Şəhid arxeoloq yad edilib
AMEA-nın
Arxeologiya və Antropologiya İnstitutunda 27 Sentyabr – Anım
Günü ilə əlaqədar olaraq Vətən müharibəsində
şəhid olmuş arxeoloq Elşən Salayevin xatirəsinə
həsr olunmuş mərasim keçirilib.
Əvvəlcə
ölkəmizin ərazi bütövlüyü və
suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA
Arxeologiya və Antropologiya İnstitutun direktoru, tarix üzrə
fəlsəfə doktoru, dosent Fərhad Quliyev
çıxış edərək 44 günlük Vətən
müharibəsinin Azərbaycanın tarixində önəmli
bir hadisə olmasından, dünya çapında dövlətimizin
və xalqımızın iradəsini və nüfuzunu təsbit
etməsindən danışıb. “Müzəffər Ali
Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə
şanlı Azərbaycan Ordusunun azad etdiyi torpaqlarımızda
institut əməkdaşlarının apardığı tədqiqatlar
şəhidlərimizin ruhu qarşısında yerinə
yetirdiyimiz vəzifə borcumuz və onların xatirəsinə
bir ithafdır”, – deyə institut direktoru
çıxışında vurğulayıb.
Daha sonra
institutun Gənc Alim və Mütəxəssislər
Şurasının sədri Mircavid Ağalarov şəhid
Elşən Salayevin həyatı və elmi fəaliyyəti
barədə tədbir iştirakçıları məlumat
verib. O, şəhid Elşən Salayevin elmə
marağını, gələcək üçün
planlarını və vətənpərvərliyini xüsusi
vurğulayaraq onun ölümündən sonra
“Suqovuşanın azad olunmasına görə” və “Cəsur
döyüşçü” medalları ilə təltif
edildiyini bildirib. “Qədim Bərdədəki Torpaqqala abidəsində
aparılan arxeoloji qazıntılarda Elşən elə
böyük hörmət qazanmışdı ki, hətta
şəhid olduqdan sonra arxeoloji araşdırmada iştirak edən
İrlandiyanın Dublin Universitetinin əməkdaşı
David Stone İngiltərədə Oksford Universitetində
müdafiə etdiyi dissertasiyasını onu xatirəsinə həsr
etmişdi”, – deyə Mircavid Ağalarov bildirib.
Bakı
Dövlət Universitetinin Tarix fakültəsinin professoru Lalə
Əliyeva şəhid Elşən Salayevi zəhmətkeş,
perspektivli tələbə kimi xatırladığını
deyib və onun Vətənə sarsılmaz
bağlılığından danışıb. Professor qeyd
edib ki, ingilis dilini sərbəst bilən Elşənin arzusu
arxeologiya üzrə təhsilini Avropa elmi mərkəzlərinin
birində davam etdirib, Azərbaycanda arxeoloji tədqiqatlarda
iştirak etmək idi.
Tədbir
iştirakçıları yekdilliklə yaxın gələcəkdə
şəhid Elşən Salayevin xatirəsini yaşadacaq gənc
arxeoloqlar üçün mükafatın təsis edilməsi
təşəbbüsünü dəstəkləyiblər.
Seminarın
sonunda şəhid arxeoloqun xatirəsinə həsr olunmuş
videoçarx nümayiş etdirilib.
Qabil YUSİFOĞLU
Xalq
qəzeti.- 2025.- 28 sentyabr, ¹208.- S.11.