Qadınlar Şuşaya
getmişdilər...
Arzular gerçəkləşəndə
Ayağımı avtobusdan yerə qoyar-qoymaz içimdə bir gizilti duydum. Sanki cərəyan sancdı.
Düşündüm: “Addımımı
hara atım? Torpağın hansı hissəsinə
ayaq basım ki, ora şəhid
qanı tökülməmiş
olsun”. Özümü
havada hiss edirdim. Ayağımın torpağa dəydiyini
duymurdum, elə bil, boşluqda yeriyirdim.
Əvvəllər də yağış yağanda igidlərimizin şəhid olduqları məkanları xatırlayırdım. Yağışın
onların torpağa tökülmüş müqəddəs
qanlarını bir az da dərinə apardığını
fikirləşirdim. Axı su
torpağı palçıq,
qan isə Vətən eləyir.
Yolboyu Füzulinin
xarabalığa çevrilmiş
kəndləri düşmənə
nifrətimi birə-beş
artırmışdı. Yer üzündə
ermənidən yırtıcı,
xain toplum varmı, görəsən,
deyə öz-özümə
sorğu-sual etmişdim.
O qədər xəyala
dalmışdım ki,
100 kilometri aşıb
Şuşaya necə çatdığımızı da bilmədik...
Şuşada qan töküb
can verənlərimizin ruhları
başımızın üstündə
gəzir. Şuşa şəhidlərindən olanlardan yazdığım
yazılar gözüm
önünə gəlir.
Hanı ağdərəli,
noyabrın 7-də şəhid
olan baş çavuş Elvin Abbasov, Şuşa alınan gün şəhidliyə
ucalan bakılı Fərid Əsgərov, beyləqanlı Hikmət
Abbaslı, gəncəli
İsa Abbasov, iyulun 15-də ad günü
qeyd edilən naxçıvanlı mayor Vüsal
Vəliyev, Şuşada
vuruşmağa gedərkən
şəhid olmuş Vüqar Namazov, Seymur Mehdiyev və digər ərənlərimiz? Səsimə səs verən yoxdur. Amma əminəm ki, onların ruhları bizi eşidir, görür...
Bu gün isə
Şuşanın başında
nə duman gördüm, nə qırmızı köynəkli,
yaşıl ətəkli
qızlara rast gəldim. Əvəzində bizi açıq
səma, Cıdır düzündən əsən
meh qarşıladı.
“İslam Dünyasında
Qadınlar: ənənələr
və çağırışlar”
adlı konfransın iştirakçıları, Vaqif
poeziya günlərinə
gələnlərə qarışmışdı.
Bayram əhval-ruhiyyəsi ilə
keçirilən hər
toplantı şəhərə
yüksək təntənə
gətirmişdi. “Şuşa” otelinə yerləşib dincimizi aldıqdan sonra gəzintiyə çıxdıq.
Gövhərağa məscidində namaz qılmaq da varmış qismətimdə. İçimdə elə yüngüllük
vardı ki. Hər dəfə o məsciddən verilən görüntülərə baxanda,
29 ildən sonra ilk dəfə 2021-ci il, mayın 12-də mərhum
Hacı Şahinin iştirakı ilə bayram namazının qılındığını izləyəndə, ölkə
başçısının və xanımının bu məbədi ziyarət etməsini görəndə, bu il şəhərə köçürülən sakinlərlə
qılınan bayram namazına baxanda da ürəyimdən “kaş mən də orada namaz
qılardım”– istəyi
keçmişdi. Şükür olsun bu günə
ki, Gövhərağa
məscidində səcdədə
olmaq mənə nəsib oldu. Əllərimi Rəbbimin dərgahına
uzadıb dualar etdim.
Xan qızı
Natəvanın bəxtsiz
taleyi gözlərim önündə canlanır. Sonra onun 29 il
İncəsənət Muzeyinin
həyətində qoyulmuş,
ermənilər tərəfindən
deşik-deşik edilən
büstünü xatırlayıram.
İndi büst öz yerindədir. Özünün
layiq və aid olduğu yerdə! Bu gün Natəvanın
Şuşada yenidən
qoyulan və möhtəşəm Zəfərimizin
təntənəsini nümayiş
etdirən büstü
dövlət başçımızın
və xalqımızın
milli-mədəni irsə
qayğısının rəmzi
və mənəvi dəyərlərə ehtiramının
təzahürüdür.
Prezident
İlham Əliyevin sərəncamı ilə
2021-ci ilin mayında Şuşa Azərbaycanın
Mədəniyyət paytaxtı
elan edilib. Növbəti sərəncamı 2022-ci ilin “Şuşa ili” elan edilməsi
ilə bağlı olub. Sonra isə Xurşidbanu
Natəvanın 190 illiyinin
qeyd edilməsi haqqında sərəncam imzalanıb. Natəvan Şuşanın
gözəllik, ləyaqət,
xeyirxahlıq rəmzidir.
Şuşa həm də
Xan qızının
şəhəridir.
İsa bulağı
Gəzintidəyik, İsa bulağında. XVIII əsrdə İsa adlı bir əkinçinin meşədə üzə çıxardığı bulaq dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşir. Bu çeşmənin şəninə nə qədər təriflər yazılsa, mahnılar qoşulsa da yenə azdır. O səfalı məkanda, o şəfalı sudan içmək də mənə nəsib oldu. Dillərə dastan olan İsa bulağı həmişə elə Şuşa qədər məşhur olub. Bir zamanlar Şuşa deyəndə yada İsa bulağı, İsa bulağı deyəndə Şuşa düşərdi. Şuşaya bircə dəfə ayaq basan hər kəs mütləq bu bulağın suyundan şərbət kimi içərdi. Bu məkana istirahətə gələnlər bulağın başında şəkillər çəkdirər, həmin anı əbədiləşdirərdilər. Atamın da şəkli vardı, küncünə “Şuşa. İsa bulağı. 1968-ci il” yazılmışdı.
Deyilənlərə görə XVIII əsrdə kəşf edilən İsa bulağının başında o vaxtdan məclislər qurular, insanlar burada təbiətin gözəlliyindən zövq alarmışlar.
Erməni Vandalları Şuşanı dəyişmək istəsələr, tarixi, dini-mədəni abidələrimizi nə qədər dağıtmağa çalışsalar da, bunu axıradək bacarmayıblar. Onlar xarabaya döndərdikləri, suyu qurudulan bu bulağı da tanınmaz hala salmışdılar.
Yenidən həyat verilən “İsa bulağı” istirahət mərkəzində gəzirik. Vətən müharibəsindən sonra ölkə rəhbərinin tapşırığı ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bulağı bərpa edib. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib.
Bulağın başı yenidən qələbəlikdir. Yalnız Şuşa sakinləri deyil, Laçından, Füzulidən də ailələr, hətta körpə uşaqla istirahətə gələnlər var. Ürəyimdə “ay bulaq, neçə igid səndən keçdi, neçəsi su içdi... Neçəsi də həyatdan və bu sudan doymadan getdi”– deyirəm.
Böyük şairə salam olsun
Yolumuz Molla Pənah Vaqifin məqbərəsinədir. Şuşa səfəri ilə bağlı baş redaktorumuz Əflatun Amaşovla görüşəndə onun Səməd Vurğunun “Vaqif” dramından xatırlatdığı epizod yadıma düşür. Dərhal da Vaqiflə oğlu Əlibəyin edam səhnəsini xatırlayıram. Vaqifin son anda cəllada dediyi “Məni oğlumdan öncə edam et, onun ölümünü görməyim”– xahişi beynimdə partlayır.
Erməni cəlladlarının göz qırpmadan ata-analarının qarşısında övladlarının başına açdığı oyunlar, Xocalı faciəsi gözüm önündə canlanır. O caniləri hansı adla çağırasan? Bu vəhşiliyin adı yoxdur. Məqbərəni ziyarət edib Cıdır düzünə qalxırıq.
Üzü Cıdır düzünə
Bu da Cıdır düzü. 28 il yanğı və nisgillə anılan məkan. Ötənlərin bayram günlərində şuşalıların toplaşdığı yer. Yarğanın düz başında dayanmışıq. Aşağıdan qulağıma şəhəri azad edən əsgərlərimizin səsi gəlir. Daşları sığallayram – kiminsə qanı tökülmüş olar. Torpağa əl basıram – istilik duyuram. Əmim nəvəsi, ermənilərin “qarabala” adlandırdıqları gizir Kamran Ağabalayev XTQ-in tərkibində Xankəndidən Şuşaya qalxanlardan biridir. Müharibədən sonra ondan “3 tərəfdən erməni əhatəsində olan Şuşanı necə fəth etdiniz? Yeganə açıq qalan yarğandan Cıdır düzünə necə qalxdınız?” – sualına “qalxdıq”– demişdi. Ondan müsahibə almaq istədim, ikicə cümlə ilə cavab verdi: “Biz tarixi yazdıq! Siz şəhidlərdən yazın!”
Bütün dünyanın heyrət etdiyi o əlbəyaxa döyüşdə can verənlərin ruhları şad olsun. Qazilərimizə can sağlığı arzulayıram.
Qadın konfransı
Şuşaya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak üçün gəldik. Milli Məclisin deputatları, yerli və xarici ölkələrdən gələnlər, Qarabağa köçən sakinlər də daxil olmaqla 120-dən artıq nümayəndə iştirakçı idi.
Konfransı giriş nitqi ilə komitənin sədri Bahar Muradova açaraq məclisin məhz Şuşada keçirilməsinin mənəvi tərəflərindən söz açdı. Azərbaycan qadınlarının cəmiyyətdə rolundan qürurla danışan komitə sədri beynəlxalq tədbirlərin Şuşada keçirilməsini Azərbaycanın gücü, onun işğalda olan torpaqların azad edilməsi üçün apardığı savaşda haqlı olduğunun dünyada qəbul edilməsi kimi dəyərləndirdi. Dedi ki, dinimiz və mədəniyyətimiz İslamın bir parçası oldugu üçün onu qoruyacağıq.
Komitə sədri bildirdi ki, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi kifayət qədər önəmli hadisə oldu: “Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. İndi Yer kürəsinin hər hansı regionunda baş verən təbii fəlakət təkcə həmin ərazinin deyil, bütün dünyanın problemi sayılır. Bəşəriyyətin yaranması, inkişaf etməsi, eləcə də yenilənməsində əvəzsiz rol oynayan qadınlar bu gün belə qlobal problemləri aradan qaldırmağın yollarını kişilərlə birgə axtarırlar. COP29-un Təşkilat Komitəsində qadınların üstün iştirakı bunun əyani sübutudur”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirdi ki, tarixi, dini və mədəniyyət abidələrinin bərpası Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərində ən həssas istiqamətlərdəndir: “Təsadüfi deyil ki, bu nəcib və ali missiyanı başlayan Azərbaycan qadınıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva torpaqlarımız işğaldan azad olunduqdan sonra Heydər Əliyev Fondunun Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını elan etdi. Bu gün artıq Fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi və mədəniyyət abidələrinin bərpası işləri uğurla həyata keçirilir”. O, vurğuladı ki, 30 illik işğala son qoyulması həm də bu müddət ərzində ermənilər tərəfindən dağıdılmış, yerlə-yeksan edilmiş, təhqir olunmuş 67 məscidin azad edilməsi idi.
Ramin Məmmədov uşaqlığının bir hissəsinin burada keçdiyini dedi, Azərbaycan qadınının Şuşaya, ümumiyyətlə, Qarabağa qayıdışını alqışladı: “Üzərində dayandığımız bu torpaqları azad edən oğulları da Azərbaycan qadınları dünyaya gətirib. Qadınlarımız xoşbəxtdir. Çünki onun qaygısını çəkən, hər an yanında olan, arxalandığı möhtəşəm dövləti var.”
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova mövzunun aktuallıgına diqqət çəkdi. “Məclisin bu məkanda keçirilməsi qəlbimizi fərəhləndir”– dedi. Vurğuladı ki, sərt stereotiplər belə fikir yaradır ki, İslam dünyasında qadın inkişaf etmir. Əslində, İslamdan öncə qız uşaqlarının diri-diri basdırılması, İslamdan sonra isə qadına münasibətin dəyişməsi onu göstərir ki, dinimiz qadına böyük dəyər verir. İslamda kişi kimi qadının da böyük hüququ var: “Düşünürəm ki, xüsusilə qadın və uşaq hüquqları ilə bağlı ciddi maarifləndirməyə ehtiyac var. İnanıram ki, görülən tədbirlərin nəticəsində müsəlman qadınları dünyada terrorçu kimi deyil, vəkil, siyasətçi, həkim, müəllim, savadlı insan, ailənin özülü kimi tanınacaq”.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova qadınların əzəldən bəri dialoq tərəfdarı olduqlarını, tarixin yeni dönəmində Azərbaycanın quruculuğuna, “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfələr verdiklərini, Böyük qayıdışın aparıcı qüvvələrindən olduqlarını dedi. O, Azərbaycan qadınının həm ailədəki, həm də cəmiyyətdəki sarsılmaz mövqeyinin dövlətimizin uğurlu sosial siyasətinin nəticəsi olduğunu vurğulayıb. Tarix boyu Azərbaycan qadınının necə mətin, mübariz olduğunu, müasir dövrdə də nəinki ölkəmizdə, digər dövlətlərdə da çalışdıqlarını, elmləri və əməlləri ilə nələrə qadir olduqlarını sübut etdiklərini diqqətə çatdırdı.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahid Bağçı Türkiyə və Azərbaycanın bir çox Qərb ölkələrindən öncə qadınlara seçmə və seçilmə haqqı verdiyini dedi. Səfir Türkiyə və Azərbaycanda qadınların ictimai-siyasi həyatda fəaliyyətinin və rolunun artırılması ilə bağlı görülən işlər haqqında danışdı: “Türkiyənin 2024-cü ildəki fəaliyyət planında qadına şiddətin qarşısının alınması ilə bağlı ciddi tədbirlər nəzərdə tutulub. Azərbaycanda da qadın və uşaq hüquqları ilə bağlı önəmli addımların atıldığını, vacib qanunların qəbul edildiyini, müxtəlif tədbirlərin həyata keçirildiyini görürük. Bu istiqamətdə Türkiyə dövləti olaraq rəsmi Bakı ilə təcrübələri paylaşmağa həmişə hazırıq. Hətta ölkələrimiz arasında bu istiqamətdə fəaliyyət planı mövcuddur və bunu birlikdə həyata keçiririk".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini moderator Gündüz İsmayılov panel iclasda bildirdi ki, islam coğrafiyasında qadınların təhsilalma hüququ ümumi dünya göstəricisindən aşağıdır. Onun sözlərinə görə, İslam dünyasında müsəlman kişilərin yalnız 10 faizi, qadınların isə 6 faizi təhsilini davam etdirir.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva isə qeyd etdi ki, işğaldan azad edilmiş Ağalı kəndində hazırda qadınların sayı kişilərdən çoxdur. O, azad edilən rayonlarda aparılan bərpa – quruculuq işlərindən söz açdı. Azərbaycan qadınının təkcə torpaqların azad edilməsindən sonra quruculuq işlərində iştirak etmədiyini, həm də azadlığın istirakçısı olduğunu vurğuladı. Tibb bacısı kimi cəbhə bölgələrində əsgərlərə dəstək olan qadınlardan söz açdı. İşğaldan azad edilən rayonlarda qadınların məsğulluguna həsr edilmiş videoçarxı təqdim etdi.
Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Şuşanın tarixinin ilk çiçəklənmə dövrünə nəzər saldı, burada tarixi şəxsiyyətlərin yetişdiyini, qızların oğlanlarla bir yerdə oxuduqlarını vurğuladı. Şuşanın tarixi şəxsiyyətlərindən – Tehrana gəlin köçən Agabəyim ağa İbrahimdən, iki–Gövhərağa məscidi tikdirən Gövhər Ağadan, Xan qızı Natəvandan, Fatma xanım Kəminədən, xeyriyyəçi Həmidə xanım Cavanşirdən, Türkiyədə vəkil olan Sürəyya Ağaoğlundan söz açdı.
Qafqaz Müsəlmanları İdarəsinin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı Azərbaycanın üzləşdiyi mina probleminə toxundu. O, ermənilərin Azərbaycanın əzəli-əbədi torpaqlarında törətdikləri bu qeyri-insani addımın təkcə İslamda deyil, bütün dinlərdə tənqid edilən əməl olduğunu vurğuladı. Quran ayələrindən, Allahın insana yaşamaq üçün verdiyi 5 istinaddan söz açıb – su, bitki, torpaq, dilsiz heyvanlar və havanı qorumalı olduğumuzun vacib əməl olduğunu diqqətə çatdırdı.
Milli Məclisin deputatı Ceyhun Məmmədov belə tədbirlərin keçirilməsinin böyuk əhəmiyyətini qeyd etdi. O, Azərbaycan qadınına münasibətin digər İslam ölkələrindəkindən fərqli olduğunu vurğuladı. Bildirdi ki, bəzi ərəb ölkələrində qadınla kişinin eyni yerdə təhsil alması, qadının avtomobil idarə etməsi qadağandır: “Konfransın adından da göründüyü kimi biz həm ailədə və cəmiyyətdə ənənələri qorumalıyıq, həm də elə çağırışları etməliyik ki, insanlar dinin əslində qadınlara təhsil, seçkidə iştirak kimi hüquqlar verdiyini anlasınlar. İslam qadınların da, kişilərin də təhsil almasını xüsusi şəkildə dəstəkləyir. Çalışmalıyıq ki, belə anlaşılmazlıqlar aradan qalxsın”.
“Əhməd Ağaoğlu” Milli Araşdırmalar İctimai Birliyinin sədri Nigar Axundova isə Türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun nümunəvi həyatı və ictimai-siyasi fəaliyyəti haqqında konfrans iştirakçılarına məlumat verdi.
Konfrans
panel müzakirələrlə davam etdi.
Bakıya dönərkən Xankəndidən ötüb keçdik. Baş meydanda Dövlət bayrağımızın dalğalandığını görmək Şuşa səfərimizin öyünclü və unudulmaz təəssüratını ikiqat zənginləşdirdi. Bəli, Şuşa kimi Xankəndi də artıq bizimdir. Qarabağ Azərbaycandır!
Zərifə
BƏŞİRQIZI
Xalq qəzeti 2024.- 20 iyul, ¹(151).- S.9.