20 YANVAR – Vətəni dövlət edən qəhrəmanlıq örnəyi

“Mənə qəhrəman göstərin, sizə faciə yazım”– deyirdi dünya ədəbiyyatında itirilmiş nəslin nəhəng nümayəndəsi kimi tanınmış ABŞ yazıçısı Frensis Skott Fitscerald. Görünür, yazıçının qəribə təsir bağışlayan məntiqi qəhrəmanlıq üçün faciə ssenarisini mütləqləşdirmək üzərində qurulmuşdu. Fəqət, bu baxış, heç də faciəni adi məişət müstəvisində görmürdü. Çünki ortada əsl qəhrəmanlıq nümunəsi olmalıydı. O qəhrəmanlıq ki, hadisə və proseslərdəki dinamizmi vurğulamalı, faciəni Karl Polani soyuq düşüncəsinin substantivlik məcrasından qurtarmalı, belə demək mümkünsə, şüurlaşdıraraq ilahiləşdirməliydi. İlahiləşdirməliydi ki, dahi Fitscerald ona bəşəri mövzu kimi yanaşa bilsin. Düşünürük ki, yazıçı Azərbaycanın ötən əsrin 80-ci illərinin sonuna doğru apardığı milli azadlıq mübarizəsi dönəmində yaşasaydı, baş vermiş proseslərə nəzərən yeni qəhrəman obrazlarını mütləq tapardı. Ancaq bəlkə, bu tapıntı 1990-ci ilin 20 Yanvar faciəsi olmadan onun yaradıcılıq ruhundakı kuliminasiya anına yetişə bilməzdi. Axı, faciənin doğurduğu ən böyük reallıq olan ölüm ölümsüzləşməlidir ki, bədii təxəyyül özünün təntənəsinə yetişsin.

Bəli, ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəli Azərbaycan xalqının tarixində olduqca həssas, taleyüklü mərhələni təşkil etmişdir. İmperiya əsarətinə qarşı mübarizə ruhuna köklənmiş xalq etirazları Bakıya totalitarizmə qarşı mübarizənin simvolu statusu qazandırmışdı. Təsadüfi deyil ki, 1989-cu ildə nüfuzlu “­Newsweek” jurnalı özünün manşetinə paytaxtımızdakı insan izdihamının fotoşəklini çıxarmışdı. Bu foto, bütövlükdə keçmiş SSRİ-nin müxtəlif yerlərində rejimə qarşı xalq azadlıq mübarizələrinin rəmzinə çevrilmişdi. Jurnal həmin Bakı görüntülü manşetinə “İlin xalqı” yazısını da əlavə etmişdi. Əlbəttə, nəşrdə Azərbaycandakı proseslərdən söz açılmamış, hadisələr, bütövlükdə, Sovetlər Birliyi kontekstində izah olunmuşdu. Hər bir halda, dünya Azərbaycan xalqının mübarizə əzmindən xəbərdar idi. Proseslər isə xalqın “İlin xalqı” adını, sözün əsl mənasında, doğrultmasına doğru gedirdi. Yəni, 20 Yanvara, Fitsceraldın qəhrəmanlığındakı faciə məntiqinin labüdlük qanunauyğunluğuna.

1990-cı ilin 20 Yanvar faciəsi barədə indiyədək çox yazılıb, çox sözlər söylənilib. Şübhəsiz, bundan sonra da həmin hadisə ilə bağlı çox faktlar üzə çıxarılaraq, şanlı tariximizdə özünə vətəndaşlıq hüququ qazanacaqdır. Ona görə də bu yazıda illərdir təkrarlanan fikirləri yenidən gündəmə gətirmək niyyətindən uzağıq. Həm də ona görə ki, düşüncələrimiz ehtiramımızın ifadə vasitəsidir. Ancaq təkcə ehtiramımızın yox.

“Təkrar biliyin anasıdır” məntiqinə söykənsək, reallıqların dönə-dönə vurğulanmasını xalqın, xüsusən, gənc nəslin onlar barədə biliklərinin dərinləşməsi, həmin bilgilərin qəlibləşərək milli yaddaş genofondumuzda əksini tapması baxımından müstəsna əhəmiyyət daşıdığını da vurğulamalıyıq. Elə məhz, bu baxımdan, üzərində dayanılmalı bir sıra məqamlar var ki, həmin məqamlardan söz açmaq xalqımızın 20 Yanvar şücaətinə dəyər anlamında müstəsna önəm kəsb etməklə yanaşı, həm də qədirbilənlik nümunəsidir. İlk növbədə, onun qədrini bilməli, son 60 ildəki tariximizə möhürünü vurmuş ulu öndər Heydər Əliyevin əvəzedilməz rolunu daim qiymətləndirməliyik.

“Mən bu faciəyə həmişə ürəkdən yanaraq, həm də, vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”. Bu fikirlərin müəllifi ulu öndər Heydər Əliyevdir. Bəli, Heydər Əliyev tariximizdə 20 Yanvar faciəsinə ilk gerçək siyasi qiyməti vermiş şəxsiyyət kimi əbədi ümman sahibidir. Bu yerdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin fikirlərini xatırlamağa da ehtiyac var: “Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev, həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi”.

Əslində, nəinki 20 Yanvara doğru aparan yola, eyni zamanda, ötən əsrin 90-cı illərində yaşadığımız faciələrə Heydər Əliyevin 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə start verilmişdi. Ümummilli lider istər respublikamıza rəhbərlik etdiyi 1969–1982-ci illərdə, istərsə də SSRİ-nin ali rəhbərliyində təmsil olunduğu dövrdə, Azərbaycan xalqına qarşı hər cür qəsbkarlıq niyyətlərinin önünü kəsmiş, çoxsaylı haqsızlıqların qarşısında sipər olmuşdu. Hər zaman millətinin mənafeyini üstün tutmuş, onun haqqının mənimsənilməsinə yol verməmişdi. Bu baxımdan, qətiyyətlə deyə bilərik ki, əgər Heydər Əliyev hakimiyyətdə qalsaydı, nə xalqımızın qəhrəmanlıq mübarizəsi 20 Yanvar kimi faciəvi sonluqla yekunlaşacaqdı, nə də torpaqlarımızın Ermənistan tərəfindən işğalının doğurduğu daha böyük faciələr yaşanacaqdı.

Görünür, Azərbaycana qarşı “böyük oyun ssenarisini  yazanlar məkrli və çirkin niyyətlərini Heydər Əliyev rəhbərlikdə qala-qala reallaşdırmağın qeyri-mümkünlüyünü öncədən düşünmüşdülər. Ulu öndər elə məhz buna görə 1987-ci ildə aktiv siyasət meydanından uzaqlaşdırılmışdı. Bəli, böyük oyunu quranlar, həm də 1989-cu ilin dünya üzrə “İlin xalqı” kimi müəyyənləşdirilmiş Azərbaycan xalqını 1990-cı ildə qırğına vermək yolunu tutdular. Əlbəttə, onlar heç də Fitsceraldın məntiqinə söykənmirdilər, xalqımıza faciə yaşadaraq onu qəhrəman obrazında təqdim etmək niyyətində deyildilər. Məqsədləri Azərbaycan insanının dirəniş əzmini qırmaq, illərlə planlaşdırdıqları, ancaq gerçəkləşdirməyə Heydər Əliyevin sayəsində fürsət tapmadıqları, fəlakətləri yaşatmaq, zaman-zaman bacarmadıqlarının onlara verdiyi hiddət və qəzəb hissindən qaynaqlanmış intiqamlarını gerçəkləşdirmək idi.

Nəzərə alaq ki, 20 Yanvar faciəsi keçmiş SSRİ rəhbərliyində təmsil olunan ermənipərəstlərin və ermənilərin Bakıda soyqırımı gerçəkləşdirmək niyyətinin əməli ifadəsi idi. Bu cinayətkarlar mənfur sələflərinin 1918-ci ilin martında xalqımızın başına gətirdikləri faciəni təkrarlamaq xislətinə köklənmişdilər. Ancaq tarixin təkrarlanan üzüvar. Necə ki, ­1918-ci ilin mart soyqırımından sonra dövlət müstəqilliyimizə qovuşduq, 1990-cı ilin 20 Yanvar faciəsi də istiqlalımız uğrundakı mübarizənin mühüm atributuna ­çevrildi.

Xalqımız 20 Yanvar sabahını böyük izdihamla açdı. Həmin gün dahi şairimiz Bəxtiyar Vahabzadənin bənzərsiz təbinin, obrazlı desək, ağlatdığı qərənfil, eyni zamanda, uca millətimizin mübarizə əzminin kövrək, ancaq kövrək olduğu qədər də möhkəm və sarsılmaz birlik, bütövlük rəmzinə çevrildi. Faciənin doğurduğu qəhrəmanlığı təsvir etməkdə nəinki Fitsceraldın, digər dahilərin də qələmi acizdir.

Bəli, 20 Yanvar faciəsi xalqımızı təsviri mümkünsüz olan qəhrəmana çevirmiş, qəhrəmanlığı xalq üçün libas etmiş, ona əbədilik qazandırmış, əbədiyyata istiqlal möhürünü vurmuş tarixdir. Bu mənada, onun digər faciələrimizdən müstəsna fərqi var. Fərq tarixi qəhrəmanlıq ruhumuzun dirilişindəydi. 20 Yanvar ruhumuzu diriltməklə, imperiya boyunduruğuna qarşı cəbhə açmış insan izdihamının kütlə, qövm olmadığını sübuta yetirdi, bizi Vətənləşdirdi. Bu yerdə görkəmli türk şairi Midhat Camal Kuntayın məşhur şeirindəki “Bayrakları bayrak yapan üstündəki kandır, Topraq, əgər uğrunda ölən varsa Vatandır!” misraları necə də yerinə düşür. 

Onu da vurğulayaq ki, bədii təxəyyüllərdəki qəhrəmanlar üçün faciə, müəyyən mənada, hər şeyin sonudursa, 20 Yanvar faciəsi insan həyatlarının sonunun gətirdiyi ibrətamiz, nəsillərə miras mahiyyəti daşıyan misilsiz örnək nümunəsi, yeni başlanğıc idi. Bizi dövlət millətinə çevirən, müstəqilliyimizə aparan yoldakı son dərəcə böyük başlanğıc. Buna görə də 20 Yanvar nəinki qəhrəmanlıq salnaməmizin, habelə, dövlətçilik tariximizin qanla yazılmış şanlı səhifəsidir. Bu səhifənin yazılmasında qanını mürəkkəbə çevirən Vətən övladlarının müqəddəs ruhları qarşısında baş əyir, onların şücaətindən, mərdliyindən qürur duyur, fəxarət hissi keçiririk!

Allah şəhidlərimizə rəhmət eləsin!

Uca Tanrı müstəqil dövlətçiliyimizi, Azərbaycanımızı qorusun! Amin!

Əflatun AMAŞOV,

baş redaktor

Xalq qəzeti 2023.- 20 yanvar.- S.1;5.