Doğum günündə əbədiyyətə
qovuşdu...
20 Yanvar şəhidi
Doğum günündə
həyatını itirmiş 20 Yanvar şəhidi Yusif
Sadıqovun ölümündən 33 il ötür. O müdhiş,
imperiya cəlladlarının
Bakını qan gölündə boğmağa çalışdığı
dəhşətli gecədə əzizlərini
axtarmış, heydən düşmüş,
donmuş baxışları buza dönmüş ata-analar, bacı-qardaşlar bədənindən
ayrılmış bir qol
görmüşdülər – palçıqlı qana bulaşmış qol.
Bu, həmin gün 26
yaşı tamam olan Yusifin sağ qolu idi...
Qardaşını soraqlaya-soraqlaya, meyitlərin arası ilə səndirləyərək
gəzən bacısı Sayalı da bu qolu görmüşdü,
göz yaşları içərisində
boğula-boğula yaxınlıqdakı tibb personalını, jurnalistləri
çağırıb “Burada kəsik bir qol var”, – deyə
hıçqıra-hıçqıra yoluna
davam edərkən “Yox,
bu qardaşımın qolu
ola bilməz”, – deyə öz-özünə
pıçıldamışdı. İlahi,
bəs o haradadır, niyə
tapılmır...
Ətrafdakıların ah-naləsindən,
fəryadından qulaq tutulur,
gözləri qan çanağına dönmüş, insanları nifrətlə
süzən əli silahlıların isə arabir
atəş açması yavaş-yavaş
açılan gecənin dəhşətli səhərinin
vahiməsini daha da
artırırdı. Atasının əlində bir papaq ona
doğru gəldiyini görəndə, “Bu Yusifin
papağıdır”, – sözlərini eşidəndə, az qala, ürəyi
dayanmışdı. “Yox! Onun 1 metr
90 santimetr boylu,
vüqarlı, tədbirli, igid
qardaşı belə asanlıqla düşmənə can verməz”, – deyə düşünmüşdü.
Göyçə gölünün
sahilində yerləşən Cil kəndində
boya-başa çatmış, Cil kənd orta məktəbini
qızıl medal, Azərbaycan Dövlət
Universitetinin mexanika-riyaziyyat
fakültəsini fərqlənmə diplomu
ilə bitirmiş, aspiranturada
təhsil alan ailənin sonbeşiyi
Yusifin axı çox
böyük arzuları var
idi.
1988-ci ildə Göyçə müsibəti, qaçdı-qovdu başlayanda ulu diyarın ona layla qədər şirin olan sıldırımlı qayalarını, yaşıl meşələrini, uca dağlarını tərk etmələri, bu cənnət diyarın yağılara qalması köksünə sağalmaz yara vurmuşdu. İki tərəfdən dağ, bir tərəfdən Göyçə gölü ilə əhatə olunan Cil kəndinin, gözəl bağlı-bağatlı evlərinin xiffətini çəkirdi...
Sayalı xanım 32 ildən sonra
da qardaşının Vətən həsrətini
həyəcansız dilə gətirə bilmir:
“Göyçə, Dərələyəz, Zəngəzurdan
hamı çıxarılırdı. Boya-başa
çatdığı evi, o gözəl torpaqları düşmənə
qoyub getmək qardaşıma da ağır gəlirdi. Göyçədən
həmişəlik köç etdiyimiz ilyarım ərzində
saçları ağarmışdı. Deyirdi
ki, ermənilərə qoyub
gəldiyimiz bağçamızda armud
ağacının meyvəsini görmək istəyir. Yemək
yox, sadəcə, ona doyunca baxmaq həsrətindədir.
Təsəlli üçün deyirdim ki, indi
Göyçədə qar var.
O isə, “Evimizdə olsaydıq indi
Göyçə gölünün
üstündə xizək sürərdik”, - deyə niskillənir,
qəm dəryasına qərq olurdu.
Yusifin çox
gözəl səsi var idi,
muğamat və təsniflər oxuyurdu, zümzümə etməyi sevirdi. Səsində qəribə bir nisgil də var idi... “Əlvida, dağlar” mahnısı, “Çahargah”
muğam dəstgahını o qədər qəmli oxuyurdu
ki... Özü də
etiraf edirdi ki, bu mahnıları oxuyandan sonra oturub ağlayır.
Bir riyaziyyatçı kimi dərin zəkası, güclü
məntiqi var idi. Ancaq tariximizi də gözəl
bilirdi və Azərbaycanın
torpaqlarının zaman-zaman işğal edilməsi, Qarabağın da başının üstünü
qara buludların alması onu
hiddətləndirirdi. Deyirdi ki, qanımız, canımız bahasına da olsa, bundan
sonra Vətənimizin bir
qarış torpağını da verməməliyik.
Xalqımızı qorxutmaqla onun milli
oyanışını, ərazi bütövlüyü,
suverenlik uğrunda mübarizliyini məhv edə bilməyəcəklər.
Möhkəm dayanmalıyıq, dayanacağıq da.
Yusif həmin gecə bizə
gəlmişdi. Səhər institutda təhsil
alan nişanlısını imtahana aparacağını, oradan
işə gedəcəyini (indiki Azərbaycan
Dövlət Neft və Sənaye
Universitetində dərs də deyirdi) dedi. Qızımla bir az oynadı, uşağı əzizlədi, mənim
də başıma sığal çəkəndə
gözləri doldu. Ondan
niyə kövrəldiyini soruşdum. Özünü pis hiss etdiyini, evdə dura bilmədiyini söylədi. Televiziya blokunun
partladılmasından danışdı, dedi
ki, “Salyan
kazarması”nın yanına gedəcək.
Sayalı
xanım sözlərinə davam edir:
– “İnqilab” küçəsi tərəfdə atamgilin evinə yaxın yerdə yaşayırdıq, onlar köhnə tramvay xəttinin alt, biz isə üst hissəsində qalırdıq. Anama zəng vurub narahat olduğumu bildirdim. O isə Yusifin evdə olduğunu, yemək yediyini dedi. Bundan sonra həyat yoldaşım həmin kazarmanın yanına getdi və Yusifin orada olmadığını bildirərək məni sakitləşdirdi.
Təxminən, axşam
11-dən sonra Bakıda, elə bil, fırtına qopdu, sanki, şəhərin külünü
göyə sovururdular. Atəş səsləri,
tankların uğultusu,
maşınların vıyıltısı belə
insanların göyə qalxan fəryadını,
qışqırıq səslərini boğa
bilmirdi. Gecə saat
4-dən sonra atışma səsləri səngiyəndə,
elə bil, Yusifin səsi
qulağıma gəldi, diksindim. Bir azdan qapı döyüldü, atam dəhlizdə
doluxsunaraq “Yusif yoxdur, onu tapa
bilmirəm”, – dedi. Hamımız
küçəyə axışdıq. Atam
əsgərlərə yaxınlaşıb rus
dilində “Oğlum hardadır, onu neynəmisiniz?”–deyə qışqıranda atəş
açdılar, güllə kişinin
papağını dəlib keçdi. Atam bizə evə getməyi məsləhət
görsə də, özü
axtarışları davam etdirdi.
Biz də düşdük
küçələrə.
Havadan qan
qoxusu gəlirdi, ilk dəfə
idi ki, səhərin
açılmasını istəmirdim. Alatoranlıqda
gözümüzə dəyən cəsədlərin bəzilərinin
üstündən tank keçmişdi,
meyitlər tanınmaz halda idi.
Doğmalarını axtaranların hamısı qan içində idi. Bir yerdə 5 cavan
oğlanın meyitini yan-yana
düzmüşdülər. Güllə hamısının
sinəsinə eyni yerdən dəymişdi.
Görünür, kazarmaya
aparıb güllələmiş, sonra
küçəyə atmışdılar. Bir
neçə saatlıq axtarışlarımız nəticə
vermədi.
Başqa bir
küçədə asfaltı qırlaya-qırlaya gedirdilər.
Bunu küçələrdə göllənmiş
qanı, tankların tırtıllarının altında qalan insan cəsədlərinin
qalıqlarını örtmək üçün
edirdilər. Orada bizimlə
qarşılaşan qonşumuz, təxminən,
gecə saat 4-də Yusifi
gördüyünü, onun
yaralıları daşıdığını dedi və məsləhət gördü
ki, yaxında tankın əzdiyi “Jiquli” markalı maşının içinə
də baxaq. Maşının içində
əzilərək tanınmaz hala düşmüş kişi
meyitlərinin paltarlarından Yusifin
olmadığını bildik.
Sayalı xanım daha
sonra bildirir: “İki həftə ərzində, demək olar ki, bütün
meyitxanaları, xəstəxanaları, eləcə də həbsxanaları
gəzdik. Çünki həmin gecə mitinq iştirakçılarından bəzilərini
tutmuşdular. Şüvəlan həbsxanasında
siyahıya baxarkən Yusif Sadıqovun
ad-familyasını görəndə o
qədər sevinmişdik ki...
Səhərisi gün görüş
alıb görəndə ki,
başqasıdır nə hala düşdüyümüzü sözlə
ifadə edə bilmirəm. Anam, atam bu görüşə
sevinclə hazırlaşmışdılar...
Fevralın 5-də bizə dedilər ki, bir qol
var, ondan
çıxan paltarlara baxaq. aydın oldu ki, qardaşımın qoludur.
Qanlı palçığa bulaşan həmin
qolu elə ilk gün görmüşdüm
(kövrəlir), demə, sonra bir qolu olmayan
meyitlə basdırırmışlar. Komissiya dəfn
prosesində bilib ki,
başqasınındır, meyitxanaya qoyublar”.
Dərd içində boğulan
Sayalı xanım uzun illər hər yerdə
qardaşını axtarıb: “Harda hündür oğlan
görürdümsə, hərlənib-fırlanıb
üzünə baxmaq istəyirdim ki, bəlkə, qardaşımdır. Trabzonda olarkən belə hisslər yaşayırdım,
mənə elə gəlirdi ki, Yusif buradadır. Trabzonla
Göyçə mahalı arasında, sanki,
bir doğmalıq, bənzərlik var. Qara dəniz ətrafında
yaşıllıq Göyçə gölünün
ətrafındakı ağacları, meşələri
xatırladırdı. Yusifin
ölümünə indi də inanmaq istəmirəm”.
Xatırladaq ki, şəhid
Yusif Sadıqovun bacısı professor Sayalı Sadıqova dilçi
alimdir, AMEA Dilçilik
İnstitutunun şöbə müdiridir. Onun
qardaşı ilə bağlı bitməz-tükənməz
xatirələri bu günümüzdə
də baş verən tarixi
hadisələrə işıq salır.
Məhz onun işığında Yusif kimi yüzlərcə, minlərcə qəhrəmanımızın qətiyyəti, sarsılmaz iradəsi ilə Azərbaycan xalqı tarixdə ilk dəfə özünə məxsus torpaqları qaytara bilib. Tariximizə böyük Zəfər kimi daxil olmuş 44 günlük müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Bu gün Vətənimiz uğrunda qurbanlar verdiyi minlərlə igidlərin qanı bahasına məhz müqəddəs yurddur. Şəhərimizin ən görkəmli yerində ucalan, şəhidlərimizin şərəflə uyuduğu Şəhidlər xiyabanı isə həmişə and yerimiz olacaq!
Leyla QURBANOVA
Xalq qəzeti 2023.- 20 yanvar.- S.10.