Bir görüşün
tarixçəsi
... 1981-ci ilin mayında SSRİ Xalq artisti, SSRİ Ali Sovetinin deputatı, dünya şöhrətli
müğənni Rəşid
Behbudov rəhbərlik
etdiyi Dövlət Mahnı Teatrının kollektivi ilə birlikdə Kürdəmirə
gəlmişdi. Rayon mədəniyyət evində
3 gün konsert oldu.
Mən o vaxt rayon qəzetində müxbir işləyirdim. Redaktorumuz mənə dedi ki, Rəşid Behbudov təsərrüfatlara gedib pambıqçılarla görüşəcək. Sən də orada ol, qəzet üçün yazı hazırla. Axşam da mehmanxanaya gedib ondan müsahibə alarsan.
...Həmin gün tarlada çalışanların hamısı əziz qonağın, böyük sənətkarın ətrafına cəm olmuşdular.
Böyük sənətkar səmimi görüşlərdən, hal-əhvaldan sonra qavalını götürüb camaata üz tutdu: “Əziz dostlar, undi də mən sizi mahnılarla salamlamaq istəyirəm”. Qarmonun müşayiətilə gözəl mahnılarından oxumağa başladı. İfasını xarici dildə oxuduğu ritmik bir mahnı ilə bitirdi. Alqış sədaları kəsilmək bilmirdi. Sakitlik yarananda dedi: “Eşitdiyiniz bu mahnı “Urdu” dilindədir. Urdu Pakistanın dövlət dilidir”.
Rəşid Behbudovun tarla əməkçiləri ilə görüşündən ətraflı qeydlər götürəndən sonra həmin gün axşam mehmanxanaya gedib ondan müsahibə almalı idim. Deyim ki, bu tapşırıq mənim üçün şərəfli bir iş olsa da, son dərəcə məsuliyyətli idi. Bir tərəfdən sevinirdim ki, bu məşhur sənətkarı daha yaxından görə biləcəyəm, onunla üzbəüz oturub söhbət aparacağam.
Əlbəttə, bu mənim qismətimə
düşən bir xoşbəxtlik idi. O biri tərəfdən isə
bərk nigaran idim. Çünki mən televiziyada onunla
aparılan bir neçə müsahibəyə
baxmışdım. Aparıcıların, həmsöhbətlərin
suallarından asılı olaraq yeri düşəndə sərtləşirdi,
yeri də düşəndə şən zarafata keçirdi.
Heç bir söz, heç bir məqam diqqətindən
yayınmazdı və hamısına da tutarlı cavablar verərdi.
Yerinə düşən, ya düşməyən sözə
də, fikrə də həssas idi. Bir sözlə,
çalışıb onun rəğbətini qazanmalı
idin.
Bütün bunları gözümün
qabağına gətirə-gətirə,
onunla bağlı görüb-eşitdiklərimi ürəyimdən
keçirə-keçirə dərin tərəddüdlər
içərisində mehmanxanaya, dahi sənətkarla söhbətə
gedirdim. 3-cü mərtəbədə, birnəfərlik otaqda
qalırdı. Mahnı Teatrının kollektivi də bu binada
yerləşmişdi.
Qapını ehmalca döydüm.
İçəridən “gəlirəm”, – deyib qapını
açdı. Özümü təqdim edib qəzetdən gəldiyimi
dedim. Bilirəm, – dedi, – redaktorunuz mənə deyib.
Mehribanlıqla məni içəri
dəvət edib əyləşməyə
yer göstərdi. Həyəcanımı hiss edirdi. Odur ki,
gülümsər halda dedi:
– Heç narahat olmayın. Əvvəlcə bir stəkan
çay içək, sonra nə qədər desəniz
danışarıq.
Çoxdan bəri məni
çulğamış həyəcanım,
deyəsən, yavaş-yavaş keçib gedirdi. Amma ona verəcəyim
sualların məsuliyyəti məni hələ də
sıxırdı.
Dedim:
– Rəşid müəllim,
nə əcəb, rayonun qonaq evində
qalmamısınız? Sizin üçün ora daha rahat
olardı.
– Bunu mənə dedilər, razı olmadım. Axı, mən tək
deyiləm, sayımız çoxdur. Hamımız ora
sığmazdıq.
– Tək Siz özünüz
qala bilərdiniz.
– Bu, necə ola bilər, mən rahat olum, bəs
kollektiv? Axı, mən onlarla bir gəlmişəm,
yaxşı-pis, bir yerdə də qalmalıyıq...
Onun bu dedikləri, eləcə də
özünə xas olan düşüncələri müsahibə
zamanı verəcəyim bəzi suallara ətraflı, dəqiq
və səmimi cavablar idi. Ona görə də bu qənaətə
gəldim ki, onunla söhbətimizi konkret sual-cavab şəklində
qurmağa ehtiyac yoxdur. Elə söhbət əsnasında
ürəyimdən keçən sualların cavabını
ondan ala bilirdim. Rayona gəlişi, xüsusilə də yaz fəslində,
yaşıl tarlaların qoynunda əmək adamları ilə
görüşləri, hər yerdə böyük hörmətlə
qarşılanması ilə bağlı təəssüratları
müsahibəm üçün maraqlı faktlar idi.
Söhbətimiz Mahnı Teatrının
üzərinə gəldi. Dedim:
– Rəşid müəllim,
yaratdığınız Mahnı
Teatrı hamının ürəyindəndir. Teatrın yaranma
zərurəti haqqında nə deyərdiniz?
O, ani olaraq fikirləşdi və
dedi:
– Mahnı Teatrı ana
südündən, ata vicdanından yaranmış teatrdır.
Sonra da gülümsəyib sözünə
əlavə etdi:
– Mən sualınıza bircə cümlə ilə cavab verdim.
Bunların nə demək olduğundan özünüz nəticə
çıxarın.
Bir cümləlik bu cavabın arxasında nələr yox idi?! Onun teatr
haqqında dediyi bu sözlərin dastanlar qədər yükü, dastanlar qədər çəkisi
vardı. Hazırlayacağım
yazıya elə o anlardaca yaxşı bir sərlövhə tapdım: “Ana südündən,
ata vicdanından yaranmış teatr”.
Dünya
şöhrətli müğənni
Mahnı Teatrına olan marağımı görüb bu haqda əlavə fikirlər də söylədi:
– Fikirləşdim ki, mahnıların,
muğam parçalarının,
rəqs nümunələrinin
təqdimatında nəsə
bir yenilik, bir dəyişiklik edim. Elə bir yenilik ki, bunlar tamaşa halında olsun. Teatra bənzər bir üslubda təqdim olunsun. Janr müxtəlifliyi və rəngarənglik tamaşaçıda, dinləyicidə
maraq yaratsın, onların zövqünü
oxşasın. Bütün
bunları nəzərə
alaraq Mahnı Teatrı yaratmaq qərarına gəldim və şükür ki,
buna nail oldum. İndi əsas
məsələ budur
ki, biz bu işin öhdəsindən necə
gəlirik və yaxud gələ bilirikmi? Qoy bunu tamaşaçılar,
dinləyicilər desin...
...Xudahafizləşib ayrılanda
dedi:
– Qəzet çıxanda ondan bir-ikisini də mənə gətirərsiniz.
...Qəzet çıxdı.
Şəkli ilə birlikdə bir səhifəlik müsahibəm
dərc olunmuşdu. Mehmanxanaya gedib qəzetin nüsxələrindən
bir neçəsini ona təqdim etdim. Maraqla alıb baxdı. Yazının sərlövhəsində
öz sözlərini
gördü: “Ana südündən,
ata vicdanından yaranmış teatr.”
Razılıq hissi ilə dedi:
– Çox sağ olun ki, mənim bu sözümü başlığa çıxarmısınız...
...O vaxtdan 42 il keçib. Hər dəfə Mahnı Teatrının qarşısından keçəndə
qeyri-ixtiyari ayaq saxlayır, Rəşid Behbudovun burada ucalan heykəli önündə dayanır,
vaxtilə onun Kürdəmirə gəlişi,
zəhmətkeşlərlə səmimi görüşləri,
maraqlı konsertlər
verməsi, xüsusilə
də onunla üzbəüz oturub həmsöhbət olduğum
o unudulmaz məqamlar gözlərimin önünə
gəlir, gözəl
ifaları qulağımda
səslənir. Onunla bağlı bu xatirələr mənim üçün tayı-bərabəri,
bənzəri olmayan bir mənəvi sərvətdir.
Bir vaxtlar böyük həvəslə yaratdığı
və daim fəxr etdiyi Mahnı Teatrı onu həmişə yaşadacaq.
Tofiq ABDULLAYEV,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Xalq
qəzeti.- 2023.- 22 iyul.- S.14.