Ulu öndər Heydər Əliyev Kəlbəcərin strateji əhəmiyyətini yüksək qiymətləndirirdi

 

Müsahibimiz Yeni Azərbaycan Partiyası “Azərnəqliyyattikinti” ATSC-nin ilk təşkilatının sədri Çingiz Qasımovdur.

— Çingiz müəllim, doğulub boya-başa çatdığınız Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 16 il ötür. Bu müddət sizin üçün necə keçib?

— Çox çətin. Hər kəsə doğma ocağı çox əziz olur. Biz kəlbəcərlilər üçün də dünyanın heç bir guşəsində öz yurdumuzu əvəz edəcək bir yer yoxdur. Kəlbəcər, sözün əsl mənasında, cənnət məkanıdır. Ərazisinin xeyli hissəsi sonralar Ermənistan adlanan dövlətin Göyçə mahalının Basarkeçər rayonu ilə həmsərhəddir. Qədim, qayaüstü təsvirlər də məhz həmin ərazidə — yəni Göyçə ilə Kəlbəcərin arasındakı yaylaqlardadır. Həmin daş-qayaların üzərindəki yazılar da təsdiqləyir ki, bura yalnız qədim oğuz türklərinin vətənidir.

Kəlbəcərin əraziləri hələ keçmiş Sovetlər Birliyi dövründə “mədəni işğal”a məruz qalmışdı. Qızıl yataqları amansızcasına istismar edilir, Basarkeçərin Zod qızılsaflaşdırma zavodunda istehsal olunaraq, Ermənstanın iqtisadiyyatının inkişafına yönəldilirdi.

Ötən əsrin yetmişinci illərində Azərbaycanda başlanmış sosial-iqtisadi, mədəni inkişafın dalğaları ucqar dağ rayonlarının da həyatında öz əksini tapmağa başladı. Xüsusilə əvvəllər, elə o dövrün özündə də bəzi dairələrdə perspektivsiz rayon kimi qiymətləndirilən, hətta əhalisinin aran rayonlarına köçürülməsi və yalnız yaylaq kimi istifadə olunması “məsləhət” bilinən Kəlbəcər üçün bu inkişaf misilsiz əhəmiyyətə malik idi. Çünki 50-ci illərdə ermənilərin və onların Moskvadakı havadarlarının təhriki ilə respublikanın çox da uzağı görə bilməyən bəzi rəhbərlərinin Kəlbəcər əhalisini köçürmək təşəbbüsündə olmaları rayonun taleyini dəfələrlə zərbə altında qoymuşdu. Yalnız yerli əhalinin və ağsaqqalların qəti etirazları həmin çirkin məqsədin həyata keçirilməsinə mane olmuşdu.

Yalnız ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gələndən sonra Kəlbəcərin taleyinə işıq düşdü. Ulu öndərimiz Heydər Əliyev sonralar Kəlbəcər Rayon Partiya Komitəsinin katibinə demişdir: “Mərkəzi Komitədə və Nazirlər Sovetində belə söhbətlər gedirdi ki, Kəlbəcər perspektivsiz bir rayondur, özünü doğrulda bilmir. Yeganə yol, guya onun əhalisinin aran rayonlarına köçürülməsi, ərazidən isə yaylaq kimi istifadə olunmasıdır. Lakin bu fikir məndə həmişə şübhə doğurub, onun səmimi olmasına heç vaxt inanmamışam. Odur ki, bu barədə mənə təklif olunan qərar-layihəyə də qol çəkməmişəm...”
Bəli, məhz o vaxtlar Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Kəlbəcərin inzibati ərazi bölgüsü kimi gələcəksiz, heç bir potensialı olmayan, yalnız yaylaq üçün yararlı ərazi olduğunu iddia edənlərin və bu barədə qərar layihəsi hazırlayanların bütün cəhdlərini puça çıxarmışdır.

Ulu öndərimiz bir qrup kəlbəcərli ziyalı ilə 1996-cı ildə keçirdiyi görüşdə demişdir: “Hesab edirəm ki, Kəlbəcərin imkanları genişdir, hələ bundan sonra da çox işlər görülməlidir. Əvvəllər də, indi də hiss edirdim ki, burada bir məkirli niyyət var. Əhali qətiyyən Kəlbəcərdən köçürülməməlidir”.

— Kəlbəcərin strateji əhəmiyyətindən danışarkən nələri yada salırsınız?

— Kəlbəcər Azərbaycanın ən yüksək zirvəsində yerləşir və Ermənistanla sərhəd olduğundan bir qala qapısı hesab olunur. Onu qorumaq bütövlükdə Azərbaycanı qorumaq deməkdir. Sahəsi təqribən 174 min hektara çatan ərazidən əhali köçürüləndən, 128 kənd tamamilə boşaldılandan sonra ermənilər heç bir müqavimətə rast gəlmədən orada sərbəst qaydada məskunlaşmalı və bununla da Ermənistanla Dağlıq Qarabağ birləşdirilməli imiş. Plan belə tərtib olunubmuş. Yaxşı ki, ümummilli liderimiz keçən əsrin 70-80-ci illərində həmin bədnam planın qarşısını almışdı.

Məhz ümummilli liderimizin təşəbbüsü və göstərişi ilə Kəlbəcərin inkişaf strategiyası hazırlandı. Azərbaycan KP MK və respublikanın Nazirlər Soveti tərəfindən 1977-ci il dekabrın 8-də “Kəlbəcər rayonunun iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirmək tədbirləri haqqında” 428 saylı qərar qəbul olundu. Vaxtilə perspektivsiz bir rayon kimi qələmə verilən Kəlbəcər ötən əsrin 80-ci illərində nəinki respublikada, hətta İttifaq miqyasında sürətli inkişaf yoluna çıxmışdı. Təkcə onu qeyd edək ki, Kəlbəcərin işğalı zamanı orada qalan və ermənilər tərəfindən daşınıb talan edilən mal-mülkün o zamankı qiymətlərlə 761 milyon ABŞ dolları dəyərində qiymətləndirilməsi də fikrimizi təsdiqləyir.

— Məcburi köçkün həyatı keçirən kəlbəcərlilərin mövcud durumu, əhval-ruhiyyəsi barədə nə deyərdiniz?

— Doğma od-ocağı, torpağı, evi-eşiyi, bütövlükdə mal-dövləti işğal altında qalanların arasında respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində məskunlaşan kəlbəcərlilər dövlətimizin, ilk növbədə ümummilli liderimiz Heydər Əliyevin və sonrakı illərdə Prezidentimiz cənab İlham Əliyevin şəxsi diqqət və qayğısını heç zaman unutmayacaqlar. Çünki söhbət təkcə maddi yardımdan getmir, kəlbəcərlilərə daha çox torpaq və yurd lazımdır ki, onu da geri qaytarmaq üçün dövlətimizin və onun liderinin apardığı məqsədyönlü siyasəti danmaq olmaz. Bütün beynəlxalq səfərlərində Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını diqqətə çatdıran dövlətimizin başçısı cənab İlham Əliyev birmənalı olaraq Qarabağın azadlığının ölkənin və xalqımızın bir nömrəli vəzifəsi olduğunu bəyan edir. Biz qəti əminik ki, Dağlıq Qarabağ və onun ətrafında işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün dövlətimizin iqtisadi, siyasi, lazım gələrsə, hərbi qüdrəti var. Biz bu imkanlardan bəhrələnərək və regionda aparıcı dövlət olaraq, problemi beynəlxalq müstəvidə həll edəcəyik.

Sonda onu da demək istərdim ki, dövlət başçısının tövsiyə və tapşırıqlarını rəhbər tutaraq öz doğma yurddaşlarına dayaq duran, maddi və mənəvi yardım göstərən xeyirxah insanlar da vardır, onların arasında Dədə Şəmşir ocağının yetirməsi, Milli Məclisin deputatı Cavid Qurbanovun adı birincilər sırasında çəkilir.

 

 

Nurəngiz ADİLQIZI

 

Xalq qəzeti.- 2009.- 2 aprel.- S. 3.