Yüküm Təbrizdə qaldı...
Sil gözün yaşın, Qaragilə,
ağlama bəsdi!
Folkor xalqın
bədii-fantastik tarixidir. Əgər tarixçi
məlum faktlara, sənədlərə əsaslanırsa,
xalq yaradıcılığında
bədii-fəlsəfi məntiq
dünyaduyumu ilə birləşərək cəmiyyət
həyatını obrazlı
təfəkkür aynasında
əks etdirir.
Ağ dəvə düzdə qaldı,
Yükü Təbrizdə qaldı.
Oğlanı dərd apardı,
Dərmanı qızda qaldı.
Folkorumuzun janr sistemində yığcam mətn strukturu, dərin lirizm ilə seçilən bu bayatıda tarixi torpaq itkisi, Vətənin ağrı-acıları,
xalqın ayrılıq
dərdi Təbriz, Araz nisgili ilə
dil açır. O nisgil ki, Arazın Təbrizi Bakıya həsrət qoymuş sərhədə çevrilməsini
bədii şəkildə
tarixləşdirir.
Su durdu, çayda qaldı,
Şərur bu tayda qaldı.
Arazı
ayırdılar,
Təbriz o tayda qaldı.
Yol çəkilir düz yerdən,
Hamar yerdən,
düz yerdən.
Haraylaram
Təbrizi,
Əlli yerdən, yüz yerdən.
Araz, Araz, xan Araz.
Gəl eyləmə
qan Araz.
Qardaş
dəryada qaldı,
Nə axırsan,
yan Araz.
Yüküm Təbrizdə qaldı...
Azərbaycanın döyünən
ürəyi, tarixlərə
şahid olan, özü də uzun bir tarix
yazan Təbriz! Zaman-zaman ürəyinə
qardaş dağı çəkilən, göz
yaşı Araza qarışan ana şəhər, ulu diyar! Ağısını
“Baş sarıtel”də,
nisgilini “Qürbəti”də,
göynəyini “Xan çobanı”da, harayını
“Cəngi”də, qəzəbini
“Misri”də səsləndirən,
yarası hər vaxt qan verən
Təbriz! Adına “Tibriz” dedilər, “Tavreş” dedilər, “Tauri” dedilər.... “Atəş”ə bağladılar, “dağ”a
söykədilər, “qala”
adlandırdılar. Tarix
yazan keçmişinin
ağırlığında kölgələndilər, “narahat
şəhər”, “bulanıq
diyar” damğası vurdular... Ərənlərin
yurdu Təbriz, doğma övladların isə sənin dərd yükünü ağıya, bayatıya çevirdilər:
Gün çıxdı, gündüz
oldu,
Yollarım dümdüz oldu.
Çox
el-oba dolaşdım,
Məskənim Təbriz oldu.
Təbrizdə məzə qaldı,
Əlimdə kuzə qaldı.
Yadlar gəldi görüşdü,
Ayrılıq bizə qaldı.
Yüküm Təbrizdə qaldı...
Bu yük sənin
döyüş meydanlarında
at oynadan, qılınc
tutan, namərdləri
diz çökdürən,
mərdləri sevindirən,
basdığını kəsməyən
qəhrəman keçmişinin
ardında namərdlərdən
hələ də ala bilmədiyin qisasındır,
halal-hümmət haqqındır.
Bu yük Koroğlunun
Qıratının nərəsi,
Misri qılıncının
qında qalan ağrısıdır, Təbriz!
Mǝndǝn salam olsun ǝcǝm oğluna,
Meydana girǝndǝ, meydan mǝnimdi!
Qıratım köhlǝndi, özüm
qǝhrǝman,
Çalaram qılınçı, düşmǝn
mǝnimdi.
Meydana girǝndǝ meydan tanıyan,
Haqqın
vergisinǝ mǝn dǝ qanıyam;
Bir igidǝm, igidlǝrin xanıyam,
Bu ǝtrafda bütün hǝr yan mǝnimdi!
Adımı soruşsan, bil,
Rövşǝn olu,
Atadan, babadan sinsim Koroğlu.
Mǝnǝm bu yerlǝrdǝ
bir dǝli, dolu,
Gündoğandan ta günbatan mǝnimdi!
Əsrdən-əsrə,
nəsildən-nəsilə keçən itkin mirasımızın keşiyində
duran, bu bitib-tükənməz xəzinəni
el-el, oba-oba toplayıb
xalqın özünə
qaytaran, “Balaca Qara balıq” nağılında azadlığın
göl deyil, okean ümmanını arzulayan, haqq səsi dəryalarda boğulan Səməd Behrənginin qisasıdır
bu yük... Xalq belə ağladı şəhidini,
belə ağladı ziyalısını:
Araza səd vurdular,
Səmədi boğdurdular.
Kəsdilər mərd əsərin,
Güllərin soldurdular.
Gecənin ilk banıdır,
Səhərin sübh danıdır.
İçmərəm Araz suyun,
Səmədin al qanıdır.
Yüküm Təbrizdə qaldı...
Bu yük güneyli
soydaşlarımızın doğulandan dilinə, dodağına vurulan kiliddən püskürən
qana bələnib.
“Dəvəçi”nə – “Şotorban”, “Daş körpü”nə –
“Polo səngi”, “Alaqapı”na – “Dərbi-əla”, “Meydan çayı”na – “Mehranrud” dedilər. Ancaq xalqın iradəsi qırılmadı,
bayatısında, nəğməsində
haqq səsini nəsillərə, sabahına
ötürdü:
Bizim yerdə yad olmaz,
Düşmən bağrı şad olmaz.
Quruçay, Quruçaydır,
Dönüb Şahabad olmaz.
Bütün bu haylar-haraylar Güney qardaş-bacılarımızın
zaman-zaman farslaşdırılan,
kökündən, ululuğundan
qoparılan tarixidir, milli-mənəvi varlığıdır. Bu dildə Dədəm Qorqudun öyüdü, Koroğlunun döyüşü,
Vaqifin gözəlləməsi,
Sabirin qınağı
dastanlaşıb, əbəbi
salnaməyə dönüb.
Araz dərdini daşıyan, qardaş həsrəti ilə qovrulan Şəhriyarın
naləsidir bu yük:
Heydərbaba, gün dalıvi
dağlasın,
Üzün gülsün, bulaqların
ağlasın,
Uşaqların bir dəstə
gül bağlasın,
Yel gələndə, ver gətirsin bu yana,
Bəlkə, mənim yatmış bəxtim oyana.
Heydərbaba, göylər bütün
dumandır,
Günlərimiz bir-birindən yamandır,
Bir-birizdən ayrılmayın amandır,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə
salıblar.
Bir soruşun bu qarğımış fələkdən,
Nə istiyir bu qurduğu kələkdən?!
Deynən keçirt ulduzları ələkdən.
Qoy tökülsün,
bu yer üzü
dağılsın.
Bu şeytanlıq qurğusu
bir yıxılsın.
Yüküm Təbrizdə qaldı...
Bu yük Təbriz toylarının nəğmələrində
qanad açıb uçan “sarvanlar”ın sorğusudur, halayların çağırışıdır, Təbriz “Qaragilə”sinin bayağılaşdırılan misralarının hıçqırtısıdır:
Əlində çaxır,
Gözləri axır,
Mən baxan yara, Qaragilə,
Gör kimlər
baxır?
Lakin sən ən sadə, ən səmimi, ən təmiz hisslərdən yoğrulmuş bir məhəbbət nəğməsiydin,
Qaragilə:
Evində
qarman, Qaragilə,
Veriri fərman.
Xudam eyləsin, Qaragilə,
Dərdivə dərman.
Yükü Təbrizdə qalan,
Arazı lilləndirən,
qum ilə
doyurulan, qardaşı
qardaşa həsrət
qoyan bu dünyada Dədəm Qorqudun bir öyüdü,
nəsihəti də var qulaqlarımızda:
Qara eşşək başına
üyən ursan qatır olmaz!
Qaravaşa ton geyirsən xanım olmaz.
Əski
pambıq bez olmaz,
Qarı
düşmən dost olmaz...
Düşmənin qarıdır, qaraniyyətlidir,
Qaragiləm:
Gəlmişəm otağına
Oyadam səni
Qaragiləm, oyadam səni
Yükün tarixlər qədər
ağırdır Təbrizim:
Su durdu, çayda qaldı,
Şərur bu tayda qaldı.
Arazı
ayırdılar,
Təbriz o tayda qaldı.
Yol çəkilir düz yerdən,
Hamar yerdən,
düz yerdən.
Haraylaram Təbrizi,
Əlli yerdən, yüz
yerdən.
Sən bu zülm, haqsızlıq, ayrılıq yükündən tezliklə, birdəfəlik qurtulacaqsan, Güney Azərbaycanım!
Mətanət
ABBASOVA,
AMEA-nın Folklor İnstitutunun Cənubi
Azərbaycan folkloru şöbəsinin müdiri
Xalq qəzeti .- 2023.- 14 yanvar.- S.5.