Molla Pənah Vaqifin faciəli qətli
(Əvvəli ötən sayımızda)
İbrahimxəlil
xan Şuşaya qayıdıb yenidən taxta çıxandan
sonra Əlimərdan bəyə tapşırdı ki,
günü sabah Vaqiflə oğlunun qəbirlərinin
üstünü düzəltsinlər. Dedi ki, üstündə
günbəz də ucaldın.
Məmməd
bəy Vaqifi niyə öldürtmüşdü?
İbrahimxəlil
xan Vaqifin qətlinə kədərlənib, onun qatillərini
lənətləyəndən sonra Məmməd bəy xəcalətdən
və qorxudan xanın, əsl-nəcabətli
qohumlarının, hörmətli, möhtərəm şəxslərin
gözünə görünməyə cəsarət eləmədi.
Qaçıb Kür qırağına getdi.
Cavanlığına və qolunun gücünə
arxalanıb, Qarabağın xanı olmaq eşqinə
düşmüşdü. Kür qırağında Şəkili
Məmmədhəsən xanla dost olmuşdu. Bundan xəbər
tutan şamaxılı Mustafa xan Şəki xanını
yanına çağırıb dedi:
– Bilirsən ki, mən Məmməd bəyi çoxdan axtarıram.
Ondan heyfimi almalıyam. O, atamı, qardaşımı
öldürüb. Sən onu aldadıb de ki, mən bir kor
kişiyəm (Ağa Məhəmməd şah onun bir
gözünü çıxartdırmışdı –
Ş.N.). Mustafa xanın hökmündən cana gəlmişəm.
Gəl, bircə qızımı sənə verim, sarayımda
hakim ol.
Məmməd bəy Şəki
xanının şirin dilinə, yalan vədinə
aldandı. O, bir neçə gündən sonra Məmməd bəyi
həbs etdi. Qarabağdan gətirdiyi bütün
cavahiratına, qızıl-zinət əşyalarına və
İbrahimxəlil xanın sarayından gətirdiyi külli
miqdarda puluna da sahib oldu. Əli-qolu bağlı 2 faytonu ilə,
dördnəfərlik silahlı mühafizə ilə
Şirvana aparıb, Mustafa xana təhvil verdi.
Görkəmli ədəbiyyatşünas-alim
Salman Mümtaz 1925-ci ildə “M.P.Vaqif” əsərində XIX əsr Zaqafqaziya
Şeyxülislamı Axund Molla Əhməd Salyaniyə istinad
edərək yazır: “Hərçənd Axund mərhum Vaqif
zalım cəlladlara yalvarır ki, məni öldürün,
amma bu binəva nakam oğlum Əli bəyi öldürməyin,
barı oğlumun ölümünü görməyim.
Görür əlac yoxdur, ona görə bircə oğlu
üçün cəlladlara yalvarır. O birəhimlər
baxmayıb, əvvəl oğlu Əli bəyi Məmməd bəyin
tapşırığı ilə öldürürlər,
sonra Axund mərhumu öldürüb, həmin yerdə öz
oğlu ilə qoyub gedirlər. Həmin gecə də Məmməd
bəy özü Axund Vaqifin evini qarət edib yandırır.
“Divan”ı və yaxud, “Divan”ları da yandırılır”.
Şahidlər onu da yazırlar
ki, Məmməd bəy Vaqifin oğlu Əli bəyi ona görə
öldürüb ki, qorxub ehtiyat edirmiş ki, Əli bəy
sağ qalsa, atası Vaqifin heyfini ondan ala bilər. Axı
Əli bəyin heç bir günahı yox idi. Məmməd bəyə
görə Vaqifin günahı ondan ibarət idi ki, ona baş
vəzir olmaqdan imtina etmişdi.
O vaxt İbrahimxəlil xan hələ Balakəndə
idi. Taxt-tacın yiyəsi İbrahim xan 3 aydan sonra Balakəndən
qayıdıb gəlmişdi. Bu vaxt xanlığı yiyəsiz
görən Məmməd bəy əmisi İbrahimxəlil
xanın taxt-tacına qeyri-qanuni sahib olmaq eşqinə
düşdü. Məmməd bəy yalnız Vaqifi yox,
İbrahimxəlil xana sadiq olan sarayın nüfuzlu
adamlarını aradan götürmək planı qurmuşdu.
Saraydakı bir neçə yaltaq və aravuranlar ona başa
salmışdılar ki, nə qədər ki, sən
İbrahimxəlil xanın yaxın adamlarını aradan
götürməmisən, xanlığa sahib olmaq sənə
müyəssər olmayacaq. Gec-tez İbrahimxəlil xan
qayıdacaq, onda bunlar hamısı sənin əməllərini
İbrahimxəlil xana çatdıracaqlar.
Tarixçilər yazırlar ki, vaxtilə
Vaqifin dostları olan, hətta həmişə
yaxşılıq elədiyi kimsələr belə zahirdə
Məmməd bəy Cavanşir ilə Vaqifin uyuşduğunu
görərkən gizli-gizli” şeytənətə-səayətə”
başladılar. Məmməd bəy tərəfindən
biçarə Vaqif üçün hazırlanmaqda olan
faciyeyi-dilxəraşın (ürəkparçalayan -
Ş.N.) bir an tez oynanması üçün gecə-gündüz
çalışıb çabaladılar. Onun kölgəsində
gəzənlərin əllərindəki dəstaviz Vaqifin
fövqəladə aqil, sadiq və siyasi bir şəxs
olması idi.
Vaqifin ona baş vəzir
olmağına razılıq verməyən Məmməd bəy
Cavanşir bəzi saray nadanlarının sözü ilə
ürəyində ona kin və ədavət bəsləyirdi.
Bəzi sənəd və xatirələrdən məlum olur
ki, bu nadanlar arasında erməni məlik Vanonun və erməni
məlik Cümşüdün fitvası ilə onlar
İbrahimxəlil xanın xanlığa qayıtmasını
istəmirdilər. Tez-tez saraya Məmməd bəylə
görüşə gələn bu ermənilər Məmməd
bəyi ağızdolusu tərifləyirdilər: “Əmin
deyirdilər qocalıb, dövranını sürüb,
yaşı da keçib, ona görə də 3 aya
yaxındır Balakəndə oturub istirahət edir.
Xanlığın dağılmağını,
Şuşanın viran qalmağını eyninə almır”.
Bic və xain ermənilər
onu da bilirdilər ki, İbrahim xanla Cavad
xan arasında Ağa Məhəmməd şahın Tiflis
yürüşündən sonra soyuqluq var. Tez-tez Cavad
xanın da adını çəkirdilər. Guya, Məmməd
bəyin Qarabağda xan olmasına Cavad xan ürəkdən
razı idi. Ona görə də bu mövzuda söhbət
düşəndə bəzi saray yaltaqları Məmməd bəyə
deyirdilər ki, sən İbrahim xanı, Vaqifi Qacara
qarşı vuruşmaqda düz günahlandırırsan.
Bir tərəfdə də Şuşada söhbət
gəzirdi ki, İbrahim xan bu gün, sabah qayıdacaq. Camaat belə
söhbəti açıq və bərkdən danışa
bilmirdi. Məmməd bəyin qorxusundan heç kəs
sevincini bildirmirdi. Saray əyanları – İbrahimxəlil
xanın gəlməyini istəməyənlər isə Məmməd
bəyə deyirdilər ki, əminin Şuşaya gəlməyinə
qadağa qoyub yuxarıdan İrəvan yolunu,
aşağıdan da Əsgəran yolunu bağladıbsan. Hər
iki yolda qoşun dəstəsi qoymusan ki, xan gələndə
onu Şuşaya buraxmasınlar. Onu da bil ki, İbrahim xan nə
tək-tənha gələcək, nə də əliyalın.
O, mütləq qaynı Ömər xandan mühafizə dəstəsi
alıb, onunla gələcək. Bizimkilər onun ləzgi
qoşununun qabağında tab gətirməyəcəklər.
Ona görə də inadla İbrahim xanın tərəfdarları
və Vaqiflə haqq-hesabı çürütmək
lazımdır.
Məmməd bəy saray namərdlərinin tədbir və məsləhətlərini
bəyəndi: “Bəsdir, düşmənlərimin nazı
ilə oynamağım” – dedi. Avqust ayının 10-da
Qacarın öldürülməsindən bir ay sonar 3 nəfər
yaxın adamını çağırıb belə bir
tapşırıq verdi: El-oba yatmağa hazırlaşanda gedib
Vaqifi oğlu Əli bəylə əli-qolu bağlı
Cıdır düzünə gətirirsiniz, səs-küysüz,
gecə yarısı, özüm də gələcəm.
Məmməd bəy bu cinayəti gündüz eləməkdə
ehtiyat edirdi. O, Şuşa camaatının Vaqifi necə sevməyini
bilirdi...
Məmməd bəy axundu və oğlunu Cıdır düzündə
qətlə yetirənin üçünü də
qabağına salıb Vaqifin yaşadığı Saatlı
məhəlləsinə gətirdi. Şairin birotaqlı evini
göstərib:
–Yandırın, dağıdın
onun küməsini –
dedi. Qoy, yer üzündə Vaqifdən heç bir nişanə
qalmasın.
– Bəs, arvad-uşaq harada? – deyə onların
başçısı soruşdu.
– Nə arvad var, nə də uşaq, bir oğlu idi, onu da yox
etdik. Arvadı Qızxanım da yoxdu. Onu göndərmişəm
başqa evə. Yalan deyirdi. Qızxanımı öz evinə
aparıb arvad eləmişdi. Evdən heç nə
götürməyin, bilirəm çoxlu kitabları və
kağız-dəftəri var, qoy, hamısı yansın.
Onlar cumub bir az
aralıdakı ot tayasından qucaq-qucaq ot gətirib evin
dörd yanına və içinə döşədilər...
Məmməd bəy onlara təpinib qəzəbləndi:
–Tez olun, əlli tərpənin, səhərə
az qalır. Yaxşı oldu yağış da ara verdi. Alov
güclənəndə tez əkilin ki, sizi görən
şahid-zad olmasın.
– Bəy, aynabənddəki taxça kitablarla doludur.
Orada axundun “Quran” kitabı da ola bilər, axı, yansa,
günaha batarıq...
– Dedim yandırın, vəssalam. Sən nə qanmaz adamsan, bu gecə
gözü hələ günahdan da dəm vurursan.
Alov çöldən və içəridən divarları
yalayanda ətrafa gur işıq yayıldı. Əməlindən
arxayın olan Məmməd bəy dərhal əkilib yox oldu.
Aşağı məscidin yanında
sadiq dostu parabaş Oruca rast gəldi.
Canıyananlıqla:
– Əkil, get dağılmışına,
uzan yat, heç nədən xəbərin
yoxdur.
– O nə alovdur, tüstü göyə
dirənib Saatlı məhəlləsində, Məmməd bəy?
Məmməd bəy sərt səslə:
– Canına azardı, sənin də, mənim də
düşmənimizi məhv edib, evinə od vurdum. İndi
rahat xanlığa sahib ola bilərik, – deyib dan
qaranlığında yoxa çıxdı.
Səhər tezdən müəzzin
ağlaya-ağlaya azan verir. Onun kədərlə
oxuduğu sözlər qalalıları yasa batırıb
ağladırdı.
Öldürən də məlumdur,
ölən də. Şahidlər də o
dövrdə yazılan “Qarabağnamələr”
kitablarının müəllifləri və
Şuşanın ayrı-ayrı sakinləridir.
Şəmistan
NƏZİRLİ,
yazıçı-publisist, Prezidentin fərdi təqaüdçüsü
Xalq
qəzeti.- 2023.- 15 iyul.- S.10.