“Qızıl fit”in dünya
şöhrəti
Sabah Beynəlxalq Futbol Federasiyasının (FİFA) hakimlər korpusunun Azərbaycanda ilk
səlahiyyətli nümayəndəsi, dünya
idmanı tarixində xüsusi yeri olan Tofiq
Bəhram oğlu Bəhramovun doğum günüdür.
Dünyaya 1925-ci il yanvarın 29-da göz açmış, 1993-cü il martın
26-da, 68 yaşında isə həyata da, futbola da əlvida demiş bu görkəmli
şəxsiyyət son dərəcə dəqiq
və cəsarətli hakimliyi, sevimli işinə peşəkar münasibəti
ilə çoxlarının qibtə edə biləcəyi
yüksək beynəlxalq nüfuz
qazanmışdı.
Unudulmaz həmyerlimizin təkcə iki dünya çempionatının final mərhələsinə – 1966-cı ildə İngiltərə və 1970-ci ildə Meksika mundiallarına dəvət alması FİFA-nın ona göstərdiyi yüksək etimadın göstəricisi idi. Dünya çempionatı – 66-nın İngiltərə – AFR final görüşündə yan xətt hakimi kimi mürəkkəb epizodda çıxardığı dəqiq qərar isə aradan artıq 57 il keçməsinə baxmayaraq, hələ də rəğbətlə xatırlanır.
Dəfələrlə mövsümün yekunlarına görə ölkənin ən yaxşı hakimlərindən biri kimi təbrikləri qəbul etmiş Tofiq Bəhramov istər SSRİ çempionatlarında, istərsə də beynəlxalq meydanda ona həvalə olunan görüşləri inamla idarə etmiş və hər yerdə adı böyük hörmətlə çəkilirdi.
Tofiq müəllimin həyat və fəaliyyəti, hakimlikdə keçdiyi uzun və şərəfli yol xeyirxah futbol dünyasına yaxşı məlum olsa da, bir məqam üzərində bir daha dayanmaq istərdik.
Azərbaycan mətbuatında ustad kimi ad çıxarmış, əfsus ki, ötən payızda itirdiyimiz Əməkdar mədəniyyət işçisi Şakir Yaqubov T.Bəhramovun 75 illiyinə həsr etdiyi və 2000-ci ildə işıq üzü görmüş "Hakim mərkəzi göstərər..." kitabında yazmışdır:
"Əməkdar jurnalist Aqşin Kazımzadə (respublikamızın idman mətbuatının banilərindən biri, Azərbaycan futbolunun 100 illiyinin qeyd olunduğu 2011-ci ildə vəfat etmişdir– O.B.) xatırlayır: "Bir dəfə qış vaxtı Moskvada idik, axşamdan xeyli keçmiş metro ilə qaldığımız "Yunost" mehmanxanasına qayıdırdıq. Eskalatorla qalxan milis polkovniki bizimlə tənləşəndə hərbi qaydada təzim edib ucadan salam verdi: "Axşamınız xeyir, yoldaş Bəhramov!". Hamı bizə tərəf çevrildi. Tofiq müəllim isə gülümsünüb, təvazökarcasına baxışlarını yerə dikdi...".
Əlbəttə, bu Beynəlxalq Futbol Federasiyasının Qızıl fitinin sahibi, Azərbaycanın Əməkdar məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadiminə azarkeş məhəbbətinin, dərin ehtiramın ifadəsi idi.
P.S. Tofiq Bəhramov kimi onun sadiq
pərəstişkarları və dostları Aqşin
Kazımzadə və Şakir Yaqubov da öz
işlərinin mahir ustaları idi. Allah hər üç ustada rəhmət
eləsin!
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist
Xalq qəzeti.- 2023.- 28 yanvar.- S.12.