Unutqanlıq, yaxud milli faciələrimizin
anatomiyası
Qədim tarixə, zəngin
mədəni irsə malik olan millətimizin tarixində
ağlagəlməz elə müsibətli anlar olub ki, onlara
sinə gərib, tab gətirmək və öz müstəqil
dövlətini qoruyub saxlamaqla onu qabaqcıllar sırasına
çıxarmaq hər xalqın hünəri deyil. Azərbaycan
dövlət müstəqilliyi qazandıqdan sonra
xalqımızın tarixi keçmişinin real mənzərəsini
öyrənmək imkanı əldə edilmişdir. Uzun illər
gizli saxlanılan və üzərinə qadağalar qoyulan həqiqətlər
açılır, mahiyyəti təhrif olunan hadisələr
özünün əsl qiymətini alır.
Xalqımıza
qarşı dəfələrlə törədilmiş
soyqırımları da tarixin açılmamış səhifələrindəndir.
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və
Türkmənçay müqavilələri ilə Azərbaycanın
parçalanmasının, tarixi torpaqlarımızın
bölünməsinin əsası qoyuldu. Bu milli faciəmizin
davamı kimi, sonrakı illərdə torpaqlarımızın
zəbti başlandı. Ermənilərin kütləvi surətdə
Azərbaycan torpaqlarına köçürülməsi siyasəti
həyata keçirildi. İrəvan, Naxçıvan və
Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan
ermənilər güclü havadarlarının himayəsi
altında “erməni vilayəti” adlandırılan inzibati
bölgünün yaradılmasına nail oldular. Bununla da azərbaycanlıların
öz torpaqlarından qovulması və məhv edilməsi
siyasətinə start verildi.
Azərbaycan ərazilərini
zaman-zaman ələ keçirməklə şirnikən və
yerli əhaliyə qarşı, sözün həqiqi mənasında,
soyqırımı törədən (1905-1907-ci illər,
1918-ci ilin mart-aprel ayları, 1948-1953-cü illər) erməni
daşnakları 1988-ci ildən etibarən yenidən
quduzlaşaraq torpaq iddialarına başladılar. Onların bu
avantürist hərəkətinin nəticəsi olaraq bu
gün 1 milyondan artıq soydaşımız öz doğma
yurd-yuvasından didərgin düşmüş, ərazimizin
20 faizi işğal edilmiş, on minlərlə vətəndaşımız
şəhid olmuş, əsir düşmüş və xəsarət
almışdır.
Təəssüf ki,
müstəqilliyimizin ilk günlərində respublikamıza rəhbərlik
edən kölə xislətli iqtidarların səriştəsizliyi,
günahı və hakimiyyət hərisliyi ucbatından ermənilər
bu xəbis niyyətlərinə çox asanlıqla
çatmışlar. Azərbaycanlıların
soyqırımı faktını hakimiyyətə gələnə
qədər əldə bayraq edən muxalifətçilər
hakimiyyətə yiyələndikdən sonra bu hadisələrə
biganə qaldılar. Çünki bu vəzifə
düşgünlərinin özləri ermənilərin
havadarlarının gizli köməyinə və dəstəyinə
arxalanırdılar.
1991-ci ildə
ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Ali Sovetinin
iclasında çıxış edərkən dedi:
“Qarabağ probleminə səthi yanaşmaq olmaz. Sizin çox
məsələlərdən xəbəriniz yoxdur. Bu hadisələri
bilərəkdən çərçivəsindən
çıxarmağa çalışan qüvvələr
var. Qarabağ problemi Fələstin probleminə çevrilə
bilər, bunu dərk etmək lazımdır”.
Azərbaycan ərazisi
isə o dövrdə hissə-hissə işğal olunurdu. Bu,
hakimiyyətdə olanları, demək olar ki, qayğılandırmırdı.
Bəli, bütün bu ağır problemlər müdrik siyasətçi
Heydər Əliyevin 1993-cü ildə xalqımızın təkidli
tələbi ilə yenidən hakimiyyyətə
qayıdışından sonra öz həllini tapmağa
başladı. Ulu öndərimizin hakimiyyətə tarixi
qayıdışından sonra bütün istiqamətlərdə
olduğu kimi, xarici siyasət sahəsində də prinsipial və
ciddi dəyişikliklərin əsasını qoydu. Dövlətimizin
gələcək xarici siyasət konsepsiyasını
açıqlayan ulu öndərimiz özünün
andiçmə mərasimindəki
çıxışında bəyan etdi: “Qarşıda
böyük vəzifələr durur. Bizim xarici siyasətimiz
sülhsevər siyasətdir. Biz heç bir dövlətin
suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi
güdmürük. Lakin eyni zamanda nəyin bahasına
olursa-olsun respublikanın suverenliyini, müstəqilliyini və
ərazi bütövlüyünü xarici siyasət vasitəsilə
təmin etməyə çalışacağıq”.
Aydındır ki, bu
dövrdə əsas vəzifələrdən biri Ermənistanın
davam edən təcavüzünün qarşısını
almaq, müharibəni dayandırmaq, beynəlxalq və regional
təşkilatlarda müstəqil Azərbaycan dövlətinin
mövqeyini möhkəmlətmək idi. Çünki erməni
təbliğatı xaricdə Azərbaycan əleyhinə yalan
məlumatlar yaymaqla öz təcavüzünü
ört-basdır etməyə nail olmuşdur. Elə 1992-ci ildə
Amerika Konqresində “Azadlığı dəstəkləmək
aktı”na 907-ci düzəlişin edilməsi buna misaldır. Ulu
öndərimizin rəhbərliyinin ilk günlərindən
erməni təcavüzü nəticəsində törədilmiş
vəhşilikləri bütün dünyaya çatdırmaq
üçün gərgin işlərə
başlanıldı. Dünya ictimaiyyətinə erməni təcavüzü
nəticəsində xalqımıza qarşı törədilmiş
vəhşilikləri çatdırmaq, beynəlxalq
müşavirələrdə cəsarətlə erməni təcavüzü
nəticəsində azərbaycanlılara qarşı
soyqırımlar barədə çıxışlar etmək
və ən nəhayət, həmin 907-ci düzəlişə
əlavələr edilməklə bu aktın qüvvəsinin
dayandırılması müddətinin uzadılması, Azərbaycana
təcavüz olunduğunun təsdiqlənməsi məhz ulu
öndər Heydər Əliyevin gərgin əməyi sayəsində
baş verdi. Dünya birliyi Azərbaycanı öz müstəqilliyini
qoruyan, inkişafa doğru irəliləyən dövlət
kimi tanımağa başladı. Bu addımların
atılması gələcəkdə super güc dövlətlərin
etimadının qazanılması yolunda düzgün qərar
və uğurların başlanğıcı idi.
Ümummilli liderimizin “Azərbaycanlıların
soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı
ilə erməni millətçilərinin xalqımıza
qarşı dəfələrlə törətdiyi
soyqırımı faktları siyasi qiymətdən əlavə,
hüquqi qiymətini də aldı. Bu fərman, sözün həqiqi
mənasında, əsrlərlə xalqımıza
qarşı ermənilər tərəfindən dəfələrlə
törədilən cinayərlərin həqiqi köklərinin
öyrənilməsi, araşdırılması və
bütün dünyaya çatdırılması
baxımından əvəzsiz sənəddir.
Ermənilərin
dünyada ifşa olunmasında mühüm rol oynamış
bu fərman geniş mənada Azərbaycan xalqının və
dövlətinin adından qaldırılan haqq səsi idi. Erməni
şovinist millətçilərinin xalqımıza
qarşı təcavüzü bu gün də davam edir. Onun
ağır faciəvi nəticələri yüz minlərlə
azərbaycanlının taleyində özünü göstərməkdədir.
Təkcə 1988-ci ildən başlanan “Qarabağ müharibəsi”
nəticəsində ölkəmizin ərazisinin 20 faizi
işğal olunmuş, bir milyondan çox azərbaycanlı
qaçqın və məcburi köçkün
düşmüş, on minlərlə insan kütləvi
qırğınların qurbanı olmuşdur. Bu hadisələrlə
bilavasitə bağlı olan ilk qırğın 20 yanvar
1990-cı ildə oldu. XX əsrin sonlarında törədilən
qırğınların içərisində ən dəhşətlisi
1992-ci ildə baş vermiş Xocalı soyqırımı idi
ki, hər il xalqımız bu ağrılı-acılı
günləri yada salaraq qeyd edir.
Ötən il olduğu
kimi, bu il də baş vermiş faciələrimizlə
bağlı silsilə tədbirlər keçirilmişdir. 20
Yanvar faciəsi ilə əlaqədar Prezident
Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin 30
dekabr 2008-ci il tarixli 116 nömrəli sərəncamının
tələbləri rəhbər tutularaq Siyəzən RİH
başçısının müvafiq sərəncamı əsasında
tədbirlər planı hazırlanmışdır. Rayon icra
hakimiyyətinin və hüquq-mühafizə orqanları rəhbərlərinin
iştirakı ilə Siyəzən şəhərindəki
şəhidlərin xatirəsinə ucaldılmış xatirə
kompleksi ziyarət olunmuş, həlak olanların ruhuna dualar
oxunmuş və ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə
çıxış edən RİH başçısı Əflatun
Rufiyev qeyd etdi ki, Azərbaycanın tarixinə ərazi
bütövlüyü və azadlığı uğrunda qəhrəmanlıq
rəmzi kimi daxil olmuş 20 Yanvar faciəsi
xalqımızın böyük mənəvi
gücünü ifadə edərək onun milli müstəqillik
duyğularını daha da gücləndirmişdir. Bu faciədən
19 il keçməsinə baxmayaraq hər il 20 Yanvar – “Hüzn
günü” dərin ehtiramla yad edilir. Məhz ulu öndərimizin
təkidi sayəsində 20 Yanvar faciəsinə 29 mart
1994-cü ildə siyasi-hüquqi qiymətin verilməsi, əslində
xalqımızın hadisələrə daha obyektiv
yanaşması üçün bir
çağırış idi. Bu gün ümummilli lider Heydər
Əliyevin layiqli davamçısı möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin sayəsində faciələrimiz
haqqında həqiqətlər beynəlxalq təşkilatların
gündəliyində mühüm yer tutur.
20 Yanvar faciəsinin
ildönümü ilə əlaqədar və
torpaqlarımızın azadlığı uğrunda
canlarını qurban vermiş rayonun bir qrup şəhid ailələrinə
və Qarabağ müharibəsi əlillərinə dövlət
başçısının sərəncamı əsasında
rayonda tikilmiş ikimərtəbəli 16 mənzilli tam təminatlı
yaşayış binasının (bu iş davam etdiriləcək)
istifadəyə verilməsi, həm də rayon rəhbərliyi
tərəfindən hər ailəyə bir rəngli televizor və
xalça bağışlanması bu qəbildən olan
insanlara yüksək qayğıdan xəbər verir. Möhtərəm
Prezidentimiz cənab İlham Əliyev Xocalı
soyqırımı ilə bağlı xalqa müraciətlərində
qeyd etmişdir ki, “Xocalı faciəsi təsadüfi hadisə
deyildi. Bu, iki yüz ildən artıq müddətdə təcavüzkar
erməni millətçilərinin Azərbaycan xalqına
qarşı yürütdüyü soyqırımı və
etnik təmizləmə siyasətinin tərkib hissəsi idi...
Xocalı faciəsindən keçən illərin təcrübəsi
göstərdi ki, xalqımız, ölkə ictimaiyyəti
ayıq- sayıq olmalı, dezinformasiya və təxribat sahəsində
böyük təcrübəsi olan ermənilərin
planlarını daim ifşa etməlidir. Ermənistan dövlətinin
Qafqaz bölgəsində həyata keçirdiyi etnik
separatizmin, başqa xalqlara qarşı nifrət və terror
ideologiyasının bəşəriyyət üçün
təhlükəsi açılıb göstərilməlidir.
Məlum olduğu kimi, Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab
Ramiz Mehdiyev Xocalı soyqırımının on yeddinci
ildönümünün keçirilməsilə bağlı
16 fevral 2009-cu il tarixli 9 nömrəli sərəncam
imzalamışdı. Bununla əlaqədar rayon icra hakimiyyəti
müvafiq tədbirlər planı həyata keçirdi. Siyəzəndə
keçirilən tədbirdə rayonumuzda məskunlaşmış
Xocalıdan olan məcburi köçkün Mübariz Məmmədov
çıxış edərək şahidi olduğu hadisələri
ürək yanğısı ilə danışdı. Dedi ki,
o müdhiş gecədə əli silah tutan hər kəs erməniyə
və onun havadarlarına qarşı mərdliklə
döyüşdü. Lakin təpədən-dırnağa qədər
silahlanmış ermənilər ağır hərbi
texnikası olan erməni komandirlərindən ibarət Xankəndindəki
sovet ordusunun 366-cı alayının köməyilə bu vətənpərvərlərə,
uşağa, qocaya, qadına baxmadan vəhşicəsinə
divan tutdular. Biz bunu heç vaxt yaddan çıxarmarıq.
Allah nahaq qan tökənləri bağışlamır. Dünyada
hər şeyin sonu olduğu kimi, bu fəlakətlərə də
son qoyulacaq, haqq-ədalət qalib gələcək. İnanırıq
ki, xalq öz qüdrəti və iradəsi ilə
qarşıda duran məqsədlərinə nail olacaq. O zaman
isə lap yaxındadır.
Təəssüf ki,
xalqımıza qarşı törədilmiş irimiqyaslı
cinayətlərin, soyqırımların
icraçıları və təşkilatçıları
barədə dünya birliyi hələ də susur. Ötən
əsrin 90-cı illərinin əvvəllərində
respublikamızın ərazisində törədilən terror
aktlarının, o cümlədən Bakıda “20 Yanvar” metro
stansiyasında törədilən terror hadisəsinin Ermənistanın
sifarişi ilə həyata keçirildiyi bütün
dünyaya bəyan oldu. Lakin yenə Ermənistana “gözün
üstündə qaşın var” deyən olmadı.
Ümumiyyətlə,
Ermənistanla sərhəd olan ərazilərimizdə törədilən
terror aktlarının ardı-arası kəsilmirdi. Qorxu və
vahimə içərisində olan soydaşlarımız 80-ci
illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistandan
və respublikamızın daxilindən qaçqın və məcburi
köçkün düşdülər. O illərdə
rayonumuzda da çoxlu sayda qaçqın və məcburi
köçkün ailələri məskunlaşmışdı.
Ancaq bir müddətdən sonra bu ailələrin bəziləri
Bakıya, Sumqayıta, Xırdalana və respublikamızın
başqa rayon və şəhərlərinə
köçüb getdilər. Hazırda rayonumuzda 49 ailə
olmaqla 206 nəfər qaçqın və 34 ailə olmaqla 123
nəfər məcburi köçkün məskunlaşıb.
Artıq 20 ilə yaxın dövr keçir. Rayon əhalisi bu
ailələrə həmişə hörmətlə
yanaşmış və bundan sonra da yanaşacaqdır. Bir
çox gənclər isə öz ailə həyatlarını
yerli əhali ilə qurublar. Bu da həmin ailələrə
olan mehribanlığın təzahürüdür.
Rayondakı bu ailələr fasiləsiz su, qaz və
işıqla təmin olunurlar. Bir faktı da deyim ki, son bir ildə
rayon rəhbərliyi tərəfindən bu ailələrə
diqqət və qayğı daha çox hiss olunur. RİH
başçısının sərəncamı ilə
qaçqın və məcburi köçkün ailələrinin
rayonun idarə, müəssisə və təşkilatlarının
himayəsinə verilməsi onlara göstərilən
qayğı və diqqətin nümunəsidir. Həmin idarə,
müəssisə və təşkilatların hesabından bu
ailələrə 5050 manatlıq maddi və məişətlə
bağlı kömək göstərilmişdir.
Rayonun Yenikənd kəndində
məskunlaşmış, Ermənistandan qaçqın
düşmüş Əhmədova Gülarə Məhəmməd
qızının, Siyəzən şəhərində məskunlaşmış
Qubadlı rayonundan olan məcburi köçkün ailəsi
Hüseynov Kamil Adil oğlunun və Şuşa rayonundan olan məcburi
köçkün ailəsi Ağayev İlqar İbrahim
oğlunun, Qalaşıxı kəndində məskunlaşmış
Laçın rayonundan olan məcburi köçkün
Abışov Babakişi Əliş oğlunun yaranmış
problemlərinin həlli ilə bağlı rayon icra hakimiyyəti
başçısının adına göndərdikləri
minnətdarlıq məktubları bu ailələrə
göstərilən diqqət və qayğıdan xəbər
verir. Yeri gəlmişkən, rayon rəhbərliyi tərəfindən
Təhsil Nazirliyi qarşısında məsələ
qaldırılıb ki, Ermənistandan olan
qaçqınların məskunlaşdığı
Böyük Həmyə kəndi ərazisindəki
yaşayış massivində bu ailələrin
uşaqları üçün ibtidai məktəbin tikintisinə
ehtiyac var. Nazirlik tərəfindən həmin məktəbin
tikintisi planlaşdırılmışdır. Bu ilin yanvar
ayında Azərbaycan Prezidenti cənab İlham Əliyev
İsveçrədə Davos forumu çərçivəsində
“Böyük oyun təkrarlanır” devizi ilə keçirilən
iclasda Ermənistanla əməkdaşlıq məsələsindən
bəhs edərkən demişdir: “...Nə qədər ki,
bizim torpaqlarımız işğal altındadır bu əməkdaşlıq
mümkün deyil. Hesab edirəm ki, bizim
mövqeyimiz başa düşülməlidir. Biz qeyri-adi bir şey tələb etmirik. Biz yalnız Ermənistanın beynəlxalq hüquq
normalarına, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə
riayət etməsini və qoşunların
torpaqlarımızdan çıxarmasını tələb
edirik. Məhz bundan sonra sülh bərqərar
olar, kommunikasiyalar açıla bilər və bütün
ölkələr bir-birinin imkanlarından yararlana bilər.”
Göründüyü
kimi, erməni terroru, erməni təcavüzü, erməni
soyqırımı ilə bağlı dövlətimizin
başçısı tərəfindən, beynəlxalq səviyyədə
çox ciddi və prinsipial addımlar atılır, eyni
zamanda, bu problemin həlli istiqamətində məsələlər
diqqətə catdırılır. Bundan əlavə, Heydər
Əliyev Fondu tərəfindən baş vermiş hadisələr
barədə həqiqətlərin dünyanın müxtəlif
dillərinə tərcümə edilmiş kitablar və
fotoalbomlar şəklində çatdırılması, bu
fondun Moskva nümayəndəliyində genişmiqyaslı
aksiya və tədbirlərin keçirilməsi Azərbaycan
xalqının maraqlarını əks etdirir.
Xalqımızın qan
yaddaşı olan 31 Mart – Azərbaycanlıların
Soyqırımı Günü, hər il olduğu kimi, bu il də
bütün respublikada, o cümlədən Siyəzən rayonunda
da qeyd olundu. Rayonda keçirilən mərasimlərdə
müxtəlif dövrlərdə xalqımıza qarşı
həyata keçirilmiş soyqırımı siyasəti pislənildi,
tariximizin bu qanlı və faciəli səhifələrinin
unudulmaması tövsiyə olundu. Möhtərəm
Prezidentimiz özünün çıxışlarında həmişə
erməni təcavüzünə, erməni
soyqırımına ona görə toxunur ki, biz bu faciələrimizi
unutmayaq. Xalqını, millətini sevən
hər bir vətəndaş bundan nümunə götürməli,
tariximizin qanlı və faciəli səhifələrini
övladlarımıza uşaq bağçasından, məktəbdən
başlayaraq öyrətməliyik. Qisas
gününün uzaqda olmadığına bu gün artıq
hər kəs, bütün xalqımız inanır. Ona görə də dövlətçiliyimizi
qoruyub saxlamaq üçün milli qürurla bağlı bu
fikir və düşüncələrə daim qüvvət
verməli, onu daha da möhkəmləndirmək
üçün qurub-yaratmalı, inkişaf etdirməliyik.
Biz
inanırıq ki, Allahın köməyilə və möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin gərgin əməyi və
ardıcıl, düşünülmüş siyasəti sayəsində
erməni təcavüzkarları layiqli cəzalarını
alacaq, torpaqlarımız azad olunacaq, soydaşlarımız
öz doğma ocaqlarına qayıdacaqlar. Onda
bütün şəhidlərimizin ruhu şad olacaq,
yurdların həsrəti ilə qovrulan insan gözlərində
sevinc yaşları görünəcək.
Xaqani BƏŞİROV,
Siyəzən Rayon İcra
Hakimiyyəti Aparatının
məsul işçisi, politoloq
Xalq qəzeti.- 2009.- 2 aprel.- S. 5.