Şuşanı bir boy da ucaldan tarixi gün
Bu gün
Şuşada görkəmli dövlət xadimi, şair Molla Pənah
Vaqifin muzey-məqbərə kompleksinin
açılışından düz 41 il
keçir. Tariximizin rəmzi olan Vaqifin yeri
sağlığında da, əbədiyyətə
qovuşandan sonra da elə Şuşa kimi,
Cıdır düzü kimi ucalarda olub.
...Hələ
1967-ci ildə ulu öndər Heydər Əliyev Şuşada
olarkən Vaqifin məzarını ziyarət etmək istəyib.
Yerini bilməyiblər və məhz onun göstərişi
ilə məzar tapılıb. Heydər
Əliyev bərbad halda olan məzarı ziyarət edib və
Vaqifə layiq olmadığını söyləyib. Sonra onun göstərişi ilə məzarın
üstündə abidə və türbənin tikintisinə
başlanıb. 1982-ci ildə Elmlər
Akademiyasının (indiki AMEA) həqiqi üzvü, sənətşünaslıq
doktoru Ə.Salamzadə və əməkdar memar E.Kanukovun layihəsi
əsasında hazırlanan türbənin inşası sona
çatıb.
Qarlı bir gündə, yanvarın 14-də orada Azərbaycan
rəhbəri Heydər Əliyevin iştirakı ilə məqbərənin
açılış mərasimi keçirilib. Şuşaya
tanınmış, istedadlı sənət adamları
toplaşıblar. Həmin gün əsl
milli mədəniyyət və sənət bayramına
çevrilib. Heydər Əliyev hər il
Vaqif Poeziya Günlərinin keçirilməsi barədə
göstəriş verib.
...Prezident
İlham Əliyev 2021-ci ildə azad Şuşada Vaqifin məqbərəsinin
əsaslı bərpadan sonra açılışı
zamanı bildirib ki, Qarabağın dirçəldilməsi ilə
bağlı ilk göstərişlərindən biri də məhz
bu məqbərənin bərpası barədə olub. Həmin
səfər zamanı Şuşanın 28 il yarımlıq
işğalı dövründə
dağıdılmış məşhur məscidləri, ermənilər
tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlər
Natəvanın, Üzeyir Hacıbəylinin,
Bülbülün büstləri gətirilərək mərkəzi
meydanda qoyulub. Vaqifin məqbərəsi və
büstü də yenidən açılaraq ikinci həyatına
qovuşub. Həmin il avqustun 30-da isə
Prezident Şuşada Vaqif Poeziya Günlərinin
açılışına gəlib. Dövlət
başçısı deyib: “Əziz dostlar, təxminən, 40
il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə
o tərəfdə durmuşdum. Şaxtalı-qarlı
havada Vaqifin məqbərəsinin açılışı
idi. Ondan sonra ikinci dəfə 1982-ci ilin
iyul ayında – iyulun 29-da atamla bərabər ikinci dəfə
Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri
keçirilirdi. Bu gün isə ikinci dəfə
Vaqifin məqbərəsinin açılışını
biz qeyd edirik. Vaqif Poeziya Günləri
keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri
hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi
məna var, tarix təkrarlanır. Azərbaycan
tarixinin qara səhifəsi artıq arxada qaldı və yenidən
biz nəfəs almağa başlamışıq”.
Bəli,Vaqifin məqbərəsi də işğal
edilmiş torpaqlardakı bütün digər tarixi abidələrimiz
kimi erməni vandalizminə məruz qalmışdı. Qısa müddətdə məqbərə tam bərpa
edilib və ikinci açılışı olub. Eyni zamanda Bülbülün bərpa edilən evi də
açılıb.
Prezident
İlham Əliyev 1982-ci ildə ulu öndərin təşəbbüsü
ilə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin
ucaldılmasının sıradan bir hadisə
olmadığını vurğulayıb: “Çünki o vaxt
Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi
idi. Bildiyiniz kimi, uzun illər ermənilər
Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri
kimi qələmə verməyə
çalışırdılar. Halbuki bunun
üçün heç bir tarixi, mədəni əsas yox
idi. Onu da nəzərə almalıyıq
ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda,
Qarabağ xanının vəziri idi. Sovet
dövründə sovet ideologiyası, sovet hökumətinin
tarixlə bağlı yanaşması belə idi ki,
xanlıqlar tarixin qara ləkəsi kimi qələmə
verilirdi. Bütün bunlara baxmayaraq, ulu öndərin
iradəsi və qətiyyəti nəticəsində bu məqbərə
ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan
şəhəri kimi təsdiqi öz yerini
tapmışdır”.
...Qarlı
yanvar günü qədim mahalın ürəyi, ruhumuzun
paytaxtı Şuşada açılışı olan məqbərənin
qarşısında çəkilmiş fotoşəkillər
əsl tarixi gerçəklik sənədləridir. Sanki hələ
o zaman Şuşanın başının üstünü alan təhlükəni sovuşdurmağa
çalışan ümummilli liderimiz bu möhtəşəm
tədbiri keçirməklə nankor qonşularımıza
özünün qəti sözünü deyir, onlara anlatmaq
istəyirdi ki, nə etsəniz də, Şuşaya sahiblənə,
onun ruhunu məhv edə bilməzsiniz. (Elə
2020-ci ilin payızında xüsusi təyinatlı cəngavərlərimiz
yağışın isladıb şüşə kimi
sürüşkən elədiyi dimdik qayalara əliyalın
dırmaşaraq yıxıla-dura daxil olduqları
Şuşanı əlbəyaxa döyüşlər sayəsində
ələ keçirdikdən sonra İkinci Qarabağ
savaşının taleyinin biryolluq həll edilməsi də bu
şəhərin böyük önəmini bir daha göstərdi.
Ermənilər daha müqavimət göstərməyin
mənasız olduğunu görüb kapitulyasiya aktını
imzaladılar).
Şəkillərdəki soyuq qarı əridən təbəssümlü
çöhrələr, məmnun baxışlar,
işıqlı ovqat çox şey deyir. Həmin
günün iştirakçıları tarixi anları necə
xatırlayırlar. Cavabları təqdim
edirik.
Anar
Rzayev,
Xalq
yazıçısı, AYB sədri:
–Mən
ilk dəfə Şuşaya 1952-ci ildə gəlmişəm.
O zaman 14 yaşında idim. Şəhərdə
bircə abidə var idi – Sovet İttifaqı Qəhrəmanı
Nelson Stepanyanın abidəsi. İndi bədnam
adı tarixdə qalmış bu vilayətin erməni
başçıları qədim Azərbaycan şəhərini
erməniləşdirmək istəyirdilər. Burada Azərbaycan abidələri yox idi. Qədimdən olmuşdu, amma yenilər yox idi. Ulu öndərin vaxtında burada muzeylər
açıldı – Üzeyir Hacıbəylinin,
Bülbülün muzeyləri, Natəvanın, Üzeyir bəyin,
Bülbülün heykəlləri qoyuldu. Nəhayət,
bu əzəmətli məqbərənin əsası qoyuldu və
ucaldıldı. 1982-ci il yanvarın
14-də açılış tədbirində mən də
iştirak edirdim.
Vaqif Azərbaycan poeziyasında nadir yeri olan şairdir. O, bizim xalq şerini,
qoşmaları, gəraylıları, heca vəznində
yazılan şeirləri əruz vəznində yazılan dram ədəbiyyatı
ilə birləşdirən, vəhdətdə təqdim edən,
Azərbaycan ədəbiyyatında yeni bir səhifə
açan şair idi. Onun dostu Vidadi bədbin
şeirlər yazırdısa, bədbinliyi təbliğ edirdisə,
Vaqif “Toy-bayramdır bu dünyanın əzabı” deyirdi.
Amma keşməkeşli həyatının
axırıncı illərində, faciəvi illərində o
da “Mən cahan mülkündə, mütləq, doğru halət
görmədim, hər nə gördüm əyri
gördüm, özgə babət görmədim” deyirdi.
Amma vaxt gəldi, haqq öz yerini tapdı. Ulu öndərin qədirbilənliklə
yaratdığı Vaqif məqbərəsi göylərə
meydan oxudu. Vətən müharibəsindən
sonra isə məqbərə qısa müddətə yenidən
quruldu.
Mən
2010-cu ildə bir mərasimdə çıxış edəndə,
– cənab Prezident də iştirak edirdi orada, - dedim ki, mənim
72 yaşım var, amma söz verirəm ki, Sizinlə bir yerdə
Şuşaya gedəcəyik və bu, baş verdi. Mən Allaha təşəkkür edirəm, taleyimə
minnətdaram. Bəli, Azərbaycan əbədidir! Biz buraya Zəfər yolu ilə gəldik. Bu yolun əvvəli var, amma sonu yoxdur. Bu yol uzandıqca uzanacaq. Bu Zəfər yolu Azərbaycanın
hərbi gücünün yoludur, siyasi gücünün
yoludur, iqtisadi gücünün yoludur və möhtəşəm
Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının
Zəfər yoludur!
Nəriman
Həsənzadə,
Xalq
şairi:
–Unudulmaz
illər idi. Açılış günü
Şuşaya möhkəm qar yağırdı. Elə bir havada olduqca möhtəşəm tədbir
baş tutdu. Heydər Əliyev Azərbaycanın
qabaqcıl yazıçıları, şairləri,
ziyalılarını bir araya toplamışdı. Təbiətdə qış olsa da, Heydər
Əliyev və onun ətrafındakı ziyalıların
fonunda yaz idi. Hamı sevincək idi.
İkinci dəfə cənab Prezident İlham Əliyevlə
Şuşaya gedəndə, həmin günün xatirələrini
onunla bölüşdüm. O tədbirdə gənc İlham
Əliyev, haqq dünyasına qovuşmuş Zərifə
xanım da iştirak ediblər. Həmin tarixi gün
unudulmazdır. “Mənim ədəbi taleyim” adlı
kitabımda “Xarıbülbül” lirik poemasında belə bir
parça var:
Şeir-sənət
axşamıydı,
Şeirə
hörmət, sözə hörmət axşamıydı,
Heydər
özü söz verirdi şairlərə,
“Sağ ol”, “Əhsən”, axşamıydı.
Şairlərə
qoşulmuşdu,
şairləşən axşamıydı.
Qarın
belə yağdığını görməmişdik,
Qarda belə
sel axını görməmişdik,
Qar
tökürdü göy yer üstə,
Varaq üstə, dodaq üstə, şeir üstə.
Kirpik üstə, eynək üstə.
Çiçək, çiçək, çiçək
üstə.
Hava qarala
bilmirdi,
Qarabağda
ağ gecəydi,
Allah-Allah o necəydi?!
Şuşa
canlı heykəl idi,
Qar altında hərəmiz bir qartopuyduq.
Qarlı
alqışlar altında
Molla Pənah
şairlərin
yaşıdıydı
Şuşalılar
onda hələ Şuşadaydı...
Həmin günləri minnətdarlıqla
xatırladım. Unudulmaz günlər idi. Heydən Əliyev şeirə, sənətə
yüksək diqqət verirdi. Bu günsə
gözəl ənənəni cənab İlham Əliyev
layiqincə davam etdirir.
Əli
Mahmud,
“Şuşa”
qəzetinin sabiq baş redaktor müavini:
-Qırx
bir il əvvəl olmuş həmin
açılış mərasimi indiki kimi yadımdadır. Abidənin yaradılmasının təşəbbüskarı
şəxsən ulu öndər Heydər Əliyev idi və
açılışda da onun böyük coşqulu
çıxışı hər kəsi
ruhlandırmışdı. Hava son dərəcə
soyuq olsa da, orada isti, sevinc və fərəh dolu bir aura
vardı. Respublika rəhbərinin sənətə,
sənətkara yüksək qiymət verməsi hər birimizi
duyğulandırmışdı. İsmayıl
Şıxlı, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə,
Nəbi Xəzri, Anar, Nəriman Həsənzadə kimi
tanınmış yazıçılar, şairlər orada
idilər. Uçmağa qanadımız yox idi.
Açılışda Şuşadan iki nəfər
– rayon Partiya Komitəsinin 1-ci katibi Niyaz Hacıyev və mən
çıxış etdik. Mən
çıxışımı şeirlə başladım.
Heydər Əliyevin açılışda
iştirakının bütün şuşalılara qürur
verdiyini xüsusi vurğuladım. Daha sonra bir neçə təklif
irəli sürdüm. Heydər Əliyev elə ordaca
Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi ilə
bağlı tapşırıq verdi. Hətta bildirdi ki, poeziya
günlərində özü də iştirak edəcək.
Elə də oldu – bir neçə aydan sonra ulu öndər
Şuşada Vaqif poeziya günlərində iştirak etdi.
Bununla da gözəl bir ənənənin təməli
qoyuldu.
Mən o vaxt “Çeşmələr” (“Vaqif
çeşməsi”) ədəbi birliyinin rəhbəri idim.
Tapşırıq verilmişdi ki, baxımsız Mamayı məscidi bərpa edilsin və
orada poeziya evi təşkil edilsin. Tezliklə bu,
reallaşdı. Poeziya evində
şairlərin təqdimatları, ədəbi
görüşlər keçirildi, qaynar bir ədəbi həyat
çağlamağa başladı. Əlbəttə,
bütün bunlar ulu öndərin mədəniyyətə, mənəviyyata
qayğısının nəticəsi idi.
Açılış ərəfəsində ulu öndərimiz
də, Şuşanın bütün qonaqları da Poeziya evinə
də gəldilər. Mən Şuşanın ədəbi
mühiti, yenilikləri və s. barədə məlumat verdim.
Bizə, yerli yaradıcı insanlara ən yüksək səviyyədə
uğurlar dilədilər. O günləri unutmaq mümkün
deyil.
...Bəli, Şuşa 2020-ci ildə alındı, rəngi–ruhu özünə qayıtdı. Bu gün türk dünyasının mədəniyyət paytaxtı çiçəklənir. Düz 41 il əvvəl Şuşada çəkilmiş ağ-qara rəngli tarixi şəkillərdən baxan siyasət nəhənginin də, unudulmaz sənət adamlarımızın da ruhları şaddır. Şuşa erməni qəsbkarlarının murdar nəfəsindən təmizlənib, abidələri bərpa olunur, cah-cəlalı qayıdır. Millətin dahi oğullarının silinməz izlərini saxlayan, şəhid balalarımızın qanları ilə suvarılmış torpaqlarımızın hər qarışı müqəddəsdir.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti .- 2023.- 14 yanvar.- S.5.