Dünyanın ən gözəl
peşələrindən biri
Artıq üçüncü onillikdir
ki, müstəqil Azərbaycan Respublikası
görkəmli dövlət
xadimi, ümummilli lider Heydər Əliyevin müəyyən
etdiyi siyasi, iqtisadi, mədəni kursla inkişaf edir. Bugünkü Azərbaycan həqiqətən
də tarixdə ən güclü dövrlərindən birini
yaşayır. Sosial-iqtisadi
inkişafla yanaşı,
44 günlük müharibə
zamanı qazanılan tarixi Qələbəmiz də bunu bir
daha sübut etdi.
Dövlətçiliyin möhkəmləndirilməsi yolunda son illər görülən böyük işlər həm də milli mətbuatımızda öz əksini tapır. Yazılı və elektron medianın, sosial şəbəkələrin genişləndirilməsi, KİV-in maddi-texniki bazasının modern-ləşdirilməsi və gücləndirilməsi, fikir azadlığının bərqərar olması demokratik inkişaf baxımından mühüm addımlardandır. Mətbuatın normal fəaliyyətini təmin etmək üçün ölkə rəhbərliyi tərəfindən zəruri qanunvericilik bazasının yaradılması, KİV-ə dövlət dəstəyini əks etdirən mühüm qərarların qəbulu media üçün sərbəst fəaliyyət mühiti formalaşdırmağa yönəlib.
Hələ 25 il əvvəl Prezident Heydər Əliyevin fərmanı ilə mətbuat üzərində senzura fəaliyyətinin ləğvi ulu öndərin milli mətbuatın inkişafı naminə atdığı tarixi addımlardan biri idi. Məhz senzuranın ləğvindən sonra görülən digər analoji tədbirlər müstəqil mətbuatımızın inkişafına, Konstitusiya ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığının təmin edilməsinə şərait yaratdı. Müstəqil mətbu orqanların sayı sürətlə artmağa başladı. Bəzi beynəlxalq qurumların məqsədli və qərəzli iddialarının əksinə olaraq, Azərbaycanda mətbuat azadlığı yüksələn xətlə inkişaf etdi.
Təbii, bu yolda problemlər, həllini gözləyən məsələlər də ola bilər və var. Ancaq bütün dünyada demokratiya fasiləsiz və ardıcıl proses olduğu kimi, mətbuatın inkişaf dinamikası da daimi və davamlı mahiyyət kəsb edir. Bu dinamikada müəyyən problematika mümkündür. Məsələn, jurnalist peşəkarlığı, peşə etikası, mədəni ünsiyyət və davranış normalarına riayət və s. Ancaq bütün bunlarla hər ölkənin mediası rastlaşır, çünki, o, canlı, daima hərəkətdə olan mexanizm formasıdır. Əsas odur ki, mətbuata münasibətdə niyyət xoş olsun!
İmperiyadan qurtulan müstəqil Azərbaycan özünə qapanıb qalmadı, beynəlxalq aləmlə ünsiyyət, xariclə mütəmadi təmaslar dövlət siyasətinin tərkib hissəsi kimi ardıcıl davam etdirildi. Bu isə mətbuatın da üzərinə ciddi öhdəliklər qoydu. Ölkəmizin dünyada tanıdılması, xalqın adət-ənənələrinin, ümumbəşəri mahiyyət kəsb edən dəyərlərinin geniş arealda təqdimatı... Bunlar uzun zaman dəmir pərdələr arxasında qapalı qalan Azərbaycanın həqiqətlərinin dünyaya yayılması baxımından mühüm faktorlardır. Elektron KİV-in, xüsusən müasir dövrün tələbi olan internet resurslarının, sosial media qaynaqlarının vasitəsilə bu proses daha səmərəli və sürətli mahiyyət kəsb edir. Odur ki, mətbuatda çalışan yüksək mədəniyyətli, dərin mənəviyyatlı, geniş intellektli, dövlətçilik və vətənpərvərlik əxlaqına malik peşəkar jurnalistlərin fəaliyyətinə ehtiyac böyükdür.
Əlbəttə, unutmayaq ki, zaman-zaman mətbuat sahəsində fərqli mənzərələrin də şahidi olmuşuq. Demokratiya, əslində, mədəni, savadlı, qabiliyyətli, tərbiyəli, yetkin şüurlu insanların yaşam sistemi olsa da, bir ara köntöy, savadsız və bacarıqsız adamların demokratizmdən daha şövqlə “bəhrələnməyə” çalışdığını görmüşük. Belələri məsələnin mahiyyətinə varmadan demokratiyanı “hüdudsuz sərbəstlik”, “qoruq-qadağasız” sahə kimi qavramaqla cəmiyyətdə az qala “anarxiyaya” rəğbət aşılayıb. Total nəzarətsizliyə rəvac verən, tənəzzülə aparan bu yol, əlbəttə, məqbul sayıla bilməz... Müdrik şəxsiyyət, böyük dövlət xadimi Heydər Əliyev 1993-cü ildə yenidən idarəetmə sükanı arxasına keçməklə xalqı, Vətəni, dövləti həmin “anarxiya” uçurumundan xilas etdi.
Hər şey müqayisədə daha aydın göründüyü üçün, indi ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın, asudə mühitin qədir-qiyməti daha yaxşı bilinir. Cəmiyyətin aynası olan mətbuatın maarifçilik, dövlətçilik, vətənpərvərlik, informativlik, demokratizmə xidmət vəzifələri ilə yanaşı, həm də müstəqillik yolumuzun keşməkeşli tarixi məqamlarını da nəsillərə xatırlatmaq, tanıtmaq, yaddaşlarda yaşatmaq missiyası var. Və müasir mətbuatımız məhz bu missiyanı şərəflə daşımağa borcludur!
Dünyanın ən gözəl peşələrindən biri olan jurnalistika xalqa həqiqətləri bildirən, həm də xalqın haqq sözünü deyən, ictimai rəyə və şüurlara təsir göstərən unikal fəaliyyət növüdür. Demokratik idarəçilik mətbuata xüsusi imtiyaz və səlahiyyətlər verdiyi kimi, onun üzərinə əlavə məsuliyyət də qoyur. Bu məsuliyyət peşə etikasına riayət etməyi, peşə ləyaqətini yüksək tutmağı zəruri edir. Milli mətbuatımızda bu məsuliyyətin vicdanlı daşıyıcıları olan istedadlı qələm adamları çoxdur.
Ümumiyyətlə, peşəsinin elementar prinsiplərinə riayət etmək hər bir sahədə vacibdir. Ancaq mətbuat kimi həssas sferada bu amil xüsusilə mühümdür. Peşə etikası prinsiplərinin əsas baza müddəalarından biri - obyektivlikdir. Jurnalistin peşə borclarından biri də müxtəlif nəzər nöqtələrini obyektiv, dəqiq və qərəzsiz halda işıqlandırmaqdan ibarətdir. Mətbuatda tənqid hədəfi olan tərəfə cavab haqqı tanımaq obyektivliyin, peşəkarlığın göstəricisidir. Əgər hər hansı səbəbdən mediada texniki səhv, dəqiq olmayan ifadə, yanlış məlumat yayılıbsa, onun təkzibi və üzr istənilməsi peşə etikası çərçivəsində normaldır. Bu hal mətbu orqana başucalığı gətirir, ona inamı artırır. Tərəfkeşlik etmək, təqsirsizlik prezumpsiyasını pozmaq, xəbərə şəxsi prizmadan subyektiv şərh vermək kimi “cəlbedici” məqamlar peşəkar jurnalist amalına uyğun deyil. Hələ onu demirik ki, müəyyən təmənna ilə, yaxud maddi maraq naminə haqsızlıq edərək bilərəkdən tənqid, təhqir yazmaq, şər, böhtan xarakterli mətni çapa, yaxud ekrana, efirə vermək nəinki peşəkarlıq baxımından məqbul deyil, həm də hüquqi məsuliyyətdir. Əslində, özünü mötəbər sayan mətbu orqan nə qədər “qaynar xəbər” əldə etsə də, informasiyanı bir-neçə mənbədən yoxlamadan, tam dəqiqləşdirib düzgünlüyünə əmin olmadan yaymaz.
Sevindirici haldır ki, Birinci Qarabağ müharibəsindən fərqli olaraq, İkinci Qarabağ müharibəsi dövründə cəbhədə baş verənlərin işıqlandırılmasında ölkəmizin əksər mətbu orqanları və qələm adamları məhz bu “qızıl” qaydaya riayət etdi, ümummilli mənafeyə sadiq qaldı, Vətənə xidmət yolunu tutaraq, öz nüfuzunu və mötəbərliyini qorudu.
Bir ağrılı məqam barədə. Nədənsə bəzilərinin anlayışında əgər kimsə “yaxşı intizamlı, çalışqan məmurdursa, deməli, heç də yaxşı adam deyil”; yaxud kim “dövlətə sədaqətlə xidmət edirsə, deməli, xalqdan uzaqdır”; kim “iqtidardadırsa, deməli, bizdən deyil, yaddır”; yaxud kim “hökumət işində çalışırsa, deməli xalqı, dövləti, Vətəni yox, cibini güdür” və s. Bu, əlbəttə, reallıqla tam adekvat olmayan stereotip, şablon qəlibdir, qəribə trafaret anlayışın təzahürüdür. Nəzərə almaq lazımdır ki, reallıqla heç də həmişə üst-üstə düşməyən belə absurd “stereotiplər” sadəlövh, yanlış və gülünc olmaqla, həm də səviyyə və savadca bir o qədər də yüksək olmayan müəyyən qism insanların şüuruna pozucu təsir göstərə bilər.
Alim, müəllim, jurnalist, yazıçı, mühəndis, həkim və s. peşəsinə baxmayaraq, əsl ziyalı üçün peşə etikası, ilk növbədə, vətəndaşlıq, dövlətçilik mövqeyindən çıxış edərək həqiqəti danışmaqdır, obyektiv və prinsipial olmaqdır, öz fəaliyyəti ilə cəmiyyətin mədəni tərəqqisi, xalqın maariflənməsi naminə çalışmaqdır. Yalnız Vətənə, xalqa və dövlətə xidmət edən, cəmiyyətdaxili norma və prinsiplərə riayət edən, dəqiq, qərəzsiz, obyektiv, mədəni və etikalı jurnalist (yaxud media orqanı) tamaşaçı, dinləyici, oxucu auditoriyasının hörmətinə və inamına nail olmaqla nüfuz qazana bilər.
Hər bir peşəkar jurnalist özünün çətin, şərəfli fəaliyyətini məhz deyilən məqbul etik prinsiplər üzərində qurmaqla, xalqın və dövlətin mətbuata ayırdığı xüsusi diqqətə, hörmətə, qayğıya yaradıcı əməyi ilə cavab verə bilər.
Akif
ƏLİ,
Əməkdar
jurnalist, fəlsəfə
doktoru, yazıçı-publisist
Xalq
qəzeti.- 2023.- 22 iyul.- S.12.