Azərbaycanın gələcək taleyi milli təhsilimizin səviyyəsindən çox
asılıdır
Bu gün Qafqazda lider
dövlət kimi çox önəmli bir ad qazanmış Azərbaycan
Respublikası dünyanın böyük beynəlxalq təşkilatları
tərəfindən ən islahatçı dövlət kimi də
tanınır. Bu islahatlar ulu öndər Heydər Əliyev
ideyalarından güc aldığından ölkəmizi yeni
zirvələrə doğru aparır. Bu gün Azərbaycana məhz
ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq bir rəhbər
başçılıq edir. Çox hörmətli
Prezidentimiz İlham Əliyev ölkəmizin hərtərəfli
inkişafını təmin etmiş, Azərbaycan ildən–ilə
yeni zəfərlər diyarına çevrilmişdir.
Sosial institutlar
sırasında cəmiyyətin inkişafında əhəmiyyətli
yer tutan təhsili ulu öndər Heydər Əliyev millətin
gələcəyi adlandırırdı.
Xoşbəxtlikdən,
bizim ölkədə təhsilə böyük qayğı
ilə yanaşan ulu öndər Heydər Əliyev kimi rəhbər
olmuş və bu gün onun kursunu inamla davam etdirən
İlham Əliyev kimi rəhbər vardır. Dünyanın
heç bir ölkəsində beş il ərzində təhsilin
inkişafına xidmət göstərən 16 Dövlət
Proqramı qəbul edilməmişdir.
Dəfələrlə
deyilib ki, Heydər Əliyevin hakimiyyətə ikinci
qayıdışı ərəfəsində Azərbaycan təhsili
məhv olmaq təhlükəsi ilə üzləşmişdi.
1993-cü ildən isə vəziyyət, demək olar ki, dəyişdi.
İqtisadi vəziyyət sabitləşən kimi ulu öndər
“Təhsil İslahat Proqramı”nı təsdiq etdi. Dünya
Bankı ilə səmərəli əməkdaşlıq
Proqramın maliyyələşməsində əhəmiyyətli
rol oynadı. Tezliklə təhsilin məzmununun dəyişməsi
ilə bağlı islahatlara başlandı, yeni nəsil dərsliklər,
tədris proqramları hazırlandı.
Məktəblərin vəziyyəti
onsuz da acınacaqlı idi. Ona görə də ilkin olaraq ulu
öndər məktəb tikintisi ilə bağlı Dövlət
Proqramına imza atdı. Bu Proqramın reallaşması isə
məhz Prezidentimiz İlham Əliyevin hakimiyyəti illərində
baş tutdu. Cənab İlham Əliyevin birinci prezidentliyi
dövründə ölkədə 160 yeni məktəb və
məktəblərə əlavə korpus inşa olundu. Müasir
tipli bu məktəblər həm də müasir
avadanlıqlarla təchiz edildi. Bu gün ölkəmizin elə
bir bölgəsi yoxdur ki, orada hansısa kənddə, yaxud
rayon mərkəzində yeni məktəb binası tikilməmiş
olsun. Söz yox ki, bu işdə YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da xüsusi
xidmətləri vardır.
Azərbaycan təhsili
dünyada baş verən yenilikləri tədricən mənimsəməyə
başladı. Artıq dünyanın mütərəqqi
ölkələrinin məktəblərində informasiya
texnologiyalarının tətbiqinin neçə illik təcrübəsi
vardır. Amerikanın, Yaponiyanın, Almaniyanın,
Fransanın, Türkiyənin təhsil sistemində informasiya
texnologiyalarından səmərəli şəkildə istifadə
olunurdu. Ona görə də cənab İlham Əliyev orta
ümumtəhsil məktəblərinin informasiya-komunikasiya
texnologiyaları ilə təmin edilməsi ilə bağlı
xüsusi Dövlət Proqramı imzaladı. 2005-2007-ci illəri
əhatə edən bu Proqram artıq
reallaşmışdır. İndi Azərbaycanda, demək olar
ki, bütün məktəblərdə kompyuter otaqları var
və onun tədrisi ilə məşğul olan
ixtisasçı müəllimlər də
yetişdirilmişdir. Əgər Proqramda Azərbaycanda orta
ümumtəhsil məktəbləri şagirdlərinin hər
33 nəfərinə bir kompyuter nisbəti nəzərdə
tutulmuşdusa, artıq bu gün hər 29 şagirdə bir
kompyuter nisbəti təmin olunmuşdur. Bu çox mütərəqqi
bir addımdır. Məktəblərimizdə uşaqlar
kompyuterdən sərbəst istifadə edir, bəzi məktəblərdə
artıq internet sistemi işləyir. Yaxın gələcəkdə
isə bütün məktəblər internetə qoşulmaq
imkanı əldə edəcəklər. Bundan başqa,
elektron dərsliklərin yaradılması prosesinə
başlanmışdır. Artıq bir neçə fənn
üzrə belə dərsliklər var və onlar məktəblərə
göndərilmişdir. Bu, zamanın tələbidir. Və
biz çalışırıq ki, uşaqlar informasiya
texnologiyaları ilə daha sıx təmasda olsunlar, kompyuterlərlə
işləmək vərdişləri artsın.
Bu gün milli təhsilimizin
ən mühüm problemlərindən biri tədrisin keyfiyyəti
məsələsidir. Keyfiyyət nəticəni müəyyən
edən amildir. Ona görə də keyfiyyətli tədrisin
yaranması əslində əsas məqsəd
olmalıdır. Və bu gün Təhsil Nazirliyi bu məsələyə
çox ciddi önəm verir. Təhsilin keyfiyyəti ilk
növbədə pedaqoji kadrların hazırlığı ilə
bağlıdır. Bu sahədə keçirilən islahatlar
da öz müsbət nəticəsini vermişdir. Bu gün məktəblərimizdə
çox təcrübəli müəllimlərlə
yanaşı, yüksək hazırlıqlı gənc kadrlar
da çalışırlar. Onların səviyyəsini
yüksəltmək üçün müxtəlif müsabiqələr
keçirilir. Ötən il cənab Prezidentimizin sərəncamı
ilə keçirilən “Ən yaxşı müəllim”, “Ən
yaxşı məktəb” müsabiqələrində 100
müəllimin hər biri 5000 manat, 50 məktəb isə
10000 manat məbləğində
mükafatlandırıldılar. Bu müsabiqə hər il
keçiriləcək və söz yox ki, müəllimlərimizin
daha hazırlıqlı olmasına öz təsirini göstərəcəkdir.
Mən daha bir məsələyə
də öz münasibətimi bildirmək istəyirəm. Son
illər buraxılış imtahanlarının mərkəzləşmiş
test üsulu ilə keçirilməsinə
başlanılmışdır. Nəticələr
sevindiricidir. Belə ki, təhlillər göstərir ki, test
üsulu ilə imtahan götürülən məktəblərdə
ali məktəblərə qəbul daha çox olur. Bu o deməkdir
ki, uşaqlar daha fəal hazırlaşır, həm də ali
məktəblərə qəbulda test imtahanlarına hazır
olurlar.
Ümumiyyətlə, təhsilin
keyfiyyət göstəricilərinə təsir göstərən
bir sıra tədbirlər də həyata keçirilmişdir
ki, onların da nəticələri sevindiricidir.
Rəhbərlik etdiyim
Heydər Əliyev adına lisey haqqında bəzi məlumatları
da oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Liseyimizin ulu öndərin adını daşıması
kollektivimizin üzərinə böyük məsuliyyət
qoyur. Son illər liseyimiz təhsilin inkişafında əsaslı
nailiyyətlər qazanmışdır. Ötən il liseyimiz
Prezidentimizin sərəncamı ilə keçirilən “Ən
yaxşı məktəb” nominasiyasının qalibi
olmuşdur. Məlumdur ki, 2008-2009- cu tədris ilindən etibarən
orta ümumtəhsil məktəblərində kurrikulum
islahatı keçirilir. Təhsil Nazirliyinin
hazırladığı “Ümumtəhsil sistemində dərslik
siyasəti”nə uyğun olaraq hazırlanmış
“Riyaziyyat-1" dərslik komplekti (dərslik, müəllim
üçün vəsait, şagirdlər üçün
iş dəftəri) liseyimizdə uğurla istifadə olunur. Hələ
ötən ilin oktyabr ayında ”Həyat bilgisi" dərslik
komplektini müzakirə etmişdik.
Respublika Prezidentinin
imzaladığı “Xüsusi istedada malik olan uşaqların
(gənclərin) yaradıcılıq potensialının inkişafı
üzrə Dövlət Proqramı”na uyğun olaraq biologiya və
riyaziyyat fənləri üzrə müvafiq olaraq liseyimizin XI
sinif şagirdləri Turan Mehdizadə və Orxan Şəkərli
I və II diploma layiq görülmüşlər.
Martın 18-də
keçirilən referendum zamanı liseyimizdə fəaliyyət
göstərən Xətai rayonunun 36-cı seçki dairəsinin
3-cü və 4-cü seçki məntəqələrində
səsvermə yüksək səviyyədə
keçirilmiş, heç bir insident qeydə
alınmamışdır.
Məktəbimizdə
yeniliklər çoxdur. İstəyirik ki, bu il məktəbimizin
müəllimlərindən “Ən yaxşı müəllim”
nominasiyasında qalib gələnlər olsun. Artıq 5 müəllimimiz
Təhsil Nazirliyində bu məsələ ilə bağlı
yaradılmış komissiyaya sənədlərini təqdim
etmişdir.
Ümumiyyətlə, kollektivimiz çalışır ki,
ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə
yüksək qayğısına yeni nailiyyətlərlə
cavab versin.
Fikrət XƏLİLOV,
Heydər Əliyev adına
liseyin direktoru, əməkdar
müəllim
Xalq qəzeti.- 2009.- 2 aprel.- S. 5.