“Mən
ölmədim, şəhid
oldum...”
Vətən müharibəsində xarici
jurnalistlərdən biri
hər iki ölkənin əsgərinə
sual verir: Döyüşdə nə
qədər hərbçi
itirmisiniz? Erməni minlərlə əsgər,
– deyə cavab verir. Üzünü Azərbaycan əsgərinə
tutan jurnalist aldığı cavabdan özünü bir anlığa itirir: “Bizdə itki olmadı”. Xarici jurnalist soruşur: – Necə yəni olmadı? Axı qarşı tərəfin
minlərlə itkisi var. Azərbaycan əsgəri məğrur
cavab verir: qazimiz oldu, qəhrəmanımız
oldu, şəhidimiz oldu, ancaq ölənimiz
olmadı.
Bəli, müharibədə həyatını ərazi bütövlüyümüz uğrunda, haqq-ədalət uğrunda canını qurban vermiş şəhidlərimiz ölmədilər, əbədiyyət zirvəsinə yüksəldilər. Onların doğulub böyüdüyü məkanlara diqqət yetirsək, Azərbaycanın bütün bölgələrinin, ölkəmizdə yaşayan xalqların şəhadət zirvəsində təmsil olunduğunu görərik.
Şəhidlərin doğma torpaqlarda axan qanı o yerləri daha da müqəddəsləşdirdi. Artıq beş ildir ki, Qarabağımızda üçrəngli Azərbaycan bayrağı dalğalanır. İgidlərimizin canını qurban verdiyi bu müqəddəs torpaqlar indi sürətlə canlanır. Xalq şairi Musa Yaqubun “Torpaq” şeirində deyildiyi kimi;
Torpaq müqəddəsdir,
Torpaq müqəddəs,
Gərək yadımızdan çıxmasın bu dərs.
O, ürək
kimidir – satıla bilməz,
Vətəndi,
atadı, anadı torpaq.
Bəli,
torpaq, Vətən anlayışı bizim üçün
müqəddəsdir. Bu müqəddəslik bu xalq var olduqca
qalacaq.
* * *
Səhərin
erkən saatlarında müharibə yenicə
başlamışdı ki, Füzulidə kəşfiyyat
taborun tibb xidmətinin hərbi ambulansı yaralıları
xilas etmək üçün cəbhə istiqamətində
yola düşür. Maşındakı qrupda tibb xidməti rəisi
Haman Əliyev, 9 ayın əsgəri sanitar Rza Məmmədov
və digər bir əsgər yoldaşları olur. Onlar
yaralıları təxliyə edən vaxt düşmən
artilleriyasının ilk hədəfi məhz ambulans olur. Rza və
həmin ambulansda olan dörd nəfər ağır
yaralanır. Ambulans alovlanıb yanmağa başlasa da,
döyüş zonasından uzaqlaşmağa
çalışır. Lakin Rza komandiri Haman Əliyevin
qucağında şəhidlik zirvəsinə yüksəlir.
Beləcə bir gəncin adı da Azərbaycanın Zəfər
tarixinə ilk şəhid əsgərlərindən biri kimi
daxil olur.
2001-ci il noyabrın 23-də Şamaxı rayonunun
Göylər kəndində dünyaya göz açan Rza
2007–2018-ci illərdə 2 saylı Göylər kənd tam orta
məktəbində oxuyub. Bu müddət ərzində
rayondakı İncəsənət Təhsili Mərkəzində
də səs üzrə (xanəndə) təhsil alıb.
Sağlığında istəyirmiş ki, xanəndə kimi
el məclislərində iştirak etsin. Təhsil
aldığı ilk gündən müəllimlərin rəğbətini
qazanır. Müəllimləri söyləyirmişlər ki,
sən ifa edəndə elə bil, bütün vücudun
mahnı oxuyur.
Müharibədən öncə şəhid polkovnik –
leytenant Orxan Ələkbərovun rəhbərliyi ilə
yorulmadan məşqlər edirlər. Gecələr
yorğunluqlarını çıxarmaq üçün Rza
axşamlar dostları üçün mahnı oxuyur.
Müharibə başlamazdan bir gün əvvəl –
sentyabrın 26-sı axşam yeməyindən sonra əsgərlər
Rzadan mahnı oxumasını istəyirlər. O da “Ana, mən
şəhid oldum” mahnısını ifa edir.
Döyüş yoldaşlarının sözlərinə görə,
Rza müharibənin ilk günü səhər tezdən
yaralıları daşımaq üçün xərək
götürüb hərbi hissədən çıxanda
gülə-gülə orada işləyən xanımlara
üzünü tutaraq deyir ki, hiss edirəm bu xərək
birinci özümə qismət olacaq... Bir neçə saatdan
sonra elə də olur.
Bu gün qəhrəman şəhidimizlə təkcə ailə
üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla
anır. Şəhidlik mənəviyyat, əbədiyyət
zirvəsidir. Nisgilimizdir, kədərimizdir, ürək
ağrımızdır, həm də qürurumuz, örnəyimizdir...
Müşfiq
MİRZƏ
Xalq
qəzeti.- 2025.- 27 sentyabr, ¹207.- S.13.