Azad media Azərbaycanın
misilsiz mənəvi sərvətidir
Azərbaycanın
çoxəsrlik milli-mədəni inkişaf tariximizin ən
önəmli səhifələrindən olan ilk anadilli qəzetimiz
“Əkinçi”nin işıq üzü görməsindən
148 il keçir. 1875-ci ilin 22 iyul günündə bu qəzetin
ilk sayının işıq üzü görməsi ilə
xalqımızın yazılı söz tarixində yeni bir
yüksək mərhələnin başlanğıcı
qoyulmuşdur.
İlk
milli qəzetin banisi Həsən bəy Zərdabinin
açdığı yol ilə gedən sonrakı bir
neçə nəsil qələm sahibləri öz sələflərini
amal və əməl qəhrəmanı, mənəvi ata
sayaraq onun layiqli davamçıları olmağa
çalışmışlar. Nəhayət, 115 il sonra –
dövlət müstəqilliyimizin bərpası uğrunda
mübarizənin qələbəyə
yaxınlaşdığı 1990-cı ilin yayında milli
maraqları üstün tutan jurnalistlərin çoxillik
arzusu gerçəkləşmiş, 22 iyul anadilli mətbuatımızın
yaranması günü kimi rəsmiləşmişdir.
Artıq 33 ildir ki, milli təqvimimizin 22 iyulu ölkəmizdə
Milli Mətbuat və Jurnalistika Günü dövlət səviyyəsində,
media ictimaiyyətinin peşə bayramı kimi qeyd edilir. Milli
jurnalistikamızın yubileyləri isə daha geniş,
ümumxalq təntənələri ilə əlamətdar
olur.
Builki
media bayramı ərəfəsində son 60 ildə peşəkar
jurnalistlərimizin 2 nəslinin müəllimi olmuş Bakı
Dövlət Universiteti jurnalistika fakültəsinin professoru
Akif Rüstəmovla müsahib olduq. Qocaman müəllimmimiz
milli mediamızın keçdiyi şərəfli yol və
bugünkü durumu barədə
aşağıdakıları bildirdi:
– Milli mətbuatımızın
tarixi ilə bağlı ən önəmli cəhət ondan
ibarətdir ki, bu sivil fəaliyyət sahəsini, xoşbəxtlikdən,
hakim rus müstəmləkəçiliyi siyasətinin tələbatı
baxımdan yaratmaq cəhdləri uğursuz olmuş, ilk və
sonrakı anadilli dövri nəşrlərimiz milli
oyanış və məfkurəvi toparlanma ehtiyacından
qaynaqlanaraq ərsəyə gəlmişdir. “Zəmanə ilə
saziş”i gerçəkləşdirmək yolunda milli məktəb,
teatr və mətbuat üçbucağının zəruriliyini
ortaya qoyan Həsən bəy Zərdabi xalqın oxuyub-anlaya
biləcəyi qəzetin yaradılmasına daha böyük
ümid bəsləyərək bu sahədə misilsiz bir fədakarlıq
göstərmiş, “Əkinçi”qəzetini tarixi
qaranlığa işıq salan mayaka çevirə
bilmişdir.
Həsən
bəy “Heç olmaz ki, doğru söz yerdə qalsın”
inamı ilə zamanın “Hər bir vilayətin qəzeti gərək
onun aynası olsun”, “Qələm əhlinin müqəddəs
vəzifəsi həqiqəti yazmaq olmalıdır”
çağırışlarını Azərbaycanın
milli-məfkurəvi, ictimai-siyasi fəaliyyət sahəsinə
gətirmişdir. Haqlı olaraq deyildiyi kimi, ötən 148 ildə
“Əkinçi”nin səpdiyi toxumlardan “Ziya”, “Ziyayi-Qafqaziyyə”,
“Kəşkül” dövri nəşrləri cücərmişdi,
rusdilli “Kaspi” qəzetində milli düşüncə pöhrələmişdi,
milli problemlər zəmisini şumlayan “Şərqi-Rus”
göyərmişdi.
XX əsrin
əvvəllərində azadlıq havası əsdirən I
Rus inqilabı Həsən bəy Zərdabinin yetirmələri
və davamçıları olan Əlimərdan bəy
Topçubaşov, Məhəmməd ağa Şahtaxtlı,
Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər
Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir və
Ceyhun Hacıbəylilər, Haşım bəy Vəzirov kimi
qələm adamlarının, məfkurə və əməl
sahiblərinin gözlərini və qulaqlarını söz
deyib-eşitmək aləminə bir az da geniş
açmışdır.
İlk
gündəlik milli qəzet “Həyat”, ilk məfkurə
jurnalı “Füyuzat”, ilk satira jurnalı və xalq
tribunası “Molla Nəsrəddin”, ilk uşaq jurnalı “Dəbistan”,
ilk qadın jurnalı “İşıq” mətbuatı
xalqımızın ictimai-siyasi həyatı ilə möhkəm
və birdəfəlik bağlamışdı. Bir-birinin
ardınca işıq üzü görən “İrşad”,
“Tazə həyat”, “Tərəqqi”, “Həqiqət”,
“Açıq söz”, “Səda”, “Məktəb”, “Rəhbər”
kimi dövri nəşrlər, adlarından da
göründüyü kimi, milli haqlarına doğru
addım-addım irəliləyən xalqımızın
görən gözü, danışan dili, həqiqəti
anladan məfkurə məktəbi olmuşdu.
1917-ci
ilin fevralında II Rus inqilabının
dağıtdığı imperiyanın ucqarında Azərbaycan
dövlətçiliyini bərpa etməkdə həlledici rol
oynamış nəslin formalaşmasında, toparlanmasında,
istiqlal məfkurəsinin gerçəkləşdirilməsində
milli mətbuatımız misilsiz rol oynamışdı. Azərbaycan
Xalq Cümhuriyyətini yaradan xadimlərin əksəriyyəti
milli mətbu fəaliyyətdə yetkinləşmiş, məramlarını
dövrün kütləvi nəşrlərində
tirajlamışdılar. Bu prosesin yekununda 1918-ci ilin
sentyabrında milli mətbuatımızın daha bir ilki —
birinci dövlət qəzeti “Azərbaycan” eyniadlı dövlətin
atributlarından biri, söz və fikir
azadlığının ilk nümunəsi, timsalı kimi
işıq üzü görmüşdür. AXC hökumətinin
təsdiq etdiyi mətbuat nizamnaməsi Şərqdə ilk dəfə
söz azadlığını bəyan və təmin edən
rəsmi sənəd olmuşdur.
Professor
sonda AXC-nin süqutu ilə söz azadlığını
itirən, demokratik nəşrlərinin fəaliyyəti 71 il
dayandırılan Azərbaycan jurnalistikasının kommunist
ideoloji əlahiddəliyi şəraitində belə elmi-mədəni
yüksəlişə, sosial-iqtisadi quruculuğa, milli
düşüncənin inkişafına xidməti ilə xalqa
gərəkli olduğunu söylədi:
– Bu
dövrün milli varlığa
bağlılığını qoruyub saxlayan, peşəkarlığını
yüksəldən, maddi-texniki bazasını təkmilləşdirən,
radio və televiziyanın yaranması ilə daha böyük
auditoriya əldə edən Azərbaycan jurnalistikası sovet
epoxasının süqutu ərəfəsində artıq
öz demokratik ənənələrinə, milli
platformasına qayıda bilmişdi. Milli jurnalistikamızın
148 illik mövcudluğunun çar Rusiyası dövründəki
43, AXC zamanındakı 2 və kommunist epoxasındakı 71
illik tarixinin işıqlı- öyünclü,
tutqun-ağrılı səhifələrinə ötəri nəzər
salandan sonra dövlət müstəqilliyimizin ötən 32
ilində ölkəmizdə azad, demokratik jurnalistikanın
geniş və müasir şəbəkəsi
formalaşmışdır. Azərbaycanın dövlət
müstəqilliyi bütün maddi sərvətlərimiz kimi,
milli-mənəvi dəyərlərimizi, məfkurə
irsimizi də xalqımıza qaytardı. Milli
jurnalistikamızın ideoloji buxovları qıraraq öz
demokratik ənənələrini bərpa etdi.
Tanınmış
media mütəxəssisinin dediklərinə əlavə olaraq
bildirək ki, demokratik jurnalistikamızın milli ənənələri
sovet dövrünün son illərində gerçəkliyə
çevrilsə də, yeni azad media dövlət müstəqilliyinin
ilk illərində bir sıra obyektiv və subyektiv səbəblərdən
çətinliklərlə üzləşdi. Bir tərəfdən,
üsyançı nağıl qəhrəmanlarına bənzər
idealist demokratlar əvvəlki dövrün
jurnalistikasını süpürüb atmaq istəyirdilərsə,
digər tərəfdən, xalqa verilmiş söz
azadlığından məhəlli məqsədlərlə
istifadə etməyə çalışanların, təcrübəsiz
həvəskarların açdıqları yüzlərlə
dövri nəşr cəmiyyətdə informasiya bolluğu
yaratmaq, doğru-düzgün ictimai rəy
formalaşdırmaq əvəzinə, fikir
qarşıdurmasına, məlumat
dolaşıqlığına aparır,
dağıdıcı prosesləri körükləyirdi. Cəmiyyətdə
hökm sürən siyasi və iqtisadi böhran isə vəziyyəti
daha da ağırlaşdırırdı.
Belə
bir dövrdə — 1993-cü ilin yayında xalqın tələbi
və dəstəyi ilə hakimiyyətə qayıdıb
ölkəni sabitlik, inkişaf yoluna çıxaran
ümummilli lider Heydər Əliyev demokratik dövlətdə
azad medianın inkişafı üçün zəruri olan əsaslı
tədbirləri də vaxtında həyata keçirdi.
Qısa müddətdə kütləvi informasiya vasitələrinin
demokratik cəmiyyətdə fəaliyyətini təmin edən
hüquqi baza yaradıldı. 1998-ci ilin avqustunda Prezident Heydər
Əliyevin ölkəmizdə senzuranı ləğv etməsi
milli jurnalistika tariximizdə yeni bir dövr açdı.
Sahənin
maddi-texniki bazasını yeniləşdirmək, maliyyə-sosial
problemlərini aradan qaldırmaq üçün real təminatlar
da işə salındı. Həmişə KİV-in himayədarı
olmuş Heydər Əliyevin iradəsi ilə ədəbi-bədii
və uşaq nəşrləri dövlət himayəsinə
götürüldü, müvafiq tədbirlərlə digər
nəşrlərin də bazar şəraitində fəaliyyətinə
əlverişli şərait yaradıldı. Qəzetlərin
borclarının dondurulması və silinməsi onların
dirçəlməsinə kömək etdi.
Zəmanəmizdə
medianın gücündən bəhrələnməklə
böyük əməli nəticələr əldə etməyin
nadir örnəyini yaratmış dünya miqyaslı siyasətçi
və dövlət xadimi Heydər Əliyevin layiqli
davamçısı Prezident İlham Əliyev isə son 20 ildə
KİV-ə dövlət dəstəyinin demokratik nümunəsinə
həyat vermiş ölkə rəhbəri kimi
tanınmışdır. Dövlət
başçısının xoş məramı ilə
2008-ci ildən ölkədə gerçəkləşdirilən
KİV-ə dövlət dəstəyi konsepsiyası və 2
il əvvəl isə Media Agentliyinin yaradılması milli
jurnalistikamızın inkişafında önəmli rol
oynayır. Azərbaycan jurnalistlərin üzərinə
heç bir öhdəlik qoymadan onlara pulsuz mənzil verən
dövlət kimi də diqqəti cəlb edir. Jurnalistlər bu
təmənnasız xidmətlərə görə Prezident
İlham Əliyevi də özlərinin dostu elan etmişlər.
Artıq
Azərbaycan jurnalistikası, bütövlükdə, demokratik
əsaslar üzərində inkişaf edir. Medianın maliyyə
və peşəkarlıq problemləri sürətlə həllini
tapır. Müstəqillik illərində yenidən
formalaşmış, cəmiyyətdə mövqeyini və
nüfuzunu möhkəmləndirmiş azad medianın ən
mühüm nailiyyətlərindən biri odur ki, ölkədə
informasiyanın maneəsiz yayılması, obyektiv ictimai rəyin
formalaşması təmin edilmiş, hamının öz
sözünü demək və yazmaq imkanı gerçəkləşdirilmişdir.
Bütün
bu uğurları Prezident İlham Əliyevin dünən mədəniyyət
paytaxtımız Şuşada milli jurnalistikamızın yaranmasının
148-ci ildönümünə həsr edilmiş “4-cü Sənaye
İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal
Media Forumunda dediyi sözlər ən yüksək səviyyədə
bir daha təsdiq etdi: “Azərbaycan mediasının müstəqilliyi
bizim cəmiyyətimizin inkişafı üçün
başlıca şərtlərdən biridir. Mən çox
şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla
gedir. Xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə
vura biləcək yazılar artıq çox nadir hallarda
üzə çıxır. Yəni, bu, media nümayəndələrinin
məsuliyyətindən xəbər verən amildir”.
Mediamızın
yüksək vətəndaşlıq mövqeyi və
könüllü sosial məsuliyyət öhdəliyi isə
düşmən dairələrin qəsdlərinin
ardıcıl, qətiyyətlə
neytrallaşdırıldığı, qələbələrimizin
qorunub artırıldığı günlərdə milli
birliyin daha da möhkəmləndirilməsinə və ölkəmizin
daha da qüdrətli olmasına xidmət edir.
Tahir
AYDINOĞLU
Xalq qəzeti.-
2023.- 22 iyul.- S.12.