Mən niyə şahid oldum?
Bakı, 1990-cı il yanvarın
19-dan 20-nə keçən gecənin əks-sədası
Görəsən tarixin
hansı gününə düşür
bu ağrı? O hansı gündür
ki, illər sonra da bizimlə birgə duracaq,
qaldıqca qalacaq... Təqvimin ən
ağır vərəqinə yazılacaq 19-dan 20-nə
keçən gecə... Tarixin hansı
anıdır axı bu?.. Həyatda elə
anlar olur ki, insanın dünənini, bu
gününü, sabahını müəyyən
edir. Bəlkə, həmin anı yaşayan xalqımızın yeni
tarixi oradan
başlayır. Hər halda o, adi vaxtölçənlə
hesablanmır. Günlərin və ayların vəhdətidir o an... Və Şəhidlər
xiyabanına gedən yol da
o andan başlanır.
Parlamentimizin qənşərindən keçir bu yol... Keçib də Təbrizə
gedir...
33 il əvvəl “Qara Yanvar şəhidləri” kitabını ərsəyə gətirdiyim günlərdə keçdiyim yollar, üz tutduğum ünvanlar dünən olmuş kimi yenidən gözlərim önündə canlanır... İsti-isti qələmə aldığım ağrılı epizodlar bir daha yada düşür... Eşitdiyim ağı və iniltilər təzədən qulaqlarımda əks-səda verir...
Nəğmə dərslərində Larisanın rəfiqələri (şəhid Larisa Məmmədova nəzərdə tutulur) “şən, bəxtəvər uşaqlarıq azad sovet ölkəsində” mahnısını çətin ki, bir də oxuyalar.
İnanmıram ki, İlqarın (şəhid İlqar İbrahimov) məktəbli dostları rəsm dərsində lüləsinə göyərçin qonmuş tank şəkli çəksinlər.
İynənin ulduzu boyda işığa həsrət qalan Yefimoviçin (şəhid Boris Yefimoviç) “Rebyata, ya slepoy, menya ne troqayte” səsi tarixin işıqlı səhifələrində qaldıqca qalacaq.
Göz yaşı qurumuş qız şəklindən də əzəmət yağan İlhamın (şəhid İlham Allahverdiyev) baş daşını qucaqlayıb pıçıldayır: “Bacın qurban, eləcə yuxuma gəlirsən, evimizə gəlmirsən”. İlhamla Fərizənin yaratdığı qeyrət və namus abidəsi dünya durduqca duracaq.
Ülvinin (şəhid Ülvi Bünyadzadə) anası ağı deyir... Səsi batıb, məzarı qucaqlayıb balasına yalvarır: “Dur, dur gedək, ay ömrüm-günüm, havam, suyum, dağım-daşım... durun, durun gedək, ay insafsızlar, ay ağrınızı alım”...
Bir nəslin son yarpağı Salehin məzarından pıçıltı gəlir elə bil: “Ağrımızı torpaq aldı, anam, elə aldı, elə aldı ki, yüpyüngül olduq”.
Doğulduğu ayın şərəfinə körpələrinə Yanvar adı verən Nəsirovlar ailəsi bu ayın qanlı şənbəsini necə biləydilər axı.
Yanvarın 19-da anadan olan Habilin
ad gününü dostları
yox, güllələr
qarşıladı.
* * *
1989-cu ilin sonlarından
xalqla hökumət arasında uçurum əmələ gəlmişdi
və bu uçurum getdikcə dərinləşirdi. Partiyanın dediyini xalq,
xalqın dediyini partiya eşitmirdi.
Bakıda və Azərbaycanın demək olar ki, bütün rayonlarında hakimiyyətsizlik
hökm sürürdü. Həmin
günlərdə bir-birinin
ardınca Cəlilabad,
Lənkəran və Naxçıvan hadisələri
baş verdi.
Bu, ümumən xalq hərəkatı idi, sovet rejiminə
etiraz idi. Xalq etiraz səsini ucaltdıqca sovet rejimi küncə qısılırdı. Nə idi
xalqın tələbi,
xalq hakimiyyətdən
nə istəyirdi?
– Mərkəz Azərbaycan və Ermənistana münasibətdə ögey-doğmalığa
son qoysun;
– Oğlanlarımız başqa
regionlarda yox, Azərbaycanda, sərhəd
rayonlarında xidmət
etsin;
– Bakıya yeridilən hərbi qüvvə çıxarılsın;
– Mərkəz suveren respublikanın işlərinə
qarışmasın;
– Başda Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman
Vəzirov olmaqla MK bürosu istefa versin və s. və i.a.
Bu idi xalqın tələbi, Moskvanın cavabı isə 150-yə yaxın şəhid oldu.
* * *
Yanvarın 19-u Azərbaycan radiosunda işdə idim. Saat 17-də
iş yoldaşlarımla
Mərkəzi Komitənin
qarşısında gedən
çoxminli mitinqə
qoşulmaq üçün
o zaman “Bakı soveti” (hazırda İçərişəhər”) metrostansiyası tərəfə
piyada düşdük.
Səsyazan aparatı da
götürmüşdüm, sabahısı günü
material hazırlamağa gedəcəkdim.
İlahi, nə qədər adam
vardı burada, adam əlindən Mərkəzi Komitənin qarşısına tərəf
getmək mümkün
deyildi. Həmin gün çox
soyuq idi, sinoptiklərin dediyinə görə Bakıda 18-20 dərəcə şaxta vardı. Mərkəzi Komitənin qarşısında
gedən mitinqdə çıxış edənlərin
səsini sərbəst
eşidirdik. Təxminən iki saat burada
qaldıq.
Məlum olduğu kimi, həmin gün şəhərin hər yerində barrikadalar qurulmuşdu, mitinqlər keçirilirdi. MK-nın qarşısında və
metro ətrafında adamlar
həddindən artıq
çox idi, odur ki, mitinqdə
elan edirdilər: Qurd qapısı tərəfdə, Salyan kazarması, Əzizbəyov
metrosu və digər yerlərdə keçirilən mitinqlərdə
adam azdır,
bu istiqamətlərə
avtobuslar gedir, orada da mitinqçilərin
sayını çoxaltmaq
lazımdır.
Əynim
qalın deyildi deyə üşüyürdüm,
düşündüm ki,
Salyan kazarmasının
qarşısına gedim,
ev oraya
yaxındır, əynimə
isti paltar geyinim, səsyazan aparatı da evə qoyub yenidən qayıdım. Evdə paltonun altından isti paltar geyindim.
Düşündüm ki,
səsyazan aparat lazım ola
bilər, onu da götürüb Salyan kazarmasının qarşısına qayıtdım.
Gecə saat 12-də Sumqayıt tərəfdən güllə
səsləri eşidilməyə
başlanıldı, işıqsaçan
güllələr havada
oynayırdı. Təxminən yarım saatdan
sonra tanklar, BMP-lər bizə də çatdı.
Heç kim
inanmırdı ki, sovet ordusu öz
əhalisinə bu dərəcədə divan tutar.
Güllələr qarşımda, sağımda,
solumda duranları yıxırdı, mənsə
yıxılmırdım, güllələr
mənə dəymirdi,
qaçırdı məndən.
Mən də güllə dəyən adamlar kimi qışqırmaq istəyirdim, məndən
səs çıxmırdı.
Düşündüm ki, bəlkə
mənə də dəyib güllə, isti olduğundan ağrı hiss etmirəm.
Sonra da düşündüm ki, yaralılara kömək edəcək qədər gücüm varsa, deməli hələ mən şəhid deyiləm.
123 nömrəli avtobusla Semaşko xəstəxanasına
(indi Nağıyev adına xəstəxana)
üç dəfə
yaralı apardıq. Birinci dəfə beş yaralı
idi, üçü zarıyırdı, birinin
vəziyyəti çox
ağır idi. Onun səsi haç vaxt yadımdan çıxmayacaq:
– Anama deyərsən ki, filan qızı
istəyirəm, dedi və başı düşdü. Xəstəxanada
bildik ki...
Mən 20 Yanvar
şəhidləri barədə
kitabı hazırlayanda
onun anasını gördüm, söhbət
elədik, mən şəhidin anasına heç nə deyə bilmədim və heç vaxt da deyə
bilməyəcəyəm. Haqq dünyasında
o Anadan üzr istəyəcəyim gün
isə qarşıdadır.
Dördüncü dəfə Göyərçin
kafesi deyilən ərazidən orta yaşlı, saçlı-saqqallı
“əsgərlər” ancaq
avtobusu Salyan kazarması tərəfə
buraxdılar. Sürücü Rüstəm Əliyev
şəhid olmağa
getdi. Mən bunu “Qara Yanvar şəhidləri” kitabını yazanda biləcəm.
* * *
Yanvarın 22-si, şəhidlərin dəfn günü şahidliyimə utandım
və düşündüm
ki, şəhid olmadımsa ömrüm şəhidlər üçün
əriməlidir...Əriyir
də...
Şəhidlər haqqında məlumatları toplayanda gördüm ki, bu elə şəhidliyə bərabər imiş. Elə şəhid qapısı olub ki, iki dəfə, elə qapı olub üç dəfə getmişəm və ürək eləyib qapını döyə bilməmişəm. Eşidəcəyim sözlərdən çəkinmişəm: – Biz nə hayda, sən nə hayda...
Mən onları da başa düşürdüm, öz günümə də acıyırdım. Üç dəfə getdiyim qapını nəhayət ki, güc toplayıb dördüncü dəfə döyürdüm.
Di gəl de görüm,
niyə gəlmisən. Hünərin varsa, şəhidin anasına, atasına, qardaşına, bacısına
de ki, mən onlar haqqında kitab yazıram. Hər an gözləyirdim
ki, şəhidin doğma və əzizləri məni qapıdan qovub deyəcək: – Bizim günümüzə bax,
sənin gününə
bax...
Şəhidlərin qırxına üç gün qalmış dostum, mərhum Məmməd Nazimoğlu ilə birgə hazırladığım
“Şəhidlər” bukletinin
birinci hissəsi əl-əl gəzəndə
rahat nəfəs aldıq ki, o sözü bizə deyən olmadı.
O günlərdə Məmməd
mənə dedi ki, bu, çox
çətin işdir,
dözə bilmirəm,
mən tək işləməli oldum. Sonra ikinci buklet çap
olundu, “Qara Yanvar şəhidləri” kitabım Azərbaycan və rus dillərində
işıq üzü
gördü, sonra isə “Qanlı şənbəyə gedən
yol” kitabı dərc edildi.
Belə,
nə deyim, nə danışım, dostum Məmməd Nazimoğlu bir dəfə demişdi ki, Şəhidlər xiyabanında gecə olmur, azğın qaranlıq qanadlarını
buraya gərə bilmir. Gecələr bura hələ ki, torpağa kök atan azadlıq
toxumlarının işartısına
bələnir...
Bəmbəyaz olur Şəhidlər
xiyabanı...
Qulu KƏNGƏRLİ,
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
Xalq qəzeti .- 2023.- 20 yanvar.- S.10.