Ermənilərin Zəngəzur
soyqırımı
“Birinci Dünya müharibəsi illərində Osmanlı dövləti ərazisindən Qərbi Azərbaycan ərazisinə kütləvi surətdə doluşan 50 min nəfərə qədər hay toplumunun önündə gələn silahlı quldur dəstələri bu yerlərin əzəli sahibləri olan türk-müsəlman əhalinin qəniminə çevrilmişdilər. Türk soyuna qarşı barışmaz bir nifrətlə coşdurulub vəhşiləşdirilmiş bu siahlı bandalar soy-daşlarımız yaşayan hər bir yaşayış məntəqəsini dağıtmış, dinc, əliyalın əhalini kütləvi qırğına məruz qoymuşdur”.
XX əsrin
əvvəllərindən başlayaraq erməni
quldur dəstələrinin, 1918–1920-ci illərdə
isə daşnak erməni ordusunun
Qərbi Azərbaycan ərazisində soydaşlarımıza
qarşı törətdiyi kütləvi qırğınlar mövzusunun fəal
araşdırıcılarından olan
Bakı Dövlət Universitetinin müəllimi Qismət Yunisoğlu qəzetimiz üçün
bu açıqlamasının davamında
bildirdi:
– Əlləri soydaşlarımızın günahsız qanına bulaşmış həmin terrorçu dəstələrinin başçıları A.Ozanyanın, D.Kanayanın, Q.Njdenin, P.Ter-Davtyanın məqsədi, ilk növbədə, Zəngəzur qəzasını işğal edib, əhalisini soyqırıma məruz qoyub yaratmaq isdədikləri “Böyük Ermənistan”a qatmaq olmuşdu. Bu silahlı quldur dəstələrinin əsas cəbbəxanası, hərbi düşərgələri və “görüş-təlimat yerləri” Qafan–Gorus cəbhə xəttində (Mehri və Xustup dağları əhatəsində) erməni kilsə şəbəkəsi olmuşdu. Əsrlər boyunca Azərbaycana qarşı kilsə və xəyanətkar dəstələr səviyyəsində qəsbkarlıq xətti yeridən ermənilərin XX əsrdə daşnak ideologiyası ilə silahlanaraq apardığı sistemli soyqırımı və deportasiya siyasəti bu dəfə heç bir coğrafi və mənəvi sərhəd tanımamışdı.
Silahlı hay quldurları o zaman Zəngəzurda türk-müsəlman mənşəli yaşayış məntəqələrinin dinc sakinlərinə qarşı törətdikləri soyqırımı ilə yanaşı, xalqımızın maddi-mənəvi və mədəni abidələrini də qarət və yerlə-yeksan etmişlər. Ən faciəvi hal odur ki, onların bir sıra abidələrimizin mənşəyini zorla özlərinə bağlamaları sovet dövründə bu yerlərlə bağlı tariximizin önəmli səhifələrinin beynəlxalq aləmdə təbliğ və təşviq edilməsinə maneələr yaratmışdı.
Hay kilsəsinin Azərbaycan hüdudunda yürütdüyü düşmənçilik siyasətinin mahiyyəti dəyişməz qalsa da, quldur toplum tarixi dövrə uyğun olaraq ayrı-ayrı ərazilərdə (Cənubi Azərbaycanda, Qarabağın dağlıq hissəsində, aran və dağlıq Şirvanda, Borçalı və Dərbənd nahiyələrində) müxtəlif üsul və vasitələrdən, qaydalardan istifadə etmişdir. 1918–1920-ci illərdə düşmənin əsas hədəfində olan Zəngəzur və Qarabağ qəzalarında hay quldurlarının A.Ozanyanın, Q.Nijdenin, A.Srvantstyanın başçılığı ilə törətdiyi soyqırımında məkrli və məqsədyönlü niyyətlər gizlənmişdi.
– Gəlmə erməni
toplumuna yurd-yuva vermiş, hayan durmuş xalqımıza qarşı planlı
qəsdin, gizli niyyəttin hədəfləri
nə idi?
– Özü xəyanətkar xislətdə olan, özgələrin əlində isə xalqımıza qarşı alətə çevrilmiş feodal təfəkkürlü erməni millətçilərinin ilkin məqsədi, güclü dövlətlərin müsəlman-türk dünyasına qarşı yönəlik siyasətlərinə uyğun olaraq, təbii və mədəni sərvətlərlə zəngin ərazilərimizi ələ keçirmək, hay-qriqorianları dünyaya bu yerlərin həqiqi sahibləri kimi təqdim etmək idi. Bundan əlavə, onlar Zəngəzur qəzasının və digər bölgələrin əhalisinin qətliamı, yurd-yuvalarının dağıdılması, tarixi-mədəni abidələrinin yer üzündən silinməsi ilə buradakı tarixi izlərimizi yox etmək, təbii sərvətlərin mənimsənilməsinə nail olmaq istəyirdilər. Zəngəzur qəzasını ələ keçirdikdən sonra isə ermənilər Qarabağ və Naxçıvan ərazilərinə də iddia edilməsi istiqamətində saxta zəmin yaratmaq niyyətində idilər.
Daşnak siyasətçilər, hay-qriqorian kilsəsi və onların silahlı qruplaşması Zəngəzur qəzasında qanlı faciələrə imza atmaqla bu mənfur niyyətlərinə çatmışlar. Onlar 1918–1920-ci illərdə bu qəzanın 115 müsəlman-türk yaşayış məntəqəsini yerlə-yeksan edərək, 10 minlərlə dinc sakini soyqırımına məruz qoymuşlar. Daşnak quldurların qanlı cinayətlərinin sübutu kimi, ayrı-ayrı nahiyələrdə soyqırımının və maddi-mədəni irsimizə qarşı təcavüzün miqyası daha genişdir. Qəzanın Mehri, Qarakilsə, Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl... nahiyələri belə vəhşi hücumların hədəfində olmuşdur.
Bu dövrdə A.Ozanyanın bandası Qarakilsə nahiyəsində 58 müsəlman-türk kəndini (Urud, Vağədü, Ağdü, Qızılcıq, Şəki, Dəstəgur, Qızılşəfəq, Ərəfsə, Comərdli, Sofulu, Murğuzlu...) yerlə-yeksan edərək, əhalisini qətlə yetirmişdir. Ürəyi soyumayan bu qaniçənlər qədim Alban məbədlərini, qoç və günəş şəkilli qəbir daşlarını, bir sıra memarlıq tikililərini də məhv etmişlər. Dəstəgur kəndində yaşı 2 min il olan qədim Alban qəbiristanlığı (hündürlüyü 2 metrə çatan, naxışlı və yazılı baş daşları, sənduqələr) dağıdılmışdır. Kənddə fəaliyyət göstərən Şamxal Əfəndinin dünyəvi və dini məktəbi isə yandırılmışdır. Qonşu Vağudi kəndinin qədim memarlıq tikintisi olan məscid 400 nəfər dinc sakin içəri doldurulduqdan sonra partladılmış, yerdə qalan əhali gülləbaran edilmişdir. Sofulu kəndi yaxınlığındakı “Qırxlar piri” adlanan müqəddəs ziyarətgah da hay hücumları zamanı dağıdılmışdır.
Zəngilan nahiyəsinin Ağalı kəndini Qubadlı şəhəri ilə birləşdirən ticarət yolu üstündə, Zəngəzur dəhlizindən 50 kilometr aralıda yerləşən, 500 illik tarixi olan Hüseynbəyli məscidi, Zəngilan-Qubadlı avtomobil yolunun Zilanlı kəndi ərazisindən keçən hissəsində olan qədim məscid yandırılaraq qarət edilmişdir. Bu məscidlərin yeri keçən əsrin 80-90-cı illərinədək qalırdı.
Nahiyənin bu hissəsindəki qədim Sürməli kəndinə edilən hücumlar bu yaşayış məntəqəsinin yer üzündən silinməsi və əhalisinin qonşu Xocahan kəndində məskunlaşması ilə nəticələnmişdir. Bir cəhəti də qeyd edək ki, Zəngilan nahiyəsinə basqın edən quldur A.Ozanyan və Q.Njdenin dəstələrinə Gorus və Qafan nahiyələrinin haylar yaşayan Gərəvünc, Xınzirək (bu kənd əvvəllər Almalıq adlanıb) Zeyvə, Ağavurd, Şurnux kəndlərinin də sakinləri kömək etmişlər.
–
1918-ci ildə yaradılmış Azərbaycan Fövqəladə
Təhqiqat Komissiyasının üzvü
N.M.Mixaylovun hesabatında göstərilmişdir
ki, Zəngəzur qəzasının 115
müsəlman-türk kəndi erməni quldurları tərəfindən
dağıdılaraq yer üzündən
silinmiş və 10 mindən çox dinc sakin qətlə
yetirilmişdir.
– Bəli bu, qısa statistika qanla yazılmış uzun faciələr silsiləsini ifadə edir. Bu faciələr daşnakxislət bolşeviklər S.Şaumyan və A.Mikoyan və tərəfindən Azərbaycanın digər bölgələrində də davam etdirilmişdir. Xalqımızın soy-kökünə qənim kəsilmiş, qanına susamış daşnaklar bununla kifayətlənməyərək maddi-mənəvi irsimizə də qənim kəsilmişlər.
Zəngilan nahiyəsinin Malatkeşin kəndinin qərbində, Əsgülüm silsiləsinin suayırıcında XIV–XV əsrlərinin yadigarı olan eyni adlı qala da (fateh Əmir Teymur 1401-ci ildə Naxçıvan yürüşündə burada olmuşdur) düşmənlərin hədəfindən yayınmamışdır. Bu nahiyənin mərkəzi olan Zəngilan şəhərinin əsası olan Pirçiban kəndindən şərqə doğru 2 kilometr aralıda “Qızıldaş” yüksəkliyində müqəddəs ziyarətgah, Ağalı kəndi ərazisində Azıx mağarası yaşında olan 7–8 mağara, Həkəri çayının sol sahilində yerləşən Məmmədbəyli kəndində qədim türbələr (X–XI əsrlərə aid) və məscid, eləcə də kənd qəbiristanlığı yerlə-yeksan edilərək, qiymətli yazı, qəbir (qoç şəkilli, günəş təsvirli sənduqələr) nümunələri oğurlanmışdır. Mənfur niyyətlərini Genlik və Müşülan kəndlərində davam etdirən ermənilər 1967–1968-ci illərdə qəbiristanlıqda qoç şəkilli qəbirləri oğurlamış, məscid divarındakı yazıları pozub yerində hay işarələri çəkmişlər.
Zəngilan nahiyəsinin Şatarız, Beşdəli kəndləri ilə Qafan nahiyəsinin Saf kəndi arasında, Xusdub və Meydan dağlarının sinəsindəki 130 hektarlıq şərq çinarı meşəliyini 1918–1920-ci illərdə vəhşi haylar doğrayıb aparmışlar. Zəngəzur qəzasının Qafan nahiyəsində müsəlman-türk mənşəli Pürülü, Armudlu, Müsəlləm, Pəhyan, Gıhı (əhalisinin sayına görə ən böyük kənd olub) kəndlərinin yaşı minilliklərlə ölçülən tarixi qəbiristanlıqları dağıdılmış, bir çox qəbir nümunələri daşınaraq aparılmışdır.
Erməni vandallarının dağıntılarının və qarətlərinin izlərinə Qubadlı nahiyəsinin də bir çox yerlərində rast gəlinirdi. Padar və Balasoltanlı kəndləri arasındakı “Məscidli” yeri, Çərəli kəndi ətrafında “Şeyx Əfəndi” piri, “Xəçin dərəsi” piri, “Sofulu” piri, “Mavdan” piri, “Yolaşan” piri, Boyunəkər kəndində 200 illik yaşı olan Hacı Hürcahan gümbəzi, Dondarlı kəndinin 8 kilomertliyində memarlıq üslubunda tikilən, 18 metr hündürlüyü olan günbəz də 1918-1920-ci illərdə quldur basqınlarına məruz qalmışdır.
Ümumiyyətlə, Zəngəzur qəzasının Zəngilan, Qubadlı, Qafan, Laçın nahiyələrinin əhalisinə qarşı hay daşnaklarının törətdiyi kütləvi soyqırım aktları və tarixi zənginlikləri özündə yaşadan maddi-mədəni abidələrinə qarşı vəhşilik 1918–1920-ci illərdə genişmiqyaslı, dağıdıcı və hədsiz dərəcədə faciəli olduğundan daha dərindən tədqiqat aparılması zəruridir.
Hazırladı:
Tahir AYDINOĞLU,
Xalq qəzeti 2023.- 7 yanvar.- S.7.