Yevlax: İnsanlar
burada Vətənə
məhəbbətlə çalışırlar
Ürəyimizdən keçən
yollar...
...Bərdədə
yaşadığımdan təbiidir ki, Yevlax şəhərinə
yolum çox vaxt elə bu tərəfdən düşürdü.
Ancaq son vaxtlar yolum dəyişib. Daha doğrusu, hardan gəlməyimdən
asılı olmayaraq şəhərə mütləq bu tərəfdən
— Xaldan tərəfdən gəlirəm. Bu, ilk baxışda
bir qədər qəribə görünsə də, əlbəttə,
təsadüfi deyil. Məsələ burasındadır ki, son
vaxtlar şəhərə bu səmtdən giriş
qapısı, sözün həqiqi mənasında, təkrarsız
və füsunkar bir guşəyə çevrilmişdir. Əvvəllər
baxımsız və yararsız vəziyyətdə olan bu ərazidə
geniş abadlıq və quruculuq işləri
aparılmışdır. Kiçik təpəciklər,
onların üzərindəki zəngin kompozisiya sanki insanlarla
üz-üzə dayanır, onları salamlayır, bir anlıq
da olsa ayaq saxlamağa, düşünməyə
çağırır...
Bəs burada, bu
kompozisiyada göstərilən, təsvir edilən ideya, mahiyyət
nədən ibarətdir? Çox şey demək olar. Ancaq
burada bir sözün xüsusilə yeridir: Vətən sevgisi.
Daha dəqiq desək, olduqca orijinal şəkildə tərtib
edilmiş bu kompozisiyada tariximiz də var, bu günümüz
də, gələcəyimiz də. Milli arxitektura elementləri
ilə yaradılmış əzəmətli qapılar,
monumental abidə kompleksi tikilmiş, Azərbaycanın simvolik
xəritəsi, dövlət atributları təsvir olunmuş,
dövlət bayrağı ucaldılmışdır. Kompleksin
yuxarı tərəfində isə bu gözəl və
xoşbəxt günləri bizə bəxş edən ulu
öndərimiz Heydər Əliyevin əzəmətli portreti
görünür. Elə ona görə də heç kim
heç yerdə analoqu olmayan bu təkrarsız mənzərənin
önündən sakitcə, biganə ötüb keçə
bilmir.
Bəli, Yevlax şəhərinə
bu səmtdən gündə on dəfə də gəlsən,
bax, belə xoş və unudulmaz duyğularla, qürur və
iftixar hissilə qədəm qoyursan. Kürün
körpüsündən keçən kimi rahat asfalt yol bizi
şəhərin mərkəzinə çatdırır. Əvvəllər
bu yol və onun ətrafı adamda ikrah və təəssüf
hissi yaradırdı. İndi isə geniş küçə
öz müasir görkəmi, yolçularda gözəl hisslər
oyadan müasir tərtibatı, yaşıllıq və səliqə-sahmanı
ilə göz oxşayır.
Ulu öndərin
adını daşıyan prospektə çıxanda isə
elə bil ki, adamın ürəyi bir az da genişlənir. Gördüyünüz
mənzərələr, insan əli ilə
yaradılmış gözəlliklər, müasir və milli
üslubda tikilmiş, əsaslı surətdə bərpa
edilmiş binalar, parklar, meydan və fəvvarələr,
işıqlandırma sistemi... Adama elə gəlir ki,
dünyanın ən böyük şəhərlərindən
birinin küçəsi ilə addımlayırsan. Elə
buradaca ümummilli liderimiz Heydər Əliyevin adını
daşıyan prospektdə tikilib istifadəyə verilmiş
binalardan bəzilərini sadalamaq yerinə düşərdi:
YAP şəhər təşkilatının, elektron
kitabxananın, Yevlax bələdiyyəsinin, regional televiziya
şirkətinin, “Az Sığorta” şirkətinin, Dövlət
miqrasiya xidmətinin, Standartlaşma, Metrologiya və Patent
İdarəsinin, Baytarlıq İdarəsinin, Milli Təhlükəsizlik
Nazirliyinin Yevlax şöbəsinin inzibati binaları,
şadlıq sarayları, ticarət və xidmət obyektləri...
Prospektin ümumi
uzunluğu 4200 metrdir. Heydər Əliyev meydanı və ulu
öndərimizin əzəmətli heykəli də
buradadır. Prospektdə həmçinin 72 metr
hündürlükdə olan Azərbaycan Respublikasının
bayrağı dalğalanır.
Son vaxtlar Heydər Əliyev
prospekti ulu öndərin adına layiq tamamilə yenidən
qurulmuş, prospekt boyu bütün binaların fasadları
gülbağı və alkoponla işlənmiş,
binaların dam örtüyü kirəmitlə
örtülmüşdür. Bundan başqa, 3 yeni fəvvarə
tikilmiş, 250 min dekorativ ağac əkilmişdir.
Yeri gəlmişkən, onu da əlavə edək ki, şəhərin
elə bir küçə və prospekti yoxdur ki, orada əsaslı
şəkildə yenidən qurulmayan, bərpa və təmir
edilməyən bir bina belə qalsın.
İnkişaf
bütün sahələri əhatə edir
Bu yazı üzərində
işləyərkən mümkün qədər rəqəmlərdən,
fakt və göstəricilərdən qaçmağa
çalışdım. Ancaq... mümkün olmadı. Əvvəla,
ona görə ki, əsaslı və sürətli
inkişafdan, şəhər, qəsəbə və kəndlərin
ümumi irəliləyişindən xəbər verən
ürəkaçan, fərəh doğuran yeniliklər o qədərdir
ki, onlardan yan keçmək ədalətsizlik olardı. İkinci
bir tərəfdən, axı, həqiqət faktdan doğur.
Beləliklə, iqtisadi, sosial və mədəni sahələrdə
əldə edilən yüksəlişi əks etdirən
yüzlərlə fakt və rəqəmlərdən
yalnız bir hissəsini oxucuların nəzərinə
çatdırırıq.
2008-ci il, hər şeydən
əvvəl, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın və “Yevlax şəhərinin
sosial-iqtisadi inkişafı Proqramı”nın yerinə yetirilməsi
istiqamətində əldə edilmiş böyük
uğurlarla əlamətdar olmuşdur. Belə ki, geniş
quruculuq, abadlıq, tikinti işləri davam etdirilmiş,
infrastrukturun yaxşılaşdırılmasına,
adamları narahat edən problemlərin aradan
qaldırılmasına xüsusi diqqət verilmişdir. Ötən
il ümumdaxili məhsulun həcmi 344,1 milyon manat olmuşdur.
Bu, 2007-ci ilə nisbətən 99,2 milyon manat, yaxud 40,5 faiz
çoxdur. 2003-cü ilə nisbətən isə
ümumdaxili məhsul 276,1 milyon manat, yaxud 5,1 dəfə
artmışdır. Artım əsasən sənaye müəssisələrinin
yaradılması, məhsul istehsalının və xidmətlərin
artması hesabına əldə edilmişdir. Yeri gəlmişkən,
burada son illər tikilib istifadəyə verilmiş həmin
müəssisələrin bəzilərinin adlarını bir
daha xatırlatmaq istəyirik: “Lalə-tekstil” MMC, “Gilan dəri”
emalı zavodu, “Dan” kərpic zavodu, “Arfa” mebel fabriki, “Qida”
kombinatı, saatda 160 ton asfalt istehsal edən zavod, dəmir-beton
zavodu və s.
Ümumdaxili məhsulun
12,3 milyon manatını sənaye, 67 milyon manatını kənd
təsərrüfatı, 122,8 milyon manatını tikinti, 114,5
milyon manatını ticarət və s. təşkil
etmişdir. 2008-ci ildə adambaşına 2929 manat
ümumdaxili məhsul istehsal olunmuşdur ki, bu da 2007-ci ilə
nisbətən 823 manat, yaxud 39 faiz çoxdur. Ötən il
rayon üzrə 12 milyon 300 min manatlıq sənaye məhsulu
istehsal olunmuşdur. Ümumiyyətlə, 2003-cü ilə
nisbətən sənaye məhsulu 13,4 dəfə
artmışdır. Belə bir fakt da xüsusi maraq doğurur
ki, 2008-ci ildə istehsal olunmuş 6,6 milyon manatlıq, yaxud
53,6 faiz sənaye məhsulu xarici ölkələrə ixrac
olunmuşdur. Hazırda rayon üzrə orta aylıq əmək
haqqı 161,2 manatdır. Bu isə keçən ilin müvafiq
dövrü ilə müqayisədə 51 manat çoxdur. Əhalinin
pul gəliri də xeyli artmışdır. Məsələn,
2008-ci ildə bu, 185,8 milyon manat olmuşdur. Müqayisə
üçün deyək ki, həmin rəqəm 2007-ci ildəkindən
55,1 milyon manat, yaxud 42,2 faiz çoxdur.
Ötən il
ümumilikdə 67 milyon manatlıq kənd təsərrüfatı
məhsulları istehsal olunmuşdur. Ölkə Prezidentinin “Kənd
təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında” məlum sərəncamına uyğun olaraq 8682
istehsalçıya 1 milyon 197 min manat dövlət
yardımı verilmişdir. Buğda istehsalına isə bundan
əlavə 424 min manat yardım olunmuşdur. Torpaq mülkiyyətçilərinə
1663 tondan çox mineral gübrə güzəştli şərtlərlə
verilmişdir. Nəticədə cari ildə buğda sahələri
keçən ilə nisbətən 4854 hektar
artırılmışdır. 2007-ci illə müqayisədə
2008-ci ildə 7587 ton taxıl, 388 ton kartof, 1276 ton günəbaxan,
288 ton qarğıdalı məhsulları artıq istehsal
olunmuşdur. Müqayisə olunan dövrdə 301 ton ət,
2116,2 ton süd, 5 ton yun, 412 min ədəd yumurta çox əldə
olunmuşdur. Yevlaxda iqtisadiyyatın müxtəlif sahələrində,
o cümlədən kənd təsərrüfatında əldə
edilmiş misilsiz uğurların sorağı artıq
respublikamızın hüdudlarından kənarda da geniş
yayılmışdır. Məsələn, Gəncə Kənd
Təsərrüfatı Akademiyasının kafedra müdiri,
professor Qənbər Abdullayev ingilis və rusca nəşr
olunan “Pravo vıbora” jurnalında yazır: “Yevlax rayonunda azad
sahibkarlarla, fermerlərlə, kənd adamları ilə
aparılan iş nümunə olmağa tam layiqdir. Burada zəngin
təcrübə toplanmışdır. Bu təcrübəni
geniş yaymağın vaxtı çatıb”.
Sosial ehtiyaclar uğurla
yerinə yetirilir
2008-ci ildə
bütün maliyyə mənbələri hesabına kapital
qoyuluşunun həcmi 151,9 milyon manat olmuşdur. Bu, 2007-ci ildəkindən
108,1 milyon manat, yaxud 3,5 dəfə çoxdur. Ümumiyyətlə,
2004– 2008-ci illərdə kapital qoyuluşunun ümumi həcmi
263,6 milyon manat təşkil etmişdir. Həmin illərdə
Yevlaxda cəmi 954 layihə həyata keçirilmişdir. Həmin
layihələrdən 255-i abadlıq, yenidənqurma işlərinə,
park və xiyabanların salınmasına, 132-si yaşayış
binalarının tikintisinə, təmirinə, dam
örtüklərinin dəyişdirilməsinə, 167-si təhsil,
səhiyyə və mədəniyyət obyektlərinin
tikintisinə, təmirinə və s. aiddir. Ümumiyyətlə,
2008-ci ildə şəhərdə regional televiziya mərkəzi,
gənclər evi, şahmat mərkəzi, elektron kitabxana, teatr
binası, əlillərin reabilitasiya mərkəzi, uşaq xəstəxanası,
3 çoxmərtəbəli yaşayış binası və
s. tikilmişdir.
Əhalinin elektrik
enerjisi, təbii qaz və içməli su ilə təminatı
sahəsində də əsaslı tədbirlər işlənib
həyata keçirilmişdir. Ölkə Prezidentinin məlum
sərəncamına uyğun olaraq içməli suyu olmayan 5
kənddə sutəmizləyici qurğular
quraşdırılmışdır. 11 artezian və subartezian
quyuları qazılmış, şəhərdə 14,1
kilometr, kəndlərdə 61 kilometr su xətti çəkilmişdir.
Hazırda rayonda əhali
üzrə 20556 abonentin 20311-də sayğaclar
quraşdırılmışdır. Bu da 98,8 faiz təşkil
edir. Təkcə ötən il 13 kilometr elektrik hava xətləri
çəkilmiş, 26 ədəd transformator
quraşdırılmışdır.
2008-ci ildə sənaye
müəssisələrinin təbii qazla təminatını
yaxşılaşdırmaq məqsədilə 93,7 kilometr
paylayıcı qaz xətləri çəkilmişdir. Bundan
başqa, Aran qəsəbəsinə, Gəldili, Nərimanabad,
Nemətabad, Duzdağ, Kövhər, Kolanı, Malbinəsi,
Qoyunbinəsi kəndlərinə 15 illik fasilədən sonra təbii
qaz verilmişdir. Hazırda Tanrıqullar, Boşcalı,
Qaramanlı, Hacımahmudlu, Həmərli, Köyük,
Hurallar, Dəlləklər kəndlərinə qaz xətləri
çəkilir.
Beş ildə rayonda 10
məktəb, 32 əlavə sinif otağı tikilmişdir
Son illər rayonda təhsilin
səviyyəsinin yüksəldilməsi, onun maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
də mühüm işlər görülmüşdür. Belə
ki, Dövlət Proqramına uyğun olaraq rayonun
Hacımahmudlu kəndində 280 şagird yerlik, Bəydili kəndində
120 şagird yerlik məktəb binaları istifadəyə
verilmişdir. Bununla da son 5 ildə yeni tikilən məktəb
binalarının sayı 10-a çatmış, əlavə
640 şagird yerlik 32 sinif otağı tikilmişdir. Bundan
başqa, hazırda şəhər 8 saylı orta məktəbdə
əsaslı təmir və yenidənqurma işləri
başa çatmaq üzrədir.
Şəhər
şahmat məktəbində, uşaq-gənclər idman məktəbinin
birinci korpusunda təmir-yenidənqurma işləri başa
çatmış, uşaq-gənclər idman məktəbinin
ikinci korpusunda isə təmir işləri davam etdirilir.
Məzunların ali məktəblərə
qəbulunda əsaslı irəliləyiş olmuşdur. Əgər
2003-cü ildə ali məktəblərə qəbul
olunanların sayı 108 nəfər olmuşdursa, 2008-ci ildə
bu göstərici 238 nəfər təşkil etmişdir. 500-600
balla ali məktəblərə qəbul olunanların sayı
da ilbəil artmışdır. 2008-ci ildə 26 nəfər
500-dən, 7 nəfər 600-dən çox bal
toplamışdır.
Səhiyyə xidməti
sahəsində də ciddi uğurlar əldə edilmişdir. Məsələn,
yeni tipli uşaq xəstəxanası inşa edilmiş,
müasir avadanlıqlarla təchiz edilmişdir. Təməli
ölkə Prezidenti İlham Əliyev tərəfindən
qoyulan mərkəzi şəhər xəstəxanasının
isə tikintisinə başlanılmışdır. Rayon
gigiyena və epidemiologiya mərkəzi üçün bina və
laboratoriya, Nərimanabad, Nemətabad, Ərəş kəndlərində,
Aran qəsəbəsində həkim ambulatoriyası,
Balçılı kəndində feldşer-mama məntəqəsi
tikilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev son 5 ildə 3 dəfə
Yevlaxda olmuşdur
Bu gün Yevlax,
sözün həqiqi mənasında, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin bu bölgəyə
tarixi səfərinin, keçirdiyi görüş və
söhbətlərinin, məsləhət və tövsiyələrinin
təsiri altındadır. Ölkə rəhbərinin son illər
burada həyatın bütün sahələrində əldə
edilmiş əsaslı inkişaf və yüksəlişə
yüksək qiymət verməsi yevlaxlıları daha
yaxşı işləməyə ruhlandırmış,
onların qəlbində sonsuz qürur və iftixar hissi
oyatmışdır. Bəli, indi Yevlaxda sağlam mənəvi-psixoloji
mühit, yaradıcı və təşəbbüskar ab-hava
hökm sürür. Adamlar böyük həvəs və ruh
yüksəkliyi ilə işləyir, öz şəhərlərini
daha abad və gözəl görməyə
çalışır, sabaha dərin inam və ümidlə
baxırlar. Yevlaxlılar ölkə Prezidenti İlham Əliyevin
apardığı müdrik və uzaqgörən daxili və
xarici siyasət xəttini ürəkdən bəyəndiklərini
və müdafiə etdiklərini bildirir, daim bu siyasətə
sadiq qalacaqlarını bəyan edirlər. Bu dediklərimizi
ölkəmizdə böyük mütəşəkkillik və
ruh yüksəkliyi ilə keçirilən növbəti
referendumda yevlaxlıların fəal iştirakı bir daha
sübut etdi.
Şəhər İcra
Hakimiyyətində, onun yerli strukturlarında, bütün idarə,
müəssisə və təşkilatlarda operativ və
çevik iş üslubu formalaşmışdır. Adamlarla
iş, onların vacib sosial problemlərinin həlli diqqət mərkəzindədir.
Möhkəm icra intizamı, tapşırılan iş
üçün ciddi məsuliyyət və cavabdehlik hissi
yaradılmışdır. Başqa sözlə desək,
Yevlax Şəhər İcra Hakimiyyətinin fəaliyyəti
saat mexanizmini xatırladır: hər şey yüksək dəqiqliklə,
böyük məsuliyyət və sədaqətlə yerinə
yetirilir.
Son söz əvəzi
...Göyün
üzün bulud alan kimi yevlaxlıların qara günləri
başlayırdı — küçələr, səkilər
yağış selindən keçilməz olurdu. Yayda
toz-torpaq, qışda isə zığ-palçıq... Bu
azmış kimi belə yağışlı günlərin
birində, gərək ki, bu 10-15 il bundan əvvəl
olmuşdu, yaxınlıqdan keçən şor kanal
dağıldı. Nəticədə şəhərdə sel
suları bir-iki metrə qədər qalxdı.
Yadımdadır, həmin gərgin, həyəcanlı
günlərdə şəhər rəhbərləri elə
hey deyirdilər:
— Yevlax şəhərinin
yeri düz seçilməyib. Dəniz səviyyəsindən
aşağıdır. Burada həmişə belə olacaq...
Şəhəri hətta
başqa yerə köçürmək kimi əcaib fikirlər
də səslənirdi...
İllər
ötdü... Nə Yevlax şəhəri başqa yerə
köçürüldü, nə dəniz səviyyəsindən
yuxarı qalxdı. Bəs, dəyişən nə oldu? Sadəcə
olaraq münasibət. Vəssalam! İndi Yevlax şəhəri,
sözün əsl mənasında, gözəlliklər məskəninə,
parklar, xiyabanlar, fəvvarələr, bulaqlar şəhərinə
çevrilmişdir. Həmkarım, “Kür” qəzetinin
baş redaktoru Əminə Yusifqızı maraqlı bir
statistika aparıb: son 5 ildə Yevlaxda əvvəlki 70 ildə
olduğundan 2 dəfə çox yaşıllıq
salınıb, ağac, gül və bəzək kolları əkilib.
Yolun hara düşsə insan əli ilə
yaradılmış gözəlliklərlə üz-üzə
dayanırsan, geniş, abad küçələr, səkilər
səni qoynuna alır, müasir və milli üslubda
tikilmiş binalara heyranlıqla tamaşa edirsən.
Biz bu yazını Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Yevlaxa səfəri
zamanı dediyi sözlərlə başladıq. İstərdik
ki, yazımızı ölkə Prezidentinin bu sözləri
ilə də qurtaraq: “Mən hər dəfə Yevlaxda olanda,
burada yenilikləri görəndə çox sevinirəm. Müxtəlif
vaxtlarda Yevlaxda dəfələrlə olmuşam. Son beş il ərzində
bu, mənim Yevlaxa üçüncü səfərimdir. 2007-ci
ildə son dəfə burada olmuşam və o vaxt dediyim
sözlər bu gün də qüvvədədir. Yevlax getdikcə
daha da gözəlləşir, daha da müasirləşir,
çox gözəl binalar tikilir, çox gözəl
abadlıq işləri aparılır... Mən ümid edirəm
ki, növbəti dəfə Yevlaxa gələndə burada daha
yeni işləri görəcəyəm”.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2009.- 2 aprel.- S.4.