Xüsusi təyinatlılarQələbə üçün doğulanlar

 

Sentyabrın 27-də müharibə başlananda Elvin atası Əbülfəz Abdurahmanova zəng edib xeyir-dua istəyib. Bu barədə atası deyir:

 

“Sentyabrın 27-də səhər tezdən, təxminən saat 07:30-da zəng gəldi. Dedim: – Görəsən, belə tezdən kimdir zəng edən? Telefonun ekranına baxanda zəng edənin Elvinin olduğunu gördüm. Həmin gün mən də onunla danışmaq istəyirdim, oğlum məni qabaqladı:

– Bismillah etmişik, mənə xeyir-dua ver.

Mən elə bildim ki, kreditlə ev alıb, yəqin onu deyir.

  A bala, səhər tezdən xeyir ola, evin təmirinəmi başlamısan?

  Yox e, müharibə başlayıb!

Xeyir-dua verdim:

  Allah amanında! Qələbə ilə qayıt, özünü qoru! – dedim.

... Elvin düşmənə qarşı döyüşməyi çox istəyirdi. Onun üçün hər şeydən öndə Vətən gəlirdi! Türklərin bir sözü var: Uğrunda ölməyəcəyin bayrağın kölgəsinə sığınma! Elvin də bayrağına, Vətəninə sadiq idi. Torpağımızı azad görmək istəyirdi. Bu arzu da onu Xüsusi Təyinatlı Qüvvələrin kursuna gətirib.

Kursdan sonra Xüsusi Təyinatlı Qüvvələrin ən elitar hərbi hissəsində xidmət etməyə başladı. Uğuruna görə, ona türklərin özəl qüvvətlər komutanlığının medalı da verilmişdi.

Elvin torpaqlarımızın düşmən işğalı altında qalması ilə heç cür barışa bilmir, intiqam almağı çox arzulayırdı. Tovuz hadisələrindən sonra Elvin Xüsusi Təyinatlı Qüvvələrin tərkibində İsmayıllı və Quba dağlarında Türkiyə zabitlərinin iştirakı ilə təlimlərdə oldu.

Əbülfəz Abdurahmanov deyir: “Sonradan bildik ki, müharibəyə ciddi hazırlıq gedirmiş, bu ərazilərin seçilməsi isə relyefinin Qarabağın relyefinə uyğun olması ilə bağlı imiş. Ciddi hazırlıq keçiblər”.

İkinci Qarabağ müharibəsində ilk döyüşə atılanlardan biri Elvin Abdurahmanov oldu. Onun sıralarında döyuşdüyü xüsusi təyinatlılar hücumu Lələtəpə yüksəkliyi istiqamətindən, Araz qırağından Vilayət postu və Yastı təpə yüksəkliyi tərəfdən başladılar. O, strateji əhəmiyyəti olan Kənd Horadizin azad edilməsində iştirak etdi. Kənd Horadiz o ərazidə ən əhəmiyyətli və azad edilməsi çətin olan yaşayış məntəqələrindən biri idi. Ətrafdakı yüksəkliklərin əksəriyyəti azad edildi. Buradan həm Füzuli, həm də Cəbrayıl istiqamətində hücumu genişləndirmək imkanı qazanıldı.

Həmin döyüş barədə ehtiyatda olan xüsusi təyinatlı Elvin Rəsulovun dedikləri: “Bu yerlər çökəklik və meşəlik olduğu üçün erməni ­hərbçilərinin ən yaxşı möhkəmləndiyi ərazi idi. Kənd Horadizə xeyli qüvvə yığmışdılar. Müharibənin taleyini həll edən ön xəttin yarılması əməliyyatında Elvinlə birlikdə iştirak etdik. Elvin tapşırığın yerinə yetirilməsi üçün bir kəşfiyyatçı kimi öndə getdi. Lələtəpə istiqamətində düşmənin ön xəttini yararkən böyük fədakarlıq, qəhrəmanlıq nümayiş etdirdi. Düşmənin bir çox mövqelərinin, Kənd Horadizin tutulmasında iştirak etdi, üzbəüz döyüşlərdə düşmənin məhv edilməsində rolu oldu.”

Tapşırığa əsasən Füzuli ilə Cəbrayılın kəsişdiyi yerdəki ikinci Ohanyan səddi də yarılmalı, əlverişli mövqelər düşməndən azad edilməli idi. Əmrin yerinə yetirilməsi Elvin Abdurahmanovun xidmət etdiyi taborla yanaşı, “Yaşma”nın birinci taboruna və Cəlilabadda yerləşən hərbi hissənin taboruna tapşırılmışdı.

Xüsusi təyinatlılarımız Cəbrayıl – Füzuli istiqamətində bir yüksəkliyi azad etdilər. Bu da düşmən işğalında qalan ətrafdakı kəndlərə nəzarət etməyə imkan verdi.  Düşmənin müdafiə xəttinin ələ keçirilməsi ilə Cəbrayıl istiqamətində ordumuzun irəliləməsi təmin olundu. 

...Əbülfət kişinin sözlərinə görə, oktyabrın 1-də Elvinin ad günü idi. “Zəng edib təbrik etmək istədim. Tərəddüd etdim, mane ola bilərəm deyə, fikrimdən daşındım. Amma dözə bilmədim, yenə zəng vurdum, telefonu bağlı idi. Bir-iki dəfə qısa zənglər getdi, amma cavab gəlmədi. Balamın ad gününü təbrik etmək də qismət olmadı mənə. Sonra bildim ki, həmin gün çox yorğun olub. Neçə gün ağır döyüşlərdə iştirak edib, rahat yata, dincələ bilməyib. Bununla bağlı sosial şəbəkələrdə videosu da yayılmışdı".

Oktyabrın 1-də döyüş yoldaşları Elvinin ad gününü səngərdə qeyd ediblər. Oktyabrın 2-də, səhər saatlarında isə tabor komandiri Elvinin olduğu qrupu yanına çağırıb və qarşıdaki təpədə yerləşən düşmən səngərini göstərərək tapşırıq verib:

Səngər ələ keçirilməli, düşməndən təmizlənməlidir!

Tapşırıq yerinə yetirilərkən Elvin ağır yaralanıb, 4 saat yerdə qalıb, yanında da yaralı əsgərlər olub. Həkimlərə deyib ki, yarası ağır deyil, əvvəlcə ona deyil, digər yaralı əsgərlərə yardım etsinlər. Hətta öz-özünə sistem də qoşub. Təəssüf ki, həkimlər Elvinə yardım göstərmək istəyəndə artıq şəhid olduğunu görüblər. Elvin ad günündən bir gün sonra şəhadətinə qovuşub.

Onu da deyim ki, Elvinin iştirak etdiyi həmin əməliyyat uğurla həyata keçirilib. Düşmənin ikinci müdafiə xətti yarılıb. Ağır itkilər verən düşmən mövqelərini tərk edib, geri çəkilməli olub. Onun şəhadətindən bir gün sonra Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad ediblər.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elvin Abdurahmanov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

 

P.ƏFƏNDİYEV

 

Xalq qəzeti.- 2023.- 8 iyul.- S.15.