Bakının Nizami rayonunda soyqırımı günü
ilə bağlı tədbir keçirilmişdir
Erməni millətçiləri
tərəfindən xalqımıza qarşı həyata
keçirilən soyqırımı və təcavüzkar
siyasətinin təqribən iki əsrə yaxın tarixi var. Ötən
iki yüz il ərzində azərbaycanlıları tarixi
torpaqlarından didərgin salmaqla bu ərazilərdə
“böyük Ermənistan” dövləti yaratmaq kimi sərsəm
fikrə düşən erməni qaniçənləri
xalqımıza qarşı misilsiz vəhişilklər
törətmiş, şəhər və kəndlərimizi
viran qoymuş, yüz minlərlə günahsız
soydaşımızı qətlə yetirmişlər. Erməni
tarixçilərinin və ideoloqlarının uydurduğu
axmaq və rəzil siyasətin fəlakətli nəticələrini,
çox təəssüf ki, bu gün də hiss edir, onun
ağrı-acılarını yaşayırıq. Hələlik
isə yeganə təsəllimiz ondadır ki, bu gün
xalqımız, nəhayət, geriyə boylanmaq və
olub-keçənləri qiymətləndirmək, necə deyərlər,
tarixin süzgəcindən keçirmək fürsəti
qazanmışdır. Bu fürsəti bizə ulu öndərimiz
Heydər Əliyevin qeyd etdiyi kimi, ən böyük tarixi
nailiyyətimiz sayılan müstəqilliyimizin əldə
olunması vermişdir.
Soyqırımı
gününün qeyd olunmasının təşəbbüskarı
da məhz ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Belə
ki, Heydər Əliyevin 1998-ci il martın 26-da
imzaladığı fərmana əsasən hər il martın
31-i Azərbaycanlıların Soyqırımı Günü
kimi dövlət səviyyəsində qeyd edilir. Artıq bu
tarixi sənədin imzalanmasından on bir il keçir. Ötən
dövrdə bir çox qaranlıq mətləblərə
aydınlıq gətirilmiş, tarixi
saxtalaşdıranların maskaları yırtılmış,
ermənilərin xalqımıza qarşı törətdikləri
misilsiz vəhşiliklər, soyqırımı haqqında
dünya ictimaiyyətinə lazımi məlumatları
çatdırmaq imkanı qazanılmışdır.
31 Mart - Azərbaycanlıların
Soyqırımı Günü ölkəmizin hər yerində
olduğu kimi, paytaxtın Nizami rayonunda da geniş qeyd edildi. Soyqırımı
günündə rayon icra hakimiyyətində keçirilən
mərasimdə erməni qaniçənlərinin
havadarlarına arxalanaraq xalqımızın başına gətirdikləri
tarixi müsibətlərdən bəhs olundu.
Tədbiri giriş
sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin
başçısı Mehbalı Əliyevin təklifi ilə
soyqırımı faciəsi qurbanlarının,
torpaqlarımızın azadlığı və dövlət
suverenliyimizin qorunması uğrunda canlarını fəda
etmiş soydaşlarımızın, eləcə də ulu
öndərimiz Heydər Əliyevin əziz xatirələri
bir dəqiqəlik sükutla yad olundu. Sonra M.Əliyev ermənilərin
xalqımıza qarşı törətdikləri
soyqırımı aktınını acı nəticələrindən
və 70 illik sovet imperiya rejiminin bu tarixi cinayətin
ört-basdır edilməsi üçün həyata
keçirdiyi məkrli siyasətdən danışdı. Tədbirdə
görkəmli tarixçilərin, siyasətçilərin
iştirak etdiyini diqqətə çatdıran natiq
hamını fəal müzakirəyə səslədi.
Tarixçi alim, Bakı
Dövlət Universitetinin dosenti Boran Əziz Nizami Rayon İcra
Hakimiyyətində soyqırımı günü ilə
bağlı keçirilən mərasimi yüksək qiymətləndirdi.
Son dərəcə hiyləgər, məkrli bir düşmənə
qarşı mübarizədə hamını birləşməyə
səsləyən alim tarixi faktlar əsasında gəldiyi nəticələrin
maraqlı məqamları üzərində geniş
dayandı. Qeyd olundu ki, mart soyqırımı kimi qeyd etdiyimiz
tarixi faciənin əsası hələ çox-çox əvvəllər
qoyulmuşdur. Azərbaycanlıların ermənilər tərəfindən
kütləvi şəkildə qırılması XX əsrin
17-18-ci illərində daha intensiv şəkil
almışdır. Təkcə 1918-ci il martın 30-dan aprelin
2-dək Bakıda 15 minədək soydaşımız
qanına qəltan edilmişdir. Bütövlükdə isə
1918-1920-ci illərdə Azərbaycan xalqına qarşı həyata
keçirilmiş soyqırımı aktı nəticəsində
mindən çox yaşayış məntəqəmiz yerlə
yeksan edilmiş, 550 min nəfərdən artıq
soydaşımız qanına qəltan olunmuşdur. Bu
qanlı tarixdən əvvəl və sonra xalqımıza
qarşı törədilmiş bütün müsibətlərin
kökünün çox-çox dərinliklərə gedib
çıxdığını bildirən natiq Azərbaycan
torpaqlarında ermənilərin yerləşdirilməsi ilə
tarixi facələrimizin əsasının qoyulduğunu diqqətə
çatdırdı. Ötən dövr ərzində ermənilərin
havadarlarına arxalanaraq Azərbaycan torpaqlarını ələ
keçirmək üçün həyata keçirdikləri
məkrli işğalçı siyasətini konkret tarixi
faktlar və dəlillər əsasında isbat edən B.Əziz
faciələrimizin əsas səbəbini tarixi
unutqanlığımızla əlaqələndirdi. 1918-ci ilin
mart qırğınının səbəblərini konkret
tarixi faktlar əsasında açıqlayan natiq erməni
quldurları tərəfindən soyqırıma məruz qalan
soydaşlarımızın xatirəsini əziz
tutmağın, bu tarixi ədalətsizlikdən ibrət dərsi
götürməyən bugünkü və gələcək
nəsillərimizin müqəddəs borcu olduğunu diqqətə
çatdırdı.
Tədbirdə
iştirak edən politoloq, Milli Məclisin deputatı Aydın
Mirzəzadə Qafqazda ermənilərin fəallaşdıqları
o tarixi dövrün siyasi mənzərəsi haqqında
geniş məlumat verdi. Qeyd olundu ki, çar və bolşevik
Rusiyasının Qafqazda yeritdiyi bədnam və məkrli siyasətdən
istifadə edən ermənilər azərbaycanlıları
fiziki və mənəvi terrora məruz qoymuşlar. Xalqımızın
böyük oğlu, görkəmli siyasətçi, ulu
öndərimiz Heydər Əliyevin qətiyyəti sayəsində
ermənilərin bir çox planlarının puça
çıxdığını bildirən politoloq 31 Mart - Azərbaycanlıların
Soyqırımı Günü elan olunması ilə
bağlı fərmanın tarixi gerçəklikləri
zündə tam ehtiva etdiyini diqqətə
çatdırdı. Çünki 1918-ci ilin mart ayında
bolşevik maskası altında gizlənmiş daşnak
Şaumyan və onun başçılıq etdiyi bandit təşkilatı
xalqımıza qarşı misli görünməmiş
soyqırımı siyasəti həyata keçirmişdir.
Natiq onu da bildirdi ki,
bütün tarixi haqsızlıqlara baxmayaraq, bu gün Azərbaycan
xalqı yaşayır, ölkəmiz Cənubi Qafqazın
sürətlə inkişaf edən bir dövlətinə
çevrilmişdir.
Geniş müzakirə
şəraitində keçən tədbirdə fikir və
mülahizələrini bildirən digər natiqlər ermənilərin
xalqımıza qarşı törətdikləri tarixi cinayətlər,
qanlı terror aktları barədə söhbət
açdılar. Qeyd olundu ki, beynəlxalq aləm ermənilərin
işğalçılıq və təcavüzkar siyasətini
pisləməli, xalqımıza qarşı törədilmiş
soyqırımı aktını tanımalı, bütün
tarixi ədalətsizliklərin qarşısının
alınması üçün səy göstərməlidir.
Mirbağır YAQUBZADƏ
Rafiq SALMANOV
Xalq qəzeti.- 2009.- 1 aprel.- S.5.