Ermənistanın Azərbaycana təcavüzü və ATƏT

 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Məsələlərinə dair Müşavirənin (ATƏM) Helsinki Yekun Aktını 33 Avropa dövləti, ABŞ və Kanada imzalamışlar. Müşavirənin ilkin mərhələsi 1973-cü il iyulun 3-də Helsinkidə xarici işlər nazirlərinin görüşü ilə başlanmışdır. 1973-cü ilin sentyabrından 1975-ci ilin iyun ayınadək Cenevrədə siyasi sənədlər hazırlanmış, 1975-ci il iyulun 30-dan avqustun 1-dək isə Helsinkidə Yekun Akt imzalanmışdır.

1994-cü ildə ATƏM-in Budapeştdə keçirilən zirvə toplantısında bu təşkilatın statusu genişləndirildi və o, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) adlandırıldı. 1975-ci ildən indiyədək təşkilatın üzvlərinin sayı keçmiş SSRİ və Yuqoslaviya respublikalarının hesabına artaraq 56-ya çatmışdır.

Yarandığı vaxtdan ATƏT özünün yüksək səviyyədə müntəzəm keçirilən görüşlərində və zirvə toplantılarında (Belqrad 1977, Madrid 1980, Vyana 1986, Paris 1990, Helsinki 1992, Budapeşt 1994, Lissabon 1996, İstanbul 1999) Avropada sülhün qorunub saxlanmasına, regional və beynəlxalq münasibətlərin tənzimlənməsinə dair əhəmiyyətli qərarlar qəbul etmişdir. ATƏT-in mühüm nailiyyətlərindən biri də 1990-cı ildə Avropada adi silahlar haqqında müqavilənin imzalanmasıdır. Elə həmin il noyabrın 19- 21-də ATƏT-in Parisdə keçirilən zirvə toplantısında imzalanan “Paris Xartiyası” ATƏT tarixində “Helsinki aktı”ndan sonra mühüm bir mərhələ oldu. “Paris Xartiyası” ATƏT-in fəaliyyətinə yeni məzmun gətirdi və Avropada “soyuq müharibə” dövrü başa çatdı.

1990-cı il “Paris Xartiyası”ndan sonra ATƏT-in ilk daimi fəaliyyət institutları yaradıldı. Bunlar Münaqişələrin Həlli Mərkəzi, Azad Seçki Bürosu (hazırda Demokratik İnstitutlar və İnsan Haqları İdarəsi) və Katiblikdən ibarətdir. Bundan başqa ATƏT-in daha 3 siyasi orqanı təsis edildi: ATƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Şurası; Nazirlər Şurasına kömək etmək üçün Yüksək Vəzifəli Şəxslər Komitəsi (1994-cü ilin dekabrından Ali Rəhbər Şura) və ATƏT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının müntəzəm keçirilən zirvə toplantısı.

1992-ci ilin dekabrında Milli Azlıqların işi üzrə Ali Komissar və ATƏT-in sülhü müdafiə missiya və əməliyyatlarına nəzarətin həyata keçirilməsi üçün baş katib vəzifələri təsis edildi. 1993-cü ilin dekabrından Vyanada ATƏT-in Daimi Komitəsi (1994-cü ilin dekabrından Daimi Şura) fəaliyyət göstərir və burada bütün üzv olan dövlətlərin təmsilçiləri vardır. Daimi Komitə ATƏT üzvü olan dövlətlərdə siyasi məsələlərə dair, o cümlədən, böhranlı vəziyyət və silahlı münaqişələr olduqda məsləhətləşmələr aparır və müvafiq qərarlar qəbul edir.

Bundan başqa, 1992-ci ilin iyulundan ATƏT-in Parlament Assambleyası fəaliyyət göstərir ki, o, öz iclaslarını ildə bir dəfə keçirir. ATƏT-in fəaliyyətdə olan sədri (Nazirlər Şurasının axırıncı iclası keçirilən dövlətin xarici işlər naziri) bir il müddətinə seçilir və onun operativ fəaliyyətinə ümumi rəhbərlik edir.

1992-ci illərin əvvəllərindən başlayaraq Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daha çox beynəlxalq əhəmiyyətli problemə çevrildi. 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası ATƏM-in üzvü oldu və həmin il iyulun 8-10-da adı çəkilən təşkilatın Helsinkidə keçirilən zirvə toplantısında onun sənədlərini imzaladı.

Müstəqilliyini əldə edən Azərbaycan Respublikası ATƏM-in üzvü olduqdan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevral ayının ortalarında ATƏM-in xüsusi missiyası Azərbaycanda oldu. Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) Praqada keçirilən 7-ci iclasında münaqişə bölgəsində olan missiyanın məruzəsi dinlənildi. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı.

ATƏM-in YVŞK-nın martın 13-14-də Helsinkidə keçirilən 8-ci iclasında Dağlıq Qarabağ münaqişəsinin davam etməsi və onun dinc siyasi vasitələrlə aradan qaldırılması yolları müzakirə olundu. Bu görüşdən sonra ATƏM-in YVŞK-nın sədri Yan Kubişin başçılıq etdiyi nümayəndə heyəti martın 19-23-də ikinci dəfə münaqişə bölgəsinə səfər etdi. Dağlıq Qarabağ, Bakı və Yerevanda olan nümayəndəliyin məqsədi Qarabağda atəşin dərhal dayandırılması, ATƏM müşahidəçilərinin münaqişə bölgəsində yerləşdirilməsi imkanlarını öyrənmək idi.

1992-ci il martın 23-24-də Helsinkidə ATƏM-in YVŞK- nın 9-cu iclasında münaqişə bölgəsində atəşi dərhal dayandırmaq və münaqişə edən bütün tərəfləri ATƏM çərçivəsində Dağlıq Qarabağa dair sülh konfransının tezliklə keçirilməsi üçün hər cür şərait yaratmağa çağırdılar.

ATƏM-in Xarici İşlər Nazirləri Şurasının martın 24-də keçirilən birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. ATƏM-in Nazirlər Şurası YVŞK-nın zəmanəti əsasında münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul etdi. Sənəddə göstərilirdi ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Belarus, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin.

1992-ci il mayın 1-də ATƏM-in YVŞK-nın Helsinkidə keçirilən 10-cu iclasında Dağlıq Qarabağa dair konfransın təşkili, iclasların keçirilməsi şərtləri, sədrin səlahiyyətləri və s. haqqında YVŞK- nın qərarı qəbul edildi. Minsk konfransının reallaşması üçün yaradılan eyni adlı qrup münaqişənin nizamlanması istiqamətində fəaliyyət göstərməli, münaqişə həll ediləndən sonra isə konfransa üzv olan dövlətlər məsələnin həllində neytral, regionda maraqlı dövlət olmadığını nəzərə alaraq Belarusun paytaxtı Minsk şəhərində toplanmalı və Yekun sənədi qəbul etməli idilər. ATƏM-in Xarici İşlər Nazirləri Şurası Minskdə keçiriləcək konfransa hazırlıq məqsədilə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar görüş keçirmək və məsələni həll etmək barədə Mario Rafaelliyə mandat verdi.

1992-ci il mayın 7-də ATƏM-in Dağlıq Qarabağa dair Minsk konfransının sədri M.Rafaelli başda olmaqla ATƏM-in nümayəndə heyəti Azərbaycanda səfərdə oldu. Səfər zamanı o, bildirdi ki, regionda sülhün tezliklə bərqərar olması üçün atəş uzun müddətə kəsilməli, iyunun ortalarında keçiriləcək konfransın çağırılması şərtləri və subyektləri müəyyənləşdirilməlidir. Azərbaycan tərəfi bildirdi ki, Dağlıq Qarabağ nümayəndələri ancaq Azərbaycan nümayəndə heyətinin tərkibində konfransda iştirak edə bilərlər.

1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa və Laçının işğalı nəinki münaqişənin hərbi tərəfini, eyni zamanda, onun mahiyyətini də dəyişərək yeni siyasi problem yaratdı və sülh missiyasını öz üzərinə götürmüş Minsk konfransının keçirilməsi yolunda maneəyə çevrildi. Münaqişənin dinc vasitələrlə nizama salınması üçün yaradılmış Minsk qrupu çərçivəsində aparılan danışıqlarda qarşı duran tərəflər arasında ziddiyyətlərin qalması, xüsusilə, Ermənistanın qeyri- konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxartdı.

Çox təəssüf ki, dünya birliyi Ermənistanın bu açıq-aşkar təcavüzkarlığına göz yumdu və təcavüzkarın cilovlanması üçün heç bir əməli tədbir görmədi. 1992-1993-cü illərdə münaqişəni nizama salmaq üçün BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı və sənədlər qəbul edilərkən şuranın daimi üzvləri olan böyük dövlətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsinin səbəblərinin, xarakterinin və məzmununun qiymətləndirilməsinə birmənalı yanaşmadılar. Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən bütün sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü “Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişə” kimi qiymətləndirdi. Şuranın daimi üzvləri münaqişəyə Azərbaycanla Dağlıq Qarabağ arasında olan münaqişə kimi baxırdılar. BMT TŞ-nın 822, 853, 874, 884 saylı qətnamələri qəbul edilirkən şuranın daimi üzvü olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq verməyərək münaqişənin ATƏT-in Minsk prosesi çərçivəsində atəşkəs və danışıqlar yolu ilə həll olunmasına üstünlük verdilər. Cəzasız qaldığından ruhlanan və bundan istifadə edən Ermənistan tərəfi BMT TŞ-nın münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə də məhəl qoymadı.

ATƏM-in Minsk qrupunun bu illərdəki fəaliyyətinə nəzər salsaq, demək olar ki, onun BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yeritmək üçün hazırladığı “Təxirəsalınmaz tədbirlər cədvəli” heç bir təsir gücünə malik deyildi. ATƏM-in başlıca çatışmazlıqlarından biri də, məhz ATƏM çərçivəsində və onun himayəsi altında müqaviləni yerinə yetirməkdən imtina edən tərəfə qarşı sanksiya qəbuletmə mexanizminin olmaması idi. Minsk qrupu tərəfindən qəbul edilən sənədlər yalnız məsləhət və ya tövsiyə xarakteri daşıyırdı. ATƏM-də tətbiq olunan qarşılıqlı güzəşt prinsipi müqaviləni pozan tərəfə öz əməllərinə görə məsuliyyət daşımamaq imkanı verirdi. Buna görə də ATƏM tərəflərin razılığı ilə münaqişə bölgəsinə müşahidəçilər qrupu göndərə bilərdi. 1992-1993-cü illər ərzində Minsk qrupunun qəbul etdiyi yeganə konstruktiv sənəd də məhz münaqişə bölgələrində beynəlxalq hərbi müşahidəçilərin yerləşdirilməsini nəzərdə tutan 1993-cü il 1 mart tarixli mandat idi. Bu illərdə hərbi əməliyyatların dayandırılması və münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏM-in və onun yaratdığı Minsk qrupunun göstərdiyi səylər heç bir nəticə vermədi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin vasitəçilik tarixinə nəzər salsaq və bunu şərti olaraq mərhələlərə bölsək, bu mərhələlərin hər biri xeyli dərəcədə Rusiya-Qərb qarşıdurması kontekstində qiymətləndirilə bilər. 1992-ci ilin martında Minsk qrupu yaradılan zaman Rusiya bu təşəbbüsü müdafiə etsə də, dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən münaqişənin nizama salınmasına dair vasitəçilik səylərinin fəallaşması Rusiya siyasi dairələrində narahatlıq doğurmağa başlamışdı. Belə bir vaxtda münaqişənin dinc vasitələrlə həlli prosesində Rusiya təşəbbüsü beynəlxalq təşkilatların və dünya dövlətlərinin əlindən almağa və bununla da regionda özünün zəifləmiş mövqelərini möhkəmləndirməyə cəhd göstərirdi.

Rusiya ATƏM-in Minsk qrupunun üzvü olsa da, 1993-cü ildə özünün müstəsna rolunu israr etməklə, istər BMT, istərsə də ATƏM çərçivəsində regionda “sülhün və sabitliyin təminatçısı” statusunu almağa səy göstərirdi. Rusiya ATƏM çərçivəsində vasitəçiliyi bitərəfləşdirməklə özünün münaqişənin nizama salınması planına aşkar üstünlük verirdi. Münaqişənin həllinə dair planlarda ATƏM ilə Rusiya arasında yaranmış fikir ayrılığı ondan ibarət idi ki, ATƏM münaqişənin nizama salınmasında çoxtərəfli vasitəçiliyin olmasını istəyir, sülh prosesinin beynəlxalq müşahidəçilərin nəzarəti altında aparılmasına və çoxmillətli sülhməramlı qüvvələrin formalaşmasına çalışırdı. Rusiya isə əksinə, münaqişənin nizamlanmasını öz nəzarətində saxlamaq və regionda geosiyasi maraqlarını təmin etmək üçün münaqişə bölgələrində yalnız rus qoşunlarının yerləşdirilməsini istəyirdi. Lakin bu məqsədinə nail olmayan Rusiya Ermənistanda öz qoşunlarını yerləşdirmiş, onu gizli və aşkar yolla silahlandıraraq Azərbaycan ərazilərinin işğal olunmasına imkan yaratmışdır. 1997-ci ilin əvvələrində Rusiyadan Ermənistana qanunsuz olaraq dəyəri 1 milyard dollardan çox olan müasir silahların verilməsi haqqında faktlar üzə çıxdı. Məlum oldu ki, bu silahlar 1993-cü ildən etibarən, yəni Ermənistan ilə Azərbaycan arasında qızğın hərbi əməliyyatlar getdiyi bir zamanda göndərilməyə başlanmış və bu da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsinə şərait yaratmış, sonralar atəşkəs elan ediləndən sonra da bu proses davam etmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tuturdu. Bu məqsədlə 1993-cü ilin ikinci yarısından başlayaraq Prezident Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü məsələsini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışırdı.

Münaqişənin sülh yolu ilə həll edilməsi üçün Prezident Heydər Əliyevin ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərdə ATƏT-in zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, eyni zamanda, Ermənistan prezidenti ilə birbaşa danışıqlarda göstərdiyi səylər dövlət başçısının apardığı ardıcıl və məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil edirdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanması məqsədi ilə məhz Prezident Heydər Əliyevin qətiyyəti, əzmkarlığı və gərgin fəaliyyəti sayəsində 1994-cü ilin mayın 12-də atəşkəs haqqında razılıq əldə edildikdən sonra ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı.

1994-cü ilin dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən zirvə toplantısında Prezident Heydər Əliyevin çevik diplomatiyasının təsiri ilə “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” barədə qərar qəbul olundu. Həmin qərarda münaqişə bölgəsində sabitliyin təmin edilməsi üçün ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi haqqında maddə də öz əksini tapdı. Bundan başqa, Budapeştdə həmsədrlik institutu da təsis edildi. Minsk konfransına iki həmsədrin təyin edilməsi və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edildi. Rusiyanın bu münaqişədə maraqlı tərəf olduğu nəzərə alınaraq ATƏM-in Minsk konfransında, o cümlədən Minsk qrupunda həmsədrlik Rusiya və Finlandiyaya tapşırıldı. Bu razılıq təkcə Budapeşt görüşünə qədər gərgin olaraq qalan Qərb-Rusiya münasibətlərinin yumşaldılması deyil, həm də münaqişənin həlli istiqamətində Rusiyanın “fərdi sülhpərvərlik” istəyinin qarşısının alınması idi.

1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş olan sənəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ədalətlə aradan qaldırmaq yolunda böyük siyasi nailiyyət sayıla bilər. Zirvə toplantısı zamanı Prezident Heydər Əliyevin gərgin əməyi və diplomatik istedadı sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivələrini müəyyənləşdirən xüsusi bir sənəd qəbul edildi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 3 əsas prinsipi özündə əks etdirən və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Flavio Kottinin adından verilən bu bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin yekun sənədlərinə əlavə edildi.

ATƏT-in Lissabon zirvə görüşündən sonra Rusiya ilə yanaşı Fransa və ABŞ nümayəndələri də Minsk qrupunun həmsədrləri təyin olundu. 1997-ci ilin ikinci yarısından indiyə kimi Minsk qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət - yəni Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 6 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqədar 3 təkliflə çıxış etmişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin “paket” (bu variantda Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin “mərhələli” (bu variantda isə münaqişənin mərhələlərlə nizama salınması nəzərdə tutulurdu) həllindən ibarət idi. Azərbaycan Prezidenti həmin planlara tam razi olmasa da, həmsədrlərin bu iki təklifini qəbul etdiyi halda, Ermənistan tərəfi qeyri-konstruktiv mövqedən çıxış edərək həmin təkliflərlə razılaşmadı.

1998-ci ilin noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qətiyyən qəbul edilməz olan və danışıqların davam etdirilməsinə imkan yaratmayan üçüncü təklifi irəli sürdülər. Bu təklif dünya praktikasında mövcud olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən süni “ümumi dövlət” təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşılması demək idi.

ATƏT-in Minsk qrupunun son təklifindən Azərbaycan tərəfi birmənalı şəkildə imtina etdikdən sonra, 1999-cu il fevralın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev Minsk qrupunun həmsədrləri olan dövlətlərin (ABŞ, Rusiya, Fransa) başçılarına eyni məzmunlu məktubla müraciət etdi. Minsk qrupunun fəaliyyətini, xüsusilə həmsədrlərin axırıncı təklifini ciddi surətdə tənqid edən Azərbaycanın dövlət başçısı “ümumi dövlət” ideyasının ATƏT-in prinsiplərinə uyğun olmadığını və sülh prosesinə xeyli zərər verdiyini göstərməklə yanaşı, ABŞ, Fransa və Rusiya dövlət başçılarını münaqişənin ədalətlə və tezliklə aradan qaldırılması üçün səylərini ciddi surətdə artırmağa çağırdı. “Ümumi dövlət” prinsipi nizamasalma prosesinə ciddi maneə törətməklə yanaşı, münaqişənin həlli yollarına dair tərəflərin mövqeyindəki ziddiyyətləri daha da dərinləşdirdi. Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı.

Ümumiyyətlə, 1992-ci ildən başlayaraq ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar və bu qurumla qarşılıqlı əməkdaşlıq Prezident Heydər Əliyevin ciddi səyləri ilə Azrəbaycanın xarici siyasət kursunun mühüm tərkib hissələrindən birinə çevrilmişdir. Yalnız onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 140-a qədər görüş keçirmişdir.

Ümummili liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirir. Azərbaycan Prezidenti bütün xarici səfərlərdə, eləcə də Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda, hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulamışdır. Bununla yanaşı, Azərbaycanın dövlət başçısı münaqişənin dinc vasitələrlə nizama salınmasının tərəfdarı olduğunu bildirmiş, beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir.
Belə ki, 2004-cü il fevralın 4-də ATƏT-in Parlament Assambleyası sədrinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin Azərbaycana səfəri zamanı dövlət başçısı İlham Əliyev qeyd etdi ki, münaqişənin nizama salınması prosesində əsas vasitəçi olan ATƏT-in Minsk qrupu ilə yanaşı, digər beynəlxalq qurumlar - ATƏT- in Parlament Assambleyası, Avropa Şurası və Avropa İttifaqının da fəaliyyətinin gücləndirilməsi böyük əhəmiyyətə malikdir. ATƏT-in Parlament Assambleyasının fevralın ortalarında keçirilən iclası zamanı Qoran Lenmarkerin məruzəsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənmiş və işğal olunmuş ərazilərin qaytarılmasının zəruriliyi ön plana çəkilmişdir.

2004-cü ilin martın 16-da ATƏT-in fəaliyyətdə olan sədri, Bolqarıstanın xarici işlər naziri Solomon Passinin Azərbaycana səfəri zamanı dövlət başçısı cənab İlham Əliyevlə görüşündə Minsk qrupunun konkret təkliflərinin olmadığını və hər iki dövlətin prezidentlərinin dialoqundan çox şey gözlədiyini bəyan etdi. Son zamanlar Minsk qrupu həmsədrləri də problemin məhz Azərbaycan və Ermənistan rəhbərlərinin qarşılıqlı anlaşması sayəsində həll oluna biləcəyini dəfələrlə vurğulamışlar. Onu da qeyd etmək vacibdir ki, münaqişə başlayandan həqiqətən qarşılıqlı anlaşma mövcud olsaydı, heç Minsk qrupunun fəaliyyətinə də ehtiyac duyulmazdı. Çünkü tərəflərin bir-birinin şərtlərini qəbul etməməsi, xüsusilə Ermənistanın daim qeyri-konstruktiv mövqedən çıxış etməsi danışıqların nəticəsiz, münaqişənin isə həll olunmamış qalmasına gətirib çıxarmışdır.

Məhz bu səbəbədən də dövlət başçısı cənab İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edərkən bir daha Minsk qrupunun fəaliyyətini tənqid etmiş və Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalaraq, münaqişənin yalnız beynəlxalq hüquq normaları əsasında respublikamızın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmişdir.

ATƏT-in Minsk qrupunun sonuncu təklifindən 10 ildən çox vaxt keçməsinə baxmayaraq, Minsk qrupu indiyə qədər heç bir yeni təkliflə çıxış etməmişdir. Buna baxmayaraq Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Lakin münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan öz qeyri-konstruktiv mövqeyindən geri çəkilmir.

Çox təəssüf ki, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməmişdir. ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa rəhbərlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmamışlar. Bununla yanaşı, münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT- in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində beynəlxalg təşkilatlarin səyləri ilə yanaşi, 1999-cu ilin aprelindən başlayaraq, yeni formada addımlar atılmişdır. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması oldu. Həmin vaxtdan bu günə qədər iki respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Soçidə, Kişinyovda, Praqada, Strasburqda, Rambuyedə, Sankt-Peterburqda, Sürixdə və habelə iki respublikanın sərhədi - Sədərəkdə 30-dan çox görüş keçirmişlər.

Çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə dünya birliyinin “ikili standartlar” prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneçilik törədir.

Ona görə də beynəlxalq birlik təcavüzün qarşısını almaq üçün BMT Nizamnaməsinin 7-ci fəslinə müvafiq tədbirlər görməlidir. Əgər böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. Təcavüzkarın qarşısı alınmazsa, son vaxtlar Avropanın mərkəzində, o cümlədən Cənubi Qafqazda sabitliyin bərqərar edilməsinə yönəldilmiş səylər münaqişənin bütün regiona yayılması nəticəsində heçə endirilə bilər.

 

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət

İdarəçilik Akademiyası

 beynəlxalq münasibətlər

xarici siyasət kafedrasının

dosenti, siyasi elmlər namizədi

 

Xalq qəzeti.- 2009.- 1 aprel.- S. 3.