, ümumən Azərbaycanın inkişafına, abadlaşdırılmasına böyük töhfələr vermiş Hacı Zeynalabdin Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsi həm rəmzi anlam daşıyır, həm də bir qədirşünaslıq aktıdır. Prezidentin heykəltaraşa dediyi kimi: “Çox gözəldir. Necə deyərlər, həm onun əzəmətini əks etdirir, həm də memarlıq baxımından çox gözəldir”.
Tarix boyu ölkəmizdə varlı, imkanlı insanlar çox olub. Əlbəttə, heykəllər maddi cəhətdən varı olanlara deyil, könlü varlılara, xeyirxahlara ucaldılır. Hacı Zeynalabdin Tağıyevin dövründə ondan daha zəngin insanlar olsa da, o, xeyriyyəçilikdə ən öndə olan, digər milyonçuları da buna təşviq edən könül zəngini olub. Özü də, o, çox kasıb ailədə böyümüş və sərvət qazandıqdan, böyük imkan sahibi olduqdan sonra da, nə kasıblığı, nə kasıbları unutmamışdır. Dövlət başçısının heykəlin açılış mərasimindəki nitqində vurğuladığı kimi, əgər Tağıyevin xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, xalqın yaddaşında bugünkü səviyyədə əziz qalmazdı...
Tağıyevin təşəbbüsü, dəstəyi, bir çox hallarda bilavasitə maliyyələşdirməsi ilə ölkəmizdə bir çox önəmli layihə həyata keçirilib. Bakıda teatr binasının, bir çox sənaye müəssisəsinin tikilməsi, Azərbaycanda ilk dünyəvi “Qız məktəbi”nin açılması, paytaxtda ilk tramvay xətlərinin çəkilməsi böyük xeyriyyəçinin adı ilə bağlıdır. Günü bu gün də Bakının gözəlliyinə, memarlığına zənginlik qatan, şəhərimizə rövnəq verən bir çox gözəl binanın inşası o, yanarürəkli, xalq, vətəncanlı xeyriyyəçinin adı ilə sıx bağlıdır. Ayrıca, Tağıyevin təhsillə bağlı özəl təşəbbüsləri yalnız paytaxt Bakı ilə hüdudlanmır. Şamaxıda, Gəncədə, Naxçıvanda, habelə, qonşu Gürcüstanda soydaşlarımızın sıx yaşadığı bölgələrdə onun ayrıdığı vəsaitlə məktəblər açılmışdır. Yüzlərlə azərbaycanlı gənci Rusiyanın, Avropanın aparıcı ali təhsil ocaqlarına oxumağa göndərən də məhz o, olmuşdur.
Paytaxt Bakıya təmiz, keyfiyyətli içməli suyun çəkilməsi (Şollar su kəməri) də Tağıyevin çoxsaylı xeyriyyəçilik fəaliyyəti içində aparıcı yerdədir. Yalnız onu deyək ki, həmin kəmər bu gün də fəaliyyətdədir və Bakı, Sumqayıt, Abşeron sakinlərinə xidmət edir.
Yeri gəlmişkən, Bakıya ikinci böyük su kəməri Prezident İlham Əliyevin təşəbbüsü və sərəncamı əsasında çəkilib. 28 dekabr 2010-cu ildə açılışı olan Oğuz – Qəbələ – Bakı su kəməri əhalinin rifahının, sağlamlığının dərindən düşünülməsi ənənələrinin yeni keyfiyyətdə davam və inkişafını ifadə edir.
Hacı Zeynalabdin Tağıyev həmçinin müqəddəs kitabımız “Qurani – Kərimi” Azərbaycan dilinə tərcümə etdirib, bir çox dini abidə tikdirib, yaxud, yararsız hala düşənləri əsaslı təmir etdirib.
Mədəni irsə münasibətdə özünəməxsus həssaslıq göstərən ali dövlət rəhbərliyinin təşəbbüsü ilə hələ 2000-ci illərin əvvəllərində H.Z.Tağıyevin qəbrinin yerləşdiyi Pir Həsən ziyarətgahı abadlaşdırılıb, 2003-cü ildə isə böyük xeyriyyəçinin evi (hazırda Tarix muzeyinin binası) əsaslı təmir olunub. Yəni, dövlətimiz də, xalqımız da Hacı Zeynalabdin Tağıyevin ölkə qarşısında, tarix qarşısında xidmətlərini, ümumən belə xidmətləri olan hər kəsi öz könlündə uca tutur. Bu ucalıq Azərbaycan xeyriyyəçilik institutunun, ən gözəl ənənələrin müstəqil respublikamızda yeni çağırışlarla davam və inkişafı ilə səciyyələnir. Xeyriyyəçilik sahəsində Azərbaycanda, ümumən Cənubi Qafqazda bu gün ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu iki on illikdir qayğıya ehtiyacı olan insanlara davamlı olaraq kömək göstərir, mədəniyyətimizi dünyada təbliğ və tərənnüm edir, mədəniyyət, incəsənət, elm, təhsil, səhiyyə sahələrinə layiqli töhfələr verir.
Azərbaycanın multikultural dəyərlərinin, ümumən çağdaş dövlətimizin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri danılmazdır. Hörmətli Mehriban xanım Əliyevanın mükəmməl rəhbərliyi ilə Fondun gerçəkləşdirdiyi fəaliyyətlər nəticəsində respublikamız getdikcə daha da çox tanınır, Azərbaycanın dostlarının sayı artır. Və biz bu amillərin təsirini 44 günlük Vətən müharibəsi dövründə aydın şəkildə gördük. Xalqımız çox yaxşı bilir ki, həmin vaxt güclü erməni lobbisi, dünya erməniliyi və onun havadarları Azərbaycan haqqında ağlasığmaz yalanları beynəlxalq media məkanında tirajlayır, informasiya təxribatları ilə məşğul olurdu. Buna baxmayaraq, Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr, çoxşaxəli humanitar fəaliyyəti və Azərbaycanın çağdaş, qabaqcıl ölkə kimi tanıdılması saxta erməni təbliğatını alt-üst etdi.
Heç təsadüfi deyil ki, Vətən müharibəsindən sonrakı dönəmdə Heydər Əliyev Fondu öz qarşısında yeni – potsmüharibə vəzifələri müəyyənləşdirib. Yəni ənənəvi fəaliyyətlə yanaşı, fond bu gün azad edilmiş torpaqlarımızda geniş fəaliyyəti ilə seçilir. Azad edilmiş torpaqlarda fondun təşəbbüsü ilə hazırda dini abidələrimizin əsaslı təmir – bərpası və tikintisi prosesinə başlanıb. Əziz Şuşada tarixi Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhərindəki Cümə məscidi, Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eləcə də, Şuşa şəhərində, habelə Daşaltıda, Ağoğlanda (Hadrut) yeni məscidlərin tikintisi də fondun təşəbbüsü ilə həyata keçirilir. Vaqifin məqbərəsi, Şuşadakı bir sıra mədəniyyət ocaqları Heydər Əliyev Fondunun hesabına yüksək zövq və peşəkarlıqla əsaslı təmir – bərpa edilib, həyata qaytarılıb, yenidən canlandırılıb. Ayrıca, bu işlərə, ötən il bərpa edilən “Xarı bülbül” festivalı, “Vaqif Poeziya Günləri” ilə xüsusi rəng, ahəng və ritm qatılıb...
Müharibədən sonra yaradılmış “YAŞAT” Fondu və Qarabağ Dirçəliş Fondu da xalqımızın xeyriyyəçilik ənənələrinin inkişafına, bu institutun davamlılığına, çiçəklənməsinə xidmət etməkdədir. Vətəndaşlarımız, dünya azərbaycanlıları, Azərbaycanın dostları, eyni zamanda, özəl şirkətlər könüllü olaraq həm “YAŞAT” Fonduna, həm də Qarabağ Dirçəliş Fonduna vəsait köçürür və bu vəsait hesabına yüzlərlə qazimiz ölkəmizdə və xaricdə müalicə alır, öz sağlamlığını bərpa edir.
Bir sözlə, Hacı Zeynalabdin Tağıyevdən, onun möhtəşəm heykəlinin ucaldılmasından danışarkən, sövq-təbii, xeyriyyəçilikdən, ənənələrin davamından da söz açmalıyıq. Nə xoş ki, son illərdə də onlarca örnəklər verə bilir, xalqımızın qədirşünaslığı, öz kökünə, irsinə bağlılığı ilə qürur duya bilirik!
Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Xalq qəzeti
.- 2022.- 28 yanvar.- S.6.