Gəncənin şəhid xanı

Cavad xanın şəhadətindən 220 il keçir

 

Gəncədə Cavad xan türbəsi, Cavad xan dəftərxanası, Cavad xan qəsəbəsi, Cavad xan küçəsi, Cavad xan tamaşası, Cavad xan təqaüdçüsü var... Amma vaxt olub ki, onun adını nəinki Gəncədə, ölkənin heç bir yerində dilə gətirməyə belə qorxublar.

 

Cavad xan Gəncə xanlığının sonuncu hökmdarı, böyük Azərbaycan sərkərdəsi və dövlət xadimi idi. Gəncənin qeyrət rəmzi hesab edilən böyük sərkərdə qədim şəhərdə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir. O nəsildən ki, əcdadları ilk doqquz Qızılbaş tayfasından biri olan Qacarların əsas qollarından biri idi. 1786-cı ildən Gəncəni idarə edən, “Gəncəyə yalnız meyidimin üstündən keçə bilərsiniz”,  – deyən Cavad xan, 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə mübarizədə hətta düşmənlərinin belə etiraf etdiyi bir qəhrəmanlıqla, oğlu ilə birlikdə həlak olub.

 

Xanın 150 ildən sonra təsadüf nəticəsində tapılan məzarının tarixcəsi maraqlıdır. Belə ki, Xanlıqlar dönəmində Şah Abbas məscidinin həyəti Qacarlar qəbiristanlığı idi. Ziyadoğlu nəslindən Məmmədqulu xan Məmmədəli bəy oğlunun, Hüseynqulu xan Kəlbəli xan oğlunun, Cavad xan Şahverdi xan oğlunun, Hüseynqulu ağa Cavad xan oğlununQacarlar nəslinin başqa adlı-sanlı vətənsevərlərinin türbə və qəbirləri hələ 1925-ci ilin iyununda indiki fəvvarələrin yerində qalırdı. SSRİ dönəmində məscidin həyətində fəvvarə inşa etmək məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən ekskavator nəyəsə ilişir və qazıntılar təcili olaraq dayandırılır. Ərazidən üstü ərəb dilində yazılan baş daşı və məzar çıxarılır. Yazılar oxunarkən məzarın şəhid Gəncə xanı Cavad xana aid olduğu məlum olur.  Baş daşında bu sözlər yazılırdı:"Bu məzarda Gəncə bəylərbəyi, Qacar tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur.”

 

Məsələni dərhal  şəhər icraiyyə komitəsinin sədri Ələsgər Əlizadəyə danışırlar.  O, qəbrin Cavad xana aid olduğunu bilib, məzarın “Səbiskar” qəbiristanlığına aparılmasına göstəriş verir. Gəncəlilər xanın qalıqlarını Mirzə Adıgözəl bəy Qarabağinin nəvəsi Əsgər ağa Goraninin türbəsində gizli qoruyub saxlayırlar.

 

Ələsgər Əlizadə  müsahibələrinin birində deyirdi: “Şəhərin azadlığı uğrunda öldüyünü bilirdim. Amma 60-cı illərdə onun adını çəkmək xətalıydı. “Səbiskar”a köçürülməsinə göstəriş verdim. Çalışdıq ki, bu işi mümkün qədər səs-küysüz görək, gizli qalsın, “yuxarı”lara xəbər çatmasın. Xəbər tutsaydılar, bəlkə də məni işdən çıxarıb həbs edərdilər. Əsas qəbri qorumaq lazım idi. Gələcək nəsil, tarix məni bağışlamazdı”.

 

Cavad xanın nəşinin qalıqları 1990-cı ilədək Goraninin türbəsində qalır. Azərbaycanda milli azadlıq hərəkatı başlananda Gəncə əhalisinin ilk tələblərindən biri məhz xanın öz yerində dəfn olunması olur. 1990-cı il martın 22-də onun nəşinin qalıqları özünün məzarında yenidən dəfn olunur. Sovet hakimiyyəti son günlərini yaşasa da, tam çökməmişdi, Yanvar qırğını da təzəcə olmuşdu. Ona görə də Cavad xanın qəbrini öz yerində yox, məscidin qərb tərəfində, gözdən uzaq yerdə qazırlar. Amma şəhər əhalisi razı olmur. 1963-cü ildə xanın sümüklərini tapan adamlardan sağ qalanlar tələb edirlər ki, sümükləri haradan götürmüşüksə, orada da dəfn etməliyik. Əhalinin təzyiqiylə Cavad xan üçün  elə öz məzarında yer qazılır və xan yenidən çöx böyük izdihamla canını qurban verdiyi torpağa  tapşırılır.

 

Həmin gün yaxşı yadımdadır. Dəfndə 80 minə yaxın gəncəli iştirak edirdi. Xanın tabutunu “Səbiskar” qəbiristanlığından Şah Abbas məscidinədək, təxminən 4 kilometr yolu insanlar çiyinlərində  piyada gətirdilər.

 

Adamlar, xüsusilə yaşlı adamların ağlaması hələ də gözlərim önündədir. Ancaq bu göz yaşları sevinc göz yaşları idi.

 

Cavad xanın məzarına mərmərdən başdaşı qoyulub. 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanın qəbrinin üstündə məqbərə tikilməsinə dair göstəriş verib. Tezliklə Heydər Əliyev Fondunun dəstəyi ilə məzarın üstündə xana layiq türbə inşa edilərək, xatirəsi əbədiləşdirilib. Türbə Arran memarlıq məktəbi üslubuna uyğun bişmiş kərpicdən, dörd künc formada inşa edilibüstü gümbəzlə örtülüb. Əski baş daşı isə qiymətli eksponat kimi Gəncə Tarix Diyarşünaslıq Muzeyində saxlanılır.

 

Şəhərdə Xanın adını yaşadan digər bir abidə Cavad xan dəftərxanası  XVIII əsrdə Gəncə xanı Cavad xanın göstərişi ilə tikilmiş tarixi binadır. 1968-ci ildən lkə əhəmiyyətli tarixi abidə kimi qorunur. Bina 2012 aprelin 4-də yenidən tikilib.

 

Cavad xanın dövründə binada Usuf bəyin rus dili məktəbi fəaliyyət göstərib. Sovet dövründə gürcü şairi Nikolaz Baratişvilinin ev muzeyi kimi də istifadə olunub. 2012ci ilə qədər Cavad xanın dəftərxanası muzey kimi fəaliyyət göstərib. Tarixi abidə Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli Qərarı ilə ölkə əhəmiyyətli  tarix və mədəniyyət abidəsi kimi qeydə alınıb.

 

Gəncədəki Cavad xan küçəsini isə bəzən Bakının mərkəzindəki “Torqovı” küçəsinə bənzədirlər. Küçənin tamamilə yenidən qurulması, burada ciddi təmir-bərpa işlərinin aparılması ona əlavə gözəlliklər gətirib.

 

Gəncə xanının keçdiyi qəhrəmanlıq yolunu özündə əks etdirən “Cavad xan” tamaşası da onun adının yaşadılmasına böyük töhfədir. Hələ ilk dəfə 1991-ci ildə yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədlinin eyni adlı pyesi əsasında tamaşaya qoyulan əsər, 2 il öncə yeni quruluşda Gəncə Dövlət Dram Teatrının səhnəsində oynanılıb və böyük uğur qazanıb.

 

...Artıq neçə illərdir ki, hər il yanvarın 4-də minlərlə Gəncə sakini öz qəhrəman oğlunun xatirəsini yad etmək üçün onun məzarı başına toplaşır, ruhuna dualar oxuyur. Bundan sonra gənclər mərkəzi prospekt boyu yürüş edirlər. Bəli, tarix göstərir ki, Vətən, torpaq uğrunda canından keçənlər heç vaxt unudulmur, xalqın qəlbində əbədi yuva salırlar.

 

Hamlet QASIMOV

 

XQ-nin bölgə müxbiri

 

Gəncə

Xalq qəzeti .- 2023.- 31 dekabr, (¹ 288).- S.14.