100 yaşlı həmişəcavan ədəbi nəşr

“Azərbaycan” jurnalı – 100

1923-cü ilin yanvarında “Maarif və mədəniyyət” adı ilə fəaliyyətə başlayan, sonralar isə müxtəlif adlar altında belə bir mətbu orqanın nəşri o vaxt təkcə respublikamızda deyil, eləcə də bütün bölgədə bənzəri olmayan mədəniyyət hadisəsi idi... Azərbaycanın mütərəqqi mətbuatının ənənələrini davam etdirən jurnal ötən səksən il ərzində söz sənətimizin daha da zənginləşməsi işinə xidmət etmiş, oxucuların bədii-estetik zövqünün inkişaf etdirilməsi vəzifəsini şərəflə yerinə yetirmişdir...

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri

Bir əsrin zirvəsini aşan “Azərbaycan” jurnalı hər zamankı kimi gənclik ruhu ilə yaşamaqda, ədəbi örnəkləri öz səhifələrində dərc etməklə qələm sahiblərinə sevinc bəxş etməkdədir. Jurnalın yubileyə həsr olunan 2023-cü ilin 1-ci nömrəsində “qocaman” ədəbi-bədii orqanın təşəkkül tarixindən, jurnalın redaktoru olmuş ünlü qələm sahiblərindən, burada əsərləri dərc edilmiş görkəmli şair və yazıçılarımızdan ətraflı bəhs olunur. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın, görkəmli qələm sahibi, filologiya elmləri doktoru, professor, Xalq yazıçısı Elçinin, AMEA-nın prezidenti, ədəbiyyatşünas-alim İsa Həbibbəylinin və başqalarının səmimi ürək sözləri və təbrikləri, ölkəmizdə bədii fikrin inkişafında bu məcmuənin əvəzsiz xidmətləri ilə bağlı dəyərləndirmələri, xatirələri yer alıb.

Həqiqətən də Azərbaycanda fasiləsiz olaraq 100 il boyunca nəşr olunan, mütərəqqi mətbuat ənənələrini yaradıb formalaşdıran yubilyar jurnal söz sənətimizin daha da zənginləşməsində, oxucuların bədii-estetik zövqünün formalaşmasında böyük rol oynayıb və oynamaqdadır. Müxtəlif vaxtlardaMaarif və mədəniyyət”, ”Revolyusiyakultura”, “İnqilab və mədəniyyət”, “Vətən uğrunda”, nəhayət, “Azərbaycan” adı ilə çıxan bu jurnal daim söz və qələm tribunası olub və şərəfli yol keçib.

“Azərbaycan” jurnalının 100 illiyi ilə əlaqədar onun baş redaktoru, filoloq, tənqidçi, tərcüməçi, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə ilə görüşüb ürək sözlərini dinlədik. Vaxtilə onun atası – şair və tərcüməçi Böyükağa Qasımzadə (1953-1957) bu məcmuədə poeziya şöbəsinin müdiri olub. Özü isə 1976-cı

ildən bu jurnalda çalışır və ədəbi işçilikdən baş redaktorluğa qədər yüksəlib. Uzun illərdən bəri jurnala təqdim olunan bütün əsərləri istisnasız olaraq özü oxuyanxeyir-dua verən, daim əsl istedadlara “yaşıl işıq” yandıran İntiqam müəllimin fikirlərini təqdim edirik:

– Mən gözümü açıb bu jurnalı görmüşəm. Bu jurnalda Azərbaycan ədəbiyyatı və onun nümunələri ilə tanış olmuşam. Uşaqlıq, yeniyetməlik yaşlarımda atam bu jurnalın poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb. Mən bu jurnalla böyümüşəm, boy atmışam. Yanvarın 27-də “Azərbaycan” jurnalına qədəm qoymağımın 47-ci ili tamam oldu. 29 yanvarda isə jurnalın 100 illiyi tamam olacaq. Sizin gəlişiniz gözəl günə təsadüf edir. Yubiley nömrəmiz çapdan çıxıb. Həyəcanla oxucularla görüşümüzü gözləyirik.

“Azərbaycan” yarandığı gündən qarşısına qoyduğu məqsəd və vəzifələrə – ədəbiyyatın, incə- sənətin, elmmaarifin inkişaf etdirilməsinə, oxucuların, xalqın mənəvi ehtiyaclarının ödənilməsi işinə hər zaman sadiq qalmışdır. Bu 100 il ərzində jurnalın ən müqəddəs vəzifələrindən biri, bəlkə də birincisi dilimizin saflığını qorumaq olmuşdur.

Jurnalda mənə qədər 19 görkəmli redaktor çalışıb. Toplumuz 1923-cü ildə nəşrə başlayıb. Yubiley nömrəmizdə 10 baş redaktorun şəklini verə bilmişik. Bəzilərin ya şəkili tapılmır, ya da tapılanlar keyfiyyətsizdir. Bunların arasında ilk redaktor Tağı Şahbazinin şəkli də yer alır. Redaktorların 5 nəfəri 37-ci ildə repressiya qurbanları olub. Redaktorlardan Cəlil Məmmədzadə, Mustafa Quliyev, Ruhulla Axundov, Müseyib Şahbazov, Hacıbaba Nəzərli, Məmmədkazım Ələkbərli – hamısı repressiya qurbanlarıdır. Sonrakı redaktorlar Mirzə İbrahimov, Məmməd Arif, Mehdi Hüseyn, Əbülhəsən Ələkbərzadə, Əli Vəliyev, Əhməd Cəmil, Qılman Musayev, Cəlal Məmmədov, İsmayıl Şıxlı, Əkrəm Əylisli, Cabir Novruz, Yusif Səmədoğlu olublar.

“Azərbaycan” kimi jurnal 1923-cü ilə qədər Şərq və Türk dünyasında mövcud olmayıb. Azərbaycanda ədəbi-bədii dövri nəşrin əsasını bu jurnal qoyub. O zaman jurnal ədəbi-mədəni ehtiyac zərurətindən yaranıb. İdeyanı Nəriman Nərimanov və Mustafa Quliyev veriblər. Geniş oxucu kütləsi jurnalın bütün redaktorlarını tanısın deyə, əldəki nömrədən etibarən “Yüz ilin birinciləri” rubrikasını yaratdıq. Həmin rubrikada onların hamısı haqqında müfəssəl yazılar verəcəyik.

Mən ilk dəfə “Azərbaycan”a gələndə Xalq şairi Qabil dedi ki, çalış, burada möhkəmlən, heç yerə getmə. O vaxtdan Qabilin tövsiyəsinə əməl edirəm. Qürur hissi keçirirəm ki, ömrümün yarıdan çoxunu “Azərbaycan”a həsr etmişəm.

Jurnalımızın nəsr, poeziya, ədəbi tənqid və bədii-publisistika olmaqla 4 qolu var. O zamanlar kitablar nəşriyyatda çıxmamışdan qabaq bir qayda olaraq bu jurnalda dərc olunmalı idi. Yoxsa, müəllifin kitabı çap olunmazdı. Zaman vardı ki, “Azərbaycan” 70 min tirajla çıxır, hər kəsin stolüstü jurnalına çevrilirdi.

“Azərbaycan” çox sınaqlardan keçib. Dözüb, yaşayıb, mayak kimi yol göstərib. Davamlı çap olunub. Bu, kollektivin əməyidir. Fərəhlidir ki, bu jurnal ədəbiyyatımızın salnaməsidir. 100 il ərzində yaranan əsərlər bu jurnaldan gəlib keçib. Jurnal məktəb rolundadır, yazıçıların köməkçisi, ədəbiyyatımızın güzgüsüdür.

Mən hər səhər buraya işə gənclik illərimdə olduğu kimi, böyük həvəslə gəlirəm. Bura mənə doğma bir ocaqdır,

məbədgahdır desəm, mübaliğə etmiş olmaram… Bəzən istedadsız müəlliflər, qrafomanlar bizi yorur. Amma istedadlı qələm sahibləri ilə ünsiyyət və işbirliyi bütün yorğunluğumuzu unutdurur. Bu jurnalda yaradıcılıq sərbəstliyi var. Qəfəs yoxdur, nəfəs var. “Azərbaycan” jurnalı ədəbiyyatın qaynar qazanıdır. Bura bütöv bir aləmdir, dünyadır, böyük məktəbdir…

İntiqam Qasımzadəyə və arabir söhbətə qatılaraq dəqiqləşdirmələr aparan baş redaktor müavini Südabə Ağabalayevaya təşəkkürümüzü bildirdik və “Azərbaycan” jurnalına milli ədəbiyyatımıza, mədəniyyətimizə xidmətlərində daha böyük uğurlar arzuladıq.

 

Ədəbi mətbuatımızın flaqmanı Anar,

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı

 

 

– Tək Azərbaycan mətbuat tarixində deyil, dünya təcrübəsində də yüz il ərzində ardıcıl davamiyyətlə nəşr olunan ədəbiyyat toplusunun varlığı nadir hadisədir. Müxtəlif dövrlərdə müxtəlif adlarla çap edilən baş ədəbi jurnalımız istər sovet sisteminin, istərsə də müstəqillik illərinin çətin sınaqlarından çıxmalı oldu. Sovet dövrünün müəyyən illərində sərt senzura yasaqları, dar ideoloji çərçivələr şəraitində fəaliyyət göstərməyə məcbur olan jurnalda, hər halda, çağdaş ədəbiyyatımızın ən mühüm, yaddaqalan əsərləri işıq üzü görüb, oxuculara çatdırılıb. İllər boyu jurnal səhifələrində yer almış yazıların bir qismi tarixin arxivində qaldısa, önəmli bir qismi ədəbiyyatımızın qızıl fonduna daxil olub. Sovet sisteminin ən ağır illərində belə, bu jurnal, ən azı, dilimizin keşikçisi oldu, onu çeşidli yad təsirlərdən qorudu, doğma dilimizi öz səhifələrində yaşatdı…

Çoxları dərk etmirdilər, bəziləri indi də dərk edə bilmirlər ki, ədəbiyyat, əsasən, ədəbi jurnalların ətrafında yaranır. Bazar iqtisadiyyatı şəraitində hər bir şəxs müəyyən məbləğ ödəyib, yazdığı mətni hansısa nəşriyyatda çap etdirə bilər. Bəs belə maddi imkanları olmayan yazıçılar neyləsinlər, yazdıqlarını oxuculara necə çatdırsınlar? Tutalım, kiçik bir hekayə, yaxud şeir qəzet səhifələrində də çap oluna bilər, bəs böyük romanlar, povestlər, poemalar, irihəcmli tənqid və tərcümə örnəkləri harada işıq üzü görə bilər?

Yalnız ədəbi orqanlarımız təqdim olunan yazıları nəinki pulu ödənilmədən çap edir, hətta müəlliflərə müəyyən qonorar da verir. Bütün bunları yaxşı dərk etdiyimiz üçün bazar iqtisadiyyatının çətin şərtləri şəraitində Yazıçılar Birliyi başqa ədəbi orqanlarımız kimi, “Azərbaycan” jurnalını da saxlaya bildi. Bir müddət əvvəlki ardıcıllıqla çıxa bilməsələr də, hər halda, “Ədəbiyyat qəzeti” də, “Azərbaycan”, “Ulduz”, “Literaturnı Azərbaycan” jurnalları da, “Qobustantoplusu da fəaliyyətlərini dayandırmadı. Yalnız ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıdandan sonra Yazıçılar Birliyinin özü kimi, onun ədəbi orqanları da büdcəyə qəbul edildi və əvvəlki ardıcıllığı ilə çıxmağa başladı.

Əngəllərə baxmayaraq, jurnalın bədii səviyyəsinin saxlanmasında ona müxtəlif illərdə rəhbərlik etmiş baş redaktorların və redaksiya əməkdaşlarının nəcib fəaliyyətlərini xüsusi dəyərləndirməyə dəyər. Bu cəhətdən “Azərbaycan” jurnalına son 25 ildə əsl cəfakeşliklə rəhbərlik edən ədəbiyyat fədaisi İntiqam Qasımzadənin xidmətini xüsusi minnətdarlıqla qeyd edirəm, jurnalın yüksək səviyyədə çıxmasını təmin edən bütün redaksiya işçilərinə dərin təşəkkürlərimi bir daha bildirmək istəyirəm.

Yüz yaşlı həmişəcavan “Azərbaycan” jurnalına eşq olsun!

Arzu edirəm ki, ən mötəbər ədəbi jurnalımız bundan sonra da uzun illər boyu yaşlı və gənc qələm sahiblərinin istedadlı əsərlərilə oxucusunu sevindirsin.

Əli NƏCƏFXANLI

Xalq qəzeti .- 2023.- 28 yanvar.- S.10.