Professor Con Hankok:
Azərbaycan iqtisadi inkişaf yolunu davam etdirir
Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında “Beynəlxalq Ticarət Münasibətləri
və Diplomatiya, Ümumdünya Ticarət Təşkilatı
və onun əsas prinsipləri” mövzusunda təlim kursu
keçirilmişdir.
Ali təhsilin bakalavr və
magistr pillələri üzrə təhsil alan tələbələr
üçün nəzərdə tutulmuş təlim kursunu
akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin
Qəndilov açaraq qonaqları salamlamış və
adı çəkilən təlim kursları çərçivəsində
DİA-da Ümumdünya Ticarət Təşkilatı
Katibliyinin rəsmisi, professor Con Hankokun “ÜTT tarixçəsi,
ÜTT-nin əsas prinsipləri, ÜTT və qlobal iqtisadi
böhran” mövzusunda mühazirəsinin təşkilini
müsbət hal kimi qiymətləndirmişdir. O, ÜTT ilə
ölkəmiz arasında əlaqələrin günbəgün
genişləndiyini və Prezident İlham Əliyevin bu istiqamətdəki
səylərini xüsusi qeyd etmişdir.
ÜTT Katibliyinin rəsmisi,
professor Con Hankok məruzəsində təmsil etdiyi qurumun
siyasi, iqtisadi, təhsil və digər sahələrdə
gördüyü işlərdən, iqtisadi böhranın
törətdiyi çətinliklərdən ətraflı
danışmışdır. Buna baxmayaraq, Azərbaycanın
iqtisadi inkişafının davam etdiyini, böhranın bu
inkişafa ciddi təsir etmədiyini diqqətə
çatdırmışdır. O qeyd etmişdir ki, bu, iqtisadi
bazanın möhkəm təməllər üzərində
qurulmasından xəbər verir. C.Hankok Azərbaycanın
sürətli iqtisadi inkişafını yüksək qiymətləndirmiş,
səmimi və maraqlı keçən görüşə
görə DİA-nın rəhbərliyinə təşəkkür
etmiş, akademiyanın professor-müəllimlərinin, habelə
tələbələrin çoxsaylı suallarını
cavablandırmışdır.
Sonra Dövlət
İdarəçilik Akademiyasının rektoru, professor S.Qəndilov
maraqlı çıxışına görə ÜTT rəsmisi
Con Hankoka öz minnətdarlığını bildirmişdir.
Sona MƏMMƏDBƏYOVA,
DİA-nın mətbuat və
informasiya xidmətinin rəhbəri
Xalq qəzeti.- 2009.- 2 aprel.- S. 3.