“Qəhrəmanlar can verir
yurdu yaşatmaq üçün...”
Vətən
müharibəsi qəhrəmanları
Tarixə
qızıl hərflərlə yazılan 44 günlük Zəfər
Yürüşü zamanı fövqəladə igidlik
nümunəsi göstərmiş əsgər və zabitlərimizdən
83 nəfəri “Vətən Müharibəsi Qəhrəmanı”
adına layiq görülüb. Onların hər birinin hünəri
ilə fəxr edir və sevinirik ki, doğma
torpaqlarımızı yağılardan qoruyan, işğaldan
azad edən belə oğullarımız olub və var! Bizə
tarixi qələbə anlarını yaşadan bütün
şəhid qəhrəmanlarımızın ruhu
qarşısında baş əyir, sağ qalanlara
cansağlığı arzulayırıq.
Biz rəşadətli
Vətən oğullarını daha geniş kütləyə
tanıtmaq üçün qarşıdakı 44 gün ərzində
hazırlayacağımız “Zəfər yolu” səhifələrində
ardıcıl olaraq Vətən müharibəsi qəhrəmanları
haqqında qısa tanıtım yazıları verməyi qərara
almışıq. Bu gün onlardan birini – Raqif
İsrayılovu oxuculara təqdim edirik.
Vətənin
mərd oğlu
Azərbaycan
Silahlı Qüvvələrinin polkovniki, Füzuli, Cəbrayıl,
Qubadlı, Zəngilan, Murovdağ və Şuşa uğrunda
döyüşlərdə fərqlənmiş Raqif
İbadulla oğlu İsrayılov 1975-ci ildə Şamaxı
rayonunun Qurdtəpə kəndində anadan olub. Orduda həqiqi
hərbi xidmətini başa vurandan sonra Bakı Ali
Komandanlıq Məktəbinin xüsusi fakültəsinə
daxil olub və oranı taktiki mühəndis qoşunları
komandiri ixtisası üzrə bitirib. Sonra Silahlı Qüvvələrin
Hərbi Akademiyasının Strateji Araşdırmalar və
Dövlət Müdafiəsinin İdarəetmə akademik
kursunda nəzəri biliklərini daha da təkmilləşdirib.
İkinci
Qarabağ müharibəsində Raqif İsrayılov
qoşunların mühəndis təminatının təşkilinə,
xüsusilə də düşmənin artilleriya və aviasiya
qüvvələrinin atəşi altında olan Həkəri
çayı üzərindəki partladılmış
körpülərin ətrafının təhlükəli
maneələrdən təmizlənməsinə, brod
keçidlərindən istifadə etməklə hərbi
körpülərin hazırlanmasına rəhbərlik edib.
Düşmənin partlayışa hazırladığı 2
körpünün elektrik xəttini kəsərək zərərsizləşdirib.
Polkovnik
Raqif İsrayılov Kəlbəcərin sərt dağlıq
və qarlı ərazilərində Ömər
aşırımından keçməklə düşmən
tərəfindən minalanmış və
dağıdılmış yolun bütün maneələrdən
təmizlənərək bərpa olunmasına,
qeyri-mümkün hissələrdə isə yeni yolun çəkilməsinə
bacarıqla rəhbərlik edərək qoşunların maneəsiz
hərəkətinə şərait yaradıb.
Laçının Güləbird istiqamətində isə
partladılmış körpülərin ətrafının
minalardan təmizlənərək keçidlərin
hazırlanmasını təmin edə bilib.
Ərazi
bütövlüyümüzün bərpasında xüsusi
xidmətlərinə və azadlıq yürüşü
zamanı düşmənin məhv edilməsi üzrə
qarşıya qoyulmuş döyüş
tapşırığını yerinə yetirən zaman
göstərdiyi qəhrəmanlıq nümunəsinə
görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamına
əsasən Raqif İsrayılova “Vətən Müharibəsi
Qəhrəmanı” adı verilib. O, 2021-ci il sentyabrın 15-də
Milli Ordu sıralarından ehtiyata buraxılıb. Azərbaycan
Ordusu Təlim-Tədris Mərkəzində baş müəllim
kimi fəaliyyətinə davam edir.
Əli NƏCƏFXANLI
Xalq
qəzeti.- 2025.- 27 sentyabr, ¹207.- S.13.