2008-ci
il Azərbaycan iqtisadiyyatı üçün
uğurlu olmuşdur
Milli Məclisdə
Nazirlər Kabinetinin 2008-ci ildə fəaliyyəti
haqqındakı hesabatında qeyd edildiyi kimi, bu gün
infrastruktur layihələrinə dövlət büdcəsindən
ayırmaların ilbəil yüksək templə artması
Heydər Əliyev iqtisadi strategiyasının uğurla davam
etdirilməsini və dövlət başçısı
İlham Əliyevin bu məsələyə necə
böyük həssaslıqla yanaşdığını
göstərir. Əgər 2007-ci ilin dövlət büdcəsində
investisiya layihələrinin maliyyələşdirilməsinə
1,5 milyard manat ayrılmışdırsa, 2008-ci ildə bu rəqəm
3,5 milyard manata yaxındır. Qeyd olunduğu kimi, yola
saldığımız il, eyni zamanda, paytaxtda və regionlarda
yeni yolların və körpülərin istifadəyə
verilməsi ilə əlamətdar olmuşdur.
2008-ci il ərzində
Azərbaycan Prezidentinin 2 fevral 2006-cı il tarixli “Bakı
şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi
üzrə 2006- 2007-ci illər üçün Tədbirlər
Planı”- nın təsdiq edilməsi haqqında sərəncamına
uyğun olaraq paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsi
istiqamətində ciddi tədbirlər həyata
keçirilmişdir. Sərəncam əsasında bu il həyata
keçirilən intensiv və səmərəli tədbirlər
nəticəsində yeni körpü, tunel və yeraltı
keçidlərin bir qismi ən müasir tələblər səviyyəsində
inşa olunaraq istifadəyə verilmişdir.
2008-ci ildə də həyata
keçirilən mühüm layihələrdən biri
Bakının mərkəzindən, Heydər Əliyev
prospektindən keçməklə hava limanına qədər
yolun yenidən qurulmasıdır. 2008-ci il dekabr ayının
25-də paytaxtda Heydər Əliyev adına Beynəlxalq Hava
Limanı - Əzizbəyov dairəsi avtomobil yolunun
açılışı oldu. Məlumat üçün
qeyd edək ki, yolun yenidənqurulmasına 2007-ci ilin mart
ayında başlanılmışdır. Burada 3
yolötürücü, piyadalar üçün 6 yerüstü
keçid, Əzizbəyov dairəsindən Sabunçu dairəsinədək
12 zolaqlı, Sabunçu dairəsindən Heydər Əliyev
adına Beynəlxalq Hava Limanına qədər isə 8
zolaqlı müasir standartlara cavab verən avtomobil yolu tikilərək
istifadəyə verilmişdir. Asfalt örtüyünün
qalınlığı 27 santimetr olan yeni yol boyu avtomobillərin
sürət həddini tənzimləmək üçün 8
yerdə elektron tablolar qoyulmuşdur ki, bu da nəqliyyat
infrastrukturlarının yenidən qurulmasında müasir
texnologiyaların tətbiqini bir daha sübut edir. Bu yolun istifadəyə
verilməsi ilə hava limanı istiqamətində avtomobillərin
hərəkətindəki sıxlıq aradan
qaldırılacaqdır.
2008-ci il dekabrın 25-də
istifadəyə verilmiş başqa bir mühüm yol
ötürücüsü Heydər Əliyev, Xətai və
Babək prospektlərinin kəsişməsində tikilən
körpü-tunel kompleksidir. Buraya ümumilikdə uzunluğu
439 metr, 512 metr və 390 metr olan üç
yolötürücü, eləcə də eni 9 metr,
uzunluğu isə 428 metr olan tunel daxildir. Kompleks ölkədə
ilk dəfə tətbiq olunan texnologiya əsasında
xüsusi isitmə sistemi ilə təchiz edilmişdir ki, bu da
sərt qış aylarında yolun donmasının
qarşısını alacaqdır. Onu da qeyd edək ki, 2008-ci
ilin iyul ayında Təbriz küçəsi ilə Heydər Əliyev
prospekti istiqamətində yolötürücü və
“Excelsior” mehmanxanası yaxınlığında tunel kompleksi
də istifadəyə verilmişdir.
Nəqliyyat sektorunda həyata
keçirilən digər bir layihə Bakıdan Hövsan
istiqamətində hava limanınadək yeni, son dərəcə
yüksək keyfiyyətlə inşa edilmiş magistral yolun
tikilib istifadəyə verilməsi ilə bağlıdır. Eyni
zamanda, 2008-ci il ərzində Sumqayıtdan dəniz kənarı
ilə şimal sərhədinə qədər yolun
inşası layihəsi üzərində də intensiv iş
gedir, Bakı-Şamaxı magistralı yenidən qurulur,
Bakı şəhərində sərnişindaşımaya
yeni iritutumlu avtobuslar cəlb etməklə xidmətlərin
keyfiyyəti artırılır, nəqliyyat əməliyyatlarının
intellektual idarə edilməsi sisteminin yaradılması istiqamətində
ardıcıl işlər aparılır və s..
“Bölgələrin
inkişafı Azərbaycan dövlətinin
inkişafıdır”- deyən dövlət
başçısı ölkəmizin ən ucqar
rayonlarından tutmuş, ən uzaq kənd və qəsəbələrində
aparılan quruculuq işlərinin keyfiyyətlə yerinə
yetirilməsini diqqətdə saxlayır. Cənab Prezidentin
2008-ci il sentyabr ayının 26-da Gəncə şəhərinə
və Kürdəmir rayonuna səfəri zamanı Kürdəmir
dairəvi avtomobil yolunun açılışı ötən
il avtomobil yollarının yenidən qurulmasına dair
aparılan genişəhatəli işlərin bir nümunəsi
idi. Uzunluğu 10 kilometr, eni 15 metr olan bu iki zolaqlı yol
boyunca 44 ədəd yol ötürücüsü və iki
mal-qara keçidi inşa edilmişdir.
Keçən il sentyabr
ayının 7-də Cəlilabad şəhərində istifadəyə
verilmiş müasir üslubda tikilmiş və milli ornamentlərlə
bəzədilmiş yeraltı keçid, aprel ayının
18-də istifadəyə verilmiş Horadiz-Füzuli
magistralının Zolucuq ərazisində yeni
salınmış qəsəbələri birləşdirən
15 km-lik avtomobil yolu, Quruçay üzərində, Dövlət
Neft Fondunun vəsaitləri hesabına, uzunluğu 24,1metr, eni
isə 9 metr olan körpünün salınması, Daşkəsən,
Gədəbəy, Şəmkir, Astara, Qusar və s. ərazilərdə
yolların genişləndirilməsi və yenidən
qurulması, sentyabr ayının 20-də Zaqatala hava limanının
istifadəyə verilməsi və s. 2008-ci ildə nəqliyyat
infrastrukturlarının təkmilləşdirilməsi və
yenidən qurulması istiqamətində həyata keçirilən
tədbirlərin çox az bir hissəsidir.
Bütün bunlar isə
nəqliyyat sektorunun dinamik inkişaf etdiyini sübut edir. Məhz
bunun nəticəsidir ki, 2008-ci ilin doqquz ayı ərzində
nəqliyyat müəssisələrində
çalışan muzdlu işçilərin sayı əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 3 min nəfər
artaraq, 70,5 min nəfər təşkil etmişdir. Onların
83,4 faizi dövlət müəssisələrində, 16,6
faizi isə özəl bölmədə
çalışır. İşçilərin 63,7 faizi quru
yol, 13,4 faizi su, 6,5 faizi hava nəqliyyatı və 16,4 faizi isə
köməkçi və əlavə nəqliyyat fəaliyyəti
göstərən müəssisələrdə cəmləşmişdir.
Statistik məlumatlara əsasən nəqliyyatçıların
orta aylıq əmək haqqı ötən ilin eyni
dövrü ilə müqayisədə 31,2 faiz artaraq, 300,5
manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 787,4
manat, dəniz nəqliyyatında 442,4 manat, avtomobil nəqliyyatında
328,3 manat, dəmir yolu nəqliyyatında isə 165,7 manat təşkil
etmişdir. Əmək haqqının artımı hava nəqliyyatında
44,6 faiz, dəniz nəqliyyatında 23,4 faiz, avtomobil nəqliyyatında
40,2 faiz, dəmir yolu nəqliyyatında 26,5 faiz səviyyəsində
olmuşdur. Eyni zamanda, araşdırmalardan aydın olur ki,
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində
35,6 milyon ton və ya ötən ilin yanvar-sentyabr ayları ilə
müqayisədə 2,4 faiz çox yük, 142,2 milyon nəfər
və ya 6,4 faiz çox sərnişin
daşınmışdır. Dəhliz üzrə yük
daşınmasında dəmir yolu nəqliyyatı 55,3 faiz,
avtomobil nəqliyyatı 31,2 faiz, dəniz nəqliyyatı 13,5
faiz paya malik olmuş, dəhlizdə bu nəqliyyat növləri
ilə daşınmış yüklər ölkənin nəqliyyat
sektorunda daşınmış bütün yüklərin 26,5
faizini təşkil etmişdir. Ölkə ərazisindən
ötürülmüş tranzit yüklərin həcmi 8,4
milyon ton təşkil etmiş, o cümlədən dəmir
yolunda yük daşınmasının 23,2 faizi, dəniz nəqliyyatında
isə 79,9 faizi tranzit yüklərin hesabına həyata
keçirilmişdir. Dəhliz üzərində həyata
keçirilmiş daşımalardan 195 milyon manat və ya əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz
çox gəlir əldə edilmişdir. Gəlirlərin
yaranmasında dəmir yolu nəqliyyatı daha çox - 62,8
faizlik paya malik olmuş, gəlirlərin qalan hissəsi -19,4
faizi avtomobil, 17,8 faizi isə dəniz nəqliyyatının fəaliyyəti
nəticəsində yaranmışdır. Eyni zamanda, statistik
məlumatlara əsasən, cari ilin 9 ayında nəqliyyat
sektorunda yükdaşıma 11,4 faiz, yük dövriyyəsi isə
22,2 faiz artmışdır. Nəqliyyat vasitələri ilə
daşınan 134,5 milyon ton yükün 46,4 faizi avtomobil, 31,8
faizi boru kəməri, 15,4 faizi dəmir yolu, 6,4 faizi dəniz nəqliyyatı
vasitəsilə həyata keçirilib. Özəl bölmənin
nəqliyyat vasitələri ilə yükdaşıma 14,7 faiz
artmış və bu sektorun yükdaşımada payı 69,1
faizə çatmışdır. Bu ilin yanvar-sentyabr
aylarında sərnişindaşımanın 83,5 faizi qeyri-dövlət
sektoruna məxsus nəqliyyat vasitələri ilə həyata
keçirilmişdir.
Ölkənin iqtisadi və
sosial həyatında sürətlə inkişaf edən sahələrdən
biri də rabitədir. Nazirlər Kabinetinin Milli Məclisə
hesabatında qeyd edilmişdir ki, 2008-ci ildə ölkədə
elektron telefon şəbəkəsinin əhatəsi 83,1 faizə
çatdırılmış, mobil abunəçilərin
sayı isə əvvəlki illə müqayisədə 4,5 dəfə
artmışdır. Sahənin əməkçiləri ilin əvvəlindən
əhaliyə, müəssisə və təşkilatlara 8284
milyon manatlıq, yaxud keçən ilin müvafiq
dövründə olduğundan 29,7 faiz çox rabitə xidməti
göstərmişlər. Xidmətlərin 75,8 faizi və ya
617,9 milyon manatı əhaliyə göstərilmiş və
31,9 faiz artmışdır. İl ərzində 12,6 milyard
manat məbləğində istehlak malları
satılmış və pullu xidmət göstərilmişdir.
İstehlakçılara ticarət şəbəkəsindən
keçən ildəkindən 15,6 faiz çox və ya 9,6
milyard manat həcmində əmtəə satılmış və
29,6 faiz çox, yaxud 3 milyard manatlıq pullu xidmət göstərilmişdir.
İstehlak bazarında satılmış malların 6,2 milyard
manatını və ya 64,5 faizini ərzaq məhsulları, 3,4
milyard manatını qeyri-ərzaq malları təşkil
etmişdir.
Ölkənin dövlət
və qeyri-dövlət təşkilatları və
ayrı-ayrı fiziki şəxsləri yanvar-oktyabr
aylarında 137 dövlətlə 51,9 milyard ABŞ dolları məbləğində
xarici ticarət əməliyyatları aparmışlar. Əmtəə
dövriyyəsinin 46 milyard dollarını və ya 88,6 faizini
ölkədən ixrac olunmuş mallar, 5,9 milyard
dollarını və ya 11,4 faizini isə ölkəmizə
idxal edilmiş məhsullar təşkil etmişdir. 2007-ci illə
müqayisədə ticarət əlaqələrinin ümumi dəyəri
5,6 dəfə, o cümlədən ixrac 9,5 dəfə, idxal
33,1 faiz artmışdır. Ticarət dövriyyəsinin 93,5
faizi və ya 48,5 milyard dolları uzaq xarici ölkələrlə,
6,5 faizi və ya 3,4 milyard dolları isə MDB üzvü
dövlətləri ilə aparılmışdır. Ölkəmizdən
göndərilmiş malların 97 faizi uzaq xarici dövlətlərə,
3 faizi isə MDB üzvü ölkələrinə ixrac
olunmuş və müvafiq olaraq 11,4 dəfə və 54 faiz
artmışdır. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə uzaq xarici ölkələrdən daxil
olmuş malların məbləği 33,9 faiz, MDB üzvü
dövlətlərindən gətirilmiş malların həcmi
31,7 faiz artmışdır.
2008-ci ilin yekunlarına
dair müşavirədə qeyd olunan fikirlərdən və
aparılan statistik təhlillərdən aydın olur ki,
ölkəmizin iqtisadi uğurları 2008-ci ildə də davam
etmiş və gələcəkdə daha da sürətli
inkişaf üçün zəngin potensial
formalaşdırılmışdır. Ölkə
başçısı İlham Əliyevin qeyd etdiyi kimi:
“2008-ci ilin yekunları, eyni zamanda, son beş il ərzində
görülən işlərə vurulan yekundur. Azərbaycan
xalqı bu işlərə mənim üçün ən
vacib olan münasibətini keçən ilin oktyabr ayında
prezident seçkilərində bildirmişdir. Bu, bizim
üçün ən böyük göstəricidir. Bizim
işlərimizin düzgün aparılmasına ən
böyük işarədir, ən böyük sübutdur. Elə
etməliyik ki, növbəti illərdə xalqın
etimadını doğruldaq, Azərbaycanın
qarşısında duran bütün məsələləri
uğurla həll edək, Azərbaycanı daha gücləndirək,
bölgədə və dünyada mövqelərimizi möhkəmləndirək,
iqtisadi sahədə daha ciddi nailiyyətlərə çataq,
bütün sosial məsələləri həll edək və
beləliklə, ölkəmizi uğurla irəliyə aparaq”.
Göründüyü
kimi, Azərbaycan dövlətinin son illər əldə edilən
inkişafı 2008-ci ildə də davam etdirilmiş və daha
da çoxalmışdır. Təbii ki, milli iqtisadiyyatın
ayrı-ayrı sahələrində uğurlu nəticələrin
əldə edilməsinə, ilk növbədə,
düzgün daxili siyasətin həyata keçirilməsi,
ölkədə demokratik mühitin
formalaşdırılması və iş adamları
üçün münbit şəraitin yaradılması əsasında
nail olunmuşdur. İş adamları ilə mütəmadi
görüşlərin keçirilməsi, xüsusi
razılıq tələb edilən fəaliyyət növlərinin
sayının azaldılması, sahibkarlığın
inkişafına xidmət edən dövlət
proqramlarının qəbulu, qeydiyyat-uçot məsələlərinin
sadələşdirilməsi, ölkədə
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin
genişləndirilməsi, iş adamlarına güzəştli
kreditlərin verilməsi, “bir pəncərə” sisteminin
yaradılması və s. dövlət başçısı
İlham Əliyevin rəhbərliyi ilə ölkə
iqtisadiyyatının, xüsusilə özəl sektorun
inkişafı və demokratik prinsiplərin
reallaşdırılması istiqamətində atılan
addımların çox az bir qismidir. 2008-ci ildə
keçirilən prezident seçkilərində cənab
İlham Əliyevin 88 faiz səslə yenidən ölkə
başçısı seçilməsi isə bir daha
sübut edir ki, Azərbaycan xalqı öz taleyini təsadüflərin
ixtiyarına buraxmaq istəmir. Xalqımız bu gününə
və sabahına biganə qalmayaraq onu xoş günlərə,
parlaq gələcəyə aparan strateji xətti - Heydər Əliyev
siyasətini dəstəkləmişdir.
Aqil ƏSƏDOV
AMEA-nın İqtisadiyyat
İnstitutunun böyük elmi
işçisi, iqtisad elmləri
namizədi
Xalq qəzeti.- 2009.- 1 aprel.- S. 1.