Azərbaycanda Lider –
Xalq tandeminin
başlanğıcı
Dünyada
xalqlar üçün azadlıqdan, dövlət
üçün müstəqillikdən böyük nemət
yoxdur. İnsan azad, suveren, demokratik dövlətdə
yaşayırsa, bundan böyük xoşbəxtlik ola bilməz.
Azərbaycan artıq 32 ildir ki, müstəqil demokratik,
hüquqi və dünyəvi dövlətdir.
Xalqımızın bu xoşbəxtliyə qovuşması
uğrunda mübarizənin öndəri ümummilli lider Heydər
Əliyevdir.
Böyük filosof Platon demişdir ki, ədalət və müdrikliklə
demokratik və güclü hakimiyyətin bir yerdə
olacağı gün bəşəriyyət xoşbəxtliyə
qovuşacaqdır. Ümummilli lider, dünya şöhrətli
siyasətçi və dövlət xadimi, uzaqgörən
şəxsiyyət və qüdrətli strateq Heydər
Əliyevə bəşəri şöhrət və əbədiyyət
qazandıran da məhz onun Azərbaycan məkanında bu mənəvi-siyasi
xüsusiyyətləri bir araya gətirməyi
bacarmasıdır. Tanınmış soydaşımız, azərbaycanşünas
alim, London Universitetinin professoru Turxan Gəncəyi deyirdi: “Mən
istiqlalımızın sabahından daha nigaran deyiləm.
Çünki millətimin üçrəngli bayrağı
Heydər Əliyev kimi bir rəhbərin müqtədir əlindədir”.
Azərbaycan tarixinin taleyüklü
hadisələrlə dolu bir qərinəlik
dövrü ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Bu illərdə
ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini
və xalqını zamanın ən çətin
sınaqlarından çıxararaq öz ölkəsinin
ictimai-siyasi, iqtisadi və mədəni tərəqqisinə
nail olmuş qüdrətli şəxsiyyətdir.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi
haqqında Azərbaycan Respublikası
Prezidentinin sərəncamında qeyd edilir: “Heydər
Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi
sınaqlarından uğurla çıxarmış və
ardıcıl mübarizə apararaq onu müstəqilliyə
qovuşdurmuş qüdrətli şəxsiyyətdir”. Azərbaycan
xalqı XX əsrin sonunda tarixi suverenliyinə məhz Heydər
Əliyevin öndərliyi ilə qovuşmuş, yeni əsrə
və yeni minilliyə də onun müəyyən etdiyi yol ilə
qədəm qoymuşdur.
XX əsr Azərbaycan tarixinin 34 ilini ölkəsinin, xalqının
nicatına, inkişafına həsr etmiş ümummilli lider
Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin
siyasi-ideoloji əsaslarını yaratmış, xalqı milli
müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq
qazanmışdır. Azərbaycan xalqının
dünya şöhrətli tarixi şəxsiyyəti ulu
öndər Heydər Əliyevin siyasi obrazı
xalqımızın dövlətçilik şüurunun,
tarixin sınağından şərəflə çıxmış
bütöv bir idarəçilik məktəbinin, müasir
ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin
canlı mənzərəsidir.
Ümummilli lider Heydər Əliyev şəxsiyyətini, onun Azərbaycan
üçün misilsiz nəticələrə gətirib
çıxaran fəaliyyətini öyrəndikcə,
araşdırdıqca, əslində müstəqil Azərbaycan
dövlətinin tarixi keçmişini, bu gününü, gələcəyini,
Azərbaycan dövlətinə, onun qorunub saxlanmasına,
dinamik inkişafına, dünya inteqrasiya sisteminə
qovuşmasına həsr etdiyi titanik fəaliyyətini və
dövlət quruculuğu prosesini öyrənmiş oluruq.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda ali rəhbərliyə
birinci gəlişi və 34 illik liderliyinin birinci mərhələsi
1969–1982-ci illəri əhatə edir. Bu mərhələdə
ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanın
sosial-iqtisadi böhran
vəziyyətinin, uzunmüddətli
(60-cı illərin) geriliyinin təhlili verildi, səbəbləri
açıqlandı və çıxış yolları
müəyyənləşdirildi. Bunun nəticəsi idi ki, həmin
vaxtdan da Azərbaycanda tənəzzüldən tərəqqiyə
dönüş başlamışdır. Ümummilli liderin
hakimiyyətə gəlməsi ilə Azərbaycanın sosial-iqtisadi və mədəni
həyatında dirçəliş,
inkişaf, cəmiyyətin
keyfiyyətcə irəliyə,
milli özünüdərkə, milli özünəqayıdışa
dönüş mərhələsinin başlanğıcı
qoyulmuş, intibah dövrü başlamışdır.
Xalqını və ölkəsini
bütün varlığı ilə sevən
bu nadir insanın rəhbərliyi, zəngin təcrübəsi
sayəsində qısa müddətdə respublikanın
iqtisadi inkişafının konsepsiyası
hazırlanmışdır. İqtisadiyyatda, o cümlədən
kənd təsərrüfatında ixtisaslaşma, maddi-texniki və
müasir istehsal sahələrinin yaradılması ilə
bağlı kompleks tədbirlər həyata
keçirilmişdir. 1969–1982-ci illərdə müdrik,
uzaqgörən, zəngin təcrübəyə əsaslanan
milli siyasət əsasında Azərbaycanın
iqtisadiyyatında istehsalın sürəti xeyli genişlənmiş,
məhsuldarlıq yüksəlmişdir.
O illərdə bütün
sahələrdə əhəmiyyətli
uğurlar, nailiyyətlər əldə edilmişdir. Azərbaycanda
elmi-texniki tərəqqidə böyük irəliləyişlər
baş vermişdir. Ölkədə yeni müasir istehsal sahələri
yaradılmış, 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektləri istifadəyə
verilmiş, 630 min nəfərlik yeni iş yerləri
açılmışdır. Nəticədə, əhalinin
maddi rifah halı əhəmiyyətli dərəcədə
yaxşılaşdırılmışdır.
1969–1982-ci
illərdə neft hasilatının, neft emalı və
qazçıxarma sahələrinin inkişafında da yeni mərhələ
başlamışdır. Bakı Məişət Kondisionerləri,
“Azon”, “Ulduz”, Cihazqayırma, Sumqayıt Kompressorlar, Dərin Dəniz
Özülləri və s. zavodlar da məhz bu illərin nəhəng
tikililəridir. 1969–1982-ci illərdə respublika sənayesinin
yeni sahələri olan elektrotexnika, cihazqayırma, elektron, dəzgahqayırma,
avtomatlaşdırma kimi yeni istehsal sahələrinin
yaradılmasına başlanılmışdır. Qısa
müddətdə Heydər Əliyevin fədakar əməyi
sayəsində Azərbaycan SSRİ-də elektrotexnika sənayesinin
ən böyük və əhəmiyyətli mərkəzlərindən
birinə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi
birinci mərhələdə sənayenin sürətli, kənd
təsərrüfatının dinamik inkişafı,
respublikanın inkişafında ən mühüm iqtisadi nəticələrdəndir.
1980-ci illərin ortalarına qədərki dövrdə sənaye
istehsalı 2,2 dəfə artmış, məhsulun orta illik
artım sürəti 8,2 faiz olmuş və bu, əvvəlki
onillikdəkindən 19 faiz çox olmuşdur. Təkcə
neft hasilatında istehsalın həcmi 2,8 dəfə, həmçinin
maşınqayırma və metal emalı 3,3 dəfə, kimya
və neft kimyası 2,8 dəfə artmışdır.
Bu illərdə sənayedə
əmək məhsuldarlığı 1,7
dəfə yüksəlmiş, 4 min 400 yeni növ
maşın, cihaz, avadanlıq və digər məmulat
yaradılmışdır ki, onlardan 400-ü keçmiş
SSRİ-də ilk dəfə həyata vəsiqə
almışdır. Həmçinin, bu illərdə respublika
üzrə 5,5 milyon ton pambıq, 7 milyon 399 min ton üzüm
istehsal olunmuşdur. Təkcə 1981-ci ildə pambıq
istehsalı 1 milyon 15 min 300 tona, üzüm istehsalı 1 milyon
616 min tona çatdırılmışdır.
1969–1982-ci
illərdə baş verən dəyişikliklərin miqyası,
iqtisadi və sosial sahələrdə aparılan dərin
struktur islahatları, xalqın maddi rifahının yüksəlməsi
Azərbaycanda mədəniyyət sahələrində
böyük inkişafa səbəb olmuşdur. Respublikada
geniş sosial-mədəni quruculuq proqramı həyata
keçirilmişdir. Şəhərlər
böyümüş, yeni yaşayış massivləri
salınmışdır. O dövrdə Bakıda böyük
konsert-toplantı mərkəzi – indiki Heydər Əliyev
sarayı, Gülüstan şadlıq sarayı və digər
möhtəşəm sosial-mədəni obyektlər inşa
edilmişdir.
Əsl
milli lider olan Heydər
Əliyev Azərbaycanda elmin inkişafına və təhsilin
dünya standartları səviyyəsinə
qaldırılmasına xüsusi diqqət vermişdir. Dahi
şəxsiyyətin Azərbaycan təhsilinin
inkişafında xidmətlərindən biri də 1969–1982-ci
illərdə şəxsi təşəbbüsü və
qayğısı sayəsində Azərbaycandan kənarda,
keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin
170-dən çox nüfuzlu ali məktəblərində
respublikamızın xalq təsərrüfatı, elm, təhsil
və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə
edən və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas
üzrə 15 mindən artıq azərbaycanlı gəncin
ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər
kimi hazırlanmasına imkan və şərait yaratması
olmuşdur.
Beləliklə, XX əsrin 70-ci illəri – 80-ci illərin
əvvəlləri Azərbaycan tarixində yüksəliş
dövrü kimi səciyyələnir və qeyd edə bilərik
ki, müstəqilliyimizin əsasları bu illərdə
qoyulmuşdur.
Ümummilli lider Heydər Əliyevin 34 illik dövlətçilik fəaliyyətinin
ikinci mərhələsi 1982–1987-ci illəri əhatə edir.
1982-ci ilin dekabrında Sov.İKP MK Siyasi Bürosunun
üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsinə təyin
edilmiş və Kreml liderlərindən biri olmuşdur. Azərbaycanın
qüdrətli oğlu sovet xüsusi xidmətinin sıravi
leytenantından general-mayor rütbəsinədək, kommunistlər
ordusunun sıra nəfərindən Kreml liderləri,
SSRİ-nin rəhbərlərindən birinə qədər
yüksəlmişdir.
Qeyd edək ki, Sovet
imperiyası, totalitar kommunist rejimi şəraitində həm
də müsəlman və türk oğlu üçün
belə yüksək səviyyəyə yüksəlmək hər
siyasi xadimin hünəri deyildi. Şovinist əhval-ruhiyyəli
SSRİ rəhbərliyinin yuxarı eşelonunda təmsil
olunmaq, keçmiş Sovetlər Birliyində, həmçinin
dünyada gedən proseslərə təsir göstərə
biləcək fəaliyyət, cəsarət, iradə sahibi
olmaq – bunlar yalnız ümummilli lider Heydər Əliyevə nəsib
olmuşdur.
(ardı
var)
İbrahim
ZEYNALOV,
Bakı Dövlət Universitetinin
professoru
Xalq
qəzeti.- 2023.- 14 iyul.- S.1; 5.