Altmış
yaşın zirvəsindən baxanda
Ömür ulu
yaradanın insana bəxş elədiyi ən gözəl hədiyyədir.
Bu hədiyyədən isə hərə bir cür istifadə
edir, bəhrələnir. Hərə öz ömrünü,
öz taleyini yaşayır. Xoşbəxt o adamdır ki, həyatının
ixtiyar çağına ləyaqətlə çata bilir və
ömrün zirvəsindən keçdiyi yollara baxanda ürəyi
fərəh hissi ilə döyünür.
Bu günlərdə 60
yaşı tamam olan görkəmli dilçi alim, millət vəkili,
əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizami
Xudiyev məhz belə insanlardan biridir. Altmış
yaşın zirvəsindən baxanda şərəfli, ləyaqətli
bir ömür yolunun səhifələri vərəq-vərəq
canlanır insanın gözləri önündə...
Ucalmaq —eşqimin əzəli,
ilki,
Bir dəfə qıy
vurmaq yüz ömrə dəyər.
Zirvə qartal
üçün zirvə deyil ki,
Qartal yorulanda enər
zirvəyə.
Könlümə ruh verən
onun səsidir,
Mən qərib
saymıram özümü orda.
Zirvələr
qartalın söz kürsüsüdür,
Qarğa deyə bilməz
sözünü ordan...
Bəli, ömrün bu
ucalığından baxanda adam istər-istəməz kövrəlir,
ötənləri-keçənləri yada salmalı olur. Nizami
Xudiyev də ömrün bu zirvəsinə
alnıaçıq, üzüağ çıxan, yüksək
ad-san, şan-şöhrət, xətir-hörmət sahibinə
çevrilən, övlad-nəvə sevinci dadan bəxtiyar
alimlərimizdəndir. Nizami əməkdar elm xadimidir, “Akademik
Yusif Məmmədəliyev”, “Abdulla Şaiq”, “Araz”, “İnam”,
“Nailiyyət”, “Qızıl qələm” və s.
mükafatların laureatı, Azərbaycan
Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər
Birliyinin, bir sıra nüfuzlu elmi təşkilatların,
müdafiə şuralarının üzvüdür. O,
respublikamızda böyük nüfuz sahibi olan
ziyalılarımızdandır. Ancaq hamı kimi Nizami də bu
zirvəyə asanlıqla gəlib çıxa bilməyib. Gərgin
zəhmət, yuxusuz gecələr, xalqının, millətinin
gələcəyinə böyük inam onu bu zirvəyə gətirib
çıxarmışdır.
Naxçıvanın
sayılıb-seçilən ziyalılarından birinin — uzun
müddət “Şərq qapısı” qəzetinin redaktoru
işləmiş Mənaf Xudiyevin ailəsində dünyaya
göz açan Nizami uşaqlıq illərini Şahbuz
rayonunda keçirib. Şahbuzun özünəməxsus təbiəti,
Batabat gölünün gözəlliyi balaca Nizaminin qəlbində
şeirə, sənətə, ədəbiyyata məhəbbət
oyadıb. Xalq şənliklərinə böyük maraqla
tamaşa eləyən, ağsaqqlların, ağbirçəklərin,
dilindən müxtəlif janrlı folklor nümunələrini
eşidən Nizamini dilimizin musiqililiyi, rəvanlığı
heyran qoyub. Ziyalı ailəsində doğulduğundan
atasının zəngin kitabxanasından istifadə edib.
Evlərində
Naxçıvanın, o cümlədən də
respublikamızın görkəmli adamlarını görən,
onların söhbətini, elmi mübahisələrini dinləyən
Nizaminin ürəyində filoloq olmaq arzusu baş
qaldırıb. Orta məktəbi əla qiymətlərlə
bitirən Nizami tərəddüd etmədən sənədlərini
o zamankı Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun
filologiya fakültəsinə verib. Bax, Nizami ilə mənim
tanışlığım, dostluğum da o zamandan
başlayıb...
1966-cı ilin sentyabr ayı idi. Respublikamızın ayrı-ayrı şəhərlərindən, rayonlarından, kəndlərindən ali təhsil almaq üçün Bakıya gələn gənclər hələ bir-birlərini yaxşı tanımırdılar. Nədənsə elə ilk gündən Nizami ilə dostlaşdıq, eyni partada əyləşdik, eyni yataqxanada qaldıq, kitabxanaya eyni getdik, dərslərə birlikdə hazırlaşdıq. Dörd illik tələbə həyatı bizi biri-birimizə çox yaxınlaşdırdı, doğmalaşdırdı. Elə buna görə də mən Nizamini bəlkə də hamıdan yaxşı tanıyıram. Onun qabiliyyəti, istedadı zəhmətsevərliyi sayəsində tezliklə cilalandı. Seminar məşğələlərində Nizaminin dərs danışmağı, disputlarda, ədəbi gecələrdə, şair və yazıçılarla görüşlərdə çıxışları təkcə tələbələrin yox, müəllimlərin də çox xoşuna gəlirdi. Onun qiymət kitabçasını “əla”lar bəzəyirdi. Nizaminin bir dənə də olsun “dörd”ü yox idi. Özü də bu qiymətləri ona yazan bilirsiniz kimlər idi? Akademik Feyzulla Qasımzadə, akademik Əzəl Dəmirçizadə, professorlardan Məmmədhüseyn Təhmasib, Fərhad Fərhadov, Zeynal Tağızadə, Afat Qurbanov, Paşa Əfəndiyev, xalq yazıçısı İsmayıl Şıxlı, görkəmli tənqidçi Əhəd Hüseynov...
Nizami həm dərslərini yaxşı
oxuyur, həm institutun ictimai həyatında fəal iştirak edir, həm Tələbə Elmi Cəmiyyətinin xətti ilə araşdırmalar aparır,
ilk elmi məqalələrini
yazıb çap etdirir, həm də voleybol yarışlarında oxuduğu
ali məktəbin idman şərəfini qoruyurdu. Adama qəribə gəlirdi ki, bir belə
işi bir adam necə çatdırır, necə
bu işlərin hamısında eyni dərəcədə uğur
qazanır? Nizamini yaxından tanıyanlardan biri kimi yaxşı
bilirdim ki, bu nailiyyətlərin birinci səbəbi Nizaminin istedadı, qabiliyyəti, ikinci səbəbi isə onun həddindən artıq çalışqanlığı,
zəhmətsevərliyi idi...
Yaxşı
yadımdadır, akt zalında xalq yazıçısı
Süleyman Rəhimovla görüş keçirilirdi. Tələbələr
adından danışmaq üçün sözü Nizami
Xudiyevə verdilər. Nizami elə məntiqli, məzmunlu bir
çıxış elədi ki, hamı heyran qaldı. Onun səlis
nitqi, aydın mühakiməsi Süleyman müəllimin
çox xoşuna gəldi. Bu nəhəng yazıçı
çıxışının sonunda Nizamini çox təriflədi,
dedi ki, bu oğlanın gözəl gələcəyi var.
Doğrudan da Süleyman
Rəhimovun uzaqgörənliklə verdiyi proqnoz
özünü doğrultdu. Ali təhsili əla qiymətlərlə
başa vuran Nizami Elmi Şuranın qərarı ilə “Azərbaycan
dilçiliyi” kafedrasında müəllim saxlanıldı. 1978-ci
ildə “Abdulla Şaiqin nəsr dili” mövzusunda dissertasiya
müdafiə edərək filologiya elmləri namizədi
alimlik dərəcəsi aldı, 1981-ci ildən kafedranın
dosenti kimi səmərəli fəaliyyət göstərməyə
başladı, tələbələrin sevimli müəllimlərindən
birinə çevrildi. Elə həmin il Azərbaycan SSR Ali
Sovetinin Fəxri fərmanı ilə təltif olundu.
Elmi
araşdırmalarını uğurla davam etdirən Nizami
Xudiyev 1990-cı ildə “Azərbaycan ədəbi dili
lüğət tərkibinin inkişaf qanunauyğunluqları”
mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri
doktoru alimlik dərəcəsi aldı, elə həmin il
professor elmi adına layiq görüldü. Ölkəmizin, eləcə
də o zamankı Sovetlər Birliyinin tanınmış
görkəmli dilçi alimləri Nizaminin elmi
araşdırmalarını çox yüksək qiymətləndirdilər.
Nizami Xudiyevin
ümumdüya şöhrətli alim Lütfi Zadə adına
Amerika Beynəlxalq Müasir Elmlər Akademiyasının, Nyu-
York Elmlər Akademiyasının həqiqi üzü
seçilməsi, İngiltərənin Kembric Beynəlxalq
Bioqrafiya Mərkəzi tərəfindən 2001-ci il
üçün “İlin beynəlxalq ziyalısı” adına
və “Qızıl medal”a, bir il sonra yenə həmin mərkəz
tərəfindən “XXI əsrin intellektualı” adına layiq
görülməsi, adının “XXI əsrin böyük
ziyalıları” kitabına daxil edilməsi və sair bu kimi
uğurlar heç də təsadüfi deyildir. Bunların
hamısı onun yüksək intellektinin,
işgüzarlığının, zəhmətsevərliyinin
bəhrəsidir. Çünki Nizami Xudiyev Moskva, Nalçik,
Bişkek, Ufa, Aşqabad, Daşkənd, Gülüstan,
Alma-Ata, Ankara, Konya, İstanbul, İzmir, Adana və başqa
şəhərlərdə keçirilən mötəbər
elmi konfranslarda, qurultay və simpoziumlarda dərin elmi məzmunlu
məruzələri ilə çıxış etmiş,
dünyanın bir çox dilçi alimlərinin diqqətini
cəlb etmişdir. Nizami Xudiyevin elmi əsərləri nəinki
Azərbaycanda, eləcə də dünyanın müxtəlif
ölkələrində dəfələrlə dərc
edilmiş, elmi ictimaiyyətin diqqət mərkəzində
olmuşdur.
Nizami Xudiyev çox məhsuldar
bir alim, tədqiqatçıdır. Onun “Azərbaycan ədəbi
dili lüğət tərkibinin inkişafı”, “Azərbaycan
ədəbi dil tarixindən seminar məşğələləri”,
“Azərbaycan ədəbi dilinin zənginləşmə
yolları”, “Yazıçı dili və üslubu”, “Azərbaycan
ədəbi dilinin sovet dövrü”, “Azərbaycan”, “Azərbaycan
ədəbi dilinin tarixi”, “Azərbaycan ədəbi dilinin təşəkkülü”,
“Tərcümə ədəbiyyatı və ədəbi dil”,
“Xalqın İlhamı”, “Azərbaycan dilində şəxs
adları” və sair bu kimi sanballı monoqrafiyaları Nizami
Xudiyevin analitik təfəkkürünün, zəngin elmi və
siyasi təxəyyülünün məhsullarıdır. Bu əsərlərdən
respublikamızın elm və təhsil ocaqlarında dəyərli
elmi mənbə, tədris vəsaiti kimi geniş istifadə
olunur. Nizami Xudiyevin orta məktəblər üçün
yazdığı dərsliklər dəsti də çox
faydalı vəsaitlər kimi uzun illərdir ki, istifadə
olunmaqdadır. Nizami Xudiyevin çap olunan elmi məqalələrinin
sayı-hesabı yoxdur. Dilçilik elminin elə bir aktual
problemi yoxdur ki, Nizami həmin məsələləri elmi
araşdırmaya cəlb etməmiş olsun. O, nəinki
respublikamızda, eləcə də Cənubi Azərbaycanda ədəbi
dilimizin inkişaf qanunauyğunluqlarının ümumi mənzərəsini
yaratmağa cəlb edən ilk alimlərimizdəndir. Nizami Cənubi
Azərbaycanda yaşayan görkəmli şairlərinin əsərlərinə
istinadən maraqlı elmi arqumentlər irəli sürməyi
bacaran alimlərimizdəndir.
Elə alimlər var ki,
onlar ancaq elmi araşdırmalar aparmaqla məşğuldurlar. Lakin
Nizami Xudiyev elə fenomenal şəxsiyyətlərdəndir
ki, onun təşkilatçılıq qabiliyyəti, siyasi fəaliyyəti
də həmişə diqqət mərkəzində
olmuşdur. Hələ tələbə ikən institut gənclər
təşkilatına rəhbərlik edən Nizaminin
İnstitut Həmkarlar Təşkilatının sədri, Azərbaycan
Respublikası Milli Məclisinin deputatı seçilməsi də,
prorektor, rektor, Azərbaycan Dövlət Televiziya və Radio
Verilişləri Şirkətinin sədri təyin edilməsi
də təsadüfi deyildi.
Xalqımızın
böyük oğlu, müstəqil Azərbaycan dövlətinin
memarı və yaradıcısı, ümummilli liderimiz Heydər
Əliyev, onun ləyaqətli davamçısı, Respublika
Prezidenti İlham Əliyev, Nizami Xudiyevin istedadını, təşkilatçılıq
qabiliyyətini, əqidə bütövlüyünü həmişə
yüksək qiymətləndirmiş, ona çox böyük
etimad göstərmişlər. Nizami istər elmi, istər
siyasi fəaliyyətində bu etimadı doğrultmaq
üçün əlindən gələni əsirgəməmişdir.
Ömrünün
60-cı zirvəsində nəfəs dərən,
dönüb keçdiyi şərəfli ömür yoluna
alnıaçıq, üzüağ tamaşa edən Nizami
Xudiyevi hələ qarşıda neçə-neçə
zirvələr gözləyir. Bu yolda ona böyük
uğurlar, can sağlığı, nəvəli-nəticəli,
bəxtəvər ömür arzulayıram.
Rafiq YUSİFOĞLU,
Azərbaycan Respublikasının
əməkdar mədəniyyət işçisi,
şair, filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.- 2009.- 1 aprel.- S. 5.