Rəssamlara dayaq olan
mərkəz
Ölkəmizi hər il dünya
miqyasında tanıtmaq,
milli və mənəvi dəyərləri
təbliğ etmək,
uşaqlarda və gənclərdə vətənpərvərlik
ruhu, mədəniyyət
və incəsənət
sevgisi yaratmaq naminə silsilə tədbirlərin təşkil
olunduğu məkanlardan
biri də Xətai Sənət Mərkəzidir.
Düz 15 ildir fəaliyyət göstərən mərkəz üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə rəsm çərçivəsi sifarişləri üçün nümunə stendi, milli suvenirlər, posterlər, dekorasiya elementləri, neftlə çəkilmiş şəkillər sərgilənir. Burada milli ornamentləri özündə ehtiva edən qədim xalçaların nümayiş olunduğu stend də var. Mərkəzdə rəssam üçün avadanlıqların alqı-satqısı da həyata keçirilir. İkinci mərtəbədə miniatür, qrafik guşə yaradılıb. Eyni zamanda, burada yaşından asılı olmayaraq hər kəsin qatıla biləcəyi rəssamlıq kursu fəaliyyət göstərir. İstənilən yaş dövründə sənətin bütün sirlərinə yiyələnmək mümkündür. Kurslar ödənişli əsaslarla həyata keçirilir. Üçüncü mərtəbədə isə sulu boya, etüd və korifey guşəsi var. Burada Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov və digər görkəmli rəssamların çəkdiyi bir-birindən maraqlı və insan duyğularına dərindən təsir edən rəsm əsərləri sərgilənir. Qədim əşyalar, milli suvenirlər, rəsm əsərləri və s. - bunların hər birinin eyni məkanda olması buranı bir sənət mərkəzi olaraq ziyarətçilərə təqdim edir.
Mərkəzdə fərdi və silsilə tədbirlər də təşkil olunur. Belə tədbirlərə “Can Azərbaycan” Respublika Qrafika və Akvarel yaradıcılıq müsabiqəsi, “Yurdumuza bahar gəlir” Respublika Uşaq rəsm müsabiqəsi, Xocalıda şəhid olmuş igid, vətənpərvər oğullarımıza həsr olunmuş “Şəhid şəhər” rəsm festivalı və digərlərini misal göstərmək olar. Son dəfə təşkil olunan tədbirlərdən biri də YUNESCO Rəssamlar Federasiyasının üzvü, Xalq rəssamı Əşrəf Heybətovun “Xətai Əfsanəsi” adlı pannosunun təqdimatı və sərgisi olmuşdur. Burada rəssamın Səfəvi hökmdarına həsr etdiyi “Xətai dövrü”, “Qızılbaş ovçusu”, “Qızılbaş döyüşçü”, “Qızılbaş müridi savaşda”, “Xətainin poetik dünyası” və s. adda 20-yə yaxın əsəri qonaqlara təqdim olunur.
Dünya Sulu Boya Mərkəzinin üzvü olan qalereyaya həm ziyarətçi, həm də alıcı qismində yerli və əcnəbi sənətsevər turistlər də təşrif buyururlar. Onların buraya cəlb olunması mərkəz kollektivinin qarşısında duran vacib məsələlərdəndir. Məkanı çox bəyəndiklərini deyən turistlər daha çox abstrakt mövzularda çəkilən rəsm əsərlərinə maraq göstərir, bu rəsmlərdə qeyri-adi, insan fikirlərinin sərhədlərini aşan nələrsə tapmağa çalışırlar.
Fidan HÜQUQQIZI
Xalq qəzeti.- 2023.- 22 iyul.- S.14.