Ağdam Çörək Muzeyi
Dünyada iki nadir ünvandan biri
Çörək muzeyinin Ağdamda yaradılması təsadüfi deyil. Qarabağın əlverişli təbii-coğrafi şəraiti, yararlı münbit və bərəkətli torpaq sahələri, son dərəcə münasib iqlimi, zəhmətsevər babalarımızın bu torpaqları böyük qayğı ilə əkib-becərməsi, süni suvarmadan bacarıqla istifadə edərək uzun əsrlər boyu əkinçilik mədəniyyətində qazanılan zəngin təcrübə taxılçılığı bu yurdun əsas təsərrüfat sahələrindən birinə çevirmişdir.
Azərbaycan tarixçisi Mirzə Camal Cavanşir Qarabağinin (1773-1853) “Qarabağ tarixi” əsərində və digər qaynaqlarda xanlığın coğrafi şəraiti, iqlimi, əlverişli torpaq örtüyü, əkin-biçin sahələrində işlədilən əmək alətləri və taxılçılığın inkişafı ilə bağlı maraqlı məlumatlar vardı. Həmin məlumatlardan görünür ki, Qarabağ öz bol taxılı ilə fərqlənib. Akademik Ə.Sumbatzadənin məlumatına görə, təkcə 1830-32-ci illərdə Qarabağdan 2090000 pud taxıl məhsulu yığılmışdır.
Qarabağ taxılçıları yerli şəraitə uyğun buğda növü yaratmışdılar. Xalq təcrübəsi nəticəsində yaradılmış “Qarabağ” buğda sortu quraqlığa, xəstəliyə, dözümlüyünə, məhsuldarlığına görə diqqəti cəlb edirdi. Ağdamın ağsaqqal əkinçilərinin dediyinə görə, bu sortun un çıxımı da yüksək olub.
Zəngin və çoxəsrlik təcrübəsi olan Qarabağ taxılçıları müxtəlif kənd təsərüffatı sərgilərində fəal iştirak edərək, mükafata layiq görülmüşdülər. 1882-ci il Moskva sərgisinə əkinçilikdə işlədilən əmək alətləri, Xan qızı Xurşidbanu Natəvan tərəfindən buğda, darı, arpa və digər dənli bitkilərin nümunələri göndərilmişdi.
Ağdamda bir neçə ailəyə mənsub şərikli xırmanlar olmuşdur. Xırman adətən, onun adı ilə məlum olaraq sevinc, şadlıq yeri olub yüzillər, miniillər boyu. Xırmanın önündə diz çöküblər, çörək təki müqəddəs sayıblar. Xırman ətəyi, bərəkət ətəyi – deyimi də xırmana ruzi, bərəkət yeri kimi münasibətin yekunu olaraq meydana çıxıb.
El-oba arasında əkin-biçinlə əlaqədar bəzi istilahlar yaranmışdır. Taxılı biçənlərə biçinçi, taxılı döyənlərə döyünçü deyiblər. Biçinçilər taxılı biçdikcə bafaları yığırdılar bir yerə. 1 bafa biçinçinin 4 əl tutumu sünbülə bərabər idi, 4 bafa sünbül də 1 dərz adlanırdı. Sonra dərzləri qalaq-qalaq toplayardılar bir yerə. 10 dərzin bir yerə yığılması pencə (xara), 10 pencə isə xotman, ya da xotum adlanırdı. Dərz bağlanılan küləşə bəndəm deyirdilər. İl bollu-bərəkətli gələndə 1 pencədən 2-3 kəviz taxıl çıxırdı. 1 kəviz 6 çanaq, yəni 2 puddur; 1 pud da 16 kq-a bərabərdir. Beləliklə, bafa-bafa, dərz-dərz qotmanlanan (dərzlərin sünbül tərəfi içəri yığılır) taxıl döyülmək üçün xırman yerinə daşınırdı.
Keçmişdə Ağdamda hər kəndin tanınmış çörək bişirəni olub. Bişirdikləri çörəyin ətrindən bilmək olurdu ki, kim çörək bişirir. Çörək adını iftixarla daşıyanlar çörəyin yaxşı çıxması üçün əllərindən gələni əsirgəmirdilər. Elin toy-düyündə bişirdikləri çörəklər adnan deyilib.
Azərbaycanda əkinçiliyin, xüsusilə taxılçılığın keçmiş olduğu tarixi inkişaf yolunun, eyni zamanda, zəngin çörəkbişirmə ənənələrinin, xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlərinin təbliği və qorunması, insanlarda taxıla, çörəyə hörmət və ehtiram bəslənilməsi məqsədilə 1983-cü ildə Ağdamın mərkəzində çörək muzeyi təşkil edilmişdi. Bu, əsl əkinçilik muzeyi idi. Dünyada ikinci olan Ağdam Çörək Muzeyi daşından, divarından un qoxusu, taxıl, çörək ətri gələn qədim su dəyirmanının yerində yaradılmışdı.
Ağdamın ağsaqqalları söyləyirlər ki, vaxtilə Qarabağda məşhur Kərimbəylilər nəsli olub. Hətta deyilənə görə, onlar Qarabağ xanlığının banisi Pənahəli xanla da yaxınlıq eləyiblər. Onu da söyləyirlər ki, Kərim bəy Qafqaz canişinliyi ilə də yaxşı münasibətdə olub. Ağdamdakı Çörək Muzeyinin yerləşdiyi dəyirmanı da Kərim bəy 1911-ci ildə alıb. Amma Kərim bəyə qədər bu dəyirman böyük bir ömür sürüb, Qarabağ camaatının dadına yetib. Dəyirmana dən üyütməyə Ağdam, Bərdə, Füzuli, Yevlax, Cəbrayıl, Ağcabədidən başqa Laçın, Zəngilan, Qubadlı tərəflərdən də camaat taxıl gətirirdi. El arasında haqqında əfsanələr dolaşan bu dəyirman təkcə taxıl üyüdülən yer olmayıb, həm də əyləncə, söhbət, uzun qış gecələrində qonaqların qaldığı bir məkan idi. Qonaqlar dəyirmanın işığına, isti çörəyin ətrinə yığışaraq, bir-birinə ürək qızdırardılar. Səhərəcən şirin söhbətlərdən doymazdılar. Məlumat var ki, bir vaxtlar bu dəyirmanda sutka ərzində on tona yaxın birinci növ, səkkiz ton ikinci növ un və yarma istehsal edilirdi. O dövr üçün, bu, əlbəttə ki, böyük rəqəm idi.
Ağdam Çörək Muzeyinin bərəkət ocağı dəyirmanda yaradılmasının rəmzi mənası vardı. Dəyirmanın nəinki xarici görkəmi, həm də onun daxili səliqə-sahmanı da bərpa edilmiş, burada abadlıq işləri aparılmışdı. Divarları taxılla, çörəklə bağlı el deyimləri, aforizmlər, klassik şairlərimizdən şeir nümunələri bəzəyirdi.
Muzeydə çoxlu taxıl və çörək nümunələri, cürbəcür sünbül növləri, arpa, darı, çəltik bitkiləri, cütcü xurcunu, toxumçu torbası nümayiş etdirilirdi. Qədim əkin-biçinlə bağlı əmək alətləri üçün xüsusi guşə ayrılmışdı. Xış, kotan, mala və digər biçin və döyüm alətləri, sürtgəclər, dəyirman daşı, kirkirə, həvəngdəstə, sac, təndir, qədim çörəkbişirmə əşyaları (xəlbir, teşt, tənha, çanaq və s.) muzeyə gələnlərin böyük marağına səbəb olurdu. Taxıl becərmək üçün işlədilən quraşdırma oraqlar (çin), daş və sümük toxalar, daş oraqlar, vəl, şana, arpadöyən, çəltikdöyən alətlər muzeyin ən qiymətli eksponatları idi.
Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində nankor qonşularımız – erməni qəsbkarları torpaqlarımızın 20 faizini işğal etmiş, var-dövlətimizi talamış, tarixi dəyərlərimizi, maddi mədəniyyət abidələrimizi, milli-mənəvi sərvətlərimizi, o cümlədən Ağdam Çörək Muzeyini də yerlə-yeksan edərək, babalarımızın, nənələrimizin qiymətli yadigarlarını qarət edib aparmışdılar.
Bununla belə xalqımız ruhdan düşmədi və sabaha böyük ümidlə baxdı. 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şanlı zəfəri bu həsrətə son qoydu. Azərbaycan əsgəri Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməyə və ərazi bütövlüyümüzü bərpa etməyə müvəffəq oldu. Hazırda işğaldan azad olunan ərazilərdə böyük tikinti quruculuq layihələri həyata keçirilməkdədir. Prezident İlham Əliyev xalqımıza müraciətində demişdir: “Dağıdılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.
Tofiq BABAYEV,
tarix üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi
Xalq qəzeti .- 2023.- 7 yanvar.- S.11.