Azərbaycanda
Lider
–
Xalq tandeminin başlanğıcı
(Əvvəli ötən sayımızda)
Keçmiş SSRİ-nin şovinist,
millətçi rəhbərliyi, Kremli və
digər ittifaq qurumlarını hörümçək toru
kimi bürümüş erməni lobbisi, sovet diktatoru M.Qorbaçovun məkrli ermənipərəst
ətrafı Heydər Əliyevin qüdrətli, qətiyyətli
şəxsiyyət, fenomen lider olmasına, ölkə daxilində
daim yüksələn nüfuzuna, dünyada türk oğlu
kimi geniş şöhrətlənməsinə dözə
bilmirdilər.
1982–1987-ci
illərdə sovet superdövlətinin ali rəhbərlərindən
biri olan bu insanın geniş səlahiyyət, kəsərli
hökm sahibi olmasına isə ittifaq dövlətinin hər
yerinə və hər sahəsinə yayılmış ermənilər
həsəd və paxıllıqla baxır, bu gerçəkliklə
barışa bilmirdilər. Sovet hökumətində Heydər
Əliyevə böyük səlahiyyətlər
verilmişdi. Nəhəng bir ölkənin – SSRİ-nin 20-yə
yaxın böyük nazirliyinə məhz Heydər Əliyev
rəhbərlik edirdi. Baykal–Amur magistralı kimi nəhəng
layihə, magistral xətt boyunca yüzlərlə
yaşayış məntəqəsi, müəssisə və
obyekt onun rəhbərliyi altında inşa olunurdu.
Lakin XX əsrin 80-ci illərin ortalarından
başlayaraq beynəlxalq aləmdə geosiyasi vəziyyət
kəskin şəkildə dəyişdi. Dünyada gedən
bu proseslər SSRİ-də də ictimai-siyasi, sosial-iqtisadi vəziyyətə
öz təsirini göstərdi. Belə bir şəraitdə
sovet rəhbərliyinə, ermənipərəst, qatı
şovinist, türk xalqlarına kəskin və barışmaz
nifrəti ilə fərqlənən Mixail Qorbaçov gətirildi.
Onun Qarabağın dağlıq hissəsini Ermənistana
birləşdirməyə çalışan erməni
müşavirləri Heydər Əliyevi qarşılarında
ciddi maneə görürdülər. M.Qorbaçovun yenidənqurma
adı altında yeritdiyi dağıdıcı siyasi xəttlə
razılaşmayan Heydər Əliyev, nəhayət, ciddi təzyiq
və təhdidlərlə 1987-ci ilin payızında SSRİ rəhbərliyindən
uzaqlaşdırıldı.
Bununla
da, Qarabağın dağlıq
hissəsində, daşnak Ermənistanda fitnə ocağı
alovlandı. Ölkəmizə qarşı erməni təcavüzü,
vandalizmi, xalqımıza qarşı terror,
soyqırımı və deportasiya kimi irimiqyaslı qəsdlər
gerçəkləşdi. Xalqımızın böyük
oğlu sovet rəhbərliyindən istefa verdikdən 15
gün sonra Qarabağ məsələsi ortaya
çıxdı.
Ulu öndərin dövlətçilik
fəaliyyətinin üçüncü
mərhələsi 1991–1993 və 1993–2003-cü illəri əhatə
edir. Dünya şöhrətli siyasətçi və
dövlət xadimi Heydər Əliyev 1991–1993-cü illərdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri,
Azərbaycan Respublikası Ali Sovetinin sədrinin müavini
olmuşdu. O, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının
Naxçıvan şəhərində keçirilən təsis
qurultayında partiyanın sədri seçilmişdi.
1991-ci ilin 18 oktyabrında
müstəqilliyini bəyan edən Azərbaycan
Respublikası, əslində, real suverenliyinə 1993-cü
ilin iyunundan sonrakı dövrdə nail oldu. 1993-cü ilin
may–iyununda siyasi-hərbi böhranın son dərəcə kəskinləşməsi
ilə ölkədə xaos, vətəndaş müharibəsinin
baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi
yaranmışdı. Müstəqilliyin və dövlətçiliyin
itirilməsi təhlükəsinin yarandığını
görən xalqın çox ciddi tələbi və
xahişindən sonra Heydər Əliyevin yenidən Azərbaycanda
hakimiyyətə qayıdışı baş verdi.
Bununla
da ölkəmiz məhv
olmaq təhlükəsindən xilas oldu və Azərbaycanda
milli intibah dövrünün ikinci mərhələsi
(1993–2003-cü illər) başlandı. Bu dövr ümummilli
liderin sözləri ilə desək, “müstəqilliyin əldə
edilməsindən daha çətin olan onun qorunması və
möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan
Respublikası Ali Sovetinin sədri seçildi, iyulun 24-də Milli
Məclisin qərarı ilə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini həyata keçirməyə
başladı.
1993-cü
il oktyabrın 3-də ümumxalq səsverməsi
nəticəsində Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti seçildi. Təcrübəli,
uzaqgörən dahi şəxsiyyət, ilk növbədə
ölkədə vətəndaş müharibəsinin,
ölkənin parçalanmasının, müstəqilliyimizin
parçalanmasının qarşısının
alınmasına nail oldu.
Ümummilli lider Heydər Əliyev qəti əmin oldu ki, sosial-iqtisadi
böhran keçirən respublika iqtisadiyyatını dirçəltmək,
dinamik inkişafı təmin etmək, ölkənin dünya
inteqrasiya sisteminə qovuşmasına nail olmaq
üçün ən sanballı mənbə neft amili ola bilər.
1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”
imzalandı. Artıq 1994–1996-cı illərdə iqtisadiyyatda tənəzzül
meyillərinin qarşısı alındı. Eyni zamanda,
ölkədə yeni iqtisadi sistemin qurulması, aqrar
islahatların aparılması, sahibkarlığın
inkişafı ilə əlaqədar qanunvericilik bazası
yaradıldı.
Azərbaycan ordusunda hökm
sürən intizamsızlığa son
qoyuldu. Vahid ordu sisteminin yaradılmasına
başlanıldı. Əsil ordu quruculuğu mərhələsi
başladı. Ordunun döyüş qabiliyyətinin, vətənpərvərliyinin
artırılması, möhkəmləndirilməsi, ən
müasir silah və texnikalarla təchiz edilməsi, peşəkar
hərbiçilərin formalaşdırılması istiqamətində
genişmiqyaslı işlər başlanıldı.
Ulu öndər çevik, düşünülmüş və
uzaqgörən siyasətilə 1994 və 1995-ci illərdə
Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə
olan qüvvələrin dövlət çevrilişinə
yönəlmiş cəhdlərinin qarşısını
aldı.
Heydər
Əliyevin Azərbaycan
rəhbərliyinə
qayıdışı ilə başlıca qayəsini müstəqillik,
azərbaycançılıq, dövlətçilik,
demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri
dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası
qoyulmuşdur. 1993–2003-cü illərdə onun apardığı
daxili siyasət ölkənin genişmiqyaslı tərəqqisinə,
hər bir vətəndaşına azad, sərbəst
yaşamaq hüquqlarının təmin olunmasına xidmət
etmişdir. Bu illərdə ümummilli lider Heydər
Əliyevin fəaliyyətində sosial-iqtisadi islahatlar, bazar
iqtisadiyyatının bərqərar olması, dinamik
inkişafın təmin edilməsi, Azərbaycanın
dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə
proqramının, aqrar islahatların həyata keçirilməsi
ardıcıl prioritet sahələr təşkil etmişdir.
Beləliklə, 1995-ci ilin ortalarında
Azərbaycan dövlətinin inkişafında yeni mərhələ
başladı. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın
ilk konstitusiyasının qəbulu ilə paralel demokratik
seçkilər əsasında Azərbaycan
Respublikasının Milli Məclisi
formalaşdırıldı, özünüidarəetmə
orqanları – bələdiyyələr yaradıldı.
1993–2003-cü
illərdə həyata
keçirilən daxili və xarici siyasət
göstərdi ki, ulu öndər Heydər Əliyev təcrübəli,
görkəmli, dünya miqyaslı tarixi şəxsiyyət
kimi Azərbaycan gəmisini tarix okeanının
tufanlarından, qasırğalarından sağ-salamat
keçirib, uğurla irəliyə - gələcəyə
aparmağa qadir fenomen liderdir.
Yeni Azərbaycanın qurucusu Heydər Əliyev ölkənin təbii sərvətlərindən,
əlverişli coğrafi-strateji mövqeyinin
üstünlüyündən respublikanın milli mənafelərinə
uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş
beynəlxalq iqtisadi sazişlərin işlənib
hazırlanması və həyata keçirilməsi sahəsində
gərgin, səmərəli və yorulmaz fədakar fəaliyyət
göstərmişdir. Həmçinin, bir çox əhəmiyyətli
beynəlxalq müqavilələrə imza atılmış və
onların həyata keçirilməsinə
başlanılmışdır.
Azərbaycana 34 il rəhbərlik etməklə
Ulu öndər Azərbaycanın, bütün dünya azərbaycanlılarının
lideri olmaqla bərabər, dünyanın böyük,
dünyamiqyaslı xadimləri səviyyəsinə yüksəlmişdir.
Türk dünyasının böyük lideri Heydər Əliyev
Azərbaycanın dövlətçilik tarixində dünya
azərbaycanlılarını ilk dəfə bir araya gətirən
tarixi şəxsiyyət, böyük dövlət xadimi idi.
Azərbaycanın Avropa Şurasına
və bir sıra beynəlxalq təşkilatlara,
birliklərə daxil olması ümummilli liderin xarici siyasətinin
ən mühüm uğurlarından idi. Azərbaycan
xalqının, tarixin XX əsrdə yetirdiyi dünya
miqyaslı tarixi şəxsiyyətlərdən olan Heydər
Əliyevin parlaq siyasi zəkası, uzaqgörənliyi sayəsində
iki əsrin və iki minilliyin qovşağındakı Azərbaycan
öz milli-mənəvi dəyərlərini qoruyaraq,
üçüncü minilliyə - XXI əsrə inamla qədəm
qoymuşdu.
Xalqımızın dahi oğlu, ümummilli lideri, görkəmli dövlət
xadimi, dahi şəxsiyyət Heydər
Əliyevin əziz və
işıqlı, şərəfli ömür yolu, xatirəsi
qədirbilən Azərbaycan xalqının qəlbində əbədi
yaşayacaqdır.
İbrahim
ZEYNALOV,
Bakı Dövlət Universiteti
tarix fakültəsinin dekanı, professor
Xalq
qəzeti.- 2023.-15 iyul.- S.5.