Dünya maliyyə böhranı fonunda ötən il ölkə iqtisadiyyatı dinamik inkişaf etmişdir

 

Dünyada baş verən qlobal iqtisadi və maliyyə böhranı fonunda ötən il Azərbaycan həyatının bütün sahələrində dinamik inkişaf nəzərə çarpmışdır. Bunu belə bir fakt da təsdiqləyir: 2008-ci ildə ölkədə 11 faiz iqtisadi artım əldə edilmişdir. Burada ən önəmli hal qeyri-neft sektorunun inkişaf sürətinin (16 faiz) neft sektorunu (7 faiz) üstələməsidir. Xatırladaq ki, respublikada bu artım, ilk növbədə, aqrar sektorun inkişafı, bir sıra layihələrin gerçəkləşdirilməsi hesabına təmin edilmişdir.

Onu da deyək ki, dünyada baş vermiş qlobal böhranın iqtisadiyyatımıza, demək olar ki, təsir göstərməməsi, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla reallaşdırdığı sosial-iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsidir. Cari ilin əvvəlinə ölkəmizin valyuta ehtiyatları 18 milyard dollardan artıq olmuşdur. Azərbaycan dövləti bu resurslarla yaxın illər ərzində də iqtisadiyyatı baş verə biləcək fəsadlardan qorumaq iqtidarındadır.

Bütün bunlar barədə martın 13-də Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2008-ci ildə fəaliyyəti haqqında hesabatında ətraflı söhbət getmişdir. Baş nazirin birinci müavini Yaqub Eyyubov qeyd etmişdir ki, son illər ölkəmizdə ardıcıl və sistemli şəkildə atılan bütün addımlar güclü iqtisadi potensialın yaradılmasına, dövlətin möhkəmlənməsinə və xalqın ictimai təhlükəsizlik və sabitlik şəraitində yaşamasına müsbət təsir göstərmişdir. Regionların tarazlı inkişafı, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması istiqamətində mühüm uğurlar qazanılmışdır.

Nazirlər Kabinetinin hesabatında göstərilmişdir ki, cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən bölgələrin problemləri ilə ciddi şəkildə məşğul olmuşdur. Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004—2008-ci illər) təsdiq edilməsi haqqında” fərman imzalamışdır. Ötən müddətdə regionlarda adı çəkilən proqramın icrası ilə bağlı geniş həcmdə iş görülmüşdür. Müasir güclü infrastruktur, yeni müəssisələr yaradılmış, iş yerləri açılmışdır. Bu barədə proqramın icrasının yekunlarına həsr olunmuş konfransda dövlət başçısı cənab İlham Əliyev demişdir: “...Nəzərə alsaq ki, Azərbaycan dövləti son beş il ərzində bölgələrə çox böyük sərmayə qoyubdur, bununla bərabər özəl sektorun inkişafı üçün böyük həcmdə kreditlər ayrılmışdır, sahibkarlığın inkişafına böyük dəstək verilmişdir. Həm mənəvi dəstək, həm siyasi, həm də maddi dəstək. Yəni bütün bu amillər birləşəndə, əlbəttə ki, uğura nail olmaq mümkündür və Azərbaycanın son beş il ərzində keçdiyi yol bunun əyani sübutudur”.

Proqramın icrası bütün bölgələrdə də uğurla icra edilmişdir. Bu barədə hesabatda ətraflı danışılmışdır. Xatırladılmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2004-cü il 11 fevral tarixli fərmanı ilə 2004- 2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını təsdiq etmişdir. Eyni zamanda, ölkə başçısı son illər Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 17 sərəncam imzalamışdır.

Bölgələrdə yaşayan vətəndaşların arzu və istəklərini, onların qayğılarını əhatə edən Dövlət Proqramının təsdiq edilməsi ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır. Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş bu strategiyanın düzgünlüyü ötən beş ildə bariz təsdiqini tapmış, bütün rayonların siması köklü şəkildə dəyişmiş, paytaxta və digər iri şəhərlərə kütləvi axın səngiyərək əks-proses başlamış, regionlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı artmışdır. Bu gün hər bir ailə, hər bir vətəndaş Dövlət Proqramının real nəticələrini öz gündəlik həyatında hiss edir.

Hesabatda vurğulanmışdır ki, dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin məbləği 2004-cü illə müqayisədə 2008-ci ildə 6 dəfə artaraq 3,9 milyard manat təşkil etmişdir. Bu isə ümumi investisiyaların 83 faizidir. Ümumilikdə, son beş il ərzində regionlara 6,8 milyard manat həcmində dövlət investisiyaları qoyulmuşdur.

ənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq, mühərrik yağları, buğda, toxum və gübrəyə görə subsidiyaların verilməsi, texnika, gübrə və toxum təchizatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən vəsaitin ayrılması və vergi güzəştlərinin tətbiqi nəticəsində son beş ildə məhsul istehsalının nominal dəyəri 2,4 dəfə artmışdır. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə beş ildə regionlarda 1000 kilometrdən çox magistral yollar çəkilmiş və ya əsaslı təmir edilmiş, 600 kilometr respublika əhəmiyyətli və 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılmış, 69 yeni körpü tikilmiş, 34 körpü təmir edilmişdir.

Milli Məclisdə dinlənilən Nazirlər Kabinetinin hesabatında həmçinin göstərilmişdir ki, son illər Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara uyğun yeni hava limanları tikilmişdir, Lənkəranda yeni dəniz limanının tikinitisi davam etdirilir. Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması üçün 7-si regionlarda olmaqla, 9 müxtəlif tipli elektrik stansiyasının tikintisi başa çatdırılmışdır. Şirvan şəhərində, Dəvəçi, Quba və Füzuli rayonlarında stansiyaların tikintisi davam etdirilir. Naxçıvan Muxtar Respublikası, uzun fasilədən sonra, Lerik və Yardımlı rayonları, Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə təbii qazla təmin edilmişdir. Ümumilikdə, son beş ildə regionlarda 1600 kilometrədək yeni qaz xətləri çəkilərək, ölkədə qazlaşdırmanın səviyyəsi 85 faizə çatdırılmışdır.

Regionlarda rabitə infrastrukturunun, su və kanalizasiya sistemlərinin, istilik təchizatının yaxşılaşdırılması məqsədi ilə 632 avtomat telefon stansiyası, 610 yeni poçt binası, 75 qazanxana tikilib istifadəyə verilmiş, 72 qazanxana əsaslı təmir olunmuş, 720 kilometr yeni su, 210 kilometr kanalizasiya xətləri çəkilmiş, 23 su anbarı tikilmiş, 214 artezian quyusu qazılmışdır.

Nazirlər Kabinetinin hesabatında ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, sərhədlərin etibarlı qorunması, müdafiə sənayesinin inkişafı barədə də söhbət getmişdir. Göstərilmişdir ki, Ali Baş Komandan İlham Əliyevin gündəlik diqqəti və nəzarəti sayəsində 2008-ci ildə müdafiə xərcləri 65 faizdən çox artaraq, 1 milyard 344 milyon manat təşkil etmişdir. Ölkənin hərbi potensialının möhkəmləndirilməsi üçün Müdafiə Sənayesi Nazirliyinə dövlət büdcəsindən 141 milyon manatdan çox vəsait ayrılmış, seriyalı istehsal üçün 18 çeşiddə müdafiə təyinatlı məhsul hazırlanmışdır.

Göründüyü kimi, 2008-ci ildə sosial-iqtisadi sahədə böyük uğurlar əldə edilmişdir. Təbii ki, bu uğurların miqyası cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da genişlənəcəkdir. Bu barədə ölkə Prezidentinin fikirlərini xatırlatmaq yerinə düşər: “...Növbəti beş il ərzində biz bu istiqamətdə siyasətimizi artıq bu gözəl əsas üzərində davam etdirəcəyik. Bütün iqtisadi, maliyyə böhranlarına baxmayaraq, biz öz siyasətimizi davam etdirəcəyik. Azərbaycanın hərtərəfli inkişafı üçün, ölkəmizin zənginləşməsi üçün, insanların rahat yaşaması üçün öz səylərimizi davam etdirəcəyik”.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 2 aprel.- S. 1.